Xüsusi
"İnsanlarınızın yerişində belə MÜZƏFFƏR XALQ havasını duyuram" - - Müsahibə
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Mustafa Bəyazbayramın Publika-a müsahibəsi:

- Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mədəni və turizm əlaqələrinin inkişaf etməsi üçün hansı işlər görülə bilər?
- Ölkələrimiz arasındakı münasibətlər nə qədər yaxşı olsa da Azərbaycan tərəfindən müstəqilliyimiz tanınmadığı üçün tam mənası ilə bütün sahələrdə işbirliyimiz yoxdur. Lakin turizm, mədəni və iqtisadi əlaqələr iki ölkə arasında münasibətləri dərinləşdirə biləcəyimiz sahələrdəndir. Burada Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə, həmçinin Bakıda keçirilən turizm yarmarkasında Şimali Kiprdən gələn iş adamları ilə görüşdük. Turizm sahəsində münasibətlərin inkişafı üçün hansı işlərin aparıla biləcəyi ilə bağlı maraqlı diskussiyalarımız oldu. Şimali Kiprdə dəniz, qum anlayışını özündə ehtiva edən turizm forması var. Əhalisi az, təbii gözəllikləri çox, sakit bir ölkədir. Bu mənada ölkəmiz turistlər üçün cəlbedici ölkələr sırasındadır. Mən də öz növbəmdə Azərbaycanı gəzdim, gözəlliklərini öz gözlərimlə gördüm. Azərbaycanda xüsusilə qış turizminin inkişafını şəxsən görmək üçün Şahdağa, Tufandağa getdim, xizək sürdüm. Deyə bilərəm ki, həqiqətən ölkənizdə qış turizmi üçün yaradılan infrastruktur modern dünya standartlarındadır. Ov turizmi, atıcılıq sahəsində olan təcrübə də turistləri cəlb edən maraqlı sahələrindəndir. Şimali Kipr türkləri ova maraqlıdır, lakin ölkəmizdə ov üçün yararlı heyvanlar yoxdur. Ona görə vətəndaşlarımız daha çox Bolqarıstana, Avropaya, Türkiyəyə paket şəklində ov turizmi üçün gedirlər. Məsələn, bu paketə Azərbaycan da daxil edilə bilər. Həmçinin Şəkidə UNESCO-nun dünya mirasına daxil etdiyi meşələr var ki, günəş işıqları sizə dəymir. İsti havalarda bu meşələrdə gəzmək belə insana mənəvi rahatlıq verir. Turizm sadəcə dəniz demək deyil. Azərbaycan coğrafi olaraq elə mövqedə yerləşir ki, buradan Orta Asiya və keçmiş MDB ölkələrinə getmək çox rahatdır. İpək yolu, Türk yolu adına nə deyirsiniz deyin, lakin Azərbaycan tranzit ölkə kimi də bölgədə çox böyük önəmə sahibdir. Ona görə də biz Şimali Kipr olaraq turizm sahəsində iş birliyini artırmaq, bir-birimizin təcrübəsindən yararlanmaq istəyirik. Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir. Düşünürəm ki, azərbaycanlı iş adamları Şimali Kiprdə turizm sektoruna investisiya qoya bilər. Yəni bu sahələr o qədər genişdir ki, əlaqələrin qurulması, ölkələrarası münasibətlərin dərinləşdirilməsi üçün böyük imkanlar yaradır.

- Mustafa bəy, təhsil sahəsində hansısa irəliləyiş var? Əvvəllər təhsil almaq üçün Şimali Kiprə üz tutan tələbələrin sayı indikindən qat-qat çox idi. Son illər bu sayda azalmalar müşahidə olunur. Bu, nə ilə əlaqədardır?
- Təhsil yarmarkaları əcnəbi tələbələri cəlb etmək üçün yaxşı vasitədir. Gedişatı biraz araşdırdım, burada təhsil naziri ilə də görüşdüm. Biz hər il Azərbaycanda uğurlu, lakin xaricdə oxumağa imkanı olmayan tələbələrə Şimali Kiprdə təhsil ala bilməsi üçün dövlət təqaüdü veririk. Öz imkanları ilə də burada təhsil alan tələbələr var. 2000-ci illərlə indiki dövrü müqayisə etdikdə görürük ki, Şimali Kiprə oxumaq üçün gedən azərbaycanlı tələbələrin sayında azalma var. Bunun səbəblərindən biri digər ölkələrdə də özəl sektorun inkişafı və özəl univeristetlərin yaradılması ilə seçimin çoxalmasıdır. Burada əsas amillərdən biri yaşam şərtləridir. Məsələn, xaricə gedən tələbə keyfiyyətli, lakin daha ucuz təhsili hansı ölkədə ala biləcəyini, digər xərclərini düşünür. Şimali Kiprdə həyat bir az bahalıdır. Yeraltı qaynaqlarımız olmadığı üçün biz qazı, enerjini idxal edirik və buna görə də kommunal xərclər yüksəkdir. Bütün bunlar tələbələrin seçiminə təsir edən amillərdir.

- Maraş bölgəsinin turizmə açılması məsələsi nə yerdə qaldı?
- Maraş Şimali Kiprin torpağıdır. Cənubla sərhəd olduğu üçün hərbi bölgə statusu verilib. Ora illərlə yaşama açılmadığı üçün binalar qəzalı vəziyyətədir və istifadə müddətini doldurmuş hesab olunur. Ona görə də yenidən şəhərsalma aparılmalıdır. Bu yaxınlarda dövlətimiz qərar alıb ki, Maraşın bu hissəsi turizmə verilsin. Öncə bütün ərazinin 3,5 faizi təmir edilərək istismara veriləcək. Daha sonra bu, artan faizlə davam edə bilər. Bu zaman nəzərə alınacaq bir məsələ var. Maraşı açıb camaata "buyurun gəlin" desəniz də, burada yaşamaq mümkün deyil. Çünki infrastruktur yoxdur. Eyni hal işğaldan azad edilən Azərbaycan torpaqlarında yaşanır. Bu gün ağdamlılara deyə bilmərik ki, gəlin Ağdamda yaşayın. Ağdamda yaşamaq üçün əvvəlcə şəhərsalma prosesi aparılmalıdır. Bunlar zaman və iqtisadi güc tələb edən məsələlərdir. Lakin bir məlumatı diqqətinizə çatdırım ki, Şimali Kiprə turist kimi gələn əcnəbilər Maraşı ziyarət edə və orada keçmişdən qalma yaşamı görə bilərlər.

- Mustafa bəy, səlahiyyət müddətiniz sona çatdığı üçün artıq Bakıdan gedirsiniz. Bakı xatirləriniz barədə nə deyə bilərsiniz? Nəzərə alsaq ki, siz Qarabağ probleminin həlli məqamında, yəni tarixi bir dönəmdə Bakıda oldunuz. Necə hisslər idi?
- Bakıda mənim iki fəaliyyət dönəmim olub. İlk gəldiyim gündən bəri bura ilə əlaqələrim qopmayıb. Lakin ilk və ikinci dönəm fəaliyyət dövrümü müqayisə etmək imkanım oldu. Azərbaycana birinci gəlişimdə ölkə yeni-yeni inkişaf etməyə başlamışdı. Burada çox gözəl işlər gördüm, isti xatirələrim olub. O zaman torpaqlar işğal altında idi və insanların ovqatında, simasında bu hiss olunurdu. Lakin hazırda Azərbaycan iqtisadiyyatı çox inkişaf edib. Bu inkişafı bütün şəhərlərdə, rayonlarda görmək mümkündür. Qarabağ işğaldan azad edilib və torpaqların işğaldan azad edilməsi insanlarda xüsusi özgüvən yaradıb. İnsanlar yolda yeriyərkən belə onlarda müzəffər xalq abu-havası hiss olunur. Bu, dövlət rəsmilərinin xarici görüşlərində də görünür. Azərbaycan artıq bölgədə hərbi, siyasi və iqtisadi gücə çevrilib. Bu da vətəndaşların düşüncəsinə təsir edir və onlar düşünür ki, mən güclü bir dövlətin vətəndaşıyam. Yəni bütün bunlar mənim müşahidə etdiklərimin sadəcə bir qismidir. Ümid edirəm ki, xalqlarımız arasında münasibət daha da genişlənər. Azərbaycan vəzifə səlahiyyətlərimi yerinə yetirməkdən xoşbəxtlik duyduğum bir ölkədir. Ümid edirəm ki, yolum buradan bir daha düşər.
Aysel Məmmədova
-
Nida Təhlil 17:21Brüssel və Amsterdamda Bakıya qarşı təxribat: Cənubi Qafqazda sülhü kim istəmir?
-
Magazin216:55"Kızılcık şerbeti"ndən gedir - Foto
-
Maraq dünyası16:22Alimlər daşın içindən 35 milyon yaşı olan qeyri-adi hörümçək tapdılar
-
Magazin216:00Dua Lipa sevgilisi ilə diqqət çəkən paylaşım etdi - FOTO
-
Avropa15:55Yanğınsöndürənlərdən maraqlı addım - Adanın tam yanmasını gözlədilər(FOTO)
-
Ekologiya15:50Hava ilə bağlı xəbərdarlıq - Temperatur 8 dərəcə enəcək
-
Hadisə14:40Abşeronda təhvil verilməmiş mənzillər belə talanır - Video
-
Avropa14:13Gəmidən 106 kiloqram kokain tapıldı













.jpg)




.png)




















