Xüsusi
Tarixçi alim ŞOK FAKTLARI AÇIQLADI: Bakıya göndərilən qoşun heyətinə deyilmişdi ki...
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov Publika.az-a müsahibə verib. Alim 20 Yanvar faciəsi ilə bağlı tarixi hadisələri, bir sıra faktları qeyd edib.
Müsahibəni təqdim edirik:
- Mais müəllim, xalqımız bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümünü, şəhidlərimizin əziz xatirəsini yad edir. Bu faciə ilə bağlı tarixi faktları tarixçi-alim kimi sizin də dilinizdən eşitmək istərdik.
- Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri çox olub. Nadir hallarda bu iki məqam üst-üstə düşüb. Bu məqamlar 1990-cı ilin yanvarın 20-sində üst-üstə düşdü. Azərbaycan xalqı yeni sınağa çəkildiyi halda, nə birincisi, nə də axırıncısı olan Azərbaycan milli azadlıq hərəkatı tarixində yeni bir mərhələ başlandı. 20 Yanvar faciəsinin törədilməsini araşdırarkən 2 məsələni qeyd etmək vacibdir. Birincisi, bu hadisə Moskvada əyləşən anti-Azərbaycan qüvvələrinin təklifi ilə həyata keçirilmişdi. Yəni Dağlıq Qarabağın Ermənistana verilməsi tələbinin davam etdirilməsi əslində, 20 Yanvar hadisəsinə gətirib çıxaran proseslərin əsasında dayanırdı. 1989-cu ildən başlayaraq Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, Sumqayıt hadisələri, onun ardınca ayrı-ayrı vilayətlərdən, rayonlardan, hətta kənd yaşayış məntəqələrində Ermənistanda yaşayan azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi respublikamızda ictimai-siyasi həyatın dərinləşməsinə və kəskinləşməsinə səbəb oldu. Ümumiyyətlə, 1988-ci ilin noyabrından 89-cu ilin əvvəllərinə qədər Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur. Nəticədə 300 minə qədər azərbaycanlı əhali qovuldu. Həmin qovulan əhalinin içərisində 18 qadın və uşaq qətlə yetirilib. 217 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olub. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölüb, 34 nəfər işgəncə ilə öldürülüb, 20 nəfər odlu silahla qətlə yetirilib, 15 nəfər yandırılıb, 8 nəfər maşınla vurulub, 9 nəfər yollarda qəzaya uğradılıb, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölüb, 2 nəfər intihar edib, bir nəfər asılıb, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər. 6 nəfər itkin düşüb, 20 nəfər xəstəxanadan yoxa çıxıb, 48 nəfər isə dağlarda borana düşüb həlak olub.
src="/storage/files/upload/325d9b036d1752d658303007f2e8fe42a183f4a3.jpg" style="width: 751px; height: 710.553px;" class="fr-fic fr-dib fr-fil">
- Həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyət necə idi?
- 1988-89-cu illərdə Ermənistan SSRİ-dən qovulan 191 175 soydaşımızın Azərbaycana gəlməsi, 217 nəfərin öldürülməsi, 1 154 nəfərin yaralanması Azərbaycanda ictimai-siyasi vəziyyəti kəskinləşdirdi. Sumqayıt hadisələrindən sonra artıq 1989-cu ilin ortalarından başlayaraq Dağlıq Qarabağ muxtar vilayətində azərbaycanlılar yaşayan məntəqələrin blokadaya alınması və sovet ordusu hissələrinin köməyi ilə Xankəndində yaşayan 14 min azərbaycanlının qovulması da ictimai-siyasi vəziyyəti ağırlaşdırdı.1989-cu ilin noyabrından başlayaraq bütün strateji əhəmiyyətli məntəqələr ermənilər tərəfindən tutuldu. Murovdağı keçib Kəlbəcərə gedən yolun tutulması, Çaykəndin ələ keçirilməsi, sovet ordusu əsgərlərinin buna heç bir maneçilik törətməməsi həm Moskvanı, həm də Azərbaycanı ortaq məsələlər üzərində etiraz göstərməyə imkan vermədi. 1989-cu ilin yanvarın 12-sində Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ muxtar vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında qərar verildi. Həmin qərara əsasən Arkadi Volskinin başçılığı altında muxtar vilayətdə xüsusi idarə komitəsi yaradıldı. Bu idarə komitəsi Moskvanın bütün planlarının həyata keçirilməsində istiqamətverici rol oynamağa başladı. İkinci mühüm məsələ isə, ölkədə baş verən hadisələrlə yanaşı olaraq ozamankı Azərbaycan SSRİ-nin İranla və Türkiyə ilə sərhədlərində baş verən hadisələr idi. Yəni bizim sərhəd rayonlarımızda, xüsusilə dekabrın 30-da saat 12-də Araz çoyu boyunca 137 kikometrlik İran sərhədində həyəcanlar başlamışdı, sərhəd qurğuları dağıdılmışdı. Biləsuvarda, Cəlilabadda sərhəd qurğuları sökülmüşdü.
Əslində bunlar daha çox insanların deyil, sərhəd qoşunlarının təşəbbüsü ilə həyata keçilmişdi ki, gələcək qırğınlar üçün əsas yaradılsın. 1990-cı ilin yanvarın 7-də SSRİ-Türkiyə sərhədində həyəcanlar başladı. 1990-cı ilin 11 yanvar tarixində Lənkəranda hökumət orqanlarının fəaliyyəti dayandırıldı. Bu məsələlər Dağlıq Qarabağ muxtar vilayəti ətrafında baş verən hadisələrin fonunda 90-cı ilin 20 Yanvar qırğınına aparan istiqamətverici qüvvə rolunu oynayırdı. 1990-cı ilin yanvarın 13, 15, 16, 17 və 18-i tarixlərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosunda respublikada formalaşmış vəziyyət müzakirə olundu. Hətta yanvarın 15-də ozamankı Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirov Moskvaya göndərdiyi teleqramda hərəkat liderlərinin bir qrupunun məsuliyyətə cəlb edilməsini tələb etmişdi. Burdan görünür ki, demokratik qüvvələrə divan tutmaq vaxtı müəyənləşmişdi. Bunun üçün isə ilk növbədə ölkədə fövqəladə vəziyyət elan olunmalı idi. Məhz bu vəziyyət də 90-cı ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması və xalq hərəkatının radikal qanadının milli müdafiə şurası təşkil edərək idarəçiliyi öz əlinə alması Yanvar hadisələrinin törədilməsinə gedən yolu bir qədər də asanlaşdırdı. 1990-cı ilin 13-15 yanvar tarixində Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında Azərbaycanda “erməni talanları” törədildi. Bu da Moskvanın əli ilə törədilmişdi. Bütün bunları nəzərə alaraq, SSRİ Ali Sovetini Rəyasət Heyəti heç bir əsas olmadan, xüsusilə də Əbdürrəhman Vəzirovun qeyri-qanuni olaraq Moskvaya göndərdiyi Azərbaycan Ali Sovetinin qərarını əlində rəhbər tutaraq 1990-cı ilin 19 yanvar tarixində Bakıya qoşun yeridilməsi haqqında qərar imzaladı. Yəni 90-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar hadisəsini törətdi. Bu hadisə Azərbaycana qarşı törədilən bir hadisə kimi deyil, həm də əslində keçmiş kommunist sovet diktaturasının Çexslovakiyada, Macarıstanda, Əfqanıstanda törətdiyi qətliamların təkrarından ibarət idi.
src="/storage/files/upload/51b30bf6428b75e8381a1e70ead720de3c69894d.jpg" style="width: 823px; height: 543.867px;" class="fr-fic fr-dib fr-fil">
- Mais müəllim, Bakıya yeridilən qoşunların tərkibini xarakterizə edə bilərsinizmi?
- Qoşunların tərkibinə nəzərə saldıqda görürük ki, Azərbaycana yeridilən qoşun hissələrinin tərkibində Stavropoldan, Krasnodardan, Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitləri, o cümlədən sovet hərbi hissələrində xidmət edən erməni kursantları da daxil edilmişdi. “Şit” təşkilatının hesabatına görə, Bakıya yeridilən qoşun kontingentinin sayı 35 min nəfərə çatırdı. Həmin qoşun heyətinə xüsusi tapşırıq verilmişdi. Yəni onlar əvvəlcə psixoloji hazırlıqdan keçirilmişdi. Onlara bildirilmişdi ki, siz ona görə Bakıya göndərilirsiniz ki, orada rusları qırırlar. "Yerli əhali, ekstremistlər “Salyan kazarmaları” ətrafında evlərin damında snayper yerləşdiriblər, bunların sayı təxminən 110 nöqtəyə çatır. Onlar mənzillərdən və digər yerlərdən sizə atəş açıb məhv edəcəklər". Onları bir növ qızışdırırdılar ki, daha kəskin hərəkət etsinlər.
SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin həyata keçirdiyi bu əməliyyatın adı “Zərbə” adlanırdı. Bu hərəkatın həyata keçirilməsində iştirak edən qrupların tərkibində “Alfa” adı ilə tanınan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin “A” təxribat qrupları iştirak edirdi. Bu qrupların da xarakterik xüsusiyyəti hər kəsə məlumdur ki, onlar 1 dəqiqənin içərisində əhalini qırır, onları məhv edir, kommunikasiyaları dağıdır və dövlət çevrilişinə şərait yarada bilirdilər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “A” qrupu yanvarın 19-da saat 19:20-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı və respublikada televiziya verilişləri dayandırıldı. Ancaq Azərbaycan xalqı Azadlıq radiosunda “Xəzərin səsi”ni dinləyə bilirdi. 20 Yanvar hadisələrində ölənlərin, yaralananların haqqında son məlumatlar məlumdur. Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanada saxlanılıb. Sovet hərbi qulluqçuları tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları yandırıcı güllələrin törətdiyi qırğınlar nəticəsində külli miqdarda dövlətə və şəxslərə, şəxsi əmlaka ziyan vurulub. “Şit” təşkilatının məlumatında göstərilir ki, sovet əsgərləri hətta yaxınlıqda olan əlində silah olmayan adamlara atəş açmışdılar. Məsələn, Rüstəmova 23 güllə vurulub, Meyeroviç 21 güllə yarası alıb, Xanməmmədova isə 10-dan çox güllə vurulub. Güllələri qeydiyatdan keçirdikdə məlum olub ki, onlar “kalaşnikov” avtomatından aırlıq mərkəzini dəyişən 5/45 millimetrlik çaplı güllələrdən ibarət idi.
src="/storage/files/upload/a5d00574c1544482e46efbeb23db2bb991d9e595.jpeg" style="width: 850px; height: 620.368px;" class="fr-fic fr-dib fr-fil">
Topun, tüfəngin ər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə - Şəhidlər Xiyabanına yola saldı. “Azadlıq” meydanındakı mitinqlərdə bir sıra rəqəmlər elan olundu. Bu meydanda olan sovet qoşunlarına qarşı vuruşan adamların işərisində 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus olmuşdu. Ancaq həmin gecə radioda Bakı komendatı general Dubinyak bildirmişdi ki, 83 nəfər həlak olub. Bu da onu göstərirdi ki, rəqəmlər xalqı sakitləşdirmək üçün təhrif olunmuşdu. 1998-ci il dekabrın 29-da “20 Yanvar Şəhidi” fəxri adı haqqında əsasnamə tərtib olunduş. 147 nəfərə 20 Yanvar şəhidlərinin fəxri adı verildi. Həmin dövrdən sonrakı illərin bədii ədəbiyyatında artıq 20 Yanvar faciəsi haqqında şeir və hekayələr, poemalar və s. yazıldı.
20 Yanvar faciəsi əhali arasında narazılıq və narahatlığa səbəb olsa da, əslində bu, ümumxalq faciəsi idi. Ancaq bununla yanaşı olaraq həm də 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda mübarizənin simvoluna çevrildi. Azərbaycana yeni bir milli zadlıq hərəkatının mərhələsi başlandı. Bunun nəticəsində də 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. 20 Yanvar faciəsi də, 44 günlük Vətən müharibəsi də Azərbaycanın milli qürurunun, onun istiqlaliyyatının bərpa olunması yolunda ən mühüm addımlardan biri hesab olunmalıdır.
src="/storage/files/upload/b9084f3828fed96b35961cb87c68e058355b8f4d.jpg" style="width: 850px; height: 566.667px;" class="fr-fic fr-dib fr-fil">
- 20 Yanvar faciəsi törədilən zaman siz Bakıda idiniz?
- 1990-cı il yanvarın 17-də Şəki şəhəri 43 nömrəli texniki peşə məktəbinin direktoru olduğum üçün məni Təhsil Nazirliyinə çağırmışdılar. Orada bizə tapşırıq verilmişdi ki, qərargahda proseslərin bu cür gedişi qanlı hadisələrə səbəb ola bilər. Buna görə də müvafiq surətdə işləri həyata keçirməliyik. Mən yanvarın 19-da rayonumuza qayıtmaq üçün avtovağzala getdim. Ancaq ordan evə getmək mümkün olmadı. Çünki yolda barrikadalar qurulmuş, maşınlar dayanmışdı. Ayrı-ayrı adamlar sanki gələcək hücumların qarşısını almaq üçün hazırlaşırdılar. Biləcəriyə qədər getdim, ordan evə getmək mümkün olmadığı üçün axşam qatarla yola düşməyə məcbur oldum. Lakin axşam saat 9-da yola düşməli olan qatar Biləcəridə saat 12-ə qədər dayandı. Gecə yarısı radio elan verdi ki, sovet qoşunları Mərdəkan-Qala yolundan, eyni zamanda Nasosnu və Biləcəri istiqamətindən Bakıya hücuma keçmişdi. Artıq yanvarın 20-si səhər mən işə çatmışdım. Şəkidə də həyəcanlar başlamışdı. İnsanlar Kommunist partiyası sıralarından kütləvi surətdə çıxırdılar. Sovet qoşunlarının törətdiyi qırğınlar pislənilirdi.
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək