Neftdə yüksəliş həftəsi: OPEK susur, BVF danışır...
Bizi izləyin

Hesabat

Neftdə yüksəliş həftəsi: OPEK susur, BVF danışır...

Yola saldığımız həftə neftin qiymətinin yenidən 35 dollara yüksəlməsi bazarların ümidlərini artırdı. OPEK və qeyri-OPEK neft istehsalçıları isə xammal bazarındakı vəziyyəti nizamlamaq üçün görüşlərini martın ortalarına saxladılar.

Avro bölgəsinin iqtisadi güvəni azaldı, ABŞ iqtisadiyyatı 1 faiz də artdı.

Şanxayda toplaşan G20 maliyyə nazirləri və mərkəz rəhbərləri iqtisadi artım,eləcə də məşğulluq probleminin həlli üçün nəzərdə tutulan struktur islahatlarını müzakirə etdilər.

London və Almaniya fond birjası birləşdi.

Azərbaycan büdcə dəyişikliklərinə getdi.

Çin Bankı kisəsinin ağzını açdı...

Başlayaq avrozonadan. Bölgədə iqtisadi güvən son 8 ayın ən aşağı səviyyəsinə enib. İqtisadi güvənin ikinci ayda da azalması Avropa Mərkəzi Bankının təşviq ehtimallarını gücləndirib.

Çin Xalq Bankı isə ölkənin maliyyə sisteminə 340 mlrd. yuan (52 mlrd. dollar) həcmində maliyyə resursları təqdim etdi. Əməliyyat əks-repo aləti (əsasən bir həftəlik, illik 2,25% gəlirliklə) vasitəsilə həyata keçirildi. Bununla da ÇXB həftə ərzində maliyyə sisteminə ikinci analoji intervensiya reallaşdırdı. Belə ki, bank fevralın 23-də əks-repo əməliyyatı vasitəsilə maliyyə sisteminə 130 mlrd. yuan (20,1 mlrd. dollar) həcmində likvid vəsait vermişdi.

Likvidliyin artmasına baxmayaraq, Şanxay Fond Birjası indeksi (Shanghai Composite) 4%-ə yaxın azalaraq 2 800 bəndə düşüb.

Yola saldığımız həftə G20 maliyyə nazirlərinin, mərkəz rəhbərlərinin iclası da reallaşdı. Toplantı Çinin Şanxay şəhərində baş tutdu. Müzakirələrin əsasını iqtisadi artım və məşğulluq probleminin həlli üçün nəzərdə tutulan struktur islahatları təşkil etdi. İngiltərənin Avropa Birliyinə üzvlüyünə dair mübahisələr də gündəmin əsas mövzusu oldu.

Beynəlxalq Valyuta Fondu isə "Qlobal gözləntilər və siyasətlərin yaratdığı çətinliklər" adlı hesabatını dərc etdi. Hesabatda qeyd edilir ki, qlobal iqtisadiyyat çox zəifləyib və gözlənilmədən baş verən hər hansı bir şoka qarşı çox həssaslaşıb.

İqtisadiyyatın hərəkətsiz qalması və qlobal iqtisadi artımın yavaşlaması amillərinə diqqət çəkən BVF bu situasiyadan çıxış yolunu G-20 ölkələri başda olmaqla, çoxtərəfli yeni siyasətin tətbiqində gördüyünü qeyd edib.

BVF rəhbəri Kristin Laqard qlobal iqtisadi yavaşlamanı bir neçə amillə bağlayıb. Onun fikrincə, bu, Çin iqtisadiyyatındakı artımın yavaşlamasının inkişafda olan ölkələrə təsiri, azalan xammal qiymətləri və fond birjalarındakı zəifləmə ilə bağlıdır. K.Laqard bütün çətinliklərə baxmayaraq, qlobal iqtisadiyyatın 2016-cı ildə artım göstərəcəyinə inandığını deyib.

Dünya ölkələrinin iqtisadiyyatları problemlərin məngənəsindəykən ABŞ iqtisadiyyatı 2015-ci ilin son rübündə 1 faiz də artaraq proqnozlardan daha yaxşı göstərici nümayiş etdirib. Ölkənin Ticarət Nazirliyinin məlumatına görə, ümumi daxili məhsul (GSYH) keçən ilin 4-cü rübündə 1 faiz artıb.

Son rəqəmlər ABŞ iqtisadiyyatında keçən ilin ikinci və üçüncü rübündə qeydə alınan yüksək böyümə sürətinin dördüncü rübdə əhəmiyyətli ölçüdə düşdüyünü göstərir. 2015-ci ilin bütün rüblərinə nəzər saldıqda, Amerika iqtisadiyyatının 2,4 faiz artığı məlum olur.

İki nəhəng birləşdi

Həftənin daha bir önəmli hadisəsi Almaniya və London fond birjalarının birləşməsi oldu. Belə ki, Almaniya fond birjası "Deutsche Boerse" və İngiltərənin fond birjası "London Stock Exchange"(LSE) birləşdilər. 30 mlrd. dollar kapitalla yeni Avropa birja şirkəti yarandı. Onu da bildirək ki, yeni şirkət Londonda yerləşəcək və ona "Deutsche Boerse"nin baş icraçı direktoru Karsten Kenqeterin rəhbərlik edəcək.

"Deutsche Boerse" və LSE Avropa bazarlarına daxil olan ABŞ fond birjası şirkətlərinə rəqib olan 30 mlrd. dollar sərmayəli şirkət yaratmaq üçün son 16 ildə 3-cü dəfə təşəbbüs göstəriblər. Fevralın 26-da hər iki şirkət müqavilənin parametrlərini dərc ediblər. Bu parametrlər müvafiq nəzarət orqanları tərəfindən təsdiq olunmalıdır. Yeni şirkətin yaranması baş tutarsa o, Britaniya hüquqi şəxs reyestrinin strukturuna daxil olacaq və məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərəcək, London və Frankfurt olmaqla, iki baş ofisi olacaq.

Hər iki şirkət birləşmə nəticəsində qlobal birja operatorları bazarında güc balansının dəyişəcəyinə ümid etdiklərini bildiriblər. Anlaşma Avropanın maliyyə mərkəzi sayılan Londona Britaniyanın iyunda keçiriləcək Avropa İttifaqından (Aİ) ayrılma referendumuna baxmayaraq, Aİ ilə əlaqələrini saxlamaq imkanı verəcək.

Ruslar üçün Belarus daha cəlbedicidir...

Rusiya banklarının Belarusdakı törəmə qürumları ölkə vətəndaşlarının valyuta əmanətlərinin bu ölkədə artmağa başladığını qeyd ediblər. Rusiya vətəndaşlarının Belarus banklarına əmanət yatırmaq istəmələrinin arxasında yüksək faiz və əlverişli sığorta şərtləri durur. Belə ki, Belarusda bank bağlandığı təqdirdə əmanətin faiz və miqdarından asılı olmayaraq hamısı açıldığı valyutada əmanətçiyə ödənir.

Rusiyalı valyuta əmanətçilərinin aktivliyinin kəskin artması barədə Rusiyanın "Alfa-bank"ının Belarusdakı törəməsi "Alfa-bank Belarus"dan xəbər verilib. Bankdan verilən məlumata görə, 2015-ci ilin noyabrından 2016-cı ilin yanvarına qədər rusiyalı müştərilərin əmanətlərindəki artım 17% olub. Amma bu göstərici noyabrdan əvvəlki 9 ayda sadəcə 9% təşkil edib.

Rusiyanın "Qazprombank"ının Belarusdakı törəməsi "Belqazprombank"dan verilən məlumata görə isə son 3 ayda rusiyalıların əmanətləri 30% artıb.

Qeyd edək ki, Belarusda valyuta əmanətləri üzrə yuxarıda sadalanan kredit təşkilatlarında orta fazi dərəcəsi 5% təşkil edir. Onların Rusiyadakı əsas müəssisələrində isə bu göstərici 2,5%-i keçmir. Belarusda sığorta ödənişinə məhdudiyyət olmadığı halda Rusiyada bu 1,4 mln. rubl təşkil edir. Belarusda kompensasiya əmanətin qoyulduğu valyutada ödənilərkən Rusiyada rublda həyata keçirilir.

Ekspertlərin fikrincə, Belarus banklarına əmanət qoymaq da risklidir. Belə ki, mövcud qanunvericilik hər an dəyişə, üstəlik, xaricə valyuta çıxarılmasına məhdudiyyət qoyula bilər.

Bundan başqa, əlavə nəqliyyat xərcləri ortaya çıxır ki, bu da əmanət hesabının açılması üçün Rusiya vətəndaşının şəxsən Belarusa gəlməsi məcburiyyətindən yaranır.

Rusiya Bankının (Rusiya Mərkəzi Bankı) 2016-cı il yanvarın 1-nə açıqladığı hesabata görə rusiyalıların banklarda 23,3 trln. rubl (307 mlrd. dollar) əmanətləri var ki , bunun da 6,9 trln. rublu (91 mlrd. dollar) və ya 29,6%-i valyuta əmanətidir.

İş dünyası

“Royal Bank of Scotland” (RBS) 2015-ci ildə 1,98 milyard sterlinq zərərə uğrayıb. Bankın 2015-ci ildəki dəqiq zərəri 2014-ci ildəki dəqiq zərəri ilə müqayisədə 43% azalıb. İngilis bankı 2014-ci ildə 3,47 milyard sterlinq dəqiq zərər açıqlamışdı. Xatırladaq ki, İngilis hökumətinin “Royal Bank of Scotland” da (RBS) 73, “Lloyds Banking” qrupunda isə 9,89 faiz hissəsi var.

Çinli ağıllı cib telefonu istehsalçıları isə Barselona şəhərində təşkil edilən Mobil Dünya Konqresinə damğasını vurdu. Qarşıdakı illərdə Çin şirkətlərinin ucuz mobil telefon vasitəsi ilə dünya bazarında əhəmiyyətli paya sahiblənəcəkləri gözlənilir. Nəzərə çatdıraq ki, artıq “Huawei” “Apple” və “Samsung”u qabaqlayır. Çünki “IPhone” və “Samsung Galaxy” 650 dollardan satıldığı halda çinlilərin istehsal etdiyi ağıllı cib telefonlarının satış qiymətləri 200 dollardır.

Azərbaycan...

Gəldik çıxdıq öz ölkəmizə. “Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BBB-" investisiya səviyyəsindən "BB+"a endirib. Reytinq üzrə proqnoz "mənfidir". Agentliyin press-relizində bildirilir ki, neftin aşağı qiymətləri büdcənin vəziyyətinin xeyli pisləşməsinə səbəb olub.

Yola saldığımız həftənin daha bir önəmli hadisəsi Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinə dəyişikliklərin təsdiqlənməsi oldu. Məlumat üçün qeyd edim ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822,0 mln. manat həcmində təsdiqlənib. Büdcə gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində 1 615,0 mln. manat və ya 26,9% artırılıb, ABŞ dolları ifadəsində isə 1 000,0 mln. dollar azaldılıb.

Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektoru, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir, sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 25 dollar/barel götürülüb.

Cari ilin dövlət büdcəsində məxaric 18 495,0 mln. manat təşkil edəcək.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Büdcə xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Büdcə kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Müdafiə xərcləri 2 228,835 mln. manat nəzərdə tutulub.

Nəticədə icmal büdcənin gəlirləri 15 738,6 mln. manat, xərclər isə 24 566,6 mln. manat həcmində təsdiq edilib.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm