Art
“Aman Tello” ilə hər kəsin qəlbində taxt quran Xalq artistinin həmkarına SON SÖZLƏRİ: Dedi ki...
Hər gün xəbər saytlarını izləyirdim ki, səhhətində müsbət dəyişikliklərin olduğuna dair bir işıqlı xəbər oxuya bilim. Uzun zaman idi xəstəliklə mübarizə aparırdı. Sanki ölümünə zəmin yaradan heç nəyi Allah ondan əsirgəməmişdi. 3 dəfə insult keçirmişdi, şəkərdən əziyyət çəkirdi, ayağı amputasiya olunmuşdu, koronavirusun cənginə düşmüşdü, elə bu dəmdə infarkt da özünü yetirmişdi. Lakin bütün bunlara baxmayaraq, o, gülürdü, mübarizə aparırdı. Sağalacağına ümidini itirmirdi. Bütün dərdlərə əlinin baş barmağıyla əla işarəsini göstərir və insanlara pozitiv aura bəxş etməyə çalışırdı. Özünün də dediyi kimi, insanları, insanlığı sevirdi. Heç şübhəsiz ki, onun bu sevgisi qarşılıqlı idi. İllərlə sərf etdiyi əməyinin bəhrəsi idi, belə desək, əkdiyini biçirdi.
Ramiz Əzizbəylinin istər aktyor, istərsə də rejissor kimi uzun sənət yolu var. O, ilk dəfə 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.
1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Həmin illərdə “Bəxt üzüyü” kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Elə indinin özündə də filmin adı gələndə dodaqlarda gülüşə səbəb olur. Bundan əlavə, ağır məna yükünə sahib olan film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu digər film isə “Yalan” adlanır və Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Bir çoxları Ramiz müəllimi aktyor kimi tanıdığına görə, onun aktyor olaraq da insanların damarını tutduğunu demək olar. Əsasən epizodik rollarda oynamasına baxmayaraq, həmin səhnələr film tarixinə öz damğasını vurmağı bacarıb. “Bəxt üzüyü”ndə əlindəki araq şüşəsi sınan kənd sakininin dilindən dediyi “neynədün e arağın tapılmıyan vaxtında” ifadəsi, “Bəyin oğurlanması”ndakı “Aman Tello” mahnısı və səsləndirdiyi muğam, “Güzgü” filmindəki böyük yanğıyla “Tərəkəmə” çaldırma səhnəsi, dizlərini yerə qoyub mənəvi ağrı keçirməsi və bu ağrını ekran qarşısında oturan hər kəsə ötürə bilməsi onun aktyorluq potensialının göstəricisidir.
Sənət yoldaşları da onun ölümünə çox üzüldüklərini bildirir və onun vəfatının sənət dünyasına ağır itki olduğunu qeyd edirlər.
Publika.az-a danışan Xalq artisti Şamil Süleymanov: “Sıralarımız azalır. Ölüm Ramizə yaraşmadı. Çox möhkəm adam idi, güclü idi, bu çətinliyi də atladacağına ümid edirdi. Mən təkcə sənət yoldaşımı yox, həm də dostumu itirmişəm, buna görə çox üzgünəm, danışmaqda çətinlik çəkirəm. Xəbəri alandan özümə gələ bilmirəm. O, hamı ilə dost idi, hər kəsi sevirdi, elə insanlar da onu çox istəyirdi. Neçə vaxtdır xəstə yatırdı. İllər keçəcək, nəvələri onu ekranda görəndə fəxrlə deyəcəklər, mənim babamdır, amma digər ailə üzvlərinin nə çəkdiyini heç kim bilmir. Allah bütün ölənlərə rəhmət eləsin!”
Xalq artisti Firəngiz Mütəllimova: “Sənətə gəldiyim gündən tanıyıram Ramizi. “Bəyin oğurlanması” filmində də bir yerdə çəkilmişik. Rəhmətlik Yaşar Nurinin ən yaxın dostlarından biri idi. O insan haqqında danışanda fikirləşə bilmirəm ki, xasiyyətində nəsə çatmırdı, bir balaca ərkəsöyün idi, amma çox üzügülər, mehriban, zarafatcıl, həyatsevər, insanı darıxmağa qoymayan, dosta sədaqətli, bir sözlə, çox yaxşı insan idi. 3 ay öncə danışmışdım onunla, mənə dedi ki, pandemiya bitsin, görüşək. Allahın qismətinə nə deyə bilərəm ki? Çox pis oldum, çox təsirləndim, sosial şəbəkə hesabımda paylaşım etmişəm. Lakin pandemiya ilə bağlı risk qrupuna aid olduğumdan telefonla başsağlığı verdim, dərdlərinə şərik oldum. Allah hər şeyi görür”.
Gözəl səsi olan Ramiz müəllim həm də sözün həqiqi mənasında müəllim idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub. Pedaqoq kimi də tələbələrinin sevgisini qazanmış professor Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb, 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatıdır.
Ramiz Əzizbəyli başdan ayağa istedad idi. Xəmiri sənətlə, mədəniyyətlə yoğrulmuş sənətkarın ədəbiyyata da böyük həvəsi və marağı vardı. “Əməl – ömür yüküdür” deyərdi. Tanıyanların, dostlarının dediklərindən bu qənaətə gəlmək olar ki, Xalq artisti xoş əməllərinin yüküylə dünyadan köçdü. Uzun müddət xəstəliklərlə mübarizə apardı, amma bir dəfə də olsun qapısını döyən insanlara xəstəliyindən danışıb, bədbinlik etmədi. Həmişə pozitiv ötürməyə çalışdı. Özünün də dediyi kimi, gileylənməyi sevmirdi. Lakin bütün bunlar onun ağrılarını azaltmadı. Hərçənd çox ümidli idi sağalacağına. Xəstə yatağından qalxa bilməyən aktyoru ən sonda koronavirus öz cənginə aldı. Koronadan əziyyət çəkdiyi bir məqamda ürəyi də onunla ədalətsiz davrandı: infarkt keçirdi. Beləliklə, bu dəfə möcüzə baş vermədi. Üzünü daim gülər gördüyümüz böyük sənətkar gözlərini həyata əbədi yumdu.
Allah rəhmət etsin!
Arzu Murad
-
Region00:45
İran XİN rəhbəri Dəməşqdən Ankaraya getdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Emosional mübahisələr başlaya bilər
-
Sosial00:00
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır - VİDEO
-
Magazin21 Dekabr 23:36
“Bir də evlənərəm, bir də boşanaram”
-
Pul1 Dekabr 23:24
Ən aşağı kredit faizləri bu rayonlarda VERİLİR
-
Nida Xəbər 1 Dekabr 22:48
Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri - VİDEO
-
Magazin11 Dekabr 22:24
Xalq artisti ondan 55 min manat təzminat TƏLƏB EDİR - FOTO
-
İdman1 Dekabr 21:24
Qurban Qurbanov: "Ola bilsin ki, zədəsi ciddi olsun"