Başqa cür ola da bilməzdi: Teatr Günündə dünyanı tərk edən Nəsibə... – VİDEO
Bizi izləyin

Layihə

Başqa cür ola da bilməzdi: Teatr Günündə dünyanı tərk edən Nəsibə... – VİDEO

“Gəlin mənim süpürgəmdir”, - deyib adını tarixə yazdıran neçə qayınana tanıyırsınız?

Hamı yəqin ki, bir nəfəri, yəni onu deyəcək. Onun da xüsusi təqdimata ehtiyacı yoxdur. Elə bu frazanı xatırlamaq kifayətdir:

“Ağız, daha bundan artıq noolacaq, qohum-əqrəba içində məni rüsvayi-cahan eləmisən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qayınanaya qulluq eləməyindən danışır, mən kimdən əskiyəm? Bəlkə ürəyindən keçir ki, qayınana sənə qulluq eləsin? Yox, mən sənin üçün o qayınanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orda da durmalıdır. Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalıdır…”

Yaxud da: “Məhəmməd, ay Məhəmməd, Məhəmməd huyyy. Toyuq qızartmışam, gəl yeyək…”

Hökmlü qayınananın, qayğıkeş qadının dilindən səslənən, insanların dilinin əzbərinə çevrilən bu məşhur frazaların arxasından sevilən aktrisamız, xalq artisti, milyonların sevimlisi Nəsibə Zeynalova boylanır. Gülümsər çöhrəsi, koloritli səsi, şirin ləhcəsi ilə…

Nəsibə Zeynalovanın anım günüdür

Sözlərini hər gün xatırladığımız o məşhur çöhrənin özünü də xatırlayıb, xatırlatmağımızın səbəbi var… Bu gün onun xatirə günüdür.

Düz on iki il bundan öncə bizləri tərk etdi. Özü də ən əziz günündə - Milli Teatr günündə. Teatra bu qədər vurğun, səhnəyə bu qədər aşiq olan bir sənətkarın ölümü, məncə, başqa cür ola bilməzdi.

Nəsibə Zeynalova özünü zorla tamaşaçıya sırıyan və süni alqış selinə tutulan aktrisalardan deyildi. O, səhnəyə, tamaşaçısı da ona aşiq idi. Bu sevgini ona qazandıransa oynadığı rolların səmimiyyəti, təbiiliyi idi.

Atasının arzusunu artıqlamasıyla gerçəkləşdirdi

Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub. Atası Kərbəlayi Cahangir tanınmış tacir və eyni zamanda aktyor olub.

Adı Azərbaycan milli realist aktyor məktəbinin banisi kimi tarixə düşən Nəsibə Zeynalova atasının onunla bağlı ən ümdə arzusunu gerçəkləşdirib. Onun sənətini davam etdirməsini arzulayan ata üçün bundan böyük hədiyyəmi var? Hərçənd bu arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmayıb.

O, nadir incilər yaratdı…

Nəsibə xanımın yaratdığı Cənnət xala, Nargilə, Züleyxa rolları yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış edən Nəsibə Zeynalovanın kinomuzda Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları canlı və şöhrətlidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm