İrana qarşı müharibə ABŞ-a görün neçəyə başa gəlib - Yeni rəqəmlər
Bizi izləyin

ABŞ

İrana qarşı müharibə ABŞ-a görün neçəyə başa gəlib - Yeni rəqəmlər

İrana qarşı müharibə ABŞ-a görün neçəyə başa gəlib - Yeni rəqəmlər

Fevralın sonunda münaqişə başlayandan bəri İranla müharibə ABŞ Silahlı Qüvvələrinə 48 milyard dollardan çox vəsaitə başa gəlib.

Publika.az "France-Presse" agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Artur Miller məlumat verib.

Onun qiymətləndirməsinə görə, noyabrın 13-nə olan məlumata əsasən, ABŞ-ın müharibəyə çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. Bu məbləğ ABŞ Konqresinin Büdcə İdarəsinin əvvəlki qiymətləndirməsindən təxminən 26 faiz çoxdur. Həmin qiymətləndirməyə əsasən, avqustun 1-nə hərbi xərclər 38 milyard dollar təşkil edib.

“Bu rəqəmə döyüş sursatlarının alınması, hərbi texnikanın əvəzlənməsi və hərbi əməliyyatların keçirilməsi xərcləri daxildir”, — deyə Miller ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin maliyyə idarəçiliyi üzrə köməkçisi vəzifəsinə təyin olunması ilə bağlı dinləmələr zamanı bildirib.

Hesablamaya Yaxın Şərqdəki Amerika hərbi bazalarına dəymiş zərər daxil edilməyib. Həmin bazalardan bəziləri İranın pilotsuz uçuş aparatları və raketlərinin zərbələri nəticəsində ciddi ziyan görüb. Münaqişənin dünya iqtisadiyyatına təsirləri də hesablamada nəzərə alınmayıb. İsrail və İran arasında aktiv hərbi əməliyyatlar əsasən aprel ayında dayandırılıb.

Müharibə genişmiqyaslı iqtisadi sarsıntılara səbəb olub. İran neft və qaz təchizatının ən mühüm marşrutlarından biri olan Hörmüz boğazı vasitəsilə ticarət gəmiçiliyini bloklamağa çalışır. Öz növbəsində, Tehranın dəstəyindən yararlanan Yəmənin husiləri Səudiyyə Ərəbistanının neft infrastrukturuna və gəmilərə hücum edirlər.

ABŞ İran limanlarını dəniz blokadasına alıb. Vaşinqton blokadanı təmin etmək üçün Yaxın Şərqdə, o cümlədən təyyarədaşıyan gəmilərdən ibarət böyük dəniz qüvvələri cəmləşdirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm