“Çapar” jurnalının bir yaşı oldu - FOTO
Bizi izləyin

Art

“Çapar” jurnalının bir yaşı oldu - FOTO

Dünən Ganjlik Mall, SinemaPlusda “Çapar” tarix jurnalının bir yaşı münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, təqdimatda professor Ədalət Tahirzadə, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova, Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublu, ölkənin tanınmış ziyalıları, alimlər, millət vəkilləri, jurnalistlər və oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Çapar” jurnalının təsisçisi Yusif İlhamoğlu dərgi haqqında və “Çapar Yayınları” seriyasından çap edilən kitablar barədə geniş məlumat verib:

“Bir il ərzində jurnalımızın 10 sayı çap olundu, 8 kitab nəşr etdik, xeyli sərgilər, təqdimatlar etdik. Bundan sonra da yeni kitab və jurnalların davamı gəlir. Bu gün ailəmizə “Çapar Sport” jurnalı da qoşuldu. Jurnalın baş redaktoru Zaur Xudiyevdir. “Çapar Sport”u yaxın günlərdə satışdan əldə etmək imkanınız olacaq”.

Daha sonra dərginin baş redaktoru, tədqiqatçı, kolleksiyaçı Dilqəm Əhməd çıxışında jurnalın yaranma ideyasından söhbət açıb:

“Bu gün həm dərginin bir yaşı tamam olur, həm də Azərbaycan Cümhuriyyətinin Avropa Dövlətləri tərəfindən tanınmasının 100-cü ildönümünə həsr etdiyimiz özəl buraxılışımızın təqdimatıdır. İnanıram ki, “Çapar” Azərbaycan mətbuatında seçilən və sevilən tarix dərgisi olaraq qalacaq”.

“Çapar Sport” jurnalının baş redaktoru Zaur Xudiyev isə çıxışı zamanı bildirib ki, jurnalın idman versiyasını ərsəyə gətirmək böyük məsuliyyət tələb edir:

“Mənə təklif olundu ki, gəlin jurnalın idman qolunu yaradaq. Bu, çox böyük məsuliyyət idi, çünki “Çapar” artıq tarix dərgisi kimi öz yerini tutub. Onun adını başqa bir sferada hallandırmaq üçün müəyyən risk etmək lazımdır. Amma dostlarımızın təlqinləri ilə bu işə başladıq”.

Tədbirdə Londondan təşrif buyuran Əli Təkin Atalar, Türkiyədən gələn Rəsulzadə tədqiqatçısı Sebahattin Şimşir, dəyərli alimlərimiz Firdovsiyyə Əhmədova, Bədirxan Əhmədov, Nəsiman Yaqublu, Fariz Sabir Xəlilli, Sədi Mirseyibli, Taleh Cəfərov, Rəşad Mustafa, “Füyuzat ” jurnalının heyəti, Türkiyə səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi, millət vəkili Fazil Mustafa və digər qonaqlar Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı mövzusunda çıxış edərək “Çapar” dərgisinin Azərbaycan mətbuatında önəmli yer tutacağını bildiriblər.

Mükafatların verilməsi ilə davam edən tədbirdə D.Əhmədin kolleksiyasında olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə aid nadir fotoşəkillər, sənədlər nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm