Xüsusi
Ömər Xəyyam haqqında NADİR FAKTLAR: Ölümündən əvvəl İbn Sinanın kitabını əlinə alıb və...
O, öz yaradıcılığı, zəngin mənali rübailəri, riyazi, astronomik fəaliyyəti ilə dünya elminin ən dəyərli zəka sahiblərindədir. Qərinələr boyu əsərləri dünyanın bir çox dillərinə, o cümlədən qaraçı dilinə tərcümə edilən şairdir. Qriqori təqvimindən 7 saniyə daha dəqiq çalışan təqvimin yaradıcısıdır. O, zülmkarın düşməni, məzlumun dostu Ömər Xəyyamdır.
Publika.az bəşər elminin dühası Ömər Xəyyamın elmi fəaliyyətini və yaradıcılığını işıqlandırmaq üçün AMEA-nın ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayiyə müraciət etdi.
Çadır ustası kimi tanınan İbrahimin həyat yoldaşı Fatimə üçüncü dəfə idi ki, dünyaya övlad gətirməyə hazırlaşırdı. İbrahimin yarı canı Fatimənin yanında idi. Yaşı qırxı keçsə də , hələlik atalıq sevincini duymamışdı. Fatimənin bundan əvvəlki iki uşağı ölü doğulmuşdu. Üçüncü dəfə bətninə övlad düşdükdə, gecələr çox vaxt göz yaşı içərisində oyanar, övladının yenə ölü doğulacağından qorxardı.
İbrahimsə hələ doğulmayan övladına ad da düşünmüşdü: “Ömər”
Yəni “həyat”
Bəli. İbrahim övladının sağlam doğulması üçün hər gün, hər gecə ibadət edərmiş. Bir gün elə namaz üstündə möhkəm yuxuya gedir, çığırtı və səs-küyə oyanır. Onun yanına gələnlər:
- Sevin, usta, oğlun olub! - deyirlər.
- Ədalət bəy, Ömər Xəyyamın doğum tarixi haqda məlumat dəqiqdir? Bildiyimə görə, bu çox mübahisəli mövzudur.
- Bilirsiniz, maraqlıdır ki, həmin dövrün heç bir tarixi xronikasında Xəyyamın anadan olduğu il dəqiq qeyd olunmur. Tarixçilərdən heç biri onun dünyaya gəldiyi günü xatırlamır. Əl-Beyhəqqi məlumat verir ki, Xəyyam həm doğuluşu, həm valideynləri, həm də əcdadları etibarilə Nişapurdandır. Tarixçi həmçinin Ömər Xəyyamın doğulduğu anda göy cisimlərinin vəziyyəti barədə məlumat verir. Ömər Xəyyamın qohumları ilə onun tanışlığını nəzərə alsaq, Əl-Beyhəqqinin verdiyi məlumata kifayət qədər ciddi yanaşmalıyıq: “Əkizlər bürcü Xəyyamın ulduzlar cədvəli idi, Günəş və Merkuri Əkizlər bürcünün üçüncü dərəcəliyində idi, Merkuri Günəşlə birləşmiş, Yupiter isə ona nisbətən üçbucaq vəziyyətində olmuşdur”. Hind tədqiqatçısı Svami Qovinda Tirtha orta əsrlərdə belə bir nəticəyə gəlib ki, Xəyyam 1048-ci il mayın 18-də anadan olub.
- Bəs bunu necə müəyyən etmişdi?
- Hind efemerid, yəni Nücum təqviminin cədvəli üzrə. Bu astronomik cədvəl Merkuri və Yupiterin geosentrik uzunluğunu təhlil edərək, ilin müəyyən günündə göy cisimlərinin hansı vəziyyətdə olacağını göstərir. Sonralar Tirthanın hesablamaları bir neçə dəfə yoxlanılıb. Sovet alimi Ş.Q.Şərəf Tirthinin nəticələrini yenidən hesablayaraq sübut edib ki, Merkuri 1015-1054-cü illər arasında 17-18-19 may tarixində üç dəfə 1022, 1035 və 1048-ci illərdə Günəşlə birləşmiş vəziyyətdə olub. Amma Yupiter yalnız 1048-ci ildə üçbucaq şəklində müşahidə edilib.
- Ömərin doğulduğu Nişapur o dövrün mühüm mədəniyyət mərkəzi olub. Elə deyilmi?
- Bəli. Nişapur Şərq alimlərinin - İranın, ərəb dünyasının müxtəlif hissələrindən biliyə can atan şəxslərin toplandığı məkan idi. Təsadüfi deyil ki, burada bir atalar sözü də yaranmışdı: “Almaz cilalanmalı, insan təhsil almalıdır”. Adlı-sanlı adamlar özləri üçün kitabxana yaratmağa və onu zənginləşdirməyə səy göstərirdilər. Əl ilə yazılmış kitablar ucuz olmasa da, varlı adamların əksəriyyəti onları alırdılar, kitaba çox həssaslıqla yanaşılırdı. Hər kəs bilik almaq üçün kitabxanalara gedə bilərdi. Məsələn, qazı İbn Hibban Nişapur şəhərinə gələn alimlərə kitabxana və yaşayış otaqları olan ev, hətta böyük məbləğdə təqaüdün verilməsini təmin etmişdi. Vəfatından sonra da bu işin davamını vəsiyyət etmişdi. Başqa bir misal, IX əsrin ortalarında saray əhli Əli ibn Yəhya əl-Münəccim öz evində “Xəzineyi əl-hikmət” -“Müdriklik xəzinəsi” adlı gözəl bir kitabxana yaratmışdı. Elmlə məşğul olmaq üçün bura hər tərəfdən adamlar gəlir, kitabxana sahibinin hesabına orada qalırdılar. Hətta mənbələrdə bir ilahiyyatçı və torpaq sahibkarının öz kitablarına 300 min dirhəm xərclədiyi bildirilir. Vəzir İbn Killis özü xüsusi akademiyaya himayədarlıq edirdi. Kitabxanada alimlərin, kitab üzü köçürənlərin, cildləyicilərin fəaliyyətinə hər ay 1000 dinar sərf edirdi. 1024-cü ildə vəfat edən vəzir Ərdəşir ibn Səbursa “Elm evini” yaratmışdı. Deyilənə görə, xəlifə əl- Əzizin də kitabxanasında 120 mindən 200 minədək kitab var imiş.
- Yəqin ki, böyüdüyü bu zəngin mühit Xəyyamın böyük zəka sahibi olmağına öz təsirini göstərib.
- Əlbəttə, IX əsrdə tərcüməçilərin böyük fəaliyyəti başlandı. Qədim yunan alimlərinin fəlsəfəyə və məntiqə dair əsərləri ərəb dilinə tərcümə olunur. Xəlifə Mömin tərcüməçilər dəstəsi yaradır. Məhz bu intellektual mühiti müəyyən edən fəlsəfi-dini cərəyanların yaranması və mübarizəsi Xəyyam kimi belə mürəkkəb, görkəmli və nadir şəxsiyyətin formalaşmasına təkan verdi.
- Bəs uşaqlıq illəri haqda nə məlumdur?
- Ömər Xəyyam Nişapurda adlı-sanlı alim və ruhani Nəsirəddin Şeyx Məhəmməd Mənsurun yanında təhsil alıb. Müəllim məşğələlərdə tez-tez Pifaqorun “İnsanın firavanlığı idrakın qanunlarına əsaslanarsa, çox yaxşı olar” ifadəsini səsləndirərdi. Ömər təlim prosesində əvvəlcə riyaziyyatı, məntiq, Ptolomeyin “Almagest”, “Coğrafiya” əsərləri əsasında astronomiyanı, coğrafiyanı, daha sonra musiqi və riyazi nisbətlər haqqında təlimi, nəhayət, fəlsəfəni öyrənirdi. Aristotel və Arximedin əsərlərinə xüsusi sevgi ilə yanaşır, Ptolomeyin nəyi təsdiq etmək istədiyi haqda fikirləşirdi. Daim atasına dərin mənalı suallar verən Ömərin fikrincə, Arximed və Biruni Ptolomeyə nisbətən həqiqətə daha yaxın olublar. Həmçinin, Cordano Brunodan əvvəl “digərləri kimi biz də göy qübbəsində bir ulduzuq” qənaətinə gəlmişdi. Atası isə onun suallarına cavab verə bilmir “hər şey Allahın əlindədir”- söyləyirdi.
- İti yaddaşı sayəsində "Quran"ı da erkən yaşında əzbərləyib.
- Elədir, cəmi 8 yaşında. Yeniyetmə ikən Quranın istənilən yerini əzbər söyləyir və sonralar “Dinin köməkçisi” fəxri adına layiq görülür. Lakin onun əsas maraq dairəsi dünya elmləri idi. Riyaziyyat və astronomiya ilə dərindən məşğul olur, ərəb dilini öyrənir və 10 yaşında Nişapur mədrəsəsində (şərq universitetində) təhsil almağa başlayır. Çox erkən mədrəsədə dərs alan Ömər riyaziyyat, Evklid həndəsəsi, məntiq (Aristotelin şərhi ilə), musiqi nəzəriyyəsi, fizika (yenə də Aristotelin şərhi ilə), minerologiya, botanika, zoologiya, astronomiya, coğrafiya və insan haqqinda elmlə - anatomiya ilə məşğul olur. Bundan əlavə o, İbn Sinanın “Şəfa kitabı”na bütün ömrü boyu müraciət edir və ölümqabağı əlində də məhz bu kitabı tutub.
- Bildiyimə görə, Ömər gənc yaşlarında doğma şəhərini tərk edib, Səmərqəndə köçür. Bəs doğma mədəniyyət mərkəzini tərk etməyə nə səbəb oldu?
- 20 yaşı olanda Səmərqənddə yaşayırdı. Bu izdihamlı şəhərin yarım milyon əhalisi var idi və alimlərin sığınacağı sayılırdı. Səmərqənddə öz əksini tapmış keçmişin böyük, sirli yaddaşına laqeyd qalmaq mümkün deyildi. Ömərin gəncliyi səlcuqların Mərkəzi Asiyanı zəbt etməsi dövrünə təsadüf edir. Ölkədə siyasi vəziyyət getdikcə gərginləşirdi və bu ona tədqiqatları barədə düşünməyə mane olurdu. İnsanların ölümü, həmçinin alimlərin məhv olması Xəyyamı sarsıdırdı. Sonralar yazdığı “Cəbr” əsərinin girişində bununla bağlı: ”Əhalinin çox az hissəsini təşkil edən alimlərin məhvinin şahidi olduq. Taleyin sərtliyi onların elm sahələrinin bütünlüklə inkişafına və dərinləşdirməsinə göstərdikləri xidmətlərə mane olurdu” - deyə qeyd edirdi. Demək, hadisələr belə cərəyan edir. 1066-cı ildə Ömərin atası İbrahim dünyasını dəyişir. Adi şəraitdə Ömər Nişapurda qalıb işləyə bilərdi, ancaq maddi vəziyyəti kəskin pisləşmişdi. Bu yaşında gözəl təhsil görmüş Xəyyam təqiblərdən azad olmaq üçün Nişapurdan qaçmağa məcbur olduğunu və düşmən Səlcuqlar dövlətinə gəlib düşməyini gizlətmir. Səmərqəndin baş qazisi Əbu Tahir Əbdurrəhman ibn Alak nüfuzlu sima idi və alimlərə himayədarlıq edirdi. Onun belə bir vəzifəni tutması böyük əhəmiyyət kəsb edirdi. Ömər deyirdi ki, Allah Əbu Tahiri daha da ucaltsın. O həmin dövrdə elə geniş və dərin biliyə malik idi ki, bəzən Əbu Tahirlə oturub, uzun müzakirələr aparırdılar. Əbu Tahiri çoxlu problemlər narahat edirdi və qarşılıqlı söhbət çox faydalı olurdu. Qaraxanilər dövlətinin o vaxtkı hökmdarı Şəms əl-Mülkün hökmünə əsasən təqribən 1069-1070-ci illərdə Ömər Xəyyam Buxara şəhərinə köçür. Nizam əl-Mülkün bu vaxt savadlı və istedadlı gənclərə kəskin ehtiyacı var idi və Əbu Tahir Ömər Xəyyamı ona tövsiyə etmişdi. Onun İsfahana köçməsi haqda da maraqlı qeydlər var. Qısa şəkildə sizinlə bölüşə bilərəm.
- Buyurun...
- Nəhayət, 1074-cü ilin mart ayı... Buxaradan böyük karvan ağır-ağır yola düşür. Yuxulu süvarilərin səsi çıxmır, yalnız bəzi xidmətçilər bir-birini səsləyir. Xəyyam atasının sözlərini xatırlayır: “Qəlb - saf bulaq suyu olan qabdır”. Ömər atasının bu kəlamını həmişə xatırlamazdı, amma indi bu kəlam ona rahatlıq vermirdi. Ömər İsfahana qədər 22 il əvvəl bu şəhərdə olmuş Nasiri Xosrovun təsvirini bir neçə dəfə oxumuşdu: ”İsfahan vadidə yerləşir, oranın havası və suyu çox yaxşıdır”.
İsfahan Məlik şahın vaxtında Şərqin ən iri şəhərlərindən birinə çevrildi. Ömər Xəyyam 1074-cü ilin baharında buraya gələrkən çətin fikirləşə bilərdi ki, həyatının iyirmi ildən artığı makedoniyalı İsgəndər tərəfindən salınmış bu şəhərlə bağlı olacaq.
57 yaşlı Nizam əl-Mülk Öməri görcək yavaş-yavaş ayağa qalxdı, gülümsəyərək ona tərəf gəldi. Görüş maraqlı və dərin mənalı, həm də imtahanedici tərzdə keçdi. Hətta, vəzir bir anlıq gözlərini yumdu, başını azacıq tərpətdi. "Deyəsən səhv etməmişəm”, deyə öz-özünə pıçıldadı və sözünə davam edərək söylədi:
- Ömər, sən, əlbəttə İsfahana təsadüfi düşməmisən.Ümumiyyətlə, insanların həyatında təsadüflər olmur. Təsadüflük insanların təkəbbürlüyünü və onların düşüncələrinin səhv olduğunu xatırladır. İndi Səlcuqilər dövlətinin öz kölgəsi şimala və şərqə, cənuba və qərbə düşür. Qılınclarımızın zərbələrinin kafirlər və həqiqi dindən üz döndərənlər öz üzərlərində hiss etmişlər. Xəzinəmizdə çoxlu qızıl var, zəmilərimiz məhsuldardır, sürülərimizin miqdarı çoxdur. Amma dövlət təkcə ordusu, xəzinəsi, ticarəti ilə deyil, həm də biliyi, elmilə güclüdür. Biz Səlcuqilərin ulduzunun daha da parlaq şölə saçması üçün alimləri dövlətimizə toplamağa başlamışıq. İstərdik ki, sən də öz bilik və ağlınla bizim sultana xidmət edəsən. Mənim məsləhətimlə səma cisimlərini müşahidə etmək üçün İsfahanın yaxınlığında rəsədxana yaradılmalıdır. Çoxlu hesablamaların aparılması tələb olunur, amma sən onları artıq etmisən.
Bu sözləri deyərkən, Nizam əl-Mülk lap qədim dövrlərdən İranda mövcüd təqvimin və ərəblərin İranı, Orta Asiyanı zəbt etdikdən sonra müsəlman Ay təqviminin qazandırılması ilə daha çox dolaşıqlıq yaranmasını nəzərdə tuturdu. Bununla da qeyd olunması çox böyük əhəmiyyət kəsb edən Novruz bayramının tarixinin də dəqiqləşdirilməsinin zəruriliyini və xristian aləmində onların da Pasxa bayramlarının qeyd olunmasını dürüstləşdirmək imkanı yaranmasına işarə edirdi.
- Xəyyamın bu sahədə olan bütün tədqiqatları “Novruznamə” əsərində öz əksini tapıb. Elə deyil?
- Bəli, bəli. Daha sonralar qələmə aldığı “Novruznamə" əsərində çox dəyərli qeydlər var.
- Beləcə "düşmən" torpaqlarında alim böyük nüfuza sahib olur.
- Səlcuq şahı Məlikin cəmi 17 yaşı var idi. Ona görə də Nizam əl-Mülk istəyirdi ki, onun yanında Ömər kimi müdrik şəxsiyyətlər olsun. Gənc yaşlarında səlcuqların aramsız hücumlarına məruz qalması səbəbindən doğma Nişapuru tərk etmiş Ömər Xəyyam, 1074-cü ildə İsfahandakı rəsədxanaya rəhbərlik etmək üçün Səlcuq sultanı Məlik şahın dəvətilə bu şəhərdə məskunlaşır. Bu Aya bənzər məmləkətdə o, 20 ilə yaxın fəaliyyəti müddətində böyük uğur qazanıb. Bunlardan biri də Məlik şahın şərəfinə yeni təqvimin tərtib edilməsi olub. Məlik şahın İsfahana topladığı ən yaxşı astronomlara rəhbərlik edən Xəyyamın bu təqvimi ən dəqiq təqvimlərdən sayılır.
- Bəs İsfahan rəsədxanası nə qədər fəaliyyət göstərib?
- Bu məkanın fəaliyyətinə olduqca böyük vəsait ayrılmışdı, odur ki, sultanın ölümünədək fəaliyyət göstərmiş, sonra bağlanmışdı.
- "Novruznamə" əsəri haqda bizə məlumat verə bilərsinizmi?
- “Novruznamə” əsərində zərdüştlüyün yaranmasından öz dövrünə qədər təqvim islahatlarının tarixini təsvir edib, yeni təqvimi əsaslandıraraq aydınlıq gətirib. Məsələnin birinci hissəsini o, qısa olaraq belə şərh edir: "Hüştəspin şahlıq etdiyi vaxtdan 30 il keçdikdən sonra Zərdüşt (Zorastr) gəlmiş və sehrbazların dinini gətirmişdir. Hüştəsp onun dinini qəbul edərək, tətbiqi ilə məşğul olub. Fridun (İranın mifik şahlarından biri) bayramı vaxtlarından həmin dövrədək 940 il keçib və Günəş Əqrəb bürcünə yerini dəyişib. Hüştəsp təqvimdə uzun il yaratmağı əmr elədi. O , Xərçəng bürcünün ilk günündən etibarən Fərvərdini Günəşdən başladı və bayram təşkil edib, dedi ki, bu günə riayət etmək və Novruzu keçirmək lazımdır, çünki Xərçəng bürcü işləmək üçün xoşbəxt ulduzdur. Kəndlilərə və əkinçilərə bu dövrdə vergini ödəmək hüququ verilməlidir, bu onlar üçün asan ola bilər. Sonra o, əmr etdi ki, illəri dəyişməmək və insanların həm isti, həm də şaxtalı havalarda öz vaxtlarını bilmək üçün hər 120 ildən bir uzun il keçirilsin. Bu qayda “iki buynuzlu” hesab olunan Makedoniyalı İsgəndərin dövrünə qədər davam etdi. Bu dövrdən başlayaraq insanlar uzun ili keçirməyi saxladılar və həmin qaydaya qədərki ənənəni davam etdirdilər. Bu, Sasanilər sülaləsinin dövrünə qədər bu minvalla getdi. Sonra hökmdar Ərdəşir yenidən uzun ili keçirmək qərarına gəldi və böyük bir bayram düzəltdi. Ərdəşir müqavilə tərtib etdirdi və həmin günü Novruz (Yeni gün) adlandırdı. Adamlar Novruz bayramını Sasanilər şahı Ədalətli Nuşiravanın dövrünə qədər qeyd etdilər. Sasanilər dövlətinin paytaxtı Mədaində həmin dövrün adətlərinə müvafiq olaraq Novruz bayramını keçirməyi müəyyən etdi. Amma, o uzun ili qeyd etməyərək bildirdi ki, Günəş öz dövretməsinin axırında Xərçəng bürcünün birinci gününə çatana qədər insanlar bu qaydanı tətbiq etməyi dayandırmalıdırlar. Beləliklə Məmunun astronomiya cədvəli tərtib olundu və bizim dövrə qədər təqvimi bu cədvəllərin köməyi ilə hesablayırdılar. Bu, Mütəvəkkül ilahinin dövrünə qədər belə idi. Mütəvəkkülün bir vəziri vardı.Vəzir ona dedi ki, verginin toplanması mal-qaranın taxıl zəmilərindən çox uzaq olduğu vaxta düşdüyünə görə adamlar əziyyət çəkirlər. Onlar şah Əcəmin adətinə uyğun olaraq, ili əvvəlki yerinə qaytarmaq üçün, adamların taxıl yığımından sonra vergi verdiyi vaxt əziyyət çəkməməsi üçün uzun ili keçirməyə başladılar. Mütəvəkkül razılaşdı. Əhali sakitləşib, yenidən bu qaydaya riayət eləməyə başladı". Böyük mütəfəkkir əsərində həmçinin qeyd edir ki: ”Dinin dayağı olan xoşbəxt sultan Məlik şah, Allah onun ürəyini nura qərq etsin, bunu bilərək uzun ili keçirmək və ili əvvəlki yerinə qaytarmaq barədə əmr verdi”.
- Bəs Xəyyamın təqviminin əsas özəlliyi nə idi?
- Həmin əsrdə Məlik şah bu nöqsanları aradan qaldırmaq üçün başda Xəyyam olmaqla, ən məşhur astronom və riyaziyyatçılardan ibarət xüsusi bir heyət təşkil edir. Heyət elə bir təqvim hazırlamalı idi ki, bu təqvim ilinin başlanğıc günü, yəni, Novruz yaz bərabərliyi nöqtəsindən hesablanmaqla dəqiq və əyani olsun. Təqvimlər insanların həyatı tələbatları ilə də uzlaşmalı idi. Xəyyam təqvim ilinə Yuli təqvimindən bir qədər fərqli olan 366 sutkadan ibarət il daxil etmişdi. Məlik şahın adını verdiyi təqvimdə ayların düzülüşü və günlərin paylanması çox maraqlıdır. Əlbəttə, onun yaradıcılarına Günəşin illik zahiri hərəkətinin sabit sürətlə baş verməməsi məlum idi; qışda sürətli, yayda isə nisbətən kiçikdir. Yaz bərabərliyi nöqtəsindən payız bərabərliyi nöqtəsinədək ekliptika boyunca o,186 günə, ikinci yarısını isə daha tez - 179 günə qət edir. Ona görə də bu təqvimdə ilin birinci yarısında aylar 31 gündən, ikinci yarısındakı aylar isə 30 gündən ibarətdir. Təqvimdə aylar Günəşin zahiri hərəkəti zamanı özünün olduğu bürcün adı ilə uyğunluq yaradır. İlin başlanğıcı isə 21 mart gecəyarısından başlayır. Bütün bunlar haqqında Ömər Xəyyam özünün “Novruznamə” əsərində məlumat verir. Deməli, əgər İran təqvim aylarında Günəşin yerini biliriksə, onda Zodiak bürclərindən hər birinin Günəş doğandan əvvəl ilk dəfə görünmə vaxtını təqribi təyin etmək çətin deyil.
Xəyyam “Novruznamə” əsərində göstərir ki, Günəş Fərvərdin ayının (21 mart-20 aprel) 1-də Qoç bürcünə daxil olur. Bu vaxt gecə ilə gündüzün uzunluqları bərabərləşir və yazın başlanğıcı olur. O, bir ay bu bürcdə olur. Ordibehişt ayında ( 21 aprel- 21 may) Günəş Buğa bürcündədir, yazın ortası bu ayda olur. Tir ayında (22 iyun-22 iyul) isə Günəşin kulminasiyası enməyə başlayır. Yəni o, yay günəş duruşu nöqtəsindən keçir. Bu ayda Günəş Xərçəng bürcündə olur. Mordad ayında (23 iyul-22 avqust ) yay tən yarı olur. Bu vaxt Günəş Şir bürcündə olur. Deməli, həmin ay Şir və ona qonşu olan Xərçəng və Qız bürcləri uyğun olaraq səhər və axşam şəfəqlərinə düşdüyündən görünə bilməzdi. Bunlar göstərir ki, Xəyyam təqvimi dəqiqliyinə görə bütün digər təqvimlərdən və hətta Qriqori təqvimindən üstündür. Bu həm də insanların həyati təlabatına cavab verən praktiki təqvim idi.
- Bəs şahla münasibətləri necə idi?
- Xəyyam İsfahanda rəsədxanaya rəhbərlik edərkən, ulduzların vəziyyətini söyləyərək, “nədimlik” yəni “həmsöhbət”, “şahı əyləndirən şəxs” vəzifəsini də yerinə yetirirdi. O, astrologiya ilə məşğul olmasına baxmayaraq, ona bir sənət kimi yanaşırdı. Nizami Əruzi Səmərqəndi yazırdı: "Astrologiya qaydalarının mötəbər sənət olmasına baxmayaraq, onlara inanmaq olmaz, astronom onlara inanmamalıdır. Astroloqlar tərəfindən irəli sürülən hər bir fikir taleyin ixtiyarına verilməlidir. Mən Ömərin həqiqətə dair sübutlarını bildiyimə görə heç vaxt görmədim ki, o, astrologiya qaydalarına inanmış olsun”. Bir dəfə uğurlu ovda Məlik şah Ömərə sual verir:
- Ömər, sənin əvvəlcədən dediklərin həmişəmi doğru çıxmışdır?
- Yox, həmişə doğru çıxmayıb - deyə Məlik şahla üzbəüz oturmuş Xəyyam sakitcə cavab verdi.
Şahın qarşısında hər nədim otura bilməzdi. Lakin Xəyyam nadir üstünlüyə malik idi. O, sözünə davam etdi – Səma böyükdür, ulduzların taleyimizə təsirini dəqiq bilmək üçün insanın həyatı qısadır. Biz ulduzların qanunları haqqında nə isə bilirik, amma bu, bilmədiklərimizlə müqayisə oluna bilməz… Məlik şah öz yüksək rütbəsinə görə kifayət qədər savadlı idi. Hətta, xəstə ikən Ömərə bir riyazi risaləni bitirməsi və bu işi dərk etməsə də, mükafat ayırdığını xatırladır. Şübhəsiz ki, hökmdarın savadlı olmasında böyük vəzirin və Nizam əl-Mülkün seçdiyi sultan nədimlərinin təsiri böyük idi.
Ömər Xəyyam İsfahanda astronomiya rəsədxanasına 18 il rəhbərlik edib. Amma onun, yeni və digər vacib, maraqlı məsələləri həll etmək imkanı olan rəsədxana yaratmaq arzusu təəssüf ki, yerinə yetmir.
- Sonda hansı qənaətə gəlirik? Ömər Xəyyam kimdir?
- Bu suala ən azı bu gün qiymətli cavab vermək mümkün deyil. Yəni, Ömər Xəyyam azadfikirlidir, dinə inanmır, sufizmə gülür - panteistdir. O, həm də müsəlmandır, filosofdur, dəqiq müşahidəçidir və tədqiqatçı alimdir, saqi sevəndir, reallığı dürüst görür, həm qorxmazdır, həm də zərifdir. Amma Xəyyam küfr danışan deyil, ümumi axına qarşı dayanan da deyil. Şübhə və tərəddüdləri, öz əməlləri və düzgün fəaliyyəti ilə həll edə bilir. Ömər Xəyyam şöhrətpərəst deyil, insanların şüurunda hikmətli dahi şair kimi qalıb. Təsadüfi deyil ki, fars ədəbiyyatşünaslığında “Xəyyamşünaslıq” adlanan bütov bir istiqamət var. Onun şerləri dünyanın bir çox xalqlarının dilində nəşr olunub. XX əsrin əvvəllərində Böyük Britaniyada düzəldilmiş ən böyük sərnişin gəmisi olan “Titanik” aysberqə çırpılıb batan zaman göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması - “Rübaiyyat”ının da olması məlumdur. Çünki əsərləri sadədir, yığcamdir, fəlsəfidir, zəngin mənalıdır. Bu, onun müdrikliyini göstərir. İnsanların əksəriyyətinin Ömər Xəyyamın poeziyasından əlavə digər qabiliyyəti barədə məlumatları yoxdur. Bir dəfə Ömər Xəyyama "sən yaxşı şairsən” deyirlər. O, isə cavabında “şair Firdovsidir, mən isə riyaziyyatçı və astronomam” - deyir.
Ömər Xəyyam barədə fikirlərini bölüşmək üçün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əməkdaşı Şahin Yusifliyə də müraciət etdik.
- Ömər Xəyyam hər zaman maraq dairəmdə olan şəxsiyyət olub. Daim onun adının yanında mey və rübai sözlərini görmüşəm. Araşdırmamın əsas mövzusu da onun həyat və ədəbi istiqamətdə olan yaradıcılığıdır. Əgər XVI əsrədək dünyanın fikrini riyaziyyatçı Ömər Xəyyam zəbt etmişdisə, artıq XIX-XX əsrdən şair Ömər Xəyyam hər kəsi özünə heyran qoymuşdur. Şair Ömər Xəyyamı isə məşhurlaşdıran onun rübailəridir. Onun əsərlərinə o qədər böyük tələbat var ki, qaraçı dilinə belə tərcümə edilib.
- Bu yaxınlarda Məhsəti Gəncəvinin yaradıcılığı haqda yazırdım. Məhsəti xanımın yaradıcılığını araşdıran tədqiqatçı bildirdi ki, onun rübailəri Allahı, dini danmağına işarə deyil, sufi rəmzlərinin təsviridir. Həmçinin əlavə etdi ki, Ömər Xəyyamın bəzi rübailəri Allaha, dinə bir üsyandandır.
- Çox aktual sualdır. Birincisi onu deyim ki, nə Məhsəti xanım, nə də Ömər Xəyyam sufi şairi olmayıblar. Çünki bu çoxmərhələli yoldur. Lakin hər ikisinin yaradıcılığında sufilik ideologiyasına dair fikirlər var. Xəyyam üçün dünyada baş verən bütün proseslər maraqlı idi. O düşünürdü ki, yaradan şərabı, piyaləni yaradıbsa, onu niyə yenidən yerə çırpır? Öz beynində insanların cavab tapmadığı bütün sualları aydınlatmağa çalışırdı. Məhs buna görə də bütün hədləri keçməli olurdu. Bu zaman da dindarlar tərəfindən tənqid edilir, kafir adlandırılırdı. Bu insan necə "Quran"ı dana bilər ki, 21 yaşında artıq hafiz idi və qiyasəddin elmi rütbəsini almışdı. Həmçinin öz dövrünün alimlərinin qınaq obyektinə çevrilməmək üçün, Kəbə ziyarətinə də getmişdi, insanlarla birgə camaat namazı da qılırdı. Onun bütün fəlsəfəsi ölümündən bir neçə dəqiqə öncə səsləndirdiyi fikirlərdə gizlənir. Xəyyam ölüm ayağında əlində İbn Sinanın “Kitabi-Şəfa” əsəri, qalxıb namaz qılır və deyir “Ey Uca Tanrı, mən səni öz dərrakəmdə hiss etdiyim qədər tanımışam və bu mənim sənə olan yolumdu”. Yəni səni bacardığım qədər dərk etdim və anlamadığım səmtlərdə də sənə doğru yönəldim. Bu isə o deməkdir ki, Xəyyam Allahı danmayıb.
- Vikipediyaya güvənsək, İbn Sinanın tələbəsi azərbaycanlı mütəfəkkir Bəhmənyar olub. Bu fikir nə dərəcədə doğrudur?
- Bu məsələ naməlumdur. Bizim filosoflardan biri Zakir Məmmədov bu haqda məlumat verib. Amma heç bir farsdilli mənbədə Bəhmənyarın Ömər Xəyyamın ustadı olduğu barədə bir cümlə belə yoxdur. Lakin Xəyyam öz yaradıcılığında, elmi fəaliyyətində İbn Sinadan bəhrələnib.
- Vikipediya dünya üzrə ensiklopedik mənbə sayılır. Azərbaycandilli versiyasında qeyri-dəqiq məlumatlar çoxdur. Mən bir jurnalist kimi yalnız bu məlumalara güvənib, məqalə yazsam, cəmiyyətə yanlış fikir ötürmüş oluram. Peşəkar araşdırmaçılarımız öz sahələrina aid olan bu mənbələrdəki səhvləri niyə düzəltmirlər?
- Ömər Xəyyam XI əsrin mütəfəkkiridir. Ona görə onun yaradıcılıq və həyat yolunu tam əks etdirmək olmur. Bəzən isə tarixi faktlar ümumiyyətlə üst-üstə düşmür və bəzən bir-birinə zidd olur. Qısası hər mənbə bir məlumat verir.
- Son vaxtlar alimlərimiz, ədəbiyyatçılarımız araşdırırmı onun yaradıcılığını? Bildiyim qədər bir az durğunluqdur bu sahədə?
- Azərbaycan Sovet birliyinin tərkibində ikən Rusiya Şərqşünaslıq məktəbi tərəfindən Xəyyamın yaradıcılığı kifayət qədər araşdırılıb. Elmdə də belə qayda var ki, elmi cəhətdən araşdırılan mövzulara bir daha üz tutmaq olmur. O elə böyük şəxsiyyətdir ki, yaradıcılıq dəryasına baş vurduqca dərinə dalır insan. XVI əsrədək dünya elmində riyaziyyat Xəyyamın qoyduğu təməllər üzərində idi. Yalniz bu dövrdən sonra rus və Avropa alimləri onun nəzəriyyəsini təkmilləşdirərək onun adını kölgəyə saldılar. Hətta bugünədək bəzi alimlər hesab edirlər ki, riyaziyyatçı Ömər Xəyyam və şair Ömər Xəyyam tam fərqli insanlardır.
- Böyük zəka sahibinin ölüm və doğum illəri haqda dəqiq məlumat varmı?
- Doğum ili 1048-ci ilin 18 mayıdır. Ölüm tarixi barəsində müxtəlif versiyalar var. Ən səhih məlumat odur ki, Xəyyam 4 dekabr 1131-ci ildə dünyasını dəyişib. Beyhəqinin əsərlərində 1191, digər mənbələrdə isə 1123-cü il qeyd olunur. Qəbri isə doğma Nişapur şəhərinin Hira qəbristanlığındadır. Digər maraqlı bir məqam, Xəyyam ölümündən əvvəl deyir: ”Qəbrim elə yerdə olacaq ki, hər bahar üzərimə gül-çiçək səpəcək.” Həqiqətən də belə olur. Bu günün özündə belə hər yaz fəslində Xəyyamın qəbrinin üzəri al-əlvan çiçəklərlə dolu olur.
- Qüdrətli söz sahibinin əsərləri arasında tərcümə etdikləriniz varmı?
- Məndən öncə Əkrəm Cəfər, Mirmehdi Seyidzadə onun yaradıcılığından dilimizə tərcümələr ediblər. Mən də onun rübailərini orijinaldan oxuyub, 25 şeirini azərbaycancaya tərcümə etməyə çalışmışam.
- Ömər Xəyyam haqda bilinməyən hansı faktı bizimlə bölüşə bilərsiniz?
- O, həddən artıq danışmağı, uzun-uzadı cavab verməyi sevərmiş. Onun dövründə Nizamiyyə Universitetinin müəllimi olmuş Mühammədül Qəzzali belə bir hadisə nəql edir ki, günlərin bir günü Xəyyam bir suala yarım gün cavab verdi və mən dözməyib, onun sözünü saxlamaq üçün "Quran"dan bir ayə səsləndirdim. Bundan əlavə çox iti yaddaşı olub. Onunla yol yoldaşı olan şəxs heyrətlə qeyd edirdi ki, yol boyu bir kitabı oxuyub, mənzil başına çatanda əzbərdən söyləməyə başladı.
- Təbii ki, bu qeyri-mümkündür. Ömər Xəyyamı onun rübaisi ilə təsvir edə bilərsinizmi?
- Şərabın verdiyi məstlikdən həzz al.
Surətin qızarsa, yenə xoşhal ol.
Onsuz da yoxluqdur dünyanın sonu,
Var ikən yoxluğun sən dadını al.
Mütəxəssislərin qeydlərindən də bu nəticəyə gəlirik ki, Ömər Xəyyam çoxlarının təsəvvüründə canlandırdığı əyyaş şair, dinə qarşı çıxan kafir deyil, dünyanın gedişatını öz nuru ilə işıqlandıran mütəfəkkir olub. Onun haqda deyilməyənlər dilə gətirilənlərdən, hələ qaranlıq qalanlar gün üzünə çıxarılanlardan daha çoxdur.
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO