Amerikalıların kül etdiyi, almanların 40 ilə bərpa etdiyi şəhər- FOTOLAR
Bizi izləyin

Bilgi.az

Amerikalıların kül etdiyi, almanların 40 ilə bərpa etdiyi şəhər- FOTOLAR

II Dünya Müharibəsində ən çox zərər görmüş alman şəhəri olmasına baxmayaraq, hələ də mükəmməl arxitekturasıyla insanı heyran buraxan bir şəhərdir Drezden. Drezden Almaniyanın şərqində yerləşən ən gözəl şəhər hesab edilir. Elba çayının hər iki sahilində yerləşən şəhərə haqlı olaraq "Elbanin Florensiyası" da deyilir. Həqiqətən də burada dünyanın məşhur incəsənət əsərləri saxlanılır, memarlıq abidələri çoxdur. Saysız-hesabsız, möhtəşəm barokko üslublu binalar Avqust dövrünün şanını və ehtişamını bu gün də daşımaqdadır.

İnanmaq çətindir ki, indi gördüyümüz şəhər bir zamanlar tamamilə məhv edilib, yanıb külə dönüb. Amma tarix deyir ki, II Dünya Müharibəsində Drezdendə daş üstündə daş qalmayıb. Günlərlə bombalanan şəhər ayaqda qala bilib, tarixini bərpa etməyi çox yaxşı bacarıb. Müharibə boyunca tək bir hücum olmasa da, döyüşün sona çatması və almanların təslim olması üçün amerikalılar 1945-ci ildə bu şəhəri bombalamışlar. Bombardmanda təxminən 150 min adam ölmüşdür ki, bu da Yaponiyaya edilən atom bombası hücumlarında ölən adamların sayı qədərdir.

Müharibədən sonra abidələrin, köhnə binaların əksəri olduğu kimi bərpa edilib. 40 il davam edən bərpa işlərinə milyonlar vəsait sərf edilib.

Hazırda yarım milyondan çox insanın yaşadığı şəhər sahəsinə görə Berlin, Hamburq və Kölndən sonra Almaniyanın dördüncü ən böyük şəhəridir. Sahəsinin 63 faizi yaşıllıq və meşələrlə örtülümüş Drezden Avropanın ən yaşıl şəhərləri sırasına daxildir. Ən böyük parkı 1.8 km² əhatə edir.

Drezdeni dünyada məşhur edən içəri şəhərdə yerləşmiş tarixi abidələr kompleksi 2009-cu ilə qədər YUNESKO-nun dünya mədəni irsi siyahısı tərəfindən qorunurdu. Şəhərin mərkəzində, Elba sahillərində dördzolaqlı körpü inşa edildikdən sonra şəhər YUNESKO-nun siyahısından çıxarıldı.

Amma bu, şəhərin gözəlliyinə xələl gətirməyib və turistlərin Drezdenə olan marağını azaltmayıb. Hər il 8 milyona yaxın turist buraya gəlir. Şəhər turistlərlə dolu olsa da, öz ruhunu, insanı valeh edəcək gözəlliyini və ürəyə hüzr verəcək sakitliyini bu günədək qorumaqdadır.

Şəhər iki hissədən ibarətdir. Yeni və köhnə. Əlbəttə ki, hamının diqqəti köhnə şəhərdəki abidələr kompleksindədir. Bu abidələri piyada və ya turist avtobuslarında gəzmək olar. Etiraf edim ki, bir günün içərisində avtobusla şəhəri 2 dəfə gəzsəm də, memarlığı ilə insanı heyrətə gətirəcək bu şəhərin gözəlliyindən doymadım...

"Sikistin Madonna"sının qorunduğu köhnə şəhər

İtalyanın məşhur Metropolu kimi Drezdendə də çox sayda sənət əsəri kolleksiyaları saxlanılır. Şəhərdə 40-dan çox muzey, teatrlar, kitabxanalar və çoxlu sayda ali məktəb binası yerləşir.

Şəhərdəki çoxsaylı muzeylər arasında Silah muzeyində olmağına dəyər. Burada müxtəlif dövrlərə aid silahlar və cəngavərlərin zirehlərindən ibarət böyük sərgi təqdim edilir. Drezden "Yaşıl qübbə" muzeyini də ziyarət etməyə dəyər. Bu muzeydə Avqust dövrünün zərgərlik məmulatları nümayiş edilir. Saksoniya kurfürstlərinin və kralların kolleksiyasında 4.000-dən çox unikal incəsənət nümunəsi var. "Yaşıl qübbə"nin yeni salonlarında zərgərlik məmulatlarının təxminən 1100-ü, tarixi zalında isə təxminən 3.000-ü sərgilənir. Ekspozisiyada yalnız ən məşhur və zərgərliyin qiymətli şah əsərləri hesab edilən nümunələr yer alıb.

Məşhur Drezden Rəsm Qalereyasında Rembrand, Rafael, Rubens, Tizian, Vermer, Dyurer, Van Deyk və digər tanınmış rəssamların əsərləri saxlanılır. Və, əlbəttə ki, milyonlarla turist bura dünya rəsm sənətinin ən məşhur şah əsərlərindən birini Rafaelin "Sikistin Madonna" sını görməyə gəlir.

Drezden şəhərində hara gedirsinizsə gedin gözəl sənətlərlə qarşılaşarsınız. Çünki Drezden XVII əsrdə bir əyləncə yeri olaraq qurulub. Köhnə Saksonya Krallığının paytaxtı olan Drezden XIX əsr boyunca musiqi və sənət mərkəzi olub. Məşhur bəstəkar Richard Vagner 1842-49-cu illər arasında bu şəhərdə saray orkestrini idarə edib.

100 il içərisində şəhərdə rokoko və barokko üslubunda bir çox kilsə və saray inşa edilib. Avropadakı ən qiymətli muzeylərdən biri olan Svinger (Zwinger) Sarayı bunlar arasındadır.

Svinger Sarayı dörd binadan ibarət kompleksidir. Adı da onun yerləşməsi ilə bağlıdır. Orta əsrlərdə qalalarda xarici və daxili divarlar arasındakı qala divarı svinger adlanırdı. Hazırda birinci binada müxtəlif muzeylər və məşhur Drezden qalereyası yerləşir.

Barokko üslubunda inşa Svinger Sarayındakı sərgilərdə XV-XIX əsrləri əhatə edən rəssamların əsərləri nümayiş edilir. Köhnə dövrə aid muzeydə Rembrandt, Rubens, Boticelli, Tziano kimi böyük rəssamların əsərləri var.

Drezdenin köhnə şəhər hissəsində tarixi kilsələr, saraylar, opera və bələdiyyə binası var. Bu strukturların ən məşhuru barokko üslubunda qum daşından inşa edilmiş qübbəli, yerdən yüksəkliyi 102 metr olan Protestant Kilsəsi, Frauenkirxe (Frauenkirche -Qadınlar Kilsəsi) 1945-ci ildə bombalanıb xarabalığa dönmüşdü. Lakin xalqın ianələri ilə illər sürən bərpa işlərindən sonra o yenidən köhnə halına gətirilərək 2009-cu ildə qapılarını xalqın üzünə açıb.

Elbanın sahillərində düzülmüş, memarlıq baxımından diqqət çəkən Lingnerşloss, Albrextsberg, Pillnits, Ekberq qalaları turistləri valeh edə bilər. Çayın sahillərində həmçinin dəbdəbəli köhnə köşklər var. Köhnə avarlı gəmidə səyahət və funklyorda gəzinti də maraqlıdır.

Drezdenlilər düşünürlər ki, nə olsun ki, Saksoniyanın paytaxtında qədim dünyanın yeddi möcüzəsindən heç biri yoxdur. Lakin əsrlər boyu, memarlıq sənətinin ən gözəl inciləri harmoniyalı ansambl formasında bu şəhərdədir. Dünyanın ən gözəl opera binalarından biri qəbul edilən Semper Opera binası, Bələdiyyə binası, Kulturpalast mədəniyyət sarayı, Hofkirxe tarixi kilsə, Kral sarayı, bağ şəhər Hellerau kimi əhəmiyyətli strukturlar var. Sözsüz ki, bir şəhərdə bu qədər abidənin mövcudluğu şəhərin gözəlliyin və qiymətini artırır.

Drezden Avropa səviyyəsində mədəniyyət mərkəzidir.

Müasir Drezden: şüşə və beton

Bu gün, Drezden Almaniyanın ən məşhur turist şəhərlərindən biridir. Drezden Almaniyanın mühüm sənaye mərkəzidir. Məhz burada vaxtilə Avropa çinisi icad edilmişdir.

Müasir Drezden - şüşə və betondan ibarət bir şəhərdir. Burada maraqlı və müasir binalar görə bilərsiniz. Məsələn, "Volkswagen" istehsal edən zavodun şüşə divarlarından istehsal prosesini izləmək mümkündür.

Bu şəhərdə alış-veriş etməyin ayrı ləzzəti var. Şəhərdə çoxsaylı ticarət mərkəzləri var, bundan başqa tanınmış firmaların 2-3 mərtəbəli ayrıca mağazalarından ev, interyer, geyim, aksessuar baxımından çox geniş çeşid mövcuddur.

Drezdenin rəngarəng festivalları

Drezden köhnə cazın paytaxtı hesab edilir. Hər il mayın ortalarında burada dünyanın ən yaxşı caz ifaçılarının iştirakı ilə Caz Festivalı keçirilir. Praqa küçəsində açıq havada caz kollektivləri çıxış edir. Konsertlər həmçinin qayıqlarda keçirilir. Caz Festivalı bir qayda olaraq köhnə avtomobillərin möhtəşəm paradı ilə bağlayır.

Yeri gəlmişkən, müxtəlif illərdə Azərbaycan cazmenləri də bu festivalda iştirak ediblər.

Ümumiyyətlə, Drezden rəngarəng festival və bayramları ilə də səyahətçilərin diqqətini çəkməyi bacarır. Iyunun əvvəlində, Drezden Musiqi festivalı dünyanın bütün musiqi həvəskarlarını buraya cəlb edir. Bir necə gün ərzində sevimli parklar, teatrlar, saraylar və kilsələr belə rəngarəng konsert proqramlarının meydançasına çevrilir.

İyunun sonlarında başlayan "Elbhanqfest" bayramı da maraqlı keçir. Bayram günlərində teatr tamaşaları, musiqili konsertlər, rəqs qruplarının çıxışları və incəsənət sərgiləri keçirilir.

Bir çoxları festivalı incəsənət festivalı hesab etsə də, Elbhanqfesti xalq əyləncə bayramı hesab edənlər də var. Bu bayram günündə bir çox mədəni tədbirlərə giriş pulsuzdur. Bayramın əsas tədbirlərdən biri yarmarkalarıdır. Meydanlarda təşkil edilən yarmarkalarda maraqlı suvenirlər, evdə bişirilmiş, ətri belə adamı məftun edən un məmulatları, ev tortları almaq olar.

Müasir incəsənət həvəskarları üçün gənc rəssamların əsərlərinin satıldığı hərracları ziyarət etmək maraqlı olacaq.

Nömrə bir içki: Pivə

Hamı bilir ki, Almaniyada pivə içməyi çox sevirlər, və bu içki orada nömrə bir içkisi sayılır. Bu səbəbdən Almaniyada hətta Oktoberfest adlanan populyar pivə festivalı vardır.

Ən məşhur pivə növləri arasında "pils" – ənənəvi acı pivə və "wizen" – fermentasiya prosesində ağ rənğı əldə edən 50 % buğda mayası olan pivədir. Oktoberfest festival zamanı çoxlu miqdarda soyuq ətlər və donuz ayaqları yeyilir.

Drezdendə çoxsaylı klublar, restoran və kafelər var.

Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsullarla bişirilən donuz əti, çox populyardır. Alman mətbəxi çox müxtəlifdir və regionda region üçün çox dəyişir. Drezden mətbəxinin əsasını Saksoniya mətbəxi təşkil edilir. Ən məşhur xörək isə marina edildikdən sonra müxtəlif ədvalarla dadlandırılıb qızardılmış mal ətidir. Tomat və kartof şorbasını da dadına doymaq olmaz.

Şirniyyat sevənlərə kəsmikli tortun baxmağı məsləhət görürəm. Əminəm ki, belə ləzzətli tort dilimindən nə Vyanada yemək olar, nə də Parisdə.

Drezdenin milli mətbəxi xörəklərin sayı ilə öyünə bilməsə də, dadına görə rəqabətə girə bilər.

Yeri gəlmişkən, şəhərdə fransız, ispan, italyan və hətta türk restoranları milli mətbəxlərini təqdim edirlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm