Nida Təhlil
Yeni parlamentin anatomiyası: ruslara qarşı oyun, Ankara və Bakıya hücum planı - TƏHLİL
Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri bir sıra aspektdən diqqət çəkdi. Müxalifət nümayəndələrinə hücumlar, seçicilərə təzyiqlər, saxta bülletenlərin dövriyyəyə buraxılması təəccüblü deyildi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da seçkiyə ciddi müdaxilənin olduğunu, seçicilərə təzyiq edildiyini açıqladı. Lakin nəticə etibarilə seçki baş tutmuş hesab olunur və Ermənistan faktiki Parlament Respublikası üsul-idarəsinə keçdi. Çünki 2015-ci ilin 6 dekabr tarixində konstitusiyaya dəyişikliklər bağlı keçirilən referendumla Ermənistanın parlament üsul-idarəsinə keçidi haqda qərar qəbul edildi. Referendumun nəticələrinə görə, aprelin 2-də keçirilən parlament seçkilərindən sonra yeni sistemin tətbiqinə start verilir. Lakin ölkə bu sistemə tamamilə 2018-ci ildə - Serj Sarkisyan prezidentlik müddətini başa vurandan sonra keçəcək. Sarkisyanın gələcək taleyini müəyyənləşdirmək üçün iki ilə qədər vaxtı var idi, amma seçki göstərdi ki, o, hər şeyi taleyin ümidinə buraxmaq niyyətində deyil. Nəticələr bunu sübut edir:
Hakim Respublika Partiyası 49,21 faiz səslə qalib gəldi. “Sarukyan”
bloku 27,33 faiz, “Çıxış” bloku (ermənicə “Yelk”) 7,75 faiz,
Daşnaksütyun partiyası isə 6, 59 faiz səslə parlamentə düşdü. Yerdə
qalan “Erməni dirçəliş partiyası”, “Ohanyan-Raffi-Oskanyan” bloku,
“Erməni Milli Konqresi”, “Azad demokratlar” partiyası və Ermənistan
kommunist partiyası parlamentə düşmək üçün lazım olan 5 faiz
baryeri aşa bilmədi. Nəticələr Ermənistanın gələcək siyasətini də
müəyyən mənada aydınlaşdırır.
“Sarukyan” bloku: milyarder Qaqik Sarukyanın
rəhbərlik etdiyi bu blok Serj Sarkisyanın partiyasından sonra
ikinci pillədə qərarlaşıb. Sarkisyanın son bir ildə ona qarşı
cəbhədə yer alan milyarderə parlamentə “giriş imkanı” verməsi
diqqət çəkir. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik
Sarukyan vaxtilə qərbyönümlü partiyalardan – “İrs”, Daşnaksütyun və
“Erməni milli konqresi”dən ibarət “dördlər ittifaqı”nda yer alırdı.
Bu ittifaq Sarkisyan hakimiyyətinə qarşı əsas güc hesab olunurdu.
Xüsusilə 2014-cü ildə ittifaq daha radikal siyasət yürüdürdü.
“Dördlər ittifaqı” 2014-cü ilin aprelində baş nazir Tiqran
Sarkisyanın rəhbərlik etdiyi hökumətə qarşı mitinqlərə başladı. Ən
böyük mitinq isə aprelin 28-də İrəvanda təyin edilmişdi. Lakin
Tiqran Sarkisyan qəfil postundan istefaya göndərildi, onun yerinə
isə aprelin 14-də Ovik Abramyan təyin olundu. Və bununla nəinki
“dördlər itttifaqı”nın mitinq planı təxirə düşdü, həmçinin,
ittifaqın dağılma prosesi başlandı. Sarkisyan Ovik Abramyanı baş
nazir təyin etməklə özünə qarşı əsas rəqib hesab etdiyi “dördlər
ittifaqı”nı sıradan çıxarmaq gedişi də etdi. Çünki Abramyanın oğlu
Sarukyanın qızını alıb və oliqarx qudasının baş nazir olduğu
hökumətə qarşı çıxmamalı idi. Plan baş tutmuşdu, “Çiçəklənən
Ermənistan” “dördlər ittifaqı”ndan uzaqlaşdı və Sarkisyana qarşı
cəbhə dağıldı. Sarukyanla Sarkisyanın ittifaqı 2016-cı ilin 8
sentyabrına qədər davam etdi.
“Aprel müharibəsi”ndə məğlubiyyət Ermənistan daxilində ciddi
çaxnaşmalar yaratdı. Müdafiə naziri Seyran Ohanyan, ordu
rəhbərliyindəki bir sıra generallar istefaya göndərildi. İstefa
dalğası Ovik Abramyana da çatdı. Əslində isə baş nazirin postundan
uzaqlaşdırılması “məğlubiyyətdən çıxarılan nəticə” yox, Rusiyanın
göndərdiyi Karen Karapetyana “yer açmaq” planının tərkib hissəsi
idi. Bundan sonra Sarukyan Sarkisyanın yanında yox, qarşısında yer
aldı. Və seçkini ikinci qalib partiya olaraq başa vurdu.
“Sarukyan” blokunun qalibiyyətində iki amil rol
oynadı:
1. Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyan,
“İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər
naziri Vardan Oskanyanın yaratdığı “ORO” bloku ilə “Sarukyan” bloku
arasında seçim etməli idi. Müqayisədə “ORO” daha təhlükəli idi. Bu
blokun üzvü Samvel Babayanın Sarkisyana sui-qəsd planı təşkil etmək
ittihamı ilə həbs edilməsi hakimiyyətin “ORO”-nu özünə əsas rəqib
gördüyünü deməyə əsas verir. Qaqik Sarukyan isə oliqarxdır və
Sarkisyan üçün “keçmiş dostu” ilə anlaşmaq o qədər də çətin
deyil.
2. Təbii ki, Ermənistan parlamentində ikinci ən
böyük partiyaya çevrilmək Rusiyanın icazəsi olmadan mümkünsüz idi.
Rusiya isə Qərb xəttini seçmiş “ORO”-ya imkan verməzdi. Bu blokda
təmsil olunan “İrs” partiyasının sədri Raffi Ovanesyan Amerika
təhsili görmüş, Qərb dəyərlərini müdafiə edən şəxsdir. Keçmiş
xarici işlər naziri Vardan Oskanyan da əsasən Avropa yolunu tutur
və Ermənistanın Putin ittifaqlarında yer almasını tənqid edir.
Keçmiş müdafiə naziri Seyran Ohanyan isə postunda olarkən,
Rusiyanın əsas adamlarından hesab olunurdu. Lakin onun
gözləntilərinin əksinə olaraq, Rusiya Ohanyanı sona qədər müdafiə
etmədi və nazir postu ilə vidalaşmalı oldu. Moskva Karen
Karapetyanı İrəvana baş nazir göndərməklə “keçmiş adamları”nın
üzərindən xətt çəkdi. Ohanyan qərbyönümlü blokda məhz Rusiyadan
qisas almaq hissi ilə təmsil olunurdu. Bu baxımdan, Moskvanın
“Sarukyan” blokunun önündə “yaşıl işıq” yandırması təsadüfi deyil.
Qaqik Sarukyanı isə istənilən anda zərərsizləşdirmək ruslar üçün
çətin olmayacaq. Çünki oliqarxın Rusiyada biznes maraqları var.
Əslində Moskva “aprel döyüşləri”ndən sonra mərkəzdənqaçma xəttini
tutmuş Sarkisyan hakimiyyətini ram etmək, həmçinin, gələcəkdə
İrəvanda daha yaxşı təşkilatlanmaq üçün bütün cəbhələrə öz adamını
yerləşdirmək siyasətini izləyir. Hakim partiyada əsas fiqur Karen
Karapetyan, parlamentdəki ikinci böyük fraksiyada isə Sarukyandır.
Görünür, Rusiya keçmişdən dərs çıxarır.
Serj Sarkisyan da öz növbəsində Rusiyaya qarşı oyunu davam etdirir.
Moskvadan uzaq olan iki siyasi qüvvənin parlamentə düşməsi bu
oyunun bir hissəsidir.
“Çıxış” bloku: 7,78 faiz səslə fraksiya yaratmaq
hüququnu qazanan blok qərbyönümlü hesab olunur. “Çıxış” blokunu
bitərəf millət vəkili, “Maariflənmiş Ermənistan” partiyasının sədri
Edmon Marukyan, müxalif millət vəkili, “Vətəndaş müqaviləsi”
partiyasının lideri Nikol Paşinyan və “Respublika” partiyasının
başçısı Armen Sarkisyan yaradıblar. Qərbyönümlü partiyanın
parlamentə buraxılması İrəvan rejiminin “demokratik imic” gedişinin
tərkib hissəsidir. Lakin daha dərin qatda Rusiyaya qarşı alternativ
fikri inkişaf etdirmək planı görünür. Avrasiya İqtisadi İttifaqına
daxil olan Ermənistan istədiyini ala bilmir, lakin, Putinin
ittifaqına daxil olandan sonra çıxmaq asan məsələ deyil. İrəvan isə
Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirmək
niyyətindədir. Hesab etmək olar ki: “Çıxış” blokunun parlamentə
düşməsi Avropanın gözündə “demokratik Ermənistan” görüntüsü
yaratmaq və münasibətlərdə daim “açıq qapı” saxlamaqdır; bununla
yanaşı, hakimiyyət Rusiyanın tələbləri qarşısına istənilən an bu
blokun “alternativ fikirləri”ni çıxararaq, daxildə anti-Rusiya
mövqeyini də qorumaq niyyətindədir.
Daşnaksütyun partiyası: erməni millətçiliyinin
əsas bazası olan bu partiyanın Ermənistan siyasətinə təsiri
böyükdür. 1890-cı ildə Tiflisdə yaradılıb və Ermənistanın ən böyük,
ən mütəşəkkil siyasi təşkilatı hesab olunur. Daşnaksütyunun erməni
diasporunun fəaliyyət göstərdiyi bütün ölkələrdə büroları
mövcuddur. Daşnaklar 1918 və 1920-ci illərdə Ermənistanda
hakimiyyətdə olublar. 1900-cu illərin əvvəllərindən başlayaraq,
azərbaycanlılara qarşı amansız soyqırımı siyasəti həyata
keçiriblər.Partiya yarandığı dövrdən terror xəttini əsas istiqamət
olaraq seçib. Əsas hədəf Türkiyə və Azərbaycan torpaqlarında “Böyük
Ermənistan” yaratmaqdır. 1892-ci ildə partiyanın qəbul edilmiş
proqramında deyilir: “Hədəf muxtariyyətin yaradılmasıdır,
lakin əsas məqsəd Qərbi Ermənistanda (Türkiyənin şərqi-red)
müstəqil erməni dövlətinin qurulmasıdır”. Mübarizənin əsas
vasitələri isə “hakimiyyət nümayəndələrinə qarşı terror törətmək,
viran qoymaq və dövlət müəssisələrini dağıtmaq”dır.
SSRİ yarananda daşnaklar xaricə köçür və anti-sovet mövqeyi
tuturlar. Daşnaksütyun erməni diasporunun maddi imkanlarından
istifadə edərək, Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir
çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni
məktəbləri yaradır. Həmçinin, erməni diasporunun KİV-lərinin
yaradılmasında və formalaşmasında da böyük rol oynayır. Bununla
yanaşı, Daşnaksütyun Avropada və ABŞ-da güclü erməni lobbisi yarada
bilir və bu erməni lobbisinin köməyi ilə bir sıra Qərb
dövlətlərinin parlamentlərində qondarma “erməni soyqırı”mının
tanınmasına nail olur. 1970-80-ci illərdə daşnaklar erməni
terrorçularını və terror təşkilatlarını aktiv dəstəkləyir, ASALA
tərəfindən türk diplomatlarını qətlə yetirilməsi işinə həm maddi,
həm də siyasi dəstək veriblər. SSRİ-nin dağılmasından sonra onlar
Ermənistanda dirçəlməyə başlayırlar. Xüsusilə Dağlıq Qarabağ
müharibəsində və Azərbaycan torpaqlarının işğalında terror
vasitələrindən istifadə edirlər. 1994-cü ildə Ermənistan prezidenti
Levon Ter-Petrosyan daşnakların fəaliyyətini qadağan edir.
Partiyanın bəzi üzvləri həbs olunur. 1998-ci ildə isə
Ter-Petrosyanı əvəz edən Robert Koçaryan Daşnaksütyun partiyasının
fəaliyyətini bərpa edir.
Partiya 1999-cu ildən başlayaraq, Ermənistanda keçirilən bütün
parlament seçkilərində iştirak edib. Daşnakların özlərinə məxsus
“Ölkə” telekanalı fəaliyyət göstərir və onlar təbliğat işini əsasən
bu kanal vasitəsilə həyata keçirirlər. Bu telekanal hakimiyyət
tərəfindən himayə olunur. “Erməni milli konqresi” və digər müxalif
partiyalardan fərqli olaraq, Daşnaksütyun partiyasının mitinqləri
hakimiyyət tərəfindən məhdudlaşdırılmır. Bu partiyanın hakimiyyətin
nəzarət etdiyi telekanallara da girişi qeyri-məhduddur. Daşnaklar
1999-cu il seçkilərində hökumətdə 1, 2007-ci il seçkilərində isə 4
nazirlə təmsil olunublar.
Partiyanın terror siyasəti indi də davam edir və əsas hədəfdə
Türkiyə və Azərbaycandır. Daşnaklar 1920-ci il Sevr müqaviləsi ilə
kağız üzərində yaradılmış “Böyük Ermənistan” tələbini əsas şüar
olaraq seçiblər. Daşnaklar Türkiyədən qondarma “erməni soyqırımı”nı
tanımağı, təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayətin
Ermənistana birləşdirilməsini tələb edirlər. Həmçinin, Azərbaycanın
ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonu
ilə yanaşı, onlar həyasızcasına Goranboy rayonunun cənub hissəsinə
(buranı Şaumyan rayonu adlandırırlar) və Naxçıvan Muxtar
Respublikasına iddia edirlər.
Daşnakların parlamentə düşməsinin arxasında üç hədəf var:
a) Sarkisyan onlar vasitəsilə erməni diasporunu
dəstəyinin davam etməsinə çalışır. Çünki 2018-ci ildə postunu
təhvil verəndən sonra müdafiə naziri olmaq istəyir. Onun gələcəyi
isə “Qarabağ klanı”nın yeni siyasi sistemdə mövqelərinin
qorunmasından asılıdır və daşnaklar məhz bu prosesdə ona ciddi
dəstək verə bilərlər.
b) Daşnakların parlamentdə fraksiya yaratması
Rusiyanın Ermənistan və Dağlıq Qarabağ münaqişəsinə dair planları
qarşısında müqavimət gücünün artırmaq məqsədinə də xidmət edir.
Rusiya oliqarx Samvel Karapetyanın qardaşı, “Qazprom” şirkətinin
əməkdaşı olan Karen Karapetyanı İrəvanda baş nazir postuna
əyləşdirməklə Ermənistanın siyasi arenasında tamamilə sahib olmaq
niyyətindədir. Faktiki olaraq, parlament respublikası
üsul-idarəsində Ermənistana baş nazir, yəni Karen Karapetyan
rəhbərlik edəcək. Rusiya Karapetyanın rəhbərlik edəcəyi
Ermənistanda daha güclü olacaq, həmçinin, Dağlıq Qarabağ
münaqişəsini təklif etdiyi plan çərçivəsində həll etmək imkanları
genişlənəcək. Bu, mümkün gələcəkdə daşnaklar Rusiyaya qarşı
cəbhənin güclənməsində rol oynayacaq. Dolayısı ilə “Qarabağ klanı”
güclənəcək, bu isə Sarkisyana öz gələcəyini təmin etməyə də imkan
verir.
c) Daşnakların parlamentdə siyasi qüvvə
yaratmaları faktiki olaraq, erməni terrorun daha geniş vüsət alması
deməkdir. Hesab etmək olar ki, Ermənistanda Azərbaycan və Türkiyəyə
qarşı ərazi iddiaları güclənəcək, hətta Ankara və Bakıya qarşı açıq
hücumlara cəhd oluna bilər.
Asif Nərimanlı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI