939 gündən sonra 100-ə çatdı
Bizi izləyin

İdman

939 gündən sonra 100-ə çatdı

Azərbaycan Premyer Liqasının başa çatan 14-cü turunda bir sıra əlamətdar hadisələr qeydə alındı.

Publika.az xəbər verir ki, turun ən gözlənilməz nəticəsi “Neftçi”nin çempion “Qarabağ” üzərində qələbəsi oldu. Ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “Ağ-qaralar” sonuncu dəfə 2012/13 mövsümünün 4-cü dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli oldu. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “Ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirekordu təkrarlanacaqdı. Belə ki, “Ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.

“Neftçi” ilə matçda sonradan meydana çıxan “Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan çempionatlarında 100-cü oyununu keçirdi. 2012-ci ilin yayında transfer olunan yarımmüdafiəçi 2012/13 mövsümündə 30, növbəti çempionatda 28 qarşılaşmaya çıxıb. Ötən mövsümdə də 30 matçın iştirakçısı olan yubilyar cari birincilikdəki 12-ci oyunda 100-ə çatıb. Almeyda Azərbaycan çempionatlarının 23 illik tarixində 100 və daha artıq oyun keçirən 8-ci braziliyalıdır.

“Sambaçılar” arasında mütləq rekord əvvəllər “Xəzər Lənkəran” və “Neftçi”də çıxış edib, hazırda “İnter”də oynayan Denis Silvaya məxsusdur. Müdafiəçinin hesabında 160 matç var. Fabio Luis Ramim 149, Junivan Suares 139, Flavinyo 133, Leandro Qomeş 119, Dodo 112, Ernani Pereyra 101 matçda meydana çıxıb.

Daha bir yubiley “Zirə” – “Xəzər Lənkəran” matçında qeydə alınıb. Bu qarşılaşma qonaqların baş məşqçisi Yunis Hüseynov üçün 200-cü olub. Məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında “Karvan”ı 152, “Standard”ı 13, “Xəzər Lənkəran”ı 35 qarşılaşmaya çıxarıb. Bu görüşlərdə onun yetirmələri 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-dən çox matçda “sükan arxasında” olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm