• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Neft kabusu, devalvasiya xofu və Rusiyanın gizli planı - HESABAT

  • Hesabat
  • 14 Fevral 2016 17:25
  • 3 130 Baxış
Neft kabusu, devalvasiya xofu və Rusiyanın gizli planı - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı içində olduğu böhrandan çıxmaq üçün yenə də çapaladı. Yaponiyanın pul vahidi yen həddindən artıq gücləndi və birjada itkilər baş verdi. Nəticədə proses Mərkəz Bankın mənfi faiz qərarının və baş nazir Şinzo Abenin iqtisadi siyasətinin sorğulanmasına gətirib çıxardı.

Avro Bölgəsi iqtisadi artım rəqəmlərini açıqladı. Yunanıstan həmişəki kimi geridə qaldı. İranın isə satacağı neftin qiyməti bəlli oldu.

Çin və Rusiya devalvasiyaya hazırlığa başladılar.

Gündoğar ölkədə iqtisadi zəlzələ

Başlayaq yendən. Yaponiya pul vahidi yenin həddindən artıq güclənməsi və birjadakı itkilər Mərkəz Bankın mənfi faiz qərarının və baş nazir Şinzo Abenin iqtisadi siyasətinin sorğulanmasına gətirib çıxardı.

Dollar yen qarşısında Yaponiyanın ixracını təhlükəyə salacaq şəkildə son 15 ayın ən aşağı səviyyəsinə düşdü.

“Toyota”, “Honda”, “Nissan” kimi iqtisadiyyatın lokomativ şirkətlərinin səhmləri orta hesabla 6 faiz dəyər itirdi.

Ölkənin Mərkəz Bankının rəhbəri Haruhiko Kuroda qlobal bazarlarda yaşanan sərt enişin səbəbini investorların həddindən artıq ehtiyatlı davranması və riskdən qaçmaları ilə əlaqələndirdi. Kuroda mənfi faiz qərarına yönəldilən tənqidləri rədd etdi və qərarlarının borc xərclərini salaraq iqtisadiyyatın canlanmasına səbəb olacağını iddia etdi.

Avrozona

19 üzvdən ibarət Avro Bölgəsi 2015-ci ilin son üç ayında əvvəlki rüblə müqayisədə 0.3 faiz artıb. “Eurostat”ın məlumatlarına görə, eyni dövrdə 28 üzvdən ibarət Avropa Birliyinin artım nisbəti 0.3 faiz təşkil edib. Ümumi Daxili Məhsulun artım nisbəti isə Avro Bölgəsi üçün 1.5 faiz, Avropa Birliyi üçün 1.8 faiz olub. Belə ki, keçən ilin son rübündə Almaniya 0.3, Fransada 0.2, İtaliyada 0.1 və İspaniyada 0.8 faiz iqtisadi artım baş verib. İtaliya üçün bu nisbət ilin ən aşağı artımı mənasını verir.

Bölgədə Yunanıstan, İtaliya və Portuqaliyadan sonra ən çox xarici borc İspaniyada qeydə alınıb.

Yunanıstandan söz açmışkən, Avropanın ən problemli ölkəsi Yunanıstanın iqtisadiyyatının 2015-ci ilin dördüncü rübündə 0.6 faiz azalması Avro Bölgəsində, eləcə də Avropa Birliyində sənaye istehsalı rəqəmlərinin 1 faiz kiçilməsinə səbəb olub.

İsveç Mərkəzi Bankı olan "Riksbank" inflyasiyanı canlandırmaq və milli valyutanın - kronun revalvasiyasının qarşısını almaq üçün uçot dərəcəsini -0,5%-ə endirib. Xatırladaq ki, "Riksbank"ın uçot dərəcəsi buna qədər -0,35% olub.

Qeyd edək ki, faizlərin bu səviyyəyə enməsini "Bloomberg" agentliyinin anket sorğusuna qatılan 18 analitikdən 10-u ehtimal edib. Bank istiqraz alışının bu ilin ilk yarısında davam edəcəyini bildirib.

"Riksbank" Avropa Mərkəzi Bankının monetar ekspansiyanın davam edə biləcəyi ilə bağlı açıqlamasından sonra bu qərarı qəbul edib.

Qeyd edək ki, İsveçdə ÜDM artımının 2015-ci ilin III rübündə 3,9% olmasına baxmayaraq, dekabrda inflyasiya 0,9% təşkil edib.

İran

Yola saldığımız həftə bazara yeni qədəm qoyan İran satacağı neftin qiymətini açıqladı. “Iran Heavy” neftinin bir bareli Səudiyyə Ərəbistanı neftindən 1.25 dollar ucuz olacaq.

Bildirək ki,Qərbin sanksiyaları dayandırmasından sonra İran Avropaya gündə 300 000 barrelə qədər xam neft ixrac etməyi planlaşdırır. Bu barədə “Wall Street Journal” İranın neft naziri Bijan Zəngənəyə istinadən bildirib.

İran ilk dəfə rəsmi olaraq Avropaya neft ixracı barədə ehtimal etdiyi rəqəmi səsləndirib. 2012-ci ildə əksər Qərb ölkələri nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyalar elan edənə qədər Avropa İran üçün ən vacib bazar idi. Zəngənə bildirib ki, növbəti bir neçə ay ərzində İran Asiya ölkələrinə nəql hesabına neft ixracatını gündə 500 000 barrelə qaldırmağa cəhd edir.

İran 2016-2017-ci illər üçün dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan hesablayıb. Bu barədə də İranın neft naziri Bijən Zəngənə bildirib. Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq.

Səudiyyə Ərəbistanı isə 2016-cı il üçün dövlət büdcəsində neftin baza qiymətini 29 dollardan götürüb.

Türkiyə

Türkiyə isə 2015-ci ildə daşınmaz əmlak bazarının nəticələrini yaydı. Məlum oldu ki, ötən il xaricilərə 22 991 ev satılıb. Ən çox ev alan iraqlılar olub. Onlar 4 228 evlə ilk sırada qərarlaşıblar.

Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 2 704 ev alıblar. Bununla da siyahının ikincisi olublar.

Küveytlilər 2130, Rusiya vətəndaşları 2036 ev, İngiltərə vətəndaşları 1054 ev alıblar. Xaricilərin 70 faizi İstanbul, Yalova, Antalya və Sakaryada ev sahibi olublar. Bu siyahı üzrə alıcıları qruplaşdırsaq, Səudiyyə Ərəbistanı vətəndaşlarının təxminən yarısı İstanbul, Trabzon, Yalova və Bursada ev alıblar. Küveytlilər isə Bursa, İstanbul, Aydın, Sakarya və Kocaeli daxil olmaqla, 15 bölgədə mənzil alışı reallaşdırıblar.

Rusiya vətəndaşlarının 75,2 faizi Antalya, İstanbul, Mersin və Muğla daxil olmaqla 19 bölgədə ev sahibi olublar.

İngilislərin 5,8 faizi Muğla, Aydın və Antalya daxil olmaqla, Türkiyənin 16 bölgəsində ev alıblar.

Xaricilərlə aparılan alğı-satqı əməliyyatlarının 93,5 faizi 10 bölgədə reallaşıb. Xaricilər təkcə İstanbuldan 7 493 ev alıblar. İstanbulda ən çox əmlak Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Əfqanıstan vətəndaşları tərəfindən alınıb.

Antalyada isə 6072 ev satışı həyata keçirilib. Bu kurort şəhərində ən çox əmlak alanlar Rusiya, İraq, Ukrayna və Almaniya vətəndaşlarıdır.

Bursada 1501 ev satılıb. Bu mənzillərin təxminən yarısını Küveyt vətəndaşları alıblar.

Rusiya

Rusiyadadan da xəbər var. Hökümət 10.5 milyard dollarlıq maliyyə təşviqi proqramının tətbiqinə hazırlaşır. Neftin qiymətinin ucuzlaşması səbəbindən iqtisadi böhran yaşayan ölkədə keçən il iqtisadiyyat 3.7 faiz daralıb. İqtisadiyyatı canlandırmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən belə bir proqram hazırlanıb. Böhranla mübarizə sənədinin dövlət başçısı Vladimir Putinə təqdim edilməsi gözlənilir. Proqramda regional büdcələrə borc verilməsi, avtomobil sənayesi və Rusiya dəmiryolları şirkətinin dəstəklənməsi irəli sürülür. Ancaq bu mövzuda hazırlanan və “Bloomberg” tərəfindən ələ keçərilən təklif qaralamasına görə, bazara yönəldiləcək 828 milyard rublun federal büdcə, böhranla mübarizə fondu və digər milli fondlardan təmin ediləcək hissəsi xaricindəki 134 milyard rublun qaynağı göstərilmir.

Rusiya höküməti təkcə maliyyə təşviqi proqramına deyil, devalvasiyaya da hazırlıq görür. Belə ki, hökumət neftin qiymətinin büdcədə nəzərdə tutulan 50 dollar/barel həddindən təxminən iki dəfə aşağı olması səbəbindən büdcədə yaranan kəsiri milli valyutanın - rublun devalvasiyası hesabına örtməyə çalışa bilər. Maliyyə analitiklərinin fikrincə, Rusiya hökuməti büdcə kəsirini örtmək üçün rublun devalvasiya həddini qeyri-formal olaraq müəyyənləşdirmək imkanlarını araşdırır. Bu məqsədlə Rusiya Bankının (mərkəzi bank) valyuta bazarına müdaxiləsi (valyuta intervensiyası) artırıla bilər. Hökumət rublun məzənnəsinin hər hansı hədəf səviyyəsini rəsmi açıqlamaq fikrində deyil. Rusiya Bankı hər bəyanatında rublun məzənnəsinin tələb və təklif əsasında formalaşdığını qeyd edir. Lakin rublun devalvasiyası üçün Mərkəzi Bankın əlində hər cür imkan var və əsas məqsəd neftin bir qədər də ucuzlaşması halında rublun möhkəmlənməsinə imkan verməməkdir.

Rusiya hökuməti 2016-cı il büdcəsində neftin baza qiymətini 50 dollar/bareldən götürsə də, hələ ki, real qiymət 30 dollar/barel ətrafındadır. Qiymətlərin bu səviyyəsində büdcədə 3% kəsiri təmin etmək üçün 2,5 trln. rubl (31,7 mlrd. dollar) vəsaitə ehtiyac yaranır.

Maliyyə naziri Anton Siluanov yaranan kəsiri örtmək üçün Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə biləcəklərini vurğulayıb.

Dekabr ayında "Bank of America Merril Lynch" açıqladığı hesabatında neftin qiymətinin 30 dollar/barel səviyyəsində qalacağı təqdirdə, Rusiyada dolların məzənnəsinin 100 RUR/USD-dən artıq olacağını proqnozlaşdırıb.

Bankın ekspertləri bildiriblər ki, neft 40 dollar/barel olarsa, məzənnə 84 RUR/USD olmalıdır.

Qeyd edək ki, hazırda Rusiyanın mütəşəkkil valyuta bazarında dolların məzənnəsi 79 rubla bərabərdir.

Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, dolların məzənnəsinin 1 rubl artması büdcə gəlirlərini 35-40 mlrd. rubl artırır. Lakin "Bank of America Merril Lynch"in baş iqtisadçısı Vladimir Osakovskiyə görə, rublun devalvasiyasının inflyasiyada xüsusi çəkisi 2015-ci ildə 60% təşkil edib. Hazırda yeni bir devalvasiya hökumətin 4% inflyasiya hədəfinə zərər yetirə bilər.

Bu arada, Rusiyada vətəndaşlarının xərcləri son 17 ildə ilk dəfə gəlirlərini üstələyib. Bu göstəricilər arasında fərq 420 milyard rubl təşkil edib.

Rusiya Statistika Komitəsi və Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təqdim etdiyi rəqəmlərdə bildirilir ki, analoji vəziyyət sonuncu dəfə 1998-ci ildə müşahidə edilib.

Ölkə vətəndaşlarının daha da geriləməsinin əsas səbəbləri kimi əmtəə və xidmətlərin xərclərinin azalması, ev təsərrüfatlarının kreditlərinin tez şəkildə ödənilməsi, habelə əmanətlərə ayırmaların artması göstərilir. Məsələn, əmtəə və xidmətlərə çəkilən xərclərin payı 71,3%-ə (il ərzində 4 faiz bəndi) qədər azalıb. Bu, son üç ildə ən böyük azalma hesab edilir. Belə ki, 2014-cü ilin dekabr ayında rusiyalılar müxtəlif əmtəələrin alınmasına gəlirlərinin 52,4 faizini xərcləyiblər. Bu göstərici 2015-ci ilin analoji dövründə 45,6% olub.

Ötən ilin nəticələrinə görə, rusiyalılar kreditlərinin tam ödənilməsinə 5,7 mlrd. rubl (ödənişlərin faizi açıqlanmır) xərcləyib. Öz növbəsində, xarici valyutanın alış həcmi 12 mlrd. dollaradək azalıb (2014-cü ildə 40,7 mlrd.). Mütəxəssislər bunu əhalinin rubl mənbələrinin kəskin azalması ilə izah edirlər.

Bu il fevralın əvvəlində məlumat verilirdi ki, rusiyalıların vaxtı keçmiş borclarının (problemli kreditlərinin) həcmi 46% artaraq rekord artım göstərib (230 mlrd. rubla qədər).

Rusiya Mərkəzi Bankının məlumatına görə, rusiyalılar maliyyə təşkilatlarına 10,27 trln. rubl borcludurlar. Bu məbləğin 1,1 trln.-u (10,71%) vaxtı keçmiş kreditlərdir (borc).

Çin

Çində də devalvasiya qaçılmaz görünür.Çin iqtisadiyyatındakı yavaşlama ölkənin bank sektorunu getdikcə çətin vəziyyətə salır.

ABŞ-ın "Hayman Capital Management" investisiya şirkətinin araşdırmalarına əsasən, hazırda investorlar Çində baş verən iqtisadi yavaşlamanı xammal qiymətlərinin düşməsinə və ölkədən kapital axını ilə əsaslandırırlar. Amma yaxın aylarda investorlar Çində yaranan böhranlı situasiyanın episentrində bank sisteminin və onun itkilərinin olduğunu görəcəklər.

Analitiklər, iqtisadçılar və investorlar itkilərin həcmini hesablayıb Çinin valyuta ehtiyatları ilə müqayisə etdikləri zaman bank sektoru əsas problem olaraq ortaya çıxacaq.

"Hayman Capital Management" bildirir ki, Çin iqtisadiyyatında yavaşlama davam etdikcə problemli kreditlərin həcmi artacaq, bu da öz növbəsində işsizliyin artmasına, kreditləşmənin azalmasına və əmanətçilər tərəfindən panika halında vəsaitlərin banklardan çıxarılmasına səbəb olacaq.

Şirkət Çin hökumətinin bu vəziyyətdən çıxması üçün əlində bir neçə preventiv tədbir olduğunu açıqlayıb:

1) Uçot dərəcələrini aşağı salaraq banklara problemli kreditlərini balanslarında saxlamaq imkanı vermək -bu durumda kapital aşağı faiz səbəbindən xaricə qacmağa başlayacaq, valyuta ehtiyatları azalacaq və yuan zəifləyəcək.

2) Valyuta ehtiyatlarını bankların rekapitalizasiyası üçün istifadə etmək -bu durumda banklar fəaliyyətlərinə "yeni səhifə"dən başlaya bilsələr də, valyuta ehtiyatları tükənəcək. Yuan yenidən təzyiqlərlə üzləşəcək.

3) Bankların rekapitalizasiyası üçün pul çap etmək -bu durumda banklar "yeni səhifə"dən fəaliyyətlərinə başlaya bilsələr də, Çin Xalq Bankının (Çin Mərkəzi Bankı) balansının genişlənməsi valyuta məzənnəsinə neqativ təsir edəcək.

4) İqtisadiyyata fiskal dəstək verilməsi -bu durumda bir çox sektorda canlanma yaransa da, bank faizləri artmağa başlayacaq. Çin investisiyalarının artması xarici ticarət balansının profisitini azaldacaq və yuana təzyiqlər artacaq.

"Hayman Capital Management" hesab edir ki, Çin hökuməti iqtisadiyyatında qeyri-tarazlığı aradan qaldırmaq üçün Yaponiya, Rusiya, Braziliya, Meksika və Avrozona kimi devalvasiyaya getməlidir.

Onu da bildirək ki, Çin maliyyə bazarları bir həftəlik bayram fasiləsindən sonra bazar ertəsi -fevralın 15-də işini davam etdirəcək. Bu həftə qlobal maliyyə bazarlarında baş verən çalxanmanın Çin fond birjalarına və yuana necə təsir edəcəyi qeyri-müəyyəndir. Məzrkəzi bankın bugünkü bəyanatının da məhz bazarda inamın yaradılması üçün verildiyi bildirilir.

ÇXB-dən verilən məlumata əsasən, ölkənin valyuta ehtiyatları bu ilin yanvarında 99,5 mlrd. dollar azalaraq 3,23 trln. dollara enib. Ötən il isə valyuta ehtiyatları 500 mlrd. dollardan çox azalıb.

İş dünyası

İngilis lüks avtomobil istehsalçısı “Rolls Royce” bu il hissə sahiblərinə edəcəyi mənfəət payı ödəmələrini yarıya endirib. İllik mənfəətinin 16 faiz azaldığını açıqlayan “Rolls Royce” 1992-ci ildən sonra ilk dəfə dividend ödəmələrində kəsilməyə getmə qərarı verib.

Eyni zamanda, dünyanın ikinci ən böyük təyyarə mühərriki istehsalçısı şirkətin keçən il vəzifəyə gətirilən baş meneceri (CEO) Uorren East orta və üst səviyyə idarəçiləri daxil olmaqla, işçilərin işdən çıxarılmasının davam edəcəyini söyləyib.

ABŞ şirkətləri ölkədəki qazma buruqlarının 2/3 hissəsində fəaliyyəti dayandırıblar". "Total" şirkətinin başçısı Patrik Puyanne "International Petroleum Week" forumunda deyib ki, 2015-ci ilin mart ayından etibarən ABŞ-da şist neftin hasilatının azalmasını müşahidə edirlər: “Hasilat gündə 500 min barel həcmində azalıb. İstehsalın hansı templə aşağı düşəcəyini bilmirik. Amma bilirik ki, qazma buruqlarının 2/3 hissəsi fəaliyyət göstərmir".

"Total"ın rəhbəri dünya bazarında neft artıqlığının 2% təşkil etdiyini qeyd edib. Eyni zamanda, o, ötən əsrin 80-90-cı illərində bazarda aşağı tələb olmasına baxmayaraq, artıq neft payının 7% olduğunu xatırladıb.

P.Puyanne hazırda neftin qiymətilə bağlı proqnoz verməyin mümkünsüzlüyünü də əlavə edib: "Neftin sabit qiyməti yoxdur. Bu gün bir barel 40 dollara, sabahsa 80 dollara satıla bilər. Buna görə də məsələn, 60 dollar/barel sabit qiymətindən danışa bilmərik".

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə diqqətlər yenə bank sektoruna yönəldi. Lisenziyası geri alınan bəzi banklar müflis elan edildi, bəzilərində əmanətlərin qaytarılmasına start verildi.

Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlakdan qazancını açıqladı. Məlum oldu ki, fondun 2012-ci ildə əldə etdiyi və dəyəri 177,350 mln. funtsterlinq olan Londonun Seynt Ceyms,78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 mln. funt sterlinq məbləğində gəlir əldə edilib.

Yeri gəlmişkən, hazırda bu əmlakın bazar dəyəri 213 mln. funtsterlinq məbləğində (daşınmaz əmlak üzrə beynəlxalq məsləhətçi şirkət olan “Knight Frank” tərəfindən 2015-ci ilin sonuna olan qiymətləndirməyə əsasən) qiymətləndirilir ki, London daşınmaz əmlak bazarının yüksək likvidliyi də nəzərə alınaraq bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür.

Ümumilikdə, 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30%-dən yüksəkdir (orta illik gəlirlilik təqribən 10% təşkil edib).

Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi 2015-ci ilin dekabr ayında kəskin artıb. Artım əsasən nağd dollarla mübadilə əməliyyatlarında baş verib. Belə ki, nağd dollar ilə valyuta əməliyyatları dekabrda noyabr ayı ilə müqayisədə 2 dəfədən çox artaraq 1 596 549 400 dollar təşkil edib. Hesabat ayında kommersiya banklarının əhalidən aldığı nağd dollar kütləsi noyabrla müqayisədə 6,5% azalaraq 194 200 800 dollar təşkil edib. Əhalinin dollar tələbi isə hesabat ayında aylıq müqayisədə 1,4 dəfə artaraq 1 402 438 600 dollar təşkil edib.

Qeyd edək ki, əhalinin dollar tələbi dekabr ayında 2015-ci il ərzində fevral və apreldən sonra ən yüksək 3-cü hesabat ayı olub. İl ərzində dollara maksimal tələb isə fevralda (2 885 467 000 dollar) müşahidə olunub.

Beləliklə, dekabr ayında bankların xalis dollar satışı 1 208 237 800 dollar təşkil edib. Bu, aylıq müqayisədə 2,2 dəfə çoxdur. Ümumilikdə isə 2015-ci il ərzində kommersiya bankları tərəfindən əhalidən dollar alışı 3 478 205 900 olub. Bu, 2014-cü ilin yekunundan 3% çoxdur. Əhalinin dollara olan tələbatı isə 12 317 396 400 dollar təşkil edib və 2014-cü illə müqayisədə bu, 31,4% artıqdır. Əhalinin xalis dollar tələbi 2015-ci ilin yekununda 8 839 190 500 dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 47,4% çoxdur.

Ötən il kommersiya bankları tərəfindən, həmçinin, 245 264 400 avro alınıb ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 32,2% azdır. Əhalinin avroya olan tələbatı 2015-ci ildə əvvəlki ilə nisbətən 48,5% azalaraq 1 074 476 900 avro təşkil edib. Avropa valyutasının 2015-ci il ərzində xalis satışı 829 212 500 təşkil edib ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 52% azdır.

Keçən il ərzində kommersiya banklarının rubl alışı 2014-cü ilə nisbətən 23,7% azalaraq 9 551 580 200 rubl təşkil edib. Əhalinin rubl ehtiyacı isə hesabat dövründə 2014-cü ilin yekunu ilə müqayisədə 0,9% azalaraq 2 385 745 800 rubl təşkil edib. Bu dövr ərzində kommersiya bankları tərəfindən xalis rubl alışı baş verib və bu, 7 165 834 400 rubl təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 29,1% azdır.

Məndən bu qədər...

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR