Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycanı dünyaya tanıda bilər - FOTO
Bizi izləyin

Art

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycanı dünyaya tanıda bilər - FOTO

Azərbaycanlı və xarici rejissorlar Bakı festivalında təqdim olunan qısametrajlı filmləri qiymətləndirəcək və aralarında ən yaxşısını seçəcəklər.

Publika.az xəbər verir ki, dünən Muğam Mərkəzində Bakı Beynəlxalq Qısametrajlı Film Festivalının açılış mərasimi keçirilib. Açılış mərasimində təkcə Azərbaycandan deyil, Gürcüstan, İran, Türkiyə və digər ölkələrin tanınmış rejissorları, mədəniyyət və incəsənət xadimləri, habelə layihə iştirakçıları iştirak edib.

"Cinema" Gənc Kinomatoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, həmçinin Azərbaycan Prodüserlər Gildiyası və Nizami Kino Mərkəzinin təşkilati dəstəyi ilə baş tutur.

Bu il festivala 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. "Cinemobil" də daxil olmaqla festivalın milli proqramına 84 ekran əsəri göndərilib.

"Hər il festivalın daha da yüksək səviyyədə keçirilməsinə çalışırıq. Layihəmiz on ildir keçirilir və bu illər ərzində tədbirdə bir çox rejissor iştirak edib. Bu il festivalın əsas proqramına 21 dövlətdən 48 film daxil edilib. "Qızıl Nar" mükafatı uğrunda beynəlxalq proqrama daxil olan 29 film və milli proqramın 19 filmi rəqabət aparacaq" deyə festivalın direktoru, kino prodüser Fehruz Şamiyev bildirib.

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan çox xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən (Azərbaycan) ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti – Xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək.

Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyaları üzrə seçiləcək.

İlqar Safat hesab edir ki, qısametrajlı film festivalı gənc rejissorlara filmlərini nümayiş etdirmək üçün fürsət verir:

"Mən artıq filmlərə baxmışam. Hamısı çox maraqlıdır. Əminəm ki, tamaşaçılar da onları layiqincə qiymətləndirə biləcək. Biz münsiflər heyəti kimi təqdim olunan əsərlər arasında ən peşəkar və emosional cəhətdən təsir göstərən əsərləri seçəcəyik. Çox istərdim ki, bu festival uzun müddət yaşasın və istedadlı rejissorlara bu yolda cığır açsın”.

Rejissor gənc həmkarlarına karyerasına qısametrajlı filmlərin çəkilişi ilə başlamağı tövsiyə edib, onun sözlərinə görə, qısa filmləri çəkmək tammetrajlı filmlərdən daha çətindir.

Beynəlxalq CineDOC-Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalının rejissoru Arçil Xetaquri Bakıda sonuncu dəfə səkkiz il əvvəl olduğunu və bu il festivala münsif kimi dəvət edildiyindən məmnun qaldığını qeyd edib. Artıq bütün filmləri izlədiyini deyən rejissor hər birinin yüksək keyfiyyətə malik olduğuna bildirib. O, əmindir ki, münsiflər heyəti qalibləri seçmək üçün çox şey müzakirə edəcək:

"Mən tez-tez müxtəlif film festivallarının münsiflər heyətinə qoşuluram, amma ilk dəfədir ki, qısametrajlı filmləri qiymətləndirəcəm. Gürcüstanda tez-tez müxtəlif festivallar keçiririk, müsabiqələrdə Azərbaycan filmləri də nümayiş olunur. Azərbaycanlı rejissor Hilal Baydarovun sənədli filmləri dəfələrlə Gürcüstanda birinci yeri qazanıb. O, çox istedadlıdır ".

İranlı rejissor Kərim Əzimi də dəfələrlə Bakıya gəldiyini, hətta artıq keçirilməyən “Qızıl Pəri” festivalının münsiflər heyətinin üzvü olduğunu xatırladıb:

"Bakı festivalında iştirak etmək mənim üçün böyük şərəfdir. Düşünürəm ki, bu layihə Azərbaycan kinosunun inkişafına təsir edəcək. Nəinki kinonun, eləcə də Azərbaycanın dünyaya tanınmasında böyük rol oynaya bilər. Bir vaxtlar Kann Festivalı da belə başlamışdı, amma indi bütün dünyada tanınıb. Odur ki, belə beynəlxalq layihələr Bakını daha da çiçəkləndirir.

Festivallarda tez-tez münsif kimi çıxış etmişəm. Qaliblərin müəyyənləşdirilməsində dəqiq meyar mənim üçün mövcud deyil. Başlıcası odur ki, film mənə ciddi təsir etsin, məni ələ alsın. Daha sonra rejissor, aktyor və kamera işinə baxıram", - deyə iranlı rejissor qeyd edib.

Yerli müsabiqədə "Qızıl nar" mükafatının münsiflər heyətinə daxil olan əməkdar artist Gülzar Qurbanova fikilərini belə ifadə edib:

“Bu festivalda münsif kimi çıxış etmək mənə çox xoşdur. Festival həm də ona görə dəyərlidir ki, burada gənclər, debütantlar öz fikirlərini azad ifadə edə bilir və müsabiqəyə təqdim edə bilirlər. Eyni zamanda öz yanaşmalarını başqalarının fikirləri ilə müqayisə etmək imkanı qazanırlar. Öz yaradıcı təcrübələrini başqaları ilə bölüşə bilirlər. Fikir mübadiləsində də yeni fikirlər əmələ gəlir. Ümumiyyətlə festival fikir mübadiləsi üçün deyərdim ki, bir bəhanədir. Kino qəlbimizin səsidir. Ən vacibi odur ki, biz o səsi eşidə, dinləyə və o səslə rabitə qura bilək. Yaradıcı insanlar öz qəlbində olan ən qiymətli hiss və emosiyaları tamaşaçılara etibar edir. Yəqin elə buna görədir ki, biz yaşayıb yaradırıq. Festival iştirakçılarına demək istəyirəm ki, hər şeydən əvvəl özünüz olun və cəsarətli olun”.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın bağlanış- mükafatlandırma mərasimi 9 noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Aytən Məftun

Foto: Rüstəm İsmayılov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm