Türkiyə iqtisadiyyatına zərbə, neftlə bağlı yeni ümidlər - HESABAT
Bizi izləyin

Hesabat

Türkiyə iqtisadiyyatına zərbə, neftlə bağlı yeni ümidlər - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı ənənəvi problemləri ilə əlləşdi. Rusiya ilə münasibətlərə yenicə su səpən Türkiyədə hərbi çevrilişə cəhd isə ölkənin vəziyyətini pisləşdirdi. Lirə dollara nisbətdə ucuzlaşdı, tur səfərləri təxirə salındı.

Başlayaq İngiltərə Mərkəzi Bankından. BoE "Brexit"dən sonrakı ilk iclasında uçot dərəcələrini dəyişdirmədi. Və 0,5% səviyyəsində saxladı. BoE-nin bu qərarı maliyyə bazarları tərəfindən sürpriz kimi qarşılandı. Bank, faiz dərəcələri ilə bərabər monetar ekspansiya həcmini də 375 mlrd. funt səviyyəsində sabit saxladı. Həmçinin avqust ayında əlavə iqtisadi stimullaşdırma ilə bağlı siqnallar verdi.

Xatırladaq ki, maliyyə bazarlarında 80% proqnozlar BoE-nin faizləri endirməsi istiqamətində idi. Nəticədə funt sərt şəkildə yüksəlib. Belə ki, USD/GBP məzənnəsi 1,3230 səviyyəsindən bir neçə dəqiqə ərzində 2 bənddən çox və ya 1,7% artaraq 1,345-ə yüksəldikdən sonra hazırda 1,3350 səviyyəsində sabitləşib.

FED-in faiz siyasətini necə müəyyən edəcəyi isə müzakirə mövzusu olaraq qalır. Bu məsələdə qurum üzvləri demək olar ki, ikiyə bölünüblər. Bəziləri cari ildə faiz artımını labüd hesab edir, bəziləri isə faiz artımının olmayacağını bildirirlər. FED-in Kanzas Siti sədri Ester Corc faizlərin çox aşağı olduğunu və mərhələli şəkildə artırılmasının vacibliyini irəli sürüb. Qeyd edib ki, uzun müddət faizlərin aşağı səviyyədə qalması riskə səbəb olacaq. Corc eyni zamanda faiz dərəcələrinin sürətlə artırılmasının iqtisadiyyatı yavaşladacağını da deyib: “Bununla belə faizləri uzun müddət aşağı saxlamaq da risklidir. Faizlər uzun müddət aşağı qalarsa, iqtisadi qeyri-müəyyənlik artacaq, məşğulluq azalacaq”.

FED-in Filadelfiya üzrə rəhbəri Patrik Harker 2016-cı ildə iki dəfə faiz artımına ehtiyac ola biləcəyini bəyan edib. Harker ABŞ iqtisadiyyatının “Brexit”dən (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) çox ziyan görməyəcəyini, ilin sonuna qədər iki faiz artımına gedəcəyini söyləyib: "İnflyasiyanın gələn il hədəfə yüksələcəyinə inanıram. Bu il iki dəfə faiz artımı məqsədəuyğundur. Faizlər 2018-in sonunda 3%-ə yaxınlaşacaq”.

FED faiz artımına getmək üçün, əmək bazarının yaxşılaşmasını və inflyasiyanın 2 faiz hədəfinə doğru yüksəlməsini gözləyir. Ancaq ABŞ xaricində baş verən hadisələr bazarlardakı volatilliyi artırıb. Eləcə də FED-in əl-qolunu bağlayıb.

“Brexit”in qeyri-müəyyənlik yaratdığına diqqət çəkən Harker bu qərarın çox əhəmiyyətli olmadığına işarə verib. Harker iqtisadi artımın 2016-cı ildə 2 faiz, 2017-2018-ci ildə 2.3 faiz olacağını bəyan edib.

FED-in St.Luis rəhbəri Ceyms Bullard isə faizləri artırmaq üçün tələsmədiklərini irəli sürüb: “Brexit”in ABŞ üzərində böyük təsiri olacağını düşünmürəm”.

İtaliya iqtisadiyyatı təxminən 20 il itirib. Hər halda, Beynəlxalq Valyuta Fondu belə iddia edir. Qurumun hesabatında ölkə iqtisadiyyatında uzun müddətdir davam edən resessiyanın pilləli yığışmağa başladığı deyilir. Eyni zamanda 2015-ci ildə ölkə iqtisadiyyatının 0,8 faiz böyüdüyü qeyd edilir.

Bütün bunlara rəğmən, ölkədə ciddi struktur problemlərinin olduğuna diqqət çəkilən hesabatda bildirilir ki, bank balanslarındakı geriləmə, dövlətin borcunun yüksək olması hökumətə şoklarla başa çıxmaq üçün az şans yaradır.

BVF İtaliya iqtisadiyyatının böhrandan əvvəlki istehsal səviyyəsinə 2020-ci ilin ortasına qədər qayıdacağının gözlənilmədiyini vurğulayıb.

Əvvəlcə “Brexit”, sonra Fransadakı terrorla çalxalanan Avropada banklar batır. Deutsche Bank bankların yenidən sərmayələndirilməsi üçün Avropa Birliyinin 150 milyard avroluq xilas fondu hazırlamasının vacibliyini önə çəkib. Məlum olub ki, Avropa bankları 2 trilyon avroluq ödənməyən borclarla qarşı-qarşıyadır.

Çin iqtisadiyyatından da xəbər var. Çinlilərin iqtisadiyyatı bu ilin ikinci rübündə 6.6 faiz böyüyərək 2009-cu ildəki maliyyə böhranından bu yana ən aşağı artıma imza atıb. Mütəxəssislərə görə, iqtisadi artımdakı enişin ən böyük səbəbi sənaye sektorunun güc itirməsidir. Nəzərə çatdıraq ki, Çin 2016-cı ildə 6.5-7 faiz arası iqtisadi artım hədəfləyir.

Çinin xarici ticarətinin həcmi də 2016-cı ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə dollar ekvivalentində 8,7% azalaraq 1,712 trln. ABŞ dolları təşkil edib. İlin ilk yarısında ixrac 7,7% azalaraq 985,5 mlrd. dollara, idxal isə 10,2% azalaraq 727,1 mlrd. dollara geriləyib. Beləliklə, xarici ticarətin müsbət saldosu 258,2 mlrd. dollar təşkil edib. İyun ayında ixrac keçən ilin analoji dövrü ilə müqayisədə 4,8%, idxal isə 8,4% azalıb. Qeyd edək ki, 2015-ci ilin yekununda Çinin xarici ticarəti 3,95 trln. dollar, xarici ticarətin müsbət saldosu isə 594,5 mlrd. dollar təşkil edib.

Neftin qara bəxtinin nə zaman açılacağı bu həftənin də gündəmi oldu. Beynəlxalq Valyuta Fondu (BVF) neftin barelinin qiymətinin 2020-ci ilə qədər 75 dollara yüksələcəyini deyir. Fonddan bildirilir ki, "qara qızıl"ın qiymətinin yüksəlməsi üçün zəruri şərt OPEC - neft ixrac edən ölkələr təşkilatı üzvlərinin hasilatı gündəlik 7 mln. barel azaltmasıdır. BVF-nin hesablamalarına görə, belə olan halda OPEC-in dünya neft bazarında payı 42%-dən 35%-ə azala bilər.

Fonddan həmçinin OPEC-in 2014-cü ildən etibarən fəaliyyətini araşdıraraq bildiriblər ki, bazar payının qorunması və şist neft hasilatçılarının sıxışdırılıb bazardan çıxarılması strategiyasını həyata keçirən kartel, neft bazarında sabitliyə nail olmayacaq.

BVF hesabatında vurğulayır ki, OPEC-in hazırki hasilat həcmini sabit saxlaması halında 2020-ci ilə qədər neftin qiyməti 58 dollar/bareli keçməyəcək.

Xatırladaq ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda 47 dollara bərabərdir.

İş dünyası

Ağıllı telefon üzərindən özəl taksi xidməti göstərən “Uber” Macarıstandakı əməliyyatlarını təxirə salmaq barədə qərar verdi. Şirkətdən verilən şərhə əsasən, hökumətin yeni tənzimləmələrindən sonra Macarıstandakı fəaliyyətlərini davam etdirmək qeyri-mümkün hala gəlib. “Uber” xidmətlərinə “Formula 1” yarışlarından dərhal sonra yəni iyulun 24-də xitam verəcək.

Gəldik çıxdıq öz ölkəmizə...

Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Hesabat dövründə əsas kapitala 6769,6 milyon manat məbləğində vəsait yönəldilib. Eləcə də 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 489,5 manata çatıb. İyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib. Onun 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manat olub.

Həftənin daha bir hadisəsi çoxdandır söhbəti gedən Azərbaycan və Ukrayna Odessa-Brodı neft kəmərinin bərpası barədə razılığa gəlinməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna dövlət başçısı Pyotr Poroşenko ilə görüşdən sonra “Odessa-Brodı layihəsini müzakirə etdik və layihənin bərpa edilməsinə dair göstəriş verdik", - deyə bəyan etdi. İlham Əliyev bu layihənin bərpasının yaxşı imkanlar yaratdığını söylədi.

Xatırladaq ki, Odessa-Brodı kəməri Qara dənizdə Odessa və Lvov vilayətində Brodı şəhəri (boru kəməri orada "Drujba" boru kəməri ilə birləşir - red.) arasında 2001-ci ildə inşa edilib. Amma həmin vaxtdan bəri boru kəməri 2005-2010-cu illərdə Rusiya neftinin keçik həcmlərlə Brodıdan Odessaya, 2010-2011-ci illərdə isə Belarusa tadərükü istisna olmaqla demək olar istifadə olunmamış qalıb.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm