Köşə
Eyni anda bir neçə qadınla... - Köhnəqaladan qalanlar
Zümrüd Kərimova
Yazıçı Murad Köhnəqala həbs olundu. Cismən.
Üç gündür, ölkə gündəmini zəbt edən əsas müzakirə mövzularından biri də budur. Yazıçının qələm dostları bir ağızdan onu müdafiə edir, oxucuları özünə təsəlli axtarır, düşmənlərinin isə sevincdən gözləri bölünüb dörd olub.
Təbii, sivil 21-ci əsr insanına, ölkəsinə, oxucusuna və müasirinə bir yazıçının azadlığının məhdudlaşdırılmasından, ictimaiyyətdən təcrid olunmasından daha faciəvi yalnız bir yazıçının məişət probleminə görə həbs olunması ola bilər. Lakin mənim diqqətimi tamam başqa məsələ çəkir: yazıçının həbs səbəbinin ətrafında gedən müzakirələr.
Belə ki, Murad Köhnəqalanın birinci evliliyindən olan övladlarına ödəməli olduğu aliment 12 min manata çatıb. Bu səbəbdən, onun ilk həyat yoldaşı yazıçını məhkəməyə şikayət edib. Məsələnin hüquqi prosesləri ictimiayyəti maraqlandırmadığına görə qeyd etməyə də dəyməz.
Son illərdə ölkədə boşanma hallarının sayına nəzər yetirsək, çox rahatlıqla bu qənaətə gələ bilərik ki, Azərbaycanda insanlar bir-birinə ailə yox, potensial düşmən olurlar. Bir-birinə üzərinə hücum çəkməkdə boşanan cütlüklərin savaşı vaksinasiya olunmamış itlərin döyüşü qədər aqressiv və həyəcanlı olur. Məhkəmələrin həyətində təşkil olunan rinqlər Dünya Çempionatının yanında qələt edir. Hələ mən cütlüklərin ailələrinin, qohumlarının məhlələrdə, tinlərdə, “filan vaxtda, filan yerdə” qurduqları qeybət, "razborka", söhbət “palatka”larından danışmıram. Təbii ki, söhbət açdığım bu vətəndaş müharibələri bütün ailələrdə eyni cür baş vermir. Məsələn, elə Murad Köhnəqala kimi ölkəcə məşhur bir insanı barmaqlıqlar arasında tıxışdırmaq kifayət edir ki, onun nüfuzu yerlə-bir olsun. Necə deyərlər, el içində biabır olsun.
Şübhəsiz ki, bu həbs illərdir, öləzimiş intriqa, şəxsi ədavət ocağının qığılcımlanmasının yox, bir qeyzer vulkanı kimi püskürməsinin nəticəsidir. Bu həbs samanının altından keçmişdə deyilməyib yarım qalmış nifrət dolu sözlərin kiflənmiş, hətta iylənmiş qoxusu gəlir...
Yazıçını sevən insanlar onun tez bir zamanda həbsdən çıxması üçün bank hesabı açıb pul toplayırlar ki, bəşəriyyətin həmişə açıq pəncərəsi olan ədəbiyyatın tozalanlarından biri məişətin qandallarından tez bir zamanda xilas ola bilsin. Çox təqdirəlayiq addımdır. Azərbaycan kimi yıxılana balta çalmaqla kifayətlənməyib, bir də şum traktoru ilə əzilənin üstündən keçmək xislətli insanlarla dolu ölkədə bu cür həmrəyliyi məhz ədəbiyyat cameəsi kimi bir topluluqda görmək olar. Başqasının halına acımaq, onun problemlərini həll etmək həmrəyliyi barmaqla sayılacaq qədər az hallarda rastımıza çıxır.
Lakin bu hal belə davam edə bilməz. Bir gül ilə bahar yalnız elə romanlarda, şeirlərdə başımıza gələr. Sosial həyat, iqtisadi struktur və mental həyat tərzi ilə heç min güldən də bahar olmur, nə yazıq ki...
Yəni bu gün birinin maddi borcunu bağlamaqla mənəvi yükünü azaltmaq problemi kökündən həll etmək üçün çarə deyil. Təbii, mən çarəni “bir dəfə evləndin, ölənə qədər də onunla yaşamalısan. Həyatını sevmədiyin, adı gələndə diksindiyin bir adamla yaşamaq məcburiyyətindəsən” prinsipində də görmürəm. Hətta bu prinsipə nifrət edirəm. İnsan bir neçə dəfə ailə qura bilər, bir neçə dəfə aşiq ola bilər. Amma...
Bax burada ilişib qalıram. Hər işin istisnası olduğu kimi aşiq olmağın da müəyyən olmazları var. Məsələn, qələm əhlinə.
Yazarların istedadı adi insanlarda olmayan fantastik, yaradıcı və sərhəd tanımayan təxəyyülə malik olmalarıdır. Onlar bir anın içində bir neçə adamın ruh halını yaşayır, bir neçə ölkədə gəzir, bir neçə qadınla eyni zamanda qəhvə içib söhbət edə bilirlər. Buna, bir növ, fizika qanunlarının kobud şəkildə pozuntusu da deyə bilərik. Lakin bu sehr milyon kimi nəhəng riyazi rəqəmlə ölçülən beyinlər üçün – oxucu kütləsi üçün yad, dərkolunmaz, diksindirici və varlığına şübhə etmək dərəcəsinə gətirib çıxaran faktordur. Bunu professional yazıçıların əksəri bilir və qəbul edir. Bununla belə, bu qələm əhlinin müəyyən oxucu kütləsi, fanat tayfası olan yazarların ona oxşamaq istəyən, onun yazdıqlarını həqiqəti kimi görən və onun dünyasını axtarıb tapmağa can atan ibadətçiləri də az deyil. Onlar reallığın gerçək ağrılarından başını götürüb səhifələrin arasına sığınanda bütün varlıqları ilə kitabda gördükləri yerdə olmağı arzulayır və bu arzu onların bütün təxəyyülünə, şüuraltına hakim kəsilir. Bu, kütləvi hal alanda isə adını ədəbi cərəyan qoyurlar. Xülasə, bu utopik məkanın, zamanın, həyatın müəllifi - yazıçı minlərlə insanın psixologiyasına hökm edir, onları istədiyi yerə istiqamətləndirməkdə heç bir əziyyət çəkmir. Ona görə də minlərlə insanın sevdiyi, pərəstiş etdiyi bir yazıçı bir insan olaraq istər-istəməz cəmiyyətdə nümunə subyektinə çevrilir. Məsələnin acınacaqlı tərəfi də budur: yazıçının özünün başlatdığı proses onun nəzarətindən çıxır. Bu prosesə sonda yalnız kütlə hökm edə bilir. Hətta yazıçının öz həyatına belə...
Məsələ ilə bağlı son olaraq oxuduğum bir cümlə məni xüsusi hiddətləndirdi. Murad Köhnəqalanın köhnə dərdinə yeni çarə tapmaq istəyənlərdən biri deyib ki, yazıçının borcunu dövlət qarşılamalıdır. Əvvəla, heç bir tarixi dövrdə heç bir ağlı başında dövlət belə bir öhdəlik götürməyib ki, kimsə gedib 16-cı dəfə evlənəcək və onun yerdə qalan 15 ailəsinə dövlət baxacaq. Şairindən prezidentinə qədər bu hal istisna tanımır. İkincisi, yazıçının bir ədəbiyyat adamı kimi üzdə olması, müəyyən ziyalılıq potensialının, başbilənliyinin nəzərə alınması təkcə onun aliment məsələsinəmi qalıb? Lazımi yerlərdə, lazımi zamanlarda belə ziyalılara dəyər verilməsinə o qədər də əhəmiyyət verilməyəndə maddi baxımdan onun problemlərinin yüngülləşdirməsi cəmiyyətə, oxucuya və mədəniyyətə hansı xeyri verəcək? Versə belə, bu, kimə lazım olacaq? Bu ölkədə Murad Köhnəqala kimi yüzlərlə maddi və mənəvi sıxıntılarda boğuşan ailə var. Murad Köhnəqalanı min adamın tanıması, media sahəsində çalışması və əli müəyyən yerlərə çata bilən tanışlarının olması, ən nəhayət, probleminin ictimailəşdirilə bilməsi dövlət üçün istisna təşkil edəcək arqument deyil. Axı bu absurd təklif necə bir şəraitdə insanın ağlına gələ bilər?
Bu günə qədər sivilizasiyanın yaşamasına, inkişaf etməsinə təsir edən ən böyük amil məhz yazı olub. Bəşəriyyətin ən böyük kəşfi də elə yazıdır. Sözsüz ki, yazı əhlinə buna görə xüsusi ehtiram, hörmət düşür. Hətta bu ehtiram əxlaq çərçivəsindən çıxıb qanuni çərçivəyə də daşınmalıdır. Lakin onun şəxsi həyatı, prinsipləri, ailəsi və ya problemlərinə görə yox. Məhz qələm əhli, sehr sahibi olduğuna görə.
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO