İslamla marksizmin “birləşdiyi” ölkə və ölümcül tələ – - VİDEO/FOTO
Bizi izləyin

Dünya

İslamla marksizmin “birləşdiyi” ölkə və ölümcül tələ – - VİDEO/FOTO

Amerika hərbçiləri Yəməndə radiolokasiya stansiyasına zərbə vurub.

Amerika hərbçiləri Yəməndə radiolokasiya stansiyasına zərbə vurub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hücumun Qırmızı dənizdə - Yəmən sahillərində fəaliyyət göstərən ABŞ-ın "USS Mason" esminesinə açılan atəşlərə cavab olduğu bildirilir.

Məlumata görə, son günlərdə “USS Mason” Yəməndə iki dəfə raket zərbələrinin hədəfi olub. İlk olaraq bazar ertəsi iki raket buraxılıb. Raketlər gəmiyə çatmadan dənizə düşüb. Çərşənbə günü “USS Mason” yenidən hədəf olub və yenidən iki raket buraxılıb. Bu dəfə yalnız “USS Mason” deyil, həm də esminesin yanında döyüş növbəsini yerinə yetirən “Ponce” gəmisi təhdid altında olub.

ABŞ tərəfinin açıqladığı məlumata görə, raketlər şiə husilərin nəzarət etdiyi ərazidən atılıb. Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Piter Kuk Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazidəki üç radarın məhv edildiyini bildirib. Pentaqonun nümayəndəsi qeyd edib ki, hücum əmrini ABŞ prezidenti Barak Obama şəxsən verib. Yəmənə zərbələrin endirilməsini isə Obamaya ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Cozef Danford və müdafiə naziri Eşton Karter məsləhət görüb.

Oktyabrın 9-da isə ərəb koalisiyasının aviasiyası üsyançı husilərin nəzarəti altında olan Yəmən paytaxtı Sanaya beş zərbə vurub. Bundan bir gün əvvəl paytaxtda husilərin iştirak etdiyi matəm mərasimi ərəb koalisiyasının qırıcıları tərəfindən vurulub. Nəticədə, 213 nəfər həlak olub. Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların sayı 500-ü keçib. Husilərin nümayəndəsi Məhəmməd Əbdül-Salam aviahücumu “soyqırım” kimi xarakterizə edib. Minlərlə yəmənli Sanada BMT qərargahının qarşısında etiraz aksiyasına toplaşıb.

BMT-nin sanksiyası olmadan

Yəməndə döyüş əməliyyatlarının sadələşdirilmiş şəkli bu cürdür: bir tərəfdə İranın dəstəklədiyi şiə husiləri, digər tərəfdə Səudiyyə Ərəbistanının dəstəklədiyi sünnilər. Faktiki olaraq güclərin bölgüsünün daha mürəkkəb olduğu bildirilir.

Yəməndə silahlı konflikt dinlərarası, siyasi və regional ziddiyyətlərə söykənir. Müasir Yəmən Respublikası 1990-cı ildə yaranıb. İslami Şimali Yəmən (Yəmən Ərəb Respublikası) uzunmüddətli sərhəd müharibələri və toqquşmalardan sonra marksizm Cənubi Yəmənlə (Yəmənin Xalq Demokratik Respublikası) birləşdi.

1994-cü ildə sülh yenidən pozuldu, amma uzun sürməyən vətəndaş müharibəsi cənubdakı separatçıların məğlubiyyəti və birləşmiş Yəmənin saxlanılması ilə başa çatıb. Amma şimal və cənub arasında gərginlik qalır. Elitaların mübarizəsi burada dini xarakter daşıyır. Sünnilər (sələfilər) və şiələr (husilər) arasında toqquşmaların kökləri uzaq keçmişə gedir.

Ölkənin şimalında yaşayan şiələrin silahlı üsyanı 2004-cü ildə Səudiyyə Ərəbistanı ilə sərhəddə, hökumətin siyasətinə qarşı etiraz kimi başlandı. 2015-ci ildə silahlı mübarizə kəskinləşdi. Əbd Rəbbi Mənsur Hadi 2015-ci ilin yanvarında istefa verdi və daha sonra Səudiyyə Ərəbistanına qaçdı.

Hazırda münaqişənin bir tərəfində “Ansar Allah” şiə hərəkatının qüvvələri və sabiq prezident Əli Abdullah Salehin tərəfdarları, digər tərəfdə isə Əbd Rəbbi Mənsur Hadinin tərəfdarlarıdır. Tayfalar müxtəlif motivlər üzrə bu və ya digər tərəfi dəstəkləyirlər. Yəmənin cənubunda isə “Əl-Qaidə” dəstələri var. Təşkilat hamıya qarşı vuruşur.

2015-ci ildə husilər prezidentin “Ukrayna ssenarisi” üzrə ölkədən qaçışından sonra hakimiyyəti tutdular. Səudiyyə Ərəbistanı bundan sonra BMT sanksiyası olmadan, ABŞ-ın razılığı ilə Yəməndə “xunta”ya qarşı hərbi əməliyyata başladı.

BƏƏ, Bəhreyn, Küveyt, Qətər, İordaniya, Misir, Pakistan, Mərakeş və Sudan da həmçinin kənarda qalmadı və silahlarını Yəmənə yönəltdilər.

Münaqişənin inkişafı

Səudiyyə Ərəbistanı böyük güclərlə döyüş əməliyyatlarını aparır. Ərəb koalisiyası 1,5 il ərzində ərazilərin xeyli hissəsini husilərdən alıb. Yəmənin cənubunda strateji əhəmiyyətli sahilboyu zolaq və gəmiçilik üçün strateji əhəmiyyət daşıyan Bab-El-Mandeb boğazı üzərində nəzarət təmin edilib. Ancaq əvvəlki kimi paytaxt Sana husilərin nəzarəti altındadır. Paytaxtda Səudiyyənin böyük miqdarda hərbi texnikası məhv edilib. Bölünmüş Yəmən münaqişənin bütün tərəfləri üçün ölümcül tələni xatırladır.

Səudiyyə Ərəbistanı regional sabitlik və təhlükəsizlik, həmçinin şiə üsyanının onun ərazisinə keçməməsi üçün husilərin mövqelərini bombalayır. Eyni zamanda, şiə İranı husilərə kömək edir. Tehranın güclənməsini arzulamayan ABŞ-ərəb koalisiyasının əməliyyatlarını dəstəkləyir. İsrail və Avropa diplomatiyasının başçısı Federika Moqerini Yəməndə hərbi əməliyyata qarşı çıxır. Rusiya prezidenti Vladimir Putin ərəb ölkələrini münaqişəni “xarici müdaxiləsiz” həll etməyə çağırıb.

Husilər hesab edirlər ki, Yəmənin sünni əksəriyyəti onilliklərlə şiə azlığının maraqlarına məhəl qoymayıb. Onlar karbohidrogenlərin satışından gələn gəlirlərin yenidən bölüşdürülməsini tələb edirlər.

Ər-Riyad üçün mümkün təhlükələr

Yəməndəki hadisələr Səudiyyə Ərəbistanının cənub sərhədləri üçün əlavə təhlükə yaradır. Şimalda İŞİD, şimali-şərqdə isə İranın təsiri onsuz da hiss olunur. Tehranın müdaxiləsi Yəməndə döyüş hərəkətlərini keyfiyyətlə yeni səviyyəyə keçirə bilər.

Səudiyyə Ərəbistanında şiələrin (ölkə əhalisinin 14-15 faizinin təşkil edir) dini-siyasi fəallığı 2011-ci ildə “Ərəb baharı”nın gedişatında yatırılıb. Lakin İran şəxsi maraqlar üçün şiələrdən istifadə edə bilər.

Yəmənin şimalında neft yataqları, cənubda isə karbohidrogenlərin tranziti üçün strateji əhəmiyyət daşıyan Ədən limanı var. Liman Qırmızı dəniz və Süveyş kanalına qapıdır. Ər-Riyadın bu sektorlar üzərində nəzarəti təmin etmək arzusu məntiqli görünür.

Ümumilikdə, Yəmən vətəndaş müharibəsində batıb. Qan tökülməsini dayandırmaq, münaqişə tərəflərini danışıqlar masasına əyləşdirmək və problemlərin güzəştli həllini tapmaq üçün uzun illər lazım olacaq. ABŞ və onun müttəfiqləri isə Yaxın Şərqdə “müdrik ali hakim” rolunu yerinə yetirə bilmirlər. Ölkələri “diktatorlardan azad etmək” səyləri onları ıstisnasız olaraq xaosa aparır. Və Yəmən paytaxtının ərəb koalisiyası və ABŞ tərəfindən vurulması silahlı konfliktin sonrakı inkişafına təsir etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm