Qarabağda EKOLOJİ TERROR: Azərbaycan hansı addımları ata bilər?
Bizi izləyin

Ekologiya

Qarabağda EKOLOJİ TERROR: Azərbaycan hansı addımları ata bilər?

30 illik işğal dövründə Qarabağda yerləşmiş ermənilər tərəfindən meşə sərvətlərimizə qarşı əsl vandalizm hərəkətləri edilib. Meşə sahələrinin çoxu, yaşı yüz illiklərə çatan qədim ağaclar və bitki növləri yerli-köklü yox edilib və bölgənin təbiətinə sağalmaz zərbələr vurulub.

Bəs, Azərbaycan hökumətində bu vəhşiliklərlə bağlı hansı faktlar və məlumatlar toplanılıb? Bu məlumatlarla beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət edə bilərikmi?

Məsələ ilə bağlı Publika.az-a danışan coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov bildirib ki, müharibəyəqədərki dövrdə Qarabağ da daxil olmaqla, bütün Azərbaycan ərazisindəki meşə sahələrinin, ağacların növləri, hər bir növün neçə hektar sahəni əhatə etməsi, yaşları, qoca və cavan meşələrin sayı ilə bağlı dəqiq məlumatlar olub:

"Hətta 1988-ci ildə çap olunmuş meşə sahələri ilə bağlı bir kitabda bunlarla əlaqədar çox dəqiq məlumatlar göstərilib. Ancaq müharibədən sonrakı dövrdə Qarabağın meşə sahələri barədə dəqiq məlumat yoxdur. Çünki bunun öyrənilməsi üçün genişmiqyaslı və kompleksli ekspedisiyalar aparılmayıb. Bu, hazırda da mümkün deyil. Çünki bölgə işğal dövründə başdan-başa minalanıb. Amma kosmik peyklər vasitəsilə çəkilmiş fotolar əsasında meşə sahələri ilə bağlı təxmini məlumatlar əldə etmək mümkündür".

Alimin sözlərinə görə, artıq Qarabağda tədqiqat işlərinin aparılmasına ehtiyac var: "Ərazilərimiz minalardan tam təmizləndikdən sonra ekspedisiyalar təşkil etmək, mütəxəssisləri bölgəyə göndərmək və tədqiqat işlərinə başlamaq olar. Bundan başqa, həm kosmik peyklərdən, həm də yeni texnologiyalardan istifadə etməklə fotolar çəkilməlidir. Ondan sonra biz 1988-ci ildən bu vaxta qədər hansı dəyişikliklərin olduğunu və necə baş verdiyini öyrənə bilərik".

Çingiz İsmayılov qeyd edib ki, Qarabağın təbiətinə dəyən ziyanın, törədilən ekoloji terrorun miqyası ilə əlaqədar dəqiq və tutarlı faktlar varsa, istənilən instansiyalara, məhkəmələrə və təşkilatlara müraciət edə bilərik: "Hətta bu vəhşiliklərə görə Ermənistandan təzminat da tələb etmək olar. Ancaq belə faktlar olmadığı üçün, harasa müraciət etmək düzgün deyil. Dəqiq məlumatlar əldə etməklə bunun mənfi istiqamətdə dinamikasını sübut etsək, o zaman iddialar qaldıra bilərik. Bu gün hamı bilir ki, 30 il ərzində bizə ekoloji, iqtisadi, mənəvi, psixoloji zərbə vurulub. Amma bu o demək deyil ki, biz susmalıyıq. Xeyr, susmalı deyilik! Beynəlxalq tədbirlərdə bu vəhşiliklər barədə danışılmalı, yerli və xarici mətbuatda məqalələr, araşdırma yazıları dərc olunmalıdır. Bütün dünya erməni vəhşiliyi barədə xəbərdar olmalıdır".

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm