İncəsənət xadimlərinə medallar təqdim edildi - FOTO
Bizi izləyin

Art

İncəsənət xadimlərinə medallar təqdim edildi - FOTO

Bu gün Azərbaycan teatrı yaranmasının 148-ci ildönümünü qeyd edir.

Publika.az xəbər verir ki, bu münasibətlə Teatr Xadimləri İttifaqında Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Xalq artisti Həmidə Ömərova, Hacı İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov və başqa teatr xadimləri iştirak edib.

"Çox sevinirəm ki, hamınız bu tədbirə şux əhval-ruhiyyədə gəlmisiniz. Biz bu günü böyük salonda etmək istəyirdik. Təəssüf ki, mövcud pandemiya şəraiti buna icazə vermir. Əvvəllər Milli Teatr Gününü partizan kimi gizlin qeyd edirdik. Sonra ulu öndər Heydər Əliyev icazə verdi ki, bu günü bayram kimi qeyd edək. Dövlət başçısı İlham Əliyev isə Milli Teatr Günü ilə bağlı sərəncam imzaladı. Koronavirus teatrlara çox pis təsir etdi. Pandemiyadan sonra aktyorların formaya düşməsi zaman alacaq. Teatr sadəcə aktyor və rejissorlardan ibarət deyil, eyni zamanda burada böyük bir texniki heyət fəaliyyət göstərir", - "Azdrama"nın direktoru çıxışında qeyd edib.

Dövlətin teatrlara qayğısından söz açan Azər Paşa Nemətov Şuşada, Füzulidə, Ağdamda da yeni teatrlar inşa ediləcəyini bildirib.

Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyi deyən nazir Anar Kərimov isə ulu öndər Heydər Əliyevin teatrın inkişafına böyük önəm verdiyini və diqqət göstərdiyini vurğulayıb: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. İnsanların mənəvi cəhətdən formalaşmasında, ümumxalq mədəniyyətinin və milli dirçəlişin inkişafında teatr həmişə çox böyük rol oynayıb. Ulu öndərimiz teatrımızı belə vəsf edirdi. Əziz teatr xadimlərini Azərbaycan milli teatrının 148 yaşı tamam olması münasibətilə ürəkdən təbrik edirəm. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Zəngin və mürəkkəb yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli dramaturqlarımızın, rejissor və aktyorlarımızın misilsiz xidmətləri olub", - nazir bildirib.

A.Kərimov əlavə edib ki, torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı, 90-cı illərdə baş verən digər proseslər təbii ki, teatra təsirsiz ötüşməyib: "İrəvən, Ağdam, Şuşa və Füzuli dövlət teatrları işğal dövründə öz doğma yerlərindən didərgin düşdülər və fəaliyyətlərini Bakıda davam etdirməli oldular. Şükürlər olsun ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi ilə şanlı ordumuz 30 il çəkən işğala və həsrətə son qoydu. Qarşıda duran əsas məsələlərdən biri də o tarixi teatrları yenidən öz məskəninə qaytarmaqdır. Bu istiqamətdə işlər aparılır. Sözügedən teatrlar doğma yerlərində fəaliyyətlərini davam etdirəcəklər".

Azərbaycan teatrının tarixi inkişaf mərhələlərindən söz açan nazir bildirib ki, pandemiya səbəbindən teatrlar ən çətin dövrünü yaşayır, yaradıcı heyət öz istedadını nümayiş etdirə bilmir: "Ümid edirəm ki, pandemiya tezliklə bitəcək və Azərbaycan teatrları yenidən canlanacaq, öz qonaqlarını yeni tamaşaları ilə sevindirəcək".

Daha sonra Xalq artistləri Həmidə Ömərovaya, Mənsum İbrahimova, Elmira İsmayılovaya, Vidadi Əliyevə, Məmmədsəfa Qasımova, Qurban İsmayılova, Əməkdar incəsənət xadimi Hafiz Quliyevə, Gəncə Dövlət Kukla Teatrının aktyoru və rejissoru, Əməkdar artist Xudayət Əsgərova, professor İlham Rəhimliyə, Əməkdar artist Sənubər İsgəndərliyə "Sənətkar" medalı verilib.

Azər Paşa Nemətov isə görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun İttifaqın İdarə Heyətinin qərarı ilə ATXİ-nin fəxri üzvlüyünə qəbul olunduğunu və "Sənətkar" medalı ilə təltif olunduğunu elan edib, ona üzvlük kitabçasını və medalı təqdim edib.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm