"Bakı-2015"-in yayım sazişləri imzalanır
Bizi izləyin

İdman

"Bakı-2015"-in yayım sazişləri imzalanır

Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Yunanıstan və Finlandiyada nümayiş etdirilməsini təmin etmək üçün yayım sazişlərinə imza atıb.

Komitədən Publika.az-a verilən məlumata görə, Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziya və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq canlı yayımını təmin edəcək, eyni zamanda, möhtəşəm açılış və bağlanış mərasimlərini yayımlayacaq.

Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle" açılış və bağlanış mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların canlı yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət video materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti olan "International Sports Broadcasting"in veb-sayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Yunanıstan və Finlandiyanın milli yayım şirkətləri ilə bu müqavilələrin bağlanması Oyunların Avropada milyonlarla evdə nümayiş olunmasına səbəb olacaq. İdmanın sevildiyi ölkələr olan Yunanıstan və Finlandiyada azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə öz idmançılarının çıxışlarını dəstəkləyə biləcəklər və bu çox gözəl haldır”.

Digər ölkələrlə daha əvvəl bağlanmış yayım müqavilələri də daxil olmaqla, bu iki yayım müqaviləsi birinci Avropa Oyunlarının dünyanın 49 ölkəsində yayımlanacağı və bütün dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyəcəyi deməkdir.

NERIT şirkətinin baş direktoru Piter Mais söyləyib: “Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları Avropanın idman tarixində mühüm məqamdır və biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün böyük fəxr hissi duyuruq”.

"Yle" şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert Portman bildirib: "Bakı-2015" Avropa Oyunlarının Finlandiyada yayımlanması ölkəmizdəki milyonlarla insanın öz sevimli idmançılarının çıxışlarını izləmələrinə imkan yaradacaq. Birinci Avropa Oyunları gözəl şəhərdə qeyd olunan möhtəşəm idman bayramı olacaq və biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik".

Avropa Yayım İttifaqının üzvü olan NERIT şirkətinin əsası 2013-cü ilin iyun ayında, Yunanıstanın keçmiş ictimai yayım təminatçısı ERT yayım şirkəti ləğv edildikdən sonra qoyulub. Əsası 1926-cı ildə qoyulmuş Yle şirkəti də Avropa Yayım İttifaqının üzvüdür və Finlandiyada keçirilən Olimpiya və Qış Olimpiya Oyunlarını yayımlamaq hüququna malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm