Köşə
Yağış yağır, sevin...
Yağış yağır. Fikirliyəm. Gəzirəm səssiz, kimsəsiz asfalt küçələri addım-addım. Ağlımdan ağla gəlməyən fikirlər keçir qatar-qatar. Gah dünyanın ən xoşbəxtiyəm, gah da ən bədbəxti.
Xəyallarım yarışa girib arzularımdakı gün-güzəranın, həyatın rəsmini cızmaq üçün. Ayrı vaxt səs-küydən bezən küçələrin bu tənha anının ləzzətini yaşayıram tənhalığı sevən və yaxud sevməyə məcbur olmuş biri kimi. Romantik hava da deyirlər yağışlı havaya, amma mənim romantik anlar yaşayacaq yanım, daha doğrusu yarım yoxdur. Mənim yarım xəyallarımda ildırım kimi çaxan və qoluma girib məni sürükləyən fikirlərimdir. Yağışdan əmələ gələn gölməçələr alıb ətrafımı. Sanki bir adadayam. Çırmanıb hoppanmaq istəyirəm, birdən gözlərim bu gölməçələrin üzərində üzən hava qabarcıqlarına dəyir. Üzüşürlər. Sanki onlar da öz yarılarını, yarlarını axtarırlar. Küləyin köməyi ilə onların bəziləri birləşib bir tam olurlar, bəzən isə birləşmədən partlayırlar – Leyli və Məcnun eşqinin aqibəti kimi...
Məndə Məcnundan füzun aşıqlıq istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var...
Əlimi açıram, ovcuma düşən yağış damcıları sanki birləşmək üçün can atırlar. Birləşən damcıların eşqini qorumaq üçün əlimi yumub yumruğumu sıxıram - kaş ki sevənlər heç ayrılmasın.
Yağış yağır... İsti aylarda dodağı çatlamış, üzü qırışmış torpaq qədər görən sevinən varmı yağışın yağmasına. Həm də onu sevən. Bağrı istidən cadar-cadar olmuş torpağa məlhəmdir yağış. Dayanmadan əmir yağışın suyunu sinəsindəki çatlar qapanana qədər. Tanrının torpağa ən böyük ərməğanıdır yağış...
Yağış yağır... Yayda qurumaq üzrə olan ağacların dərisi işıldayır sevincdən. Boy atmaq üçün yarışa girən susuz ağaclar sanki yağışın soyuq suyunu birnəfəsə başlarına çəkmək istəyirlər. Ucalmaq üçün, Yerdən Göyə, Günəşədək boy atıb boylanmaq üçün.
Yağış yağır... Paytaxtın küçələrinə can verir, bütün toz-torpağı yuyub pırıl-pırıl edir hər yeri. Susuzluqdan "doğulmuş" toz yenidən torpağa qarışır, bütövləşir, tamlaşır. Bütün günü küçələrdə gəzən insanların izlərini, canlıların ləpirini yox edib bu yağış. Sanki buralarda heç kim, bir inni-cinni belə gəzməyib əvvəllər. Lap üşəndim. Özümü bir başqa hiss etdim. Dönüb arxama baxıram, öz izim də yoxa çıxır su üstündə üzən dımırcıqlar kimi... Sanki ulu təbiət sil başdan edib, yeniləmək istəyir özünü. Silsin bütün pislikləri, gündüzlərin kölgə düşən hissəsini, qara xislətli gecələrin qara izlərini - yıxansın, yıpransın küçələr...
Yağan payız yağışıdır. Mən də payız adamı. Yayda doğulmuşam, amma payızı sevirəm. Xüsusən də yağışını. Dərd təzələyən, fikrə kökləyən yağışını. Gəzirəm yağışın islatdığı əynimlə, başımla, ayaqqabıma hopan soyuq nəfəsi ilə... Kimsəsizdir islanmış küçələr, döngələr, dalanlar. Mən də kar kimi gəzirəm yağış altında, elə bu vaxt yekə bir damcı qulağıma düşür və kənar səslərdən ayılıram, kirpiyimə düşən dolu damcı isə oyadır məni qapandığım xəyal dünyamdan. Redaksiyaya qayıdıram, sanki hamı bayırdakı havadan və yağışdan bixəbərdir. Masama əyləşirəm, işləmək üçün, bir də onda ayılıram ki, yağış haqqında yazmışam – məni özümdən alıb xəyallarıma qərq edən yağış haqqında. Yağış yağır, sevin, yağışı!
Adəm Abbaslı
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı