Evini axtarmaq istəyəsən, amma... - İlqar Rəsulla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Evini axtarmaq istəyəsən, amma... - İlqar Rəsulla MÜSAHİBƏ

Publika.az">Publika.az-ın "Qarabağ və ədəbiyyat" mövzulu növbəti müsahibi yazıçı, jurnalist İlqar Rəsuldur.

- İlqar bəy, öncə müsahibə təklifini qəbul etdiyinizə görə sizə təşəkkür edirik."Müharibə və ədəbiyyat" mövzusu üçün müsahibə aldığımız ikinci yazıçısınız. İlk müsahibimiz yazıçı, AYB-in katibi Elçin Hüseynbəyli sizin "Sara" romanınızı müharibədən sonra bu mövzuda yazılmış qiymətli bir əsər kimi dəyərləndirdi. Əslində düşünürəm ki, ədəbiyyat cameasının işi həm də elə ədəbiyyat və ədəbiyyatçılardan daim xəbərdar olmaqdır. Ədəbiyyatçıların sizi qiymətləndirməsi və ya tənqid etməsi normal haldır. Mənə maraqlıdır siz oxuculardan razısınızmı? Onlar sizin romanınızı qiymətləndirə bildimi?

- Siz düz deyirsiniz ki, yazıçıların əsər haqqında fikir bildirməsi normal haldır. Əsər haqqında əksər fikirlər müsbət olur. Təriflər olur, müsbət rəylər və s. Dediyiniz kimi, əsas olan həmişə oxucu, onun fikiridir. Mən oxuculardan razıyam. Düzdür, biz kitabın vəziyyətini bilirik. Proses kütləvi olmasa da "Facebook"da da yazırlar, paylaşırlar. Öz müsbət fikirlərini bildirir, öz postlarında insanlara kitabı oxumağı təklif edir, vaxt itkisi olmadığını qeyd edirlər. Oxucu çox deyil, amma olanlardan narazı deyiləm.

src="/storage/files/upload/ef69c2b7216010461d220cbea076d4ef399e6e8f.jpg" style="width: 565px; height: 377.029px;" class="fr-fic fr-dib">


- Sizin "Sara" romanınızın təqdimatı işğaldan azad olunmuş Ağdamda keçirildi. "Vətən" müharibəsindən sonra ilk belə hadisə yaşandı. Bir növ siz Azərbaycan ədəbiyyatının tarixinə düşdünüz. Qarabağ, Ağdam mövzusu sizin yaradıcılığınızın həmişə yaralı yeri olub. Maraqlıdır ki, bu dəyişəcəkmi? Əsərlər bu mövzuda xoşbəxt olacaqmı? Bizimlə təqdimat haqqında təəssüratlarınızı bölüşsəniz sevinərik. Ümumiyyətlə, Ağdamı necə gördünüz?

- Konkret olaraq Ağdamdan söhbət gedirsə, bəli, mən Ağdamda doğulmuşam və yazıçının doğulduğu yer haqqında yazması, yaratması normaldır. Əslində ağdamlıların Ağdamdan da çox yaralı yeri Şuşadır. Biz istirahətlərimizi Şuşada edirdik, yay tətillərimiz Şuşada keçirdi, Şuşada çox xoş xatirələr toplamışıq. Buna görə də mən Şuşadan da çox yazmışam. Təqdimata gəldikdə isə mən beş kitab çıxarmışam. Heç vaxt təqdimat etməmişəm. Sonuncu "Sara" romanımın təqdimatı isə Ağdamda-Şahbulaq qalasında oldu. Bu, ilk kitab təqdimatı idi. Təklif mənə olunanda düşündüm ki, bu yaxşı təklifdir. Qərara gəldik ki, bu işi görək. Dövlət də bizi dəstəklədi, şərait yaratdı. AYB bizə kömək oldu və AYB-in sədri Anar bəy şəxsən məktub göndərdi. Halbuki, mən Yazıçılar Birliyinin üzvü deyiləm, amma onlar mənə dəstək oldular. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da mənə öz dəstək təklifini bildirdi. AYB-in məktubu bu təqdimatın keçirilməsinə yetərli oldu. Prezident İlham Əliyevin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov da bizə şərait yaratdı. Biz təqdimatı keçirdik və bu kitab təqdimatı daha çox simvolik xarakter daşıyırdı. Mahiyyəti təqdimatdan daha üstün idi. Çünki Qarabağda ilk kitab təqdimatı idi. Mən bundan sonra da kitab təqdimatı etməyi düşünmürəm, amma əgər nə zamansa olacaqsa ən yadda qalanı məhz bu təqdimat olacaq. O ki, qaldı Ağdam, doğulub-böyüdüyüm şəhəri necə görməyim məsələsinə, Ağdamı görmədim. O şəhər yox idi. Keçirdiyim hiss təəssüf hissinə də bənzəmirdi. Bu hissin nə rəngi, nə izahı var. İstəmərəm kimsə bu hissi keçirsin. Biz qarabağlılar bu hissi keçiririk. Arzu edirəm ki, nəinki Azərbaycanda, dünyanın heç yerində kimsə bu hissi keçirməsin. Hansı ki, biz hazırda da Ukrayna timsalında bu prosesi yaşayırıq. Ağır mənzərədir. Evini axtarmaq istəyəsən, amma heç şəhərini yerində görməyəsən.

src="/storage/files/upload/24b5f00a9e238267b8cb69c3e6ae786417625b1a.jpg" style="width: 567px; height: 378.379px;" class="fr-fic fr-dib">


- Bildiyim qədəriylə "Sara" romanı qələbədən sonra yazılan yox, uzun illər yazılma prosesində olan bir roman olub. Belə anlaşılır ki, siz bu romanı tamamlamaq üçün qələbəni gözləmisiniz. Sizdə inam haradan idi ki, qələbə olacaq və siz 400 səhifəlik bir romanı məhz bunun üçün yazırdınız. Qələbə olmasaydı bu roman da dərc olunmayacaqdı?

- Vallah, torpaqların azad olunması ilə müqayisədə elə min belə roman çıxmasın, amma torpaqlar azad olunsun düşüncəsindəydim. Çox inanırdım ki, torpaqlar azad olunacaq. Öz xalqıma, millətimə güvənirdim. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə gördüyü işləri təxmin edirdim. Bu roman 1995-ci ildən yazılır. Hekayə kimi dərc olunsa da üzərində iş gedirdi. 2019-cu ildə "Jurnalistlər Şuşaya gedəndə" adlı bir hekayə yazmışdım. Hekayədə Şuşada 25 yaşlı erməni qız eyvanda babasına azərbaycanlı jurnalistləri göstərib deyir ki, bu necə millətdir. Həm deyirlər ermənilər Şuşanı işğal edib, həm də ermənilərə qoşulub Şuşanı gəzirlər. Erməni baba nəvəsinə deyir ki, Sirancan, (nəvənin adı Siran olur) bu millət deyil, jurnalistlərdir. Millət gələndə başqa cür gələcək. Hekəyə bu cümlə ilə bitir. Həqiqətən də 2020-ci ildə millət getdi və başa cür getdi. Buna görə də çox inanırdım ki, millət başqa cür gedəcək. Döyüşlər gedərkən də roman üzərində işləyirdim. Sonda roman da qələbə ilə yekunlaşdı. Elə ordumuzun qələbəsinin əksi kimi...

src="/storage/files/upload/43b89111c4770f9f2c7950649feeb94efb1e7c8e.jpg" style="width: 577px; height: 384.667px;" class="fr-fic fr-dib">


- Xatırlayıram ki, sizin "Qatar" adlı kiçik, təsirli hekayəniz var idi. Hansı ki, artıq Qarabağın, Ağdamın üzərindən yalnız durna qatarının keçə bildiyini vurğulamısınız. Səhv etmirəmsə müharibədən sonra siz bu hekayəni indiki reallıqla tamamladınız. Mən bu hekayəni oxuyanda gözümün qarşısına bir film gəlir. Bəs sizə bu hekayə, "Sara" romanı ilə bağlı film çəkilməsi təklifi gəlibmi?

- "Qatar" hekayəsini müharibədən sonra bir "post" olaraq paylaşdım və altından yazdım ki, artıq əsl qatar olacaq, yollar çəkilir, reyslər düzəldilir və biz oraya gedəcəyik. O ki, qaldı filmə, həm bu hekayə həm də əsasən "Sara" romanı əsasında film çəkilməsinə oxucular tərəfindən istək var. Amma kino sahəsinin insanları tərəfindən hansısa hekayəyə, romana film çəkilsin kimi təklifi olmur.


İllər öncə İlqar Rəsulun hekayəsi:

Qatar

Mənim işğal olunmuş şəhərimdəki dəmir yolunun üstündən indi ildə cəmi iki dəfə qatar keçir.

O da bir dəfə o yana, bir dəfə bu yana.

O da səssiz-səmirsiz.

O da durna qatarı...


Qələbədən sonra İlqar Rəsulun hekayə ilə bağlı "post"u:

Qatar

Mənim işğal olunmuş şəhərimdəki dəmir yolun üzərindən indi qatarlar ildə yalnız iki dəfə yox, lap çox keçəcəklər. Həm də durna qatarı deyil, sərnişin qatarları. Dünən şəhərim işğaldan azad edildi…

src="/storage/files/upload/cc4bba51fa38e6020ce9bab42bfd4cce6a97bd67.jpg" style="width: 580px; height: 386.667px;" class="fr-fic fr-dib">


- Belə əsərlərin tərcümə olunub dünyaya çıxarılmasına böyük ehtiyac var. Belə bir təklif varmı? Nəşriyyatlarla birgə iş sizi qane edirmi?

- Bu roman birbaşa düşmənə qarşı qoyulmuş bir əsər olduğuna görə həm xalqımızın başına gətirilən müsibətləri əks etdirir, həm də düşməni ifşa edir. Buna görə də əsərin başqa dillərə tərcüməsini ermənilərin heç yaxşı qarşılamayacağına əminəm. O ki, qaldı tərcümə məsələsinə, bu əsəri nəşriyyatlar yox, Diasporla İş üzrə Dövlət Komitəsi, Tərcümə Mərkəzi tərcümə etdirib, yaya bilər. Bilmirəm AYB-nin bununla bağlı nə kimi imkanı var, amma AYB-yə qədər bu proses başqa qurumlardan keçməlidir. Belə bir təklif, təşəbbüs olarsa, düşünürəm ki, edərlər. O işi ki, Ali Baş Komandan görüb, başa çatdırıb, bunun növbəti mərhələsi ədəbiyyatdır. Buna görə də bu roman dünya miqyasında söz silahı ilə düşməni ifşa etmək üçün yaxşı romandır.

src="/storage/files/upload/8bc14154a7b6490de00ce5b05d8aed323c9f17fc.jpg" style="width: 582px; height: 388px;" class="fr-fic fr-dib">


- Qısa hekayələriniz böyük marağa səbəb olur. Dünyada bu başlıqla müxtəlif yarışlar, müsabiqələr, festivallar keçirilir. Məsələn, xatırlayıram ki, "Üzümü qırmağı mənə anam öyrədib" kimi bir cümləlik, özündə böyük mənanı daşıyan hekayə müəyyən müsabiqələrdən və s. kimi festivallar sayəsində üzə çıxıb. Siz belə müsabiqə, festivallarda iştirak etmisinizmi və düşünürsünüzmü?

- Xeyr, mən heç bir müsabiqədə iştirak etməmişəm. Demirəm ki, heç vaxt etməyəcəyəm. Həm yazıçılar arasında həm də jurnalistlər arasında belə müsabiqələr olur və mən qatılanları təqdir edirəm, uğurlar arzulayıram. Mənə ən çox əsərin yazılma, oxucuya təqdim edib, onların münasibətlərini öyrənmək zövq verir.

- Hazırda nə edirsiniz, nə yazırsınız? Həmçinin gənc yazıçılar, onların ədəbiyyata yanaşması, yazıları sizi qane edirmi?

- Hazırda əlimdə iki roman var. Biri detektiv romandır. İstəməzdim detektivə çox vaxt sərf edəm. Baxmayaraq ki, dünyada detektiv əsərlərə böyük maraq var. İnkar edə bilmərik ki, bu da ədəbiyyatdır. Bu roman həqiqi bir hadisənin əsasında yazılmış əsərdir. Əsərdə hazırda da həyatda olan insanların adları çəkilib və buna görə də bir növ xeyir-dua almadan bu əsəri dərc edə bilmərəm. Bu il bir roman çıxarmağı düşünürəm. Əlavə olaraq bir roman yarımçıqdır və bir roman da redaktə olunmuş şəkildə var.

Mən gənclərdən nəinki ədəbiyyat sahəsində, bütün sahələrdə razıyam. Miqyas etibarı ilə gənclər yaxşıdır. Gənc yazıçılar istedadlıdır. Oxuyuram və görürəm ki, bəzi yazıçılar yazsa çox şeyə nail olacaqlar. Mən də jurnalistəm deyə bilirəm ki, adlarını sadalasam çoxu qalacaq, nə mən sadalaya bilərəm siyahını, nə də siz yaza bilərsiniz. Yaşlı, orta, gənc nəsil arasında çox istedadlı yazıçılar var. Gənclərin əsas problemi odur ki, qarşılarına çıxacaq adamlar kim olacaq. Onlara kim dəyər verəcək, onların mühərrikini kim işə salacaq. Düşünürəm ki, məsələni orta və yaşlı nəsil ədəbiyyatçıları, onların münasibəti, rəftarı həll edir.

src="/storage/files/upload/287c3727de3d30ff631c133c9e2efe02a1be3207.jpg" style="width: 584px; height: 389.333px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm