Köşə
Qoyun otarmağı köşə yazmaqdan yaxşı bacarıram
Kəramət Böyükçöl
Hərdən fikirləşirəm ki, mən niyə şəhərə gəldim? Niyə öz kəndimdə qalmadım? Niyə ömrümün sonuna kimi çobanlıq eləmədim? Axı mən qoyun otarmağı köşə yazmaqdan daha yaxşı bacarıram. Mən ki otun, quşun, ağacın dilini insanın dilindən daha yaxşı bilirəm. Uşaqlığım babamın yanında keçib. İndi o illərin həsrətin çəkə-çəkə özümə suallar verirəm ki, mən niyə şəhərə gəldim? Niyə öz kəndimdə qalmadım? Niyə ömrümün sonuna kimi çobanlıq eləmədim?
Şəhərə gəldiyim gün elə bil başıma yekə bir daş düşdü. Hər yer bina, hər yer ev, hər yer neft buruğu, hər yer bank... Gözün binaya dirənir. Bu şəhərdə uzaqlar deyilən bir şey yoxdur. Hər şey yaxındadır, əlinin altındadır. Heç nəyi axtarmırsan deyə, heç nə də tapmırsan. Burda adamlar bir-birinə məsafəcə nə qədər yaxındırsa, ruhən o qədər uzaqdır.
Çöl genişliyi isə əsl xoşbəxtlikdir. Çöl həm də azadlıq deməkdir. Burada doyunca danışa bilərsən. Burada həqiqəti qışqıra-qışqıra deməkdən də çəkinmirsən. Daha şəhərdəki kimi düz sözü qulağa pıçıldamırsan. Çöldə pıçıldamalı nə var ki? Uzaq başı gəlinlər hamilə qalanda bir-birlərinə nəsə gənəşir. Çöldə qoyun otara-otara o qədər ulamışam. Ürəyindən keçən sözləri otlara, çiçəklərə o qədər danışmışam... Burda danışdığın sözlərə görə hesab-kitab çürütmürlər. Axı çöldə kim səni işdən çıxara bilər? Axı çöldə kim səni həbs eləyə bilər? Bulud o adamın başına elə yağar, elə yağar... Bəlkə də xərçəng xəstəliyi danışa bilmədiyin, danışmağa qorxduğun sözlərin topasıdır. Söz yığılır, yığılır, axırda şişir, şişir və şiş əmələ gəlir. Amma çöl adamı sağlam olur. Şübhəsiz ki, bunun fiziki tərəfləri var. Qida təmizdir, hava safdır... Amma məncə, məsələnin mənəvi tərəfi daha əsasdır. İnformasiyalardan uzaqsan, dünyada olub-keçəndən xəbərin yoxdur, kim kimi satdı, kim kimə xəyanət elədi, kim kimi öldürdü, kim kimin haqqını yedi... Heç nədən halı deyilsən.
Sözsüz ki, mən dünyadan xəbəri olmamağı yaxşı şey hesab eləmirəm. Sadəcə, o rahatlığa, o xoşbəxtliyə qibtə edirəm. Kaş mənim də işim-gücüm toyuq-cücə saxlamaq, qoyun-quzu otarmaq olardı. Atları sığallamaqdan ötrü ölürəm. Bəzən gözlərimi yumub xəyalımda toyuqlara dən tökürəm, inəkləri otarmağa aparıram, uzunqulağın belində su daşıyıram...
Hərdən də fikirləşirəm ki, mən niyə şəhərə gəldim? Niyə öz kəndimdə qalmadım? Niyə ömrümün sonuna kimi çobanlıq eləmədim? Axı mən qoyun otarmağı köşə yazmaqdan daha yaxşı bacarıram. Mən ki otun, quşun, ağacın dilini insanın dilindən daha yaxşı bilirəm. Uşaqlığım babamın yanında keçib. İndi o illərin həsrətin çəkə-çəkə özümə suallar verirəm ki, mən niyə şəhərə gəldim? Niyə öz kəndimdə qalmadım? Niyə ömrümün sonuna kimi çobanlıq eləmədim?
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?












.jpg)




















