Kriminal
Gənc oğlanın amansız qətli: atası şübhəlinin adını çəkdi
“Oğlum Rüstəmin qətlinin 2-ci ilinin tamamlanmasına aylar qalır. Bu günə qədər dövlət qurumlarına çoxsaylı müraciətlər etsəm də, nəticə yoxdur. Cinayətkarı tapmırlar”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a müraciət edən Adil Bayramov deyib.
Onun sözlərinə görə, oğlunun qətlinin üstünün açılması qəsdən yubadılır:
“Cinayətkarın tapılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər qurumlara müraciət etmişəm. 1 il 6 ay bundan əvvəl oğlumun müəmmalı şəraitdə qətlə yetirildiyini, qətlin üstündən bu qədər müddət keçməsinə baxmayaraq, hələ də qatilin tapılmadığını deyirlər. Oğlum Rüstəm 1992-ci il təvəllüdlü idi. 1 il 7 ay idi ki, ”Araz İnşaatçı" MMC-də fəhlə işləyirdi. Son vaxtlar da orada gecə gözətçi qalırdı. 10 oktyabr 2020-ci il tarixində, axşamtərəfi saat 5-də onu aparıb işə qoymuşam, gecə saat 20:54-də oğlum mənə gözətçi yoldaşı olan Kərəm adlı şəxsin telefonu ilə zəng edərək “ata, gəlib məni apara bilərsən” deyib. Həmin vaxt pandemiya ilə əlaqədar axşamlar küçəyə çıxmaq qadağan idi. Bu zəngdən sonra Kərəmlə danışdım, dedim ki, komendant saatıdır, gəlsəm, məni saxlayarlar. O da mənə dedi ki, siz gəlməyin, narahat olmayın, oğlunuz mənim yanımdadır. Sonra oğlum təkrarən gecə saat 10-un yarısında mənə yenə zəng edib ki, imkan varsa gəl, məni apar, mən də yenə ona dedim ki, komendant saatıdır. Oğlum mənə demədi ki, ata, məni öldürəcəklər. Hadisədən xəbərsiz yatdım. Səhəri gün ona yemək apardım, nə qədər zəng etdim, telefonu götürmədi, sonra telefonu başqa adam götürdü və məndən “sən Rüstəmin nəyisən” soruşdu, dedim ki, atasıyam, mən də onun kimliyi ilə maraqlandım, polis olduğunu dedi. Polis mənə dedi ki, siz 30-cu Polis Bölməsinə gedin. Amma o, mənə oğlumun öldürüldüyünü demədi. Elə bildim ki, oğlum dava edib, ona görə məni ora çağırıblar. Heç demə ki, oğlum gecə öldürülübmüş. Demə ki, onun nəşini morqa aparıblar, ora getdim. Mənə dedilər ki, sənin oğlunun düşməni kimdir? Mən də dedim ki, Taleh Saleh oğlu Hüseynov. O adam mənim saflığımdan istifadə edib maşınımı girov qoymuşdu. Mən dükana mal aparırdım, bir gün Taleh mənə dedi ki, dayı, Sumqayıtda “888" saylı salona borcum var, sənin maşınını ora girov qoyaq. Demə ki, bu adam həmin salondan icarəyə götürdüyü maşını satıb və salon sahibi də ondan ya pulu verməsini, ya da maşını qaytarmasını tələb edəndə mənim maşınımı girov qoymuşdu. O, məni aldatdı ki, hər ay pulunu ödəyib sənin maşınını geri qaytaracağam, amma ödəniş etmədi, məcbur olub pulu özümüz ödəyirdik. Ona görə də Rüstəm gecə-gündüz işləyirdi ki, borcu ödəyib maşını girovdan çıxaraq, aya 255 manat ödəyirdik. Rüstəm Talehin üstünə getmişdi ki, sən kimsən ki, mənim atamı aldadıb onun maşınını girov qoymusan, atamın maşınını qaytar. Hətta Taleh onda qardaşının dükanının yanında Rüstəmi bıçaqla vurmaq istəmişdi. Mən özüm bunun şahidi olmuşam. Taleh Rüstəmə demişdi ki, səni öldürəcəyəm. Mən Talehdən şübhəliyəm”.
Gözüyaşlı ata deyir ki, oğlunun qətlində şübhələndiyi şəxslər var: “Oğlumun meyiti aşkarlanan ərazidə kameraya 2 qadın və kişilər düşüb. Onların oğlumun meyitinin yanında nə işləri olduğunu bilmirəm, amma həmin qadınlar və kişi hələ də məsuliyyətə cəlb edilməyiblər. Qətl Hövsan qəsəbəsi ərazisində baş verib, oğlumun meyitini iş yerindən 700 metr aralıya atıblar. Kameraya baxanda dəhşətə gəldim, hər yer qan içindədir. Oğlumun necə, hansı şəraitdə öldürüldüyünü bilmirəm, onu amansızlıqla qətlə yetiriblər və meyiti Fövqəladə Halların Akademiyasının arxasına atıblar. Baş hissəsi yoxdur. Kameraya düşənlərin şəxsiyyəti müəyyən edilib. Deyirlər ki, Suraxanı Rayon Prokurorluğunda araşdırma davam etdirilir. Mən bu adamları tanımıram, onlarla mənim heç bir əlaqəm yoxdur. Prokuror dedi ki, oğlum can üstə olub, həkimə çatdırılsaydı, bəlkə həyatını xilas etmək olardı. Mən başa düşmürəm ki, gecə komendant saatı vaxtı bu adamlar küçədə nə edirmişlər? Suraxanı Rayon Prokurorluğu deyir ki, araşdırma aparırıq, amma qatilin izini tapa bilmirik. Oğlum qətlə yetirilib, oktyabrda 2-ci ili tamam olacaq, amma hələ qatil tutulmayıb, əlini-qolunu sallayıb ortada gəzir”.
Adil Bayramov daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müracət edərək oğlunun qatilinin tezliklə aşkarlanması üçün tədbirlər görməsini xahiş edib.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI