Həbsdəki generalın ailə üzvləri bu əmlakları geri tələb edir - SİYAHI
Bizi izləyin

Kriminal

Həbsdəki generalın ailə üzvləri bu əmlakları geri tələb edir - SİYAHI

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayətinə baxılır. Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir.

Mövlam Şıxəliyevin ailə üzvləri də apelyasiya instansiyasında prosesə qoşulublar. Onlar xüsusi müsadirəyə götürülmüş əmlaklarla bağlı dava açıblar.

704 min manatlıq əmlakı mənə qaytarın!

Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev Səbayel Rayon Məhkəməsinin 25 iyun 2016-cı il tarixli qərarı ilə üzərinə həbs qoyulan, Bakı Hərbi Məhkəməsinin hökmü ilə xüsusi müsadirəyə götürülən 704 min 985 manat dəyərində olan mənzilin ona qaytarılmasını tələb edir. Elgün Şıxəliyev məhkəməyə təqdim etdiyi şikayətində qeyd edib ki, Səbayel rayonu, Bülbül prospektində yerləşən mənzil 29 dekabr 2012-ci il tarixli çıxarışla ona məxsusdur. İddia edib ki, həmin mənzili şəxsi biznes hesabına alıb.

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın ona qaytarılmasını tələb etdiyi mal-mülkün siyahısı daha uzundur.

Aybəniz Şıxəliyeva Səbayel Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə üzərinə həbs qoyulan və Bakı Hərbi Məhkəməsinin hökmü ilə xüsusi müsadirəsi nəzərdə tutulan əmlakların ona qaytarılıması tələbini irəli sürüb.

Məhkəməyə yazdığı şikayətində kifayət qədər iş təcrübəsi olan hakimləri inandırmağa çalışır ki, həmin əmlakları ona bibisi və bacısı oğlunun bağışlayıb.

Bakının, Ağdaşın mərkəzi hissələrində olan, ümumilikdə sahələri 1000 kvadratmetri aşan əmlakların siyahısı belədir:

Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən 74,97 kvadratmetr sahəsi olan daşınmaz əmlak;

Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanda yerləşən 197 kvadratmetr sahəsi olan əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlak;

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil l21 ünvanda yerləşən 97 kvadratmetr sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanda yerləşən, 403.3 kvadratmetr sahəsi olan daşınmaz əmlak,

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanda yerləşən 137.7 kvadratmetr sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanda yerləşən 137.7 kvadratmetr sahəsi olan daşınmaz əmlak.

Mövlam Şıxəliyevin qızı Samirə Şıxəliyeva da adınma rəsmiləşdirilən əmlakları geri qaytarmaq üçün hərəkətə keçib.

Qızı Bakının mərkəzindəki mənzili, Novxanıdakı bağı geri qaytarmağa çalışır

O, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kvadratmetr sahəsi olan daşınmaz əmlakı və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 q ünvanında yerləşən 214.3 kvadratmetr sahəsi olan bağ evini tələb edir. Samirə Şıxəliyeva iddia edir ki, Bakının mərkəzindəki mənzili 2013-cü ildə həyat yoldaşı Nail Əliyev alıb.

Novxanıdakı bağ evini isə ona xalası oğlu Ağabala Şıxıyev bağışlayıb. Bu baxımdan ona məxsus əmlakların xüsusi müsadirə edilməsinin hüquqi əsasının olmadığını qeyd edir.

Xatırladaq ki, Mövlam Şıxəliyev və digfər 3 müttəhimin cinayət işi üzrə 36 zərərçəkən var. Onlar müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə yarım ucuz qiymət qoyulub. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və başının dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər.

2015-ci ildə Mövlam Şıxəliyev tutuduğu vəzifədən azad ediləndən sonra istintaqa cəlb olunub, az sonra isə onun mülkiyyətində olmaqla öz adına, ailə üzvlərinin adlarına rəsmiləşdirilmiş Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak 770 min 609 manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevin adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən daşınmaz əmlak 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlak 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 212 ünvanında yerləşən daşınmaz əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlakın 738 min 711 manat olması müəyyənləşib. Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305 min 240 manat dəyərində əmlakların üzərinə həbs qoyulub.

Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak 360 min manat, Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 714 min 985 manat olması müəyyən edilib. Əmlaklar ümumilikdə 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə məhkum olunan şöbə rəislərinin barəsində hökm bu il sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. İş üzrə 36 zərərçəkəndən 16 nəfərinin mülki iddiası qismən təmin edilib. Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur. ("Yeni Müsavat")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm