Nazir Xalq artistlərinə Prezident təltiflərini təqdim etdi - FOTO
Bizi izləyin

Art

Nazir Xalq artistlərinə Prezident təltiflərini təqdim etdi - FOTO

5 oktyabr tarixində Milli İncəsənət Muzeyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadimlərinin mükafatlarının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin 29 mart 2020-ci il, 5 iyun, 31 iyul, 17 mart 2021-cil tarixli Sərəncamlarında nəzərdə tutulmuş sənətçilərə mükafatlar təqdim olunub.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu mərasimin keçirilməsi çoxdan planlaşdırırılsa da, pandemiya səbəbilə proses yarımçıq qalıb.

Onun sözlərinə görə, tədbirin keçirilməsində seçilən məkan və vaxt da təsadüfü deyil: "Özümüz istədik ki, mükafat mərasimini Azərbaycan mədəniyyətini ən gözəl şəkildə təqdim edən İncəsənət muzeyində keçirək. Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər".

A.Kərimov ölkə rəhbərinin mədəniyyət xadimlərini daim diqqət mərkəzində saxladığını bildirib: "Prezident İlham Əliyev səhnə arxasında mədəniyyət xadimləri ilə daim görüşlər keçirirdi. Söhbət zamanı tamaşalarla bağlı öz təkliflərini irəli sürürdü. Bu gün teatr xadimlərinə göstərilən diqqət onu göstərir ki, Azərbaycan hakimiyyəti teatra yüksək qiymət verir".

Daha sonra mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

"İstiqlal" ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova bildirib ki, torpaqlarımızın işğal olunmasını xalqımız hər zaman ürək ağrısı ilə xatırlayırdı: "Bizi incidirdi ki, Üzeyir Hacıbəyovun uverturasını Şuşada dinləyə bilmirdik. Hələ ki, Şuşada olmamışıq. Bilirəm ki, şəhər abadlaşır, Şuşamız artıq mədəniyyət mərkəzinə çevrilir. Əminəm ki, gələcək tədbirlərdə iştirak edəcəyik. Çox həyəcanlı və qürurluyam. Cənab Prezident və onun xanımına minnətdaram ki, mədəniyyət xadimlərinə öz dəstəklərini göstərirlər".

Daha sonra Xalq artisti Flora Kərimova da Şərəf Ordeni ilə təltif olunub. Torpaqlarımızın azad olunmasından söz açan sənətçi çıxışında Prezident İlham Əliyevi oğlu adlandırıb:

"Vətən böyük ailədir. Vətəni ürəklə sevib ağılla qorumaq lazımdır. Mənim borcum həqiqəti deməkdir. Burada tədbir olcağını biləndə "Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm, ey Vətən" mahnısını xatırladım. İlham Əliyev sadəcə Prezident deyil, həm də mənim oğlumdur. O, 30 il addım- addım bu qələbəyə doğru irəliləyirdi. Bu çətin şərtlərdə çox az dəstək olduğu halda bizə sevinci bəxş etdi. Dostunu əsl qardaş etdi. Var olduğu və belə bir ürəyə sahib olduğu üçün təşəkkür edirəm.

Bu illər ərzində hər gün yuxudan durub düşünürdüm ki Şuşanı görəcəmmi? Allaha dua edirim ki, üzünü bizə çevirsin. Və Allah bizə vətəni ürəyi ilə sevib ağlı ilə qoruyan oğlu - İlham Əliyevi göndərdi. Allah bizi belə oğullardan xali eləməsin. O, dünən dedi ki, əgər kişisənsə debata gəl. Düşmənlərimizin arasında kişi yoxdu. Onu bizə anası və atası göndərdi. Allah onu bizə çox görməsin".

Təltif olunanların siyahısını təqdim edirik:

"İstiqlal" ordeni

Qasımova Xuraman Əkrəm qızı

“Şərəf” ordeni

Kərimova Flora Ələkbər qızı

"Əməkdar artist" fəxri adı

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Kimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Məmmədov İlham Əli İslam oğlu

3-cü dərəcəli “Əmək” ordeni

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna

Sonda nazir Anar Kərimov təltif olunan şəxslərlə foto çəkdirib.

Aytən Məftun,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm