BMT-dən dünya xəritəsi ilə bağlı QƏRAR: ABŞ “yox” dedi, Ukrayna etiraz etdi
Bizi izləyin

Dünya

BMT-dən dünya xəritəsi ilə bağlı QƏRAR: ABŞ “yox” dedi, Ukrayna etiraz etdi

BMT-dən dünya xəritəsi ilə bağlı QƏRAR: ABŞ “yox” dedi, Ukrayna etiraz etdi

BMT Baş Assambleyası dünya xəritəsində mühüm dəyişikliyi nəzərdə tutan qətnamə qəbul edib.

Publika.az xəbər verir ki, qətnamə ənənəvi Merkator proyeksiyasından mərhələli şəkildə imtina edilərək qitələrin, xüsusilə Afrikanın real ölçülərini daha dəqiq göstərən "Equal Earth" xəritəsindən istifadəyə keçidi nəzərdə tutur.

Sənədin lehinə 164 ölkə səs verib. Yalnız ABŞ qətnamənin əleyhinə çıxıb, daha 6 dövlət bitərəf qalıb.

Lakin Ukrayna qətnaməni dəstəkləməyib. Kiyev xəritədə işğal altındakı ərazilərinin təsvir formasını qəbuledilməz hesab edib.

Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyi qeyd edib ki, Kiyev Afrika və Qlobal Cənubun digər bölgələri ilə bağlı dəqiq və elmi cəhətdən əsaslandırılmış kartoqrafik təsvirin və tarixi təhriflərin aradan qaldırılmasının zəruriliyi ilə ümumilikdə razıdır. Ancaq "Equal Earth" proyeksiyasında Ukraynanın Rusiyanın işğalı altında olan ərazilərinin təsvirini beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə zidd hesab edir.

Kiyev həmçinin qeyd edib ki, bu yanaşma BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyü və Krımın Rusiyaya qanunsuz ilhaqının tanınmaması ilə bağlı əvvəlki qətnamələri ilə uyğun gəlmir.

Ukrayna tərəfi xəbərdarlıq edib ki, xəritənin belə təqdim olunması gələcəkdə siyasi xəritənin təhrif edilməsinə və müxtəlif sui-istifadələrə yol aça bilər.

Bəyanatda bildirilir ki, Kiyev qətnamənin müəllifləri ilə sənədin mübahisəli bəndi üzrə kompromis əldə etməyə çalışsa da, danışıqlar nəticəsiz qalıb.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm