Köşə
Ölsəm, ürəyimi çıxardıb İzmirdə basdırın...
Leyla Sarabi
Bəzən özünü tapmaq üçün yad şəhərin yollarında azmalısan. Azmalısan ki, küləyin qovub səndən uzağa atdıqlarını bircə-bircə tapıb səbətinə doldurasan.
Əslində xoşbəxtliyin tərifi çox sadədir. Eyni anda həm toxuna, həm dada, həm də qoxlaya biləcəyin ləzzətin cəmidir şübhəsiz. Çünki sırf o məqamda gözlərin ən uzaq səsləri görəcək qədər vicdan borcunu ödəyir bədəninə. Elm deyir ki, insan şüuru üçün görmə obrazı yaradan dalğaların mənşəyi önəmli deyil. Yəni bu ya işıq, yaxud da səs dalğaları ola bilər. Yəni sən istini dərk edirsənsə, dopdolu Günəşi də görürsən.
İzmiri qucaqlayan Egeyin sahilində xoşbəxtliyin bütün dalğalarını bədənimə sovururdum. Köşədəki bir udumluq şirniyyatçıdan aldığım sütlaçı yeyə-yeyə küləyə qarışırdım. Dünyanın sonsuz acıları qədər sevinclə tamlanırdım. Yanımda bir cüt mavi göz, siqaret tüstüsünü havaya üfürən boyalıdodaq gəzirdi. Tüstü gözlərinin üstündə elə dimdik rəqs edirdi ki, elə bil dənizdə vapur üzür. Bəlkə yeni bir şey deməyəcəm, amma mən dənizi həmişə qadına bənzətmişəm. Hətta fransızca da “la mer” adında qadın cinsinə bürünüb.
Sahildə mürgüləyən tox itlərin sükutu dalğalarıma hürürdü. Polisə yaxınlaşdım:
- Siz küçə heyvanlarını nə ilə bəsləyirsiniz? Bu ətalətin səbəbi nədir?
- Toxdular, xanım əfəndi. Yoxsa biz vəhşi deyilik ki, sakitləşdirici verib Allahın məsumunu məhv edək - dedi.
Dostlarım sürətli mövzu dəyişmək vərdişimdən şikayətlənir həmişə. And olsun ki, dəyişə bilmədiyim vərdişimdir bu. Nəysə mən rusca ilə dostam bir az. Hansı mühitə düşsəm, rusca ünsiyyət gəzir gözüm. Yanımdakı dəniz xanım da xalis rusdilliydi. Biz Egeyə Yesenin dilində laylay oxuyurduq. Aram-aram qaranlıq düşürdü. Egey qumdan doyub, sərxoş mırıltısı ilə yatağına uzandı. Bakıdan gələn ekipimizə (indi deyəcəksiniz ekip yox komanda, nə fərqi var, hər ikisi naməhrəmdir) qovuşub şam yeməyinə əyləşdik. Sevirəm türk mətbəxini. Hətta ən sadə ərzaqların mədəmlə məzələnməyinə rəğmən sevirəm. Dovğa qoxan rakısına rəğmən sevirəm.
Egey yatsa da qızarmış balalarının üstünə limon sıxıb yemək bir az vicdanımı turşudurdu. Komandamız İzmir təəssüratlarını toqquşdurduqca, mən önümdəki balığı yaşmaqlanıb yeyə-yeyə ətdən imtinanın zamanı gəldiyini düşünürdüm.
Balıq ayinini acı çay qurtumu ilə mədəmdən yuyub təmizləməyə çalışdım. Hamı süfrədən qalxıb, restoranın yanındakı avtobusa istiqamət aldı. Biz dəniz xanımla sözü bir yerə qoyduq ki, hotelə gəzə-gəzə gedəcəyik. Onsuz da restoranla hotel arasında məsafə iki siqaret ömrü qədər idi. Həm də İzmirin nəfəsindən doymamışdım. İçimdəki ölü balığı əridib, gecə körpə kimi günahsız yatacaqdım.
Söhbətimizin ən maraqlı nöqtəsində ayıldıq ki, şəhərin başqa ucuna gedib çıxmışıq. Telefonumuzda internetin neti belə yox... Vəziyyət həqiqətən rusca idi.
Əslində əzəldən azğın olmuşam. Bir dəfə anamı məktəbdəki valideyn iclasına kəsə yoldan çatdıracam deyib, Şüvəlan türməsinin darvazasına aparmışdım. Yol yoldaşım mavi gözlərini üzümə döyməyə başlayanda, məlum oldu ki, orientir naşılığında göz rənginin fərqi yoxmuş.
Qəribə də olsa stress bəzən elə dərinə qədər gedir ki, ayağının altında əzib rahatlaşırsan. Mən hələ küçələrdə bu qədər hürr gəzməmişdim. Gözlərimi yumub, xəyali kompasımı işə saldım. Şimalın soyuğuna doğru yüyürməyə başladım. Orada məni həyatımın bumbuz xatirələri gözləyirdi. Nəfəsimlə ovucunu nə qədər isitsəm də, elə həmin əlləri ilə məni itələyən şaxta kralı gördüm. İstiqamətimi şərqə doğru (?) aldım. Addımlarım böyüdükcə, boyum kiçildi ağacların altında... Anladım ki, mən kainat ananın yanında balaca toz parçasıyam. Hamını anam boyda fədakarlıqda boğa bimərəm. Oğluma güclə yetişirəm, şama dönüb sevgisizliyi əritmək iqtidarım yoxdur. Qərbə dönüb, balıq susqunluğumla ittihamların, “günahkarsan”ların, “pissən”lərin, “sən heç vaxt dəyişməyəcəksən”lərin üzünə baxdım gözümü qırpmadan.
Artıq cənubdan başqa istiqamət qalmamışdı. Elə bil hansısa cəngavərin ayaqlarını bədənimə geyindirmişdilər. Bir yandan da çılpaq yüngüllüyü vardı bədənimdə. Məhəlləmizdə lavaş satan 10 yaşlı Həsəni xatırladım. Bu günədək üzülüb ağladığım boş eqolarım qurban olsun sənin “lavaş istəyirsiniz?” deyib titrəyən dodağına...
Bakıya dönən kimi bir həftənin lavaşını alacam səndən, bütün yalançı dərdlərimi içinə büküb, ehsan paylayacam.
Hotelin ağzı bizi udmağa hazırlaşırdı.
Ah mənim qaranlıq otaqda tək yatmaq fobiyam. Canımın yarısını da sən yemisən. Ömrümü, günümü bu qədər bəsləmişkən, nömrədəki bütün lampaları söndürdüm. Daha bir tabumu pozmuşdum. Mən bu azğın, bu pozğun halımdan çox məmnun idim. Deyəsən kainat da məni bərk qucaqlamışdı o gecə.
Səhər o qədər enerjili oyanmışdım ki, ağacların dibinə gübrə əvəzi axıtsam da tükənməzdim. Böyük bir şirkətdə yorucu toplantıya qatılandan sonra işgüzar nahara əyləşdik. Şirkətin yaşlı rəhbəri QURU nəvazişi ilə stəkanıma su doldurdu. Bakı, Paris, Roma xatirələrimizi didəndən sonra, gecəki azğınlığımızdan danışdım.
- Bir daha gecə vaxtı İzmirdə belə rahat gəzməyin. Bura təhlükəli şəhərdir axı...
Olsun. Mən bu təhlükənin ağzında tapmışdım özümü.
Deyirlər, Şopen ölüm ayağında vəsiyyət edir ki, ürəyini çıxarıb, sevdiyi qadının yaşadığı şəhərdə basdırsınlar. Bir gün ürəyim dursa, qoparıb, İzmirdə basdırın. Çünki ən çox sevdiyim Leylanı orada tapmışdım.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü