Məşhur aktyor: “Bunlar istedaddan daha önəmli rol oynayır...” - ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Layihə

Məşhur aktyor: “Bunlar istedaddan daha önəmli rol oynayır...” - ÖZƏL MÜSAHİBƏ

"Musiqini pula dəyişdiyin an Tanrı otağı tərk edir"

Aleksey Anişenko müasir rus kinosunun ən tanınmış simalarından biridir. O, "Əfqan kabusu", "Yalanın əsiri", "Məhəbbət məlhəmdir", "Keçmişin açarları" "Gözəl və yırtıcı" kimi filmlərdə baş rolu canlandırıb.

Bir çox xanımlar ilk baxışdaca bu aktyorun xarici görünüşünə aşiq olur, onu məhəbbət filmlərinin baş qəhrəmanı kimi sevir.

Bəli, o, yaraşıqlıdır, fəqət söhbət əsnasında aktyorun daxili aləminin zənginliyini, zəkasını və dünyanı dəyişmək arzusu ilə alışıb-yandığını gördükdən sonra Aleksey Anişenkonun daxili dünyasının, ruhunun xarici görünüşündən daha gözəl olduğunu anladım...

"Tarkovski, Fellini, Daneliya, Antonioni və digər istedadlı sənətkarların filmlərini izləyin!"

- Aleksey, kino – incəsənət sizin üçün nə deməkdir? Ümumiyyətlə, bu gün kino sahəsi nə dərəcədə təhlükəsizdir?

- Məşhur amerikali musiqiçi, "Grammy" mükafatında dəfələrlə laureat olmuş, ümumiyyətlə, bir çox sahələrdə istedadlı sima olan Kuinsi Cons bir dəfə demişdi: "Musiqini pula dəyişdiyin an Tanrı otağı tərk edir". Onun bu fikri ilə razılaşmamaq qeyri-mümkündür. İş burasındadır ki, incəsənət öz-özlüyündə ali mənəviyyata, İlahi başlanğıca yüksəlmək, ruhu anlamağa can atmaq istəyidir. Bu səbəbdən, onu pula görə və ya pul üçün ərsəyə gətirmək olmaz.

- Bəs müasir rus kinematoqrafiyasında vəziyyət necədir?

- Müasir rus kinosu ilk növbədə biznesə söykənib. Bu cür tez, xüsusilə, havayı əldə olunan pulları daha heç bir sahədə qazanmaq olmaz. Elə buna görə, kefi istəyən kino çəkməyə başlayıb. Əksəriyyətinin peşə təhsilinin, gözəçarpan istedadının olmaması, adi tərbiyə və zövqdən məhrum olmaları bir yana, onlar öz yanlış fikirlərini böyük həqiqət kimi qəbul edirlər. Ən qorxulusu da budur...

- Daha dəqiq desək?

- Məsələn, onlar "kino"larında kimin çəkilməsini rejissordan yaxşı bilir, süjetin gedişatına ssenaristdən yaxşı bələddir, operator işini də mütəxəssisindən daha yaxşı bilirlər. Belə olan halda, şübhəsiz ki, azad, istedadlı peşəkarlar onlarla işləməkdən boyun qaçırır və ya sadəcə, bacarmırlar. Nəticədə, kinonu güclü, maraqlı, qeyri-adi düşünən sənətkarlar deyil, ikiüzlü və savadsız insanlar çəkir və ya maddi sıxıntılar yaşayan peşəkarlar necə lazımdır yox, məcbur qalaraq onlara necə deyilir, elə çəkirlər. Bütün bunlardan əlavə, bu gün telefon, kompüter və bu tip texniki qurğular vasitəsilə yaranmış incəsənət və "piar" istedaddan daha önəmli rol oynayır.

- Belə çıxır, indi ədəbi və kino qəhrəmanlar da yox səviyyəsindədir?

- Hansı ədəbi qəhrəmanlardan danışa bilərik... Bu ifadəni az əvvəl qeyd etdiyim müasir ssenarilərdən ibarət olan rus kinematoqrafiyasına aid etməyin nə qədər doğru olub-olmadığını bilmirəm! Kübar qəhrəmanlarımız hara yox çıxıb? Kinoda memar, mühəndis, səlis danışan müəllimlər, skalpı düzgün tutmağı bacaran həkim obrazları haradadır? Zərif, eyni zamanda, parlaq rus yumoru hara itib? "Toy", yaxud "Kamedi klub"un mənasız buraxılışları yox, bizim, əsl, gözəl Qayday, Ryazanov, Qeorgi Daneliya, Bulqakov yumorumuzu nəzərdə tuturam...

- Günahkar kimdir, sizcə?

- Bu məsələnin ən qorxulu, təhlükəli tərəfi hər şeydə tamaşaçının günahkar olmasıdır! Tələb təklifi formalaşdırır. Tamaşaçı ekran vasitəsilə ona sırınan bu "keyfiyyətsiz mal"ı izləməsə, onu çəkməzlər. Ola bilsin, o zaman mən mənasız müasir personajları canlandırmaq və onlara az da olsa, əlvanlıq qatmaq üçün dəridən-qabıqdan çıxmaq əvəzinə , dünya klassikasının bir incisində çəkilərdim.

- Yəni, cəmiyyət keyfiyyət arzulamır?

- Siz "Dom-2" (Ev-2") layihəsini Ginnesin Rekordlar Kitabına daxil edən cəmiyyətdən nə gözləyirsiniz? O, niyə düşünsün, niyə sevsin ki? Niyə mənən mükəmməlləşməyə can atsın? Yox, bu axı çətindir! "Dom-2" və yüngül sabun operalarını həzm etmək daha asandır. Təbii ki, özünün qabında bir şey yoxdursa, bu tip layihələri norma kimi qəbul edəcəksən. Niyə bütün bunları dedim? Çünki məni populyar aktyor kimi hansısa məktəbli ilə söhbətə dəvət edərkən onlara ilk dediyim bu olur: "Zövqünüzü inkişaf etdirin. Stoun, Tarkovski, Fellini, Daneliya, Antonioni və digər istedadlı sənətkarların filmlərini izləyin! Əsl İNCƏSƏNƏTi seçin! Mənim müasir rus kinematoqrafiyası və cəmiyyətinə münasibətim budur.

- Belə çıxır, çəkildiyiniz filmlər arasında ürəyinizcə olmayan filmlər var?

- Mənim kino karyeramda çox mənasız və keyfiyyətsiz filmlər var, etiraf edirəm!

- Çıxış yolunu nədə görürsünüz? İnsanlıq neyləsin, kino hara getsin?

- Rusiyada hökm sürən siyasi və dini ab-havanı şərh etməyəcəm. Reallıq göz önündədir. Siyasətçilər və din xadimləri də xalqın arasından çıxır. Bugünkü cəmiyyət istedadsız və riyakardır. Doğrusu, məni bir incəsənət adamı kimi insanın mənəvi aləmi onun siyasət, din və kinematoqrafiyada təzahür edən xarici görünüşündən daha önəmlidir. İnsan mənən zənginləşməsə, içinə mərhəmət, məhəbbət və səmimiyyət salmasa, dünya uçuruma gedəcək. Mən inanıram ki, hər şey yaxşıya doğru dəyişməli və ya məhv olmalı, yatmalı və yuxu görməlidir...

- Aleksey, şeir yazdığınızdan xəbərdaram. Bir yazıçı, ədəbiyyat insanı kimi buna laqeyd qala bilmərəm. Ən sevdiyiniz şeirdən bir neçə bənd söyləyin, lütfən.

- Baxışlarım daha təmiz və saf,

Səsim daha sakit oldu.

Yeddi dəniz duzunu daddıqdan sonra damda yaşayıram.

Kitablardan yelkən,

Fikirlərdən dor ağacı düzəltdim.

Biz səmavi otların şirəsini içirik.

Ulduzları sayarkən külək bizə öz cazını ifa edir.

Sakit və həzin...

Qəlbimdən dua etmək və nəfəs almaq keçir,

Səmimi təmiz könüllə sevmək və yaşamaq!

Ruhumun hər küncünə,

Uşaqlıq gözü ilə tamaşa etmək...

Söhbətləşdi: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm