Bakıda qadın qaynının məzarı üzərinə elə sözlər yazdı ki... - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bakıda qadın qaynının məzarı üzərinə elə sözlər yazdı ki... - ŞOK TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda qaynının qəbri üzərində təhqiredici hərəkətlərdə ittiham olunan Kifayət Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Kifayət Hüseynova 2020-ci ilin iyul ayının əvvəllərində 26 iyul 2007-ci ildə ölmüş və Zabrat qəsəbəsi, İstixana Kombinatının yaxınlığında qəbirstanlıqda dəfn olunmuş Səlimin (cinayət işində adı keçən şəxslərin bəzilərinin adları şərti verilib – red.) qəbiri üzərinə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə əxlaqsız söz və ifadələr olan mətnlər yazıb.

İstintaq orqanı tərəfindən Kifayətin barəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Kifayət ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci il tarixdə vəfat edən Səlim onun qaynı olub: “Səlim vəfat etdikdən sonra onun həyat yoldaşı Səidə ilə uzun illərd aramızdakı ev və torpaqla bağlı mübahisələr qızışdı. Ev və torpağa görə dəfələrlə baldızım Nərmin və Səlimə ilə aramızda münaqişələr baş verib. Münaqişələr bu gün də davam edir”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mülk davası ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib: “Məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə baldızım Nərmin və qaynımın həyat yoldaşı Səidə ilə söhbət etmək istəmişəm. Amma onlar mənimlə görüşüb söhbətləşməkdən yayınıblar. Sonuncu dəfə iyul ayının əvvəllərində Nərmin və Səidə ilə söhbət etmək istədim.

Onlar yenidən mənimlə görüşərək söhbət etməkdən yayındıqları üçün buna əsəbiləşdim. Zabrat qəsəbəsi, İstixana Kombinatının yaxınlığındakı qəbirstanlıqda dəfn edilmiş qaynım Səlimin məzarının üstünə gəldim. Yoldan qırmızı rəngli marker qələm almışdım. Məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli marker flomasterlə Nərmin və Səlimə barəsində nəlayiq ifadələr yazdım”.

Kifayət bildirib ki, daha sonra markeri tullayaraq baldızı Nərminin həyata yoldaşı İslamın yanına gəlib və onunla görüşüb: “İslamla görüşündə ondan payıma düşən ev və torpağın verilməsini tələb etdim. Onunla uzun söhbətlər apardım. İslamla söhbətdən yaşadığım evə getdim. Səlimin məzar daşına nəlayiq ifadələr yazmaqda məqsədim öz sözlərimi Nərmin və Səliməyə çatdırmaq olub”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə bildirib ki, Kifayət onun qaynının yoldaşıdır: “Kifayətlə aramızda dəfələrlə mübahisə olub. Müxtəlif vaxtlarda evimə gələrək məni nalayiq ifadələrlə təhqir edib.

11 avqust 2020-ci il saat 13.30-da yaşadığım evdə olduğu zaman baldızım Nərmin mobil telefonuma zəng etdi. Telefona cavab verdiyim zaman baldızım mərhum həyat yoldaşım Səlimin məzarını ziyarətə getdiyini, bu zaman qəbir üstü abidənin üzərində qırmızı rəngli qələmlə nəlayiq ifadələrin yazıldığını bildirdi. Baldızıma qəbiristanlığa gələcəyimi bildirdim.

Dərhal evdən çıxdım və mərhum həyat yoldaşımın məzarı yerləşən qəbirstanlığa gəldim. Ora çatdıqda mərhum həyat yoldaşımın qəbirüstü abidəsinin üzərində qırmızı rəngli qələmlə gözlə kənardan görünən şəkildə nəlayiq ifadələr yazıldığını gördüm”.

Zərərçəkmişin ifadəsinə görə, yazının qaynının keçmiş həyat yoldaşı Kifayət tərəfindən yazıldığını başa düşüb: “İlk əvvəl yazılanları silmək istədim. Lakin sonradan polisə bu barədə məlumat verəcəyimiz üçün bunu etmədik”.

Səidə ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilib. O, Kifayəti bağışladığını etiraf edib.

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.

Kifayət 7 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Ona həmçinin 1000 manat cərimə cəzası təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm