Moda dünyasının HEYKƏLTƏRAŞI nədən qocalar evində dünyasını dəyişdi?
Bizi izləyin

Dəb

Moda dünyasının HEYKƏLTƏRAŞI nədən qocalar evində dünyasını dəyişdi?

Düz 119 il əvvəl, 1903-cü il noyabrın 30-da Parisdə öz nəslinin, bəlkə də bütün 20-ci əsrin ən istedadlı kutyurelərindən biri Emili Krebs anadan olub. Madam Qre sözün əsl mənasında moda dünyasının heykəltəraşı idi. O, yer üzündəki bütün qadıları əzəmətli antik yunan heykəllərinə bənzədir və işğal illərində faşist rejiminə açıq şəkildə müqavimət göstərməkdən çəkinmirdi. Müştərilərinin paltarlarını elə hazırlayırdı ki, sanki daşdan yonulub forma verilən heykəlciklərdir. Yeri gəlmişkən, dünyanın bir çox məşhur xanımları onun daimi müştəriləri idi. Buna baxmayaraq, o, bu dünyanı yoxsulluq və səfalət içində tərk edib.

Publika.az oxucuları məşhur moda dizayneri Madam Qrenin həyat və yaradıcılıq yolu ilə tanış edir. Madam moda tarixinin unudulmuş kutyurelərindən biri olsa da, kifayət qədər zəngin həyat yolu keçib. Odur ki, bu yolla tanış olmağa dəyər.

Madam Qrenin libasları istənilən qadını mələyə çevirirdi

O, bir neçə adla tanınırdı. Madame Qre olmazdan əvvəl qızlıq soyadı Jerman olan Emili Krebs həm də Aliks Barton kimi məşhurlaşmışdı. Moda tarixinə qızıl hərflərlə yazılan təxəllüsünü isə o, Serj Qre kimi tanınan rus rəssamı Sergey Çerevkovdan “oğurlamışdı”. 1937-ci ildə Aliks Serj Qre ilə evləndi və beləliklə, Madam Qre oldu. Həm də Moda Evinin adını dəyişib “Grés” qoydu. Sergey ilə evlilik uzun sürməsə də, ərinin təxəllüsü ömürlük madama qaldı. Hər halda onun yaratdığı paltarlar istənilən addan daha dərin təəssürat yaradırdı...

Bəs onun sirri nədə idi?

O, bütün şah əsərlərini kağızda yox, modelin üzərində yaradırdı. Heç bir naxış vurmurdu, sonsuz qat təbəqələrini sadəcə qayçı ilə və birbaşa müştərilərinin üzərində kəsib düzəldirdi. Madam uçuşan ipəkləri, zərif tafta və krep parçalara elə qat və kəsim verirdi ki, hər təbəqə mükəmməl şəkildə yerinə düşürdü. Bu metafora heç də təsadüfi deyil: gənclik illərində Madam Qre heykəltəraşlıq təhsili almışdı, heyrətamiz həcm və proporsiyaları düzgün bölmək bacarığı buradan qaynaqlanırdı. Məşhur qatların köməyi ilə o, əslində yeni bir siluet yarada bildi və qadına özünü görmək istədiyi kimi göstərə bildi. Bu fənd 30-cu illərdə onun Parisdə moda aləminin əsas ulduzuna çevrilməsinə kömək etdi: 20-ci illərin kişi siluetlərindən yorulan qızlar onun mürəkkəb, lakin inanılmaz dərəcədə harmonik paltarlarını məmnuniyyətlə qəbul etdilər.

Мадам Гре и Ив Сен-Лоран, 1984

Faşist işğalı illərində Madam Qre özünü əsl fəal kimi göstərdi. Vişi rejiminin tətbiqindən sonra qalib gələn almanların planına görə, faşist diktaturası altında Vyana və Berlindən olan kutyurelər ön plana çıxmalı idi. Onların rəhbərliyi altında Avropa dəbinin sözdə mərkəzləşdirilməsini həyata keçirməli idi. Lakin Fransanı qabaqlamaq mümkün deyildi və Qre bu qarşıdurmada mühüm rol oynadı. O, “yuxarıdan” verilən göstərişlərə zidd olaraq dünyanın bütün moda jurnallarının çap etdiyi möhtəşəm kolleksiyalar yaratdı. O, nəinki alman elitasına xidmət etməkdən imtina etdi, həm də Fransa bayrağının rənglərindən ibarət kolleksiyalar yaratdı. Bununla da onun siyasi mövqeyi hamıya aydın idi. Lakin o, bir müddət Parisi tərk etməli və moda evini bağlamalı oldu. İkinci dünya müharibəsi başa çatdıqdan iki il sonra - 1947-ci ildə yenidən sevimli işinə qayıtdı və Fəxri Legion Ordenini aldı.

Мадам Гре с моделями во время показа в Лондоне, 1971

Qre əla kutyure idi, lakin heç vaxt uğurlu iş qadını olmadı. Müharibədən sonra Moda Evi ildən-ilə daha az gəlir gətirməyə başladı, müştəriləri isə yavaş-yavaş azaldı. 1984-cü ildə Moda Evini Bernard Tapie aldı və bu, Madamın şöhrətinin sonu oldu. Cəmi 3 il sonra Moda Evi iflas etdi və bağlandı. Madam Qre öz imperiyasının süqutunu öz gözləri ilə gördü. Böyük kutyure 1993-cü ildə, 90 illik yubileyinə bir həftədən az qalmış vəfat etdi. Madam Qre doğma qızı Annanın onu göndərdiyi qocalar evində, səfalət içində dünyasını dəyişdi.

Artıq “Grès” Moda Evi demək olar ki, unudulub, lakin Madamın moda dünyasına qoyduğu zəngin irsi və sənətkarlığı digər dizaynerlərin hələ də işinə yarayır. Onun üslubunu təkrarlaya bilənlərin az olmasına baxmayaraq, bu cəhdlərin ardı-arası heç vaxt kəsilmir. Qre Marlen Ditrix, Qreta Qabro, Qreys Kelli, Vivyen Li, Barbara Streysand, bir çox başqa ulduzları geyindirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm