İdman
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?

Bu günlərdə Azərbaycanda yenidən futbol coşqusu hiss olunur. Çünki yenə meydan “Qarabağ”ındır. Ağdam klubu Çempionlar Liqasında növbəti matçına çıxacaq. Sabah ölkə çempionu səfərdə İspaniyanın “Atletik” (Bilbao) klubunun qonağı olacaq.
Bu oyunun afişası hər kəs üçün çox maraqlıdır. Sürpriz şəkildə Avropa nəhəngləri ilə liderlər qrupunda yer alan və maksimum nəticəyə imza atan “köhlən atlar” autsayderlər sırasında yer alan xalsız “aslanlar”la qarşılaşacaq. Kağız üzərində favorit Bilbao klubu olsa da, “köhnə qitə” Ağdam təmsilçisindən növbəti sürprizi gözləyir.
Görüş ərəfəsində Baskoniya komandası haqqında məlumat, mövcud durumu və turnirdəki vəziyyətinə nəzər salmaq yerinə düşər.
“Atletik” İspaniyanın ən qədim və özünəməxsus futbol klublarından biridir. Klub 1898-ci ildə təsis olunub və o vaxtdan bəri ölkənin futbol tarixində xüsusi yer tutur. Bilbaoluların ən fərqli xüsusiyyəti, 127 ildir ki, yalnız Bask bölgəsində doğulan və ya futbol təhsilini orada alan oyunçularla çıxış etməsidir. Bu siyasət klubun kimliyinin ayrılmaz hissəsidir və onu Avropa futbolunda unikal edən əsas amillərdəndir.
“Aslanlar” “Real” və “Barselona” ilə yanaşı, İspaniya çempionatından heç vaxt aşağı liqaya düşməyən üç klubdan biridir. “Atletik” ölkə daxilində 8 dəfə La Liqanın qalibi olub, 24 dəfə isə İspaniya kubokunu (Kopa del Rey) qazanıb. 3 dəfə isə ölkə superkubokuna sahib çıxıb.
“Atletik” bu mövsüm uzun fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin turnirdə start onlar üçün uğurlu alınmayıb. İlk iki turdan sonra komanda hələ xal toplaya bilməyib. 1-ci turda “Arsenal”a məğlubiyyət (0:2) nə qədər gözlənilən idisə, “Borussiya Dortmund”la qarşılaşmadakı darmadağın (4:1) bir o qədər süpriz olub. Bu nəticələr Bask təmsilçisini liqanın "zirzəmisi"nə salıb. “Qarabağ”la oyun onların pley-off ümidlərini qorumaq baxımından həlledici əhəmiyyət daşıya bilər. Çünki növbəti xal itkisi komandanın bu yolda işini xeyli çətinləşdirəcək.
Göründüyü kimi, “Atletik” böhran yaşayır. Komanda ümumilikdə son 8 oyunun yalnız birində qələbə qazanıb. Müdafiədə problemlər açıq-aşkardır. Son 8 oyunun 7-də basklar qapılarında top görüblər.
Adətən ev oyunlarını keçirdiyi “San Mames” stadionu onlara rəqib üzərində müəyyən üstünlük yaradır. Lakin komandanın hazırkı forması bu baxımdan belə nikbin olmağa imkan vermir. ÇL-də olduğu kimi La Liqada da işlər qaydasında deyil. “Elçe” ilə son oyun qolsuz bərabərliklə başa çatıb. Ondan əvvəl basklar “Malyorka”nı 2:1 hesabı ilə məğlub etməyə müvəffəq olublar ki, bu da onların son 2 aydakı yeganə qələbəsidir.
“Transfermarkt”ın məlumatına görə, İspaniya təmsilçisinin ümumi dəyəri təxminən 370 milyon avrodur. Komandanın orta yaş həddi 25 civarındadır. Qeyd etdiyimiz kimi, demək olar ki, futbolçuların hamısı Bask mənşəlidir.
Komandanın ən dəyərli oyunçusu İspaniya millisinin aparıcı üzvlərindən biri olan Niko Uilyamsdır. İki mövsümdür Avropa nəhənglərinin transfer siyahısında yer alan 23 yaşlı vingerin dəyəri 70 milyon avrodur. Ondan başqa komandanın digər aparıcı futbolçuları olan yarımmüdafiəçi Oyan Sansetin 60 milyon, mərkəz müdafiəçiləri Dani Vivianın 40 milyon, Mikel Xar Xaureqisarın 30 milyon qapıçı Unay Simonun 28 milyon avro dəyəri var.
Komandanın baş məşqçisi təcrübəli Ernesto Valverdedir. O, əvvəllər də “Atletik”i çalışdırıb və klubun fəlsəfəsini, daxili sistemini yaxşı tanıyır. 61 yaşlı mütəxəssis 3 il “Barselona”ya da rəhbərlik edib.
Bilbao klubu onun rəhbərliyi altında adətən 4-5-1 və ya 4-3-3 sistemi ilə oynayır. Komanda topa nəzarəti sevən, lakin müdafiədə bəzən riskli zonalar buraxan tərzdə çıxış edir. Əsas oyun qurucuları Oyan Sanset və Mikel Vesqa, cinahda isə Niko Uilyams komandanın hücum potensialının əsasını təşkil edir. Qapıda isə İspaniya millisinin əsas qolkiperlərindən biri olan Unay Simon dayanır.
“Qarabağ”la oyun ərəfəsində “Atletik” bir neçə vacib oyunçusunu itirib. Benat Prados ön çarpaz bağ qopması səbəbindən uzunmüddətli sıradan çıxıb. Unay Eqilus isə dizindən zədəlidir. Bundan başqa, Oyan Sanset və Niko və İnaki Uilyams qardaşları əzələ zədələri səbəbilə son məşqləri buraxıblar. Lakin onların görüşdə iştirak etmək ehtimalı yüksəkdir. Mikel Vesqa və Aleks Berenquerin yüngül zədələri var. Onların matçdakı iştirakı “şübhəli” statusundadır.
Göründüyü kimi, “Atletik”in düşərgəsində heç xoş olmayan vəziyyət var. Uğursuz seriya ilə yanaşı, itkilər Bilbao klubuna Çempionlar Liqasının liderlərindən olan “Qarabağ”la oyunun asan keçməcəyinin siqnallarını verir.
Heybət Məmmədov
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO