Magazin1
Orxan Zeynallı: “Əslində "Qravitasiya" vida konserti idi” – MÜSAHİBƏ\FOTO\VİDEO
Bu yaxınlarda Amerikaya köçüb orada yaşamağa qərar verən məşhur reper Orxan Zeynallı Publika.az-ın suallarını cavablandırıb. AiD ləqəbəi ilə tanınan reper Amerikaya köçməsinin səbəblərini izah edib.
- Uşaqlıqda itməkdən çox qorxurduq. Böyüyəndən sonra isə itmək və mümkün qədər uzağa getmək istəyirik. Niyə illər keçdikcə arzularımız bir-birini inkar edir?
- Uşaqlıqda tanımadığımız adamların arasında qalmaqdan qorxurduq, onları özgə və düşmən bilirdik. Böyüdükcə isə tanıdıqlarından o qədər zərbə alandan sonra başa düşürsən ki, elə salamatı bəzən öz kiçik əhatəni də götürüb yoxa çıxmaqdır.
- 2 il əvvəl səndən müsahibə alanda xaricə köçmək barədə planın olmadığını demişdin. Qərarını nə dəyişdi? Bakıda xoşbəxtliyin qarşısını alan amillər nələr idi?
- Əslində xaricə köçmək planı məndə hər zaman olub, 2 il qabaq "Dəyişir Həyat" konsertindən sonra İngiltərəyə köçəsi idim, alınmadı. Ondan əvvəl də ağlımdan müxtəlif ölkələr keçirdi. 2 il əvvəl müsahibə vaxtı yəqin ki, yüngülvari yalan danışmışam, üzrlü sayın (gülür).
- Burada səni tanıyan, yaradıcılığı sevən və qiymətləndirən müəyyən auditoriya var. Onları qoyub həyata yenidən başlamaq çətin olmayacaq ki?
- Bizdə insanların sevgisi əsasən "like" eləməkdən və "youtube"-a girib mahnıların baxış sayını artırmaqdan ibarət olur. İldə 1-2 dəfə də konsert verəndə səni sevənlərin yalnız 1-2 faizi gəlir.
Ona görə də ya orada, ya da burada olmağımın fərqi yoxdur. "Online" sevgi belə də mümkündür (gülür). Əslində, "Qravitasiya" konserti vida idi. Lakin, bunu insanlara bildirməmişdim. Desəydim, bəlkə də konsertin sona çatmasına izn verməzdilər.
- "Yaxşı insan" trekində Bakının ruhunu satdığını demisən. Bu şəhər ruhunu kimə satıb?
- Bu şəhər ruhunu hərraca qoyub, kim çox pul versə, ona da satacaq.
- Ümumiyyətlə, qayıtmağı düşünürsən?
- Məqsədlərim və planlarım var, amma, növbəti 5 ildə harada olacağımı təxmin etməməyə çalışıram. Belə daha maraqlıdır. Bəlkə Bakıda olacam, bəlkə Amerikada, bəlkə də Hondurasda.
- Özündə nələrisə dəyişmək, yoxsa başqalarını dəyişdirməyə çalışmaq çətindir?
- Başqalarını dəyişdirmək onsuz da mümkünsüz bir şeydir, yön verə bilərsən, həmin adamı özünə çevirə bilərsən, amma dəyişmək qəti. Özündə də əlsində həmçinin. Yəni rəndələmək olar, söküb yenidən yığmaq yox.
- Tənqidlərini mahnılarında eşidirik. Maraqlıdır ki, Orxan Zeynallı özündə nələrisə dəyişdirmək istərdi?
- Dinləyicilər diqqətlə dinləsələr, mahnılarda elə özümü də az tənqid etmədiyimi görərlər.
- Ömrünün ən pis, ən yaxşı illəri hansı şəhərlə bağlıdır?
- Bakıdan başqa bir neçə il yaşadığım şəhər olmayıb deyə, cavabım Bakıdır. 2 il sonra müsahibə alanda yenə də soruşarsan, bəlkə başqa şəhər dedim.
- Amerikaya köçmək fikrini həyat yoldaşın və ailən necə qarşıladı? Valideynlərini qoyub getidiyin üçün narahat deyilsən?
- Mən addım atarkən ilk növbədə ailəmi düşünürəm. Bunu da yaxınlarım çox yaxşı bilirlər. Ona görə də narahatçılığım yoxdur, çünki, bu hamısının yaxşılığı üçün olacaq.
- Bundan sonrakı fəaliyyətini orada davam etdirməyi düşünürsən?
- Fəaliyyət deyəndə ki, bu, həyat tərzidir. Azərbaycanda musiqini həyat tərzinə çevirən çox az insan var. Ümumilikdə hamı toylardadır. Hətta bəzən olurdu ki, müğənnilər məndən mahnı sözü istəyirdilər, ardıyca da deyirdilər ki, "Elə yaz ki, toylarda babat tutsun". Yəni bu adamların musiqi fəaliyyəti yaşadıqları çərçivəyə əsasən dəyişir. Məndə elə deyil. İçimdən gələni yazıram, fərqi yoxdur, Bakıdır, Bostondur, yoxsa Alyaska.
- Bakıda, yoxsa Amerikada yaxşı insan olmaq və bu mövqeyi qorumaq asandır?
- Yaxşı insan mövqeyini anlamıram, ya yaxşısan, ya da deyilsən. Qalanı isə sadəcə maskadır, artistlikdir. Saflıq və təmizlik maskası taxanların sayı da durmadan artır.
- İstənilən vəziyyətə yaxşı olmaq üçün insandan nə tələb olunur? Sən bunu bacarırsan?
- İstənilən vəziyyətdə yaxşı olmaq lazım deyil. Çünki bəzən yaxşı olmaq üçün səhv addımlar atmaq və ya yalan danışmaq lazım olur. Bunları nəzərə alsaq yox, həmişə yaxşı ola bilmirəm.
- Yaxşı və pis insanı bir-birindən necə fərqləndirirsən?
- Tanımdaqlarımla bağlı bir şey deyə bilmərəm, amma tanıdıqlarımın həyatda və sosial şəbəkələrdə necə olduqlarına baxanda təxmin edirəm. Burada əsas məsələ yaxşı və ya pis insanda yox, daha çox şərəfli olub olmamaqdadır. Sosial şəbəkələrdə hər kəs özünü, işini şişirdir, burada faciəvi bir qəbahət yoxdur. Amma bəzən insanlar boşluğu şişirdirlər, bax bu artıq düzgün deyil.
- Ən çox nəyə nifrət edirsən?
- Yorğanımın ayağımdan qısa olmasına. Ələxsus da qış vaxtı.
- Özünü ağıllı, şanslı, yoxsa istedadlı hesab edirsən?
- Ağıllı və istedadlı hesab etmək olar. Şanslı olub-olmadığımı isə həyat göstərəcək. Ən əsası zəhmətkeş olmaqdır. O olmasa nə şans, nə ağıl, nə də istedad bir işə yaraya bilər.
- Birdən sənə: indi olduğundan daha az ağıllı olmaqla, böyük sevinclər içində yaşaya biləcəyini desəydilər, buna necə yanaşardın?
- Deyərdim "Gəl çıx da qardaş, harada qalmışdın?"
- Bir neçə mahnıda gözəl qızların pullu oğlanları seçməsi barədə mövzulara toxunmusan. Səncə, mələk üzlü qızların bədənlərini "varlı şeytanlara" satmasının günahkarı kimdədir?
- Kasıb şeytanlarda.
- Qarşına qoyduğun növbəti məqsədlərin haqqında danışa bilərsən?
- Hələ ki, yox. Məqsədlərimə nail olduğumda məndən qabaq xəbəriniz olacaq.
- Necə düşünürsən insanlar qarşılarına qoyduqları hansısa məqsəd uğrunda yaşayanda, bu, onlara xoşbəxt olmaq üçün kömək eləyirmi?
- Bu, həyatı ən azından mənalı edir. Mənasız həyatda isə xoşbəxt olmaq mümkün deyil.
- Dünyanın ən təhlükəsiz və xoşbəxt guşəsi haradır?
- İsmayıllının İvanovka kəndi.
- Darıxmaq sözü sənə nəyi xatırladır?
- Mahnılarımı.
- İnsanlar darıxmaqdan necə yaxa qurtara bilərlər?
- Mahnılarıma qulaq asmaqla.
Aytən
-
Sosial17:41
Bakıda yanğına görə bu yol bağlandı
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI
-
Hadisə15:35
Təyyarənin qəzaya uğradığı yeri çəkən bloger saxlanıldı - Bu görüntülərə görə
-
Hadisə14:58
Aktauya düşən təyyarənin salonundan görüntülər yayıldı - VİDEO
-
Rəsmi xronika14:24
İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
-
Sosial14:02
Təyyarə qəzasında sağ qalanların sayı artdı - Ən son məlumat