"Bu gün Tehranda İrəvanın taleyi həll olunur" – Ekspert DETALLARI açıqlayır
Bizi izləyin

Xüsusi

"Bu gün Tehranda İrəvanın taleyi həll olunur" – Ekspert DETALLARI açıqlayır

Politoloq Cümşüd Nuriyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri ilə bağlı əməkdaşımızın suallarını cavablayıb.

Publika.az politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edir:

- Cümşüd bəy, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrandadır. Burada İran və Rusiyanın dövlət başçıları ilə görüşür. Region üçün Tehran konfransının önəmi nədən ibarətdir?

- Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrandadır. Ərdoğan Tehranda çox yüksək səviyyədə qarşılandı. İran prezidenti onu Sədabad sarayında qəbul etdi. İlkin danışıqlar yəqin ki, daha çox Türkiyə-İran münasibətlərinə aid olacaq. Hər ikisinin PKK terror təşkilatı və Suriya ilə çox ciddi problemləri var. Ankara və Tehran bu kimi məsələlərdə əks mövqedə dururlar. İraqla bağlı tərəflərin mövqelərində toqquşmalar mövcuddur. Fələstin məsələsində Türkiyə və İranın mövqeləri üst-üstə düşür. İsraillə bağlı əvvəllər mövqelər eyni idi. Amma indi tərəflərin mövqeyi bir qədər fərqlənir. Eyni zamanda, bu məsələlərdən daha çox səfər çərçivəsində Yaxın və Orta Şərqin, eləcə də Qafqazın taleyi həll olunacaq. Çünki bu görüşlərə Rusiya prezidenti Vladimir Putin də qoşulacaq.

- Bəs masaya bununla bağlı hansı məsələlər yatırıla bilər?

- Burada masaya bir neçə məsələnin yatırılması mümkündür. Daha doğrusu, yatırdılacaq. Birincisi, böyük ipək yolunun tam təşəkkül tapması məsələsidir. Yəni, Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmə gətiriləcək. Baxmayaraq ki, Azərbaycan imzalanmış memorandum əsasında İran ərazisindən belə bir kommunikasiyanın açılmasını həyata keçirir. Amma yaxın gələcəkdə İran öz ərazisindən yüklərin buraxılmasını çatdıra bilməyəcək. Azərbaycan eyni zamanda, diversifikasiya edir. Bunu Türkiyə də istəyir. İkincisi, həm Rusiya, həm də İran Qərbin sanksiyaları altındadır. Bu iki dövlətin taleyi məsələsi var. Yəni Rusiya-Ukrayna müharibəsindən sonra Kreml də ciddi problemlərlə üzləşib. Eyni zamanda, etiraf edək ki, Avropanın özü də Rusiya ilə bağlı ciddi problemlərlə üz-üzə qalıb. Üçüncü məsələ isə Qafqazda sülhün bərqərar olmasıdır.

Bu, Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin bağlanması məsələsidir.

- Bunun üçün regional güclər hansı addımları atmaq iqtidarındadır?

- Bundan ötrü sərhədlərin delimitasiyası və delimitasiyası məsələsini tərəflər qəbul etməlidirlər. Azərbaycan tərəfi artıq bu addımı atıb. İndi top Ermənistanın sahəsindədir. İrəvan bu məsələni həll eləməlidir. Son altı ayın yekunu ilə bağlı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda cənab prezident nəql yox, əmr formasında danışdı. Yəni, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə nəzərdə tutulan bəndlərin icrasını həyata keçirməyə hazırdır. Bu ya anti-terror əməliyyatı, ya da başqa bir ad altında həyata keçirilə bilər. Azərbaycan buna da hazırdır. İndi bu barədə Ermənistan və Rusiyadan olan sülhməramlılar fikirləşməlidir. Bundan başqa, həmin ölkələrin Yaxın və Orta Şərqin, o cümlədən, Cənub-Şərqi Asiyanın yeni siyasi və iqtisadi dizaynı ilə bağlı fikirləri olacaq.

- İran bu siyasi və iqtisadi dizaynda hansı kosmetik işləri görə bilər?

- Hazırda İranın Əfqanıstan və Pakistanla problemləri var. Türkiyənin bu ölkələrlə elə də ciddi bir problemi yoxdur. Bu üç ölkə içərisində ən reytinqli, ən imkanlı dövlət də Türkiyədir. Onun həm Əfqanıstan, həm də Pakistanla münasibətləri çox yaxşıdır. Eyni zamanda, İsraillə də çox yaxşı münasibətlər qurub. Ankara bu vaxta qədər Ərəb dünyası ilə elə bir gərginliklə üzləşməyib. Avropa ölkələri də nə İranı, nə də Rusiyanı sevir. Onların içərisində Yunanıstan kimi Türkiyə ilə müəyyən gərginliyi olan ölkələr ola bilər, amma ümumilikdə Ankara Avropada və NATO-da da söz sahibidir. Yəqin bütün bunların fonunda razılaşmalarda Türkiyənin təkliflərinə daha çox üstünlük veriləcək. Tehran görüşündən ən çox Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanmasını gözləyirəm. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının həyata keçirilməsi məsələsi müzakirə oluna bilər. Zəngəzur dəhlizinin açılması sırf Azərbaycanla bağlı məsələdir. Ümumilikdə Türkiyə ilə İran arasında razılaşmanın olacağını gözləyirəm. Eyni zamanda, İraqla bağlı da tərəflər anlaşmaya çox yaxındırlar.

- Eyni zamanda, Suriyada Rusiya-Türkiyə qarşıdurması var. Bu məsələ necə həllini tapa bilər?

- Maraqların toqquşmasında Qərb həddən çox çalışır. Avropa bu dövlətlər arasında birliyin olmasını istəmir. Nəzərə alaq ki, Baydenin axırıncı səfərindən sonra İranı da ciddi problemlər gözləyir. Bunların fonunda ancaq dayandırıcı və çəkindirici dövlət statusunda ancaq Türkiyə ola bilər. Rusiya artıq çəkindirici dövlət statusunu itirib. Amma Türkiyə diplomatiyası kifayət qədər uğurludur, ona görə də Ankara belə bir statusa sahibdir. Yəni, Tehran görüşündə bunlar da nəzərə alınacaq. Mən budəfəki Tehran konfransını 1943-cü ildə keçirilən Tehran konfransına bərabər tuturam. Doğrudur, o vaxt İngiltərə və ABŞ orada idi, indi də onların iki düşməni – İran və Rusiya oradadır. Rusiya SSRİ-nin varisidir. Türkiyə isə həm türk, həm də İslam dünyasının aparıcı dövlətidir. Bizim üçün böyük şərəfdir ki, Türkiyənin timsalında orada təmsil olunuruq. Belə bir konfransın nəticələrini həm bizim, həm Türkiyə, həm də digər iştirakçı dövlətlər üçün uğurlu olacağına inanıram. Yaxın və Orta Şərq üçün də bu konfrans uğurlu olacaq. Bu, həmin dövlətlərin son şansıdır. Bundan böyük lüks yoxdur və biz bundan yararlanmalıyıq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm