Dünya
Makronun son 6 ayı, təhsil böhranı, siyasi gərginlik: Fransada nə baş verir?
Xəbər verdiyimiz kimi, Fransada son günlərdə başlayan və qiymət artımlarına, yaşayış xərclərinin çoxalmasına qarşı keçirilən etirazlar ölkənin siyasi gündəminin əsas məsələlərindən birinə çevrilib. Fransa prezidenti Emmanuel Makron hökumətdən küçə iğtişaşlarının təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib.
Bəs Fransada etirazların genişlənməsinin əsas səbəbi nədir və bu proses ölkədə siyasi sabitliyə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirdi ki, son günlər Fransa daxilində baş verən hadisələri bir neçə faktorla əlaqələndirmək lazımdır.
Onun sözlərinə görə, bu iğtişaşların əsas səbəbi ölkədə təhsil sahəsində mövcud olan problemlərdən qaynaqlanır:
“Burada söhbət sinif otaqlarında 35-40 və daha çox şagirdin yerləşdirilməsindən, yəni siniflərin həddindən artıq sıx olmasından gedir. Eyni zamanda, təhsil müəssisələrində sanitariya şəraiti ilə bağlı problemlər mövcuddur. İstilik sistemlərinin lazımi qaydada işləməməsi və sanitariya qaydalarına riayət edilməməsi də narazılıq yaradan amillərdəndir. Bundan başqa, bir çox hallarda dərslər ümumiyyətlə müəllimsiz, yəni boş keçir. Müəllimlər müəyyən səbəblərdən məzuniyyətə çıxdıqda onların yerinə başqa müəllim təyin edilmir.
Digər əsas narazılıq yaradan səbəblərdən biri universitetlərə qəbulla bağlıdır. Mövcud qəbul şərtləri bir çox tələbənin universitetə qəbulunu daha da mürəkkəbləşdirir. Bu vəziyyət də tələbələrin narazılığına səbəb olur. Hökumət rəsmiləri təhsil sisteminə əlavə 3000 müəllim cəlb olunacağı və universitetlərdə yeni yerlər yaradılacağı barədə açıqlamlar versələr də, görünür, bu tədbirlər kifayət etmir. Bütün bunlar vəziyyətin nəzarətdən çıxdığını və Fransanın bu məsələyə indiyədək lazımi diqqət ayırmadığını göstərir. İndiyə kimi, Fransada dəfələrlə nümayişlər keçirilib. Təxminən səkkiz il əvvəl də artan benzin qiymətləri ilə bağlı “sarı jiletlilər” hərəkatının etirazları olmuşdu. İndiki nümayişlərin isə daha geniş spektri əhatə etdiyini görürük”.

Ekspert qeyd etdi ki, etirazlar yalnız təhsil mövzusu ilə məhdudlaşmır, artıq digər sahələrə də sirayət etməyə başlayıb:
“Nümayişlərə qoşulanlar yaşayış xərclərinin artmasını və benzin qiymətlərinin bahalaşmasını əsas gətirərək maaşların və pensiyaların artırılması ilə bağlı tələblər irəli sürürlər. Sözsüz ki, bu proses hakimiyyətə olan etimadın azalması ilə də əlaqələndirilməlidir. Emmanuel Makronun prezidentlik müddətinin başa çatmasına artıq altı ay qaldığı bildirilir. Bundan sonrakı prezident seçkilərində ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı yüksək qiymətləndirilir. Amma ifrat sağçı qüvvələrin də radikal siyasətləri mövcuddur. Xüsusən də miqrasiya ilə bağlı siyasətləri ölkədə yeni nümayişlərə və etiraz dalğalarına səbəb ola bilər.
Hakimiyyətin nümayişlərə münasibətinə gəlincə, Fransa polisi etirazları dağıtmaq üçün son dərəcə sərt metodlardan istifadə edir. Sözsüz ki, bu nümayişlərdən istifadə edən qüvvələr də ola bilər. Fransada həmkarlar ittifaqları böyük nüfuza malikdir. Ölkədə Ümumi Əmək Konfederasiyası da fəaliyyət göstərir ki, onun da nümayişlərin təşkilində rolu var. Lakin fundamental səbəbləri sırf hər hansı xarici siyasi qüvvədə axtarmaq düzgün olmaz. Problemləri Fransanın öz daxilindəki köklü çətinliklərdə axtarmaq lazımdır. Bunlar, ilk növbədə, ölkə iqtisadiyyatındakı geriləmə, qiymətlərin bahalaşması və təhsil sistemindəki boşluqlarla bağlıdır”.
Müəllif: Roza Şəfiyeva
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
































