Kəndlinin məhsulu tarlada, bağda çürüyür, qiymətlər isə “ceyran belindədir” - Kimdir günahkar?
Bizi izləyin

İqtisadi gündəm

Kəndlinin məhsulu tarlada, bağda çürüyür, qiymətlər isə “ceyran belindədir” - Kimdir günahkar?

Son illər bölgələrdən Bakıya köç artıb. Bunun əsas səbəbi rayon və kəndlərdə iş yerlərinin azlığı, insanların dolanışıq qurmaqda çətinlik çəkməsidir. Kənd əhalisinin yeganə gəlir mənbəyi sayılan əkinçilik və bağçılıq da artıq əvvəlki kimi gəlir gətirmir. Quraqlıq taxılçılığı zəiflədib, kəndli isə çəkdiyi əziyyətin qarşılığını ala bilmədiyi üçün əkib-becərməyə maraq göstərmir.

Bağçılıq sahəsində də vəziyyət acınacaqlıdır. Yetişdirilən meyvə satılmadığı üçün ağaclarda çürüyür. Məsələn, İmişlidə bu il xurma bolluğu yaşansa da, kəndlilər məhsulu sata bilmədikləri üçün ciddi çətinliklərlə üzləşiblər. Sakinlər deyirlər ki, daxili bazarda bolluq qiymətləri minimuma endirib, alıcı isə demək olar ki, yoxdur. Təklif olunan məbləğ xurmanın yığılması, daşınması və emalı üçün çəkilən xərci ödəmir. Nəticədə onlar yalnız tələbatları qədər məhsul götürür, qalanı isə ağaclarda xarab olur.

Kəndlinin xarici bazarlara çıxışının olmaması, böyük şəhərlərə məhsul gətirib satmaq imkanlarının məhdudluğu problemi daha da dərinləşdirir. Üstəlik, məhsulu saxlamaq üçün lazımi soyuducu anbarların olmaması itkiləri artırır.

Maraqlıdır, kəndlinin məhsulu tarlada çürüyürsə, bazarda yüksək qiymətlərin səbəbi nədir? Kəndlinin ayaqda qalması üçün dövlət hansı dəstək mexanizmləri həyata keçirir? Yerli istehsalçının məhsulunun xarici bazara çıxışını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirdi ki, kənd təsərrüfatı sahəsi hər zaman risklərlə müşayiət olunur. Yəni bəzən fermerlər bir ildə ikiqat qazanc əldə edirlərsə, növbəti il ciddi zərərlə üzləşirlər:

“Elə il olur ki, xərclərini belə qarşılaya bilmirlər. Dövlət Ehtiyat Agentliyi bəzi kənd təsərrüfatı məhsullarını anbarlarında saxlayıb satışını təşkil edə bilir. Lakin xurma və bu kimi tez xarab olan məhsullar üzrə risk tam şəkildə sahibkarın üzərində qalır.

Yəni fermer məhsulu əkib-becərdiyi kimi, onun satış mexanizmini də özü qurmalıdır. Ağacı əkib ona qulluq etmək hansı məsuliyyəti tələb edirsə, satışını müəyyənləşdirmək də eyni səviyyədə məsuliyyət tələb edir. Kənd təsərrüfatının ən böyük riski isə məhsulu istədiyin qiymətə sata bilməməkdir.

Məhsulun yığım və bazara çıxarma xərclərinin satış qiymətindən aşağı düşməsi çox vaxt məhsul bolluğu ilə bağlı olur. Bolluq artdıqca qiymətlər aşağı düşür, bu isə istehlakçıların maraqlarına cavab versə də, fermerlər üçün problem yaradır. Çünki kənd təsərrüfatı məhsullarında qiymət əsasən bolluq və qıtlıq amillərinə görə tənzimlənir”.

Xalid Kərimlinin sözlərinə görə, dövlət hər il bağçılıq, əkinçilik və heyvandarlıq sahələrinə büdcədən təxminən yarım milyard manat subsidiya ayırır:

“Bu vəsait neft gəlirləri və vətəndaşlardan toplanan vergilər hesabına formalaşır. Yəni bir sahəyə edilən maliyyə dəstəyi əslində digər vətəndaşların büdcəsindən çıxan vəsait hesabına təmin olunur. Ona görə də dövlətin müəyyən sahibkarların məhsulunu alıb kompensasiya etməsi problemin həlli sayıla bilməz. Bu riskləri sahibkar özü idarə etməlidir. Əvvəlcədən alıcılarla danışıqlar aparmalı, müqavilələr bağlamalı, satışı planlaşdırmalıdır”.

İqtisadçı onu da əlavə etdi ki, hökumətin əsas rolu yerli istehsalçıların məhsullarını beynəlxalq bazarlara çıxarmaq üçün şərait yaratmaq, təşviq mexanizmlərini gücləndirmək və texniki təşkilati dəstək vermək olmalıdır:

“Təəssüf ki, İqtisadiyyat Nazirliyi və İxracın Təşviqi Agentliyinin bu sahədə fəaliyyətləri yetərli səviyyədə deyil və gözləntiləri doğrultmur. Bu istiqamətdə dövlət daha sistemli və effektiv dəstək göstərməli, yerli istehsalçıların ixrac bazarlarına çıxışını genişləndirməlidir”.

Saxlama anbarlarının yaradılması məsələsinə gəlincə, X.Kərimli bildirdi ki, bu, sahibkarın öz məsuliyyətidir:

“Dövlət bu iş üçün güzəştli kreditlər təqdim edir. Fermerlər həmin kreditlərdən yararlanaraq anbarlar tikə, məhsullarını mövsüm sonrası dövrə qədər saxlayaraq satış strategiyalarını planlaşdıra və riskləri azalda bilərlər”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm