Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...
Bizi izləyin

Köşə

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı

Koronavirusa görə Məhərrəmlik ayında məscidlərin açılmasına, kütləvi ibadətin keçirilməsinə icazə verilmədi.


İran Milli Televiziyasına – İRİB-ə bağlı “Parstoday” saytı isə bunu Azərbaycanda dini ibadətin qadağan olunması kimi təqdim edir. İddia edir ki, koronavirus insanların inancının zəiflədilməsi, inanclı kəsimin bir araya toplanmasının qarşısının alınması üçün bəhanə kimi istifadə olunur.

Dünən yayımlanan bu yazı dini-siyasi maraqların fonunda sıradan bir tənqid yox, Azərbaycana qarşı yeni kampaniyanın başlanğıcıdır. Adətən cənubdan Azərbaycana qarşı din və digər məsələlər üzərindən aparılan kampaniyanın açılışı hərbi ruhani dairələrin əsas informasiya silahı olan “parstoday” saytı üzərindən edilir. Ardınca digər media resursları və sosial şəbəkələrdəki qruplar bu tezisi davam etdirirlər.

Bu dəfə əksinə oldu: “parstoday” sosial şəbəkələrdə başlanan kampaniyanı rəsmi mərhələyə keçirdi.

Məqalə yayımlanana qədər (16 avqust) cənubda oturub sosial şəbəkələrin Azərbaycan seqmentində fəaliyyət göstərən bəlli səhifələr günlərdir bu istiqamətdə təbliğat aparır, əsas iddialar belədir ki, “barların açılmasına icazə verilir, məscidlərin yox”. Real olmayan bu iddia inanclı kəsimin etirazını körükləməyə hesablanıb. “Parstoday”ın prosesə qoşulması isə göstərişin İranın hərbi-siyasi ruhani dairələrindən gəldiyini və kampaniyanın Məhərrəmlik ayı boyunca davam edəcəyini deməyə əsas verir.

Amma kampaniyanın təkcə anti-təbliğatla yekunlaşmayacağı, Aşura mərasimini dini-siyasi etiraza çevirmək istəyəcəkləri də istisna deyil. Bununla bağlı açıq çağırışların edildiyi və hazırlığın aparıldığı müşahidə olunur.

“Parstoday” məlum yazısının sonunda qeyd edir: “Bütün qadağalara və məhududiyyətlərə rəğmən, Azərbaycan xalqının Məhərrəmlik ayında mərasimləri daha görkəmli şəkildə keçirəcəyi dəqiqdir”.

Sayt “keçiriləcəyinə inanırıq” yox, “keçiriləcəyi dəqiqdir” yazır və bu, Azərbaycanın inanclı kəsiminə açıq mətnlə mesaj verməklə yanaşı, həm də artıq hazırlığın getdiyi deməkdir.

Sosial şəbəkələrdəki istiqamətverici çağırışlar da bunu təsdiqləyir. Misal üçün, “Bu il İmam Hüseyn (ə) əzadarlığını xatırladan bayraqlar və əlamətlər qapı, küçə, maşınlar üzərində və mümkün olan hər yerdə nümayiş etdirilməlidir” çağırışı edilib. Həmçinin, inanclı kəsimə təzyiq məqsədilə “Bu Məhərrəm əsl “Hüseynçilər” bilinəcək” təbliğatı aparılır.

“Maşınlara “İmam Hüseyn” şüarları vuraq! Qoyun bayraqlar bütün yol boyu dalğalansın”;

“Hər birimizin evinin damında İmam Hüseyn bayrağı dalğalansın”;


Bu və digər çağırışlar Azərbaycan insanının inancını bölgənin dini-klerikal dairələrinin maraqlarına xidmətə çevirmək istəyən şəbəkənin hərəkətə keçdiyini təsdiqləyir.

“Küçələr İmam Hüseynə əzadarlıq meydanımız olsun” çağırışı isə fəaliyyətin sonda – Aşura günündə küçələrə köçürülməsi planından xəbər verir.

Məsələ kiminsə ibadətinə əngəl olmaq deyil, bəlli dairələrin bizim insanımızın inancından ölkə üzərindəki maraqlarını həyata keçirməkdə vasitə olaraq istifadə etmək cəhdini göstərməkdir. Və kampaniyanın bu qədər açıq mətnlə aparılması Gəncə hadisələrinə bənzər planın mövcud olması ehtimalını da önə çıxarır.

Gəncə hadisələri Azərbaycanın Qərbə çıxışı üçün xüsusi əhəmiyyət daşıyan “Gəncə keçidi”, həm də bu keçid üzərindəki enerji layihələrinə qarşı idi. Hadisədən öncə Qərb mediası (Foreign Policy) təhlükənin ola biləcəyi haqda yazmışdı. Sonrakı proseslər bu proqnozu təsdiqlədi.

2018-ci ilin 12 iyunda Azərbaycan qazını Avropa bazarına daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin 4 seqmentindən biri olan TANAP istifadəyə verildi. 3 iyulda Rusiya vətəndaşı olan İranın radikal dini dairələrinə bağlı “Hüseyniçilər” qruplaşmasının üzvü Yunis Səfərov Gəncədə məlum hücumu etdi və şəhərdə iğtişaşlar Prezident İlham Əliyevin NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfər etdiyi gün – 10 iyulda başlandı. Nə məkan, nə də zaman təsadüfi deyildi.

Hazırda Məhərrəmlik üzərindən kampaniya aparan şəbəkə Nardaran hadisələrindən sonra, Gəncə hadisələrinə qədər eyni təbliğatı aparırdı. Eyni motivli təbliğatın başlanması və müəyyən hazılıqların aparıldığı ehtimalını artıran çağırışların edilməsi iyulun 12-də baş verən Tovuz təxribatı fonunda diqqət çəkir.

Tovuz təxribatının digər siyasi maraqlarla yanaşı, enerji dəhlizinə qarşı olduğu məlumdur, hücumun Azərbaycan qazının Avropa bazarına çıxarılmasına 3 ay qalmış baş verməsi, hadisənin ardınca Türkiyə-Azərbaycan təlimlərinin başlanması, türk hərbi rəhbərliyinin Bakıya gəlməsi və s. də bu tezisi gücləndirir. Təxribat baş tutmadı, amma plan rəfə qaldırıldımı?!

Proseslərin inkişafı məlum qüvvələrin iki il öncə reallaşdırmaq istədikləri, iyulda Tovuz təxribatı ilə təkrarladıqları planı indi də başqa məcrada – inanclı kəsimin üzərindən davam etdirmək niyyətində olduğu təhlükəsini aktuallaşdırır. Bu, hələlik bir ehtimaldır, lakin üzərindən keçiləsi məsələ də deyil...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm