Sabir Ələsgərov: “Heydər Əliyev dedi ki, nəhayət, səsi, avazı xoşuma gələn diktor tapmısınız” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Sabir Ələsgərov: “Heydər Əliyev dedi ki, nəhayət, səsi, avazı xoşuma gələn diktor tapmısınız” - MÜSAHİBƏ/FOTOLAR

Onu uşaqlıqdan tanıyıb sevmişik. Qeyri-adi səsi, mükəmməl diksiyası ilə hər kəsi özünə valeh edib. Maşallah, elə indi də, 78 yaşı olmasına baxmayaraq, nə səsi dəyişib, nə də xarici görünüşü. Sadəcə, saçları ağarıb. Belə də ki, uca dağların başı həmişə qarlı olar.

Azərbaycan Milli Televiziyasında "Günün ekranı" xəbərlər proqramının məşhur diktoru, əfsanəvi səs sahibi, xalq artisti Sabir Ələsgərovu deyirəm.

Redaksiyamızın qonağı olan məşhur diktor Publika.az-a müsahibə verib.

- Sabir müəllim, maşallah, heç dəyişməmisiniz?

- Yox, çox dəyişmişəm, 78 yaşım var e…

- Diktorluğu alın yazısı sayırsınız, yoxsa bir təsadüf?

- Yəqin ki, alın yazısı. Ağlıma da gəlməzdi ki, diktor olacağam. 1961-ci ildə Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdim. O vaxt da rayonlarda müəllim çatışmazlığı vardı, biz rayonda işləməliydik ki, diplom alaq. Mən də öz rayonumuz olan Qazaxı seçdim. Bir il işləyəndən sonra Bakıya qayıdıb diplomu aldım. Onda da dayım Azərbaycan radiosunda çalışırdı. Onu da deyim ki, körpə ikən anamı itirdiyimdən məni nənəm saxlamışdı və həmin o radioda işləyən dayıma qardaş deyirdim. Sözün düzü, uşaqlıqdan elə bilirdim, nənəm anam, dayım da elə qardaşımdır. Nə isə, gəldim qardaşımın yanına ki, mənə radioda bir iş tap. O, məni kadrlar şöbəsinə apardı və mətn oxudub məni yoxladılar. Həmin ərəfədə diktorların müsabiqəsi keçirilirdi. Mən 33 nəfərin içindən seçildim. Ən çox səsimi və diksiyamı bəyənmişdilər. Teymur Elçin məni təriflədi və dedi ki, səni Aydın Qaradağlı kimi diktor görmək istəyirəm. Amma sonuncu iş yerimi öyrənəndən sonra fikrini dəyişdi. Dedi ki, rus dili müəllimini biz işə götürə bilmərik, bununla bağlı Mərkəzi Komitənin qərarı var. Götürmədilər, qaldım işsiz. Radionun xəbərlər şöbəsinin müdiri Hacı Hacıyev məni ştatdankənar müxbir götürdü. Üstündən dörd il keçəndən sonra yenidən diktor müsabiqəsinə qatıldım və seçildim. 6-7 il radioda işləyəndən sonra məni televiziyaya keçirdilər.

- Yəqin ki, sevincinizin həddi-hüdudu olmadı?

- Yox, mən bunu istəmirdim. Arıq oğlan idim, bığlarım vardı, fikirləşirdim hamı deyəcək ki, bu eybəcəri efirə kim çıxarıb. Əmr verilsə də, 12 gün işə getmədim. Radionun baş diktoru Ramiz Mustafayev abrımı aldı ki, bu nə deməkdir, 12 gündür əmrin verilib, niyə efirdə yoxsan? Elə həmin gün efirə çıxdım. Axşam saat 6 xəbərlərini oxudum. Saat 9-da isə Roza Cəlilova ilə "Günün ekranı"na çıxdıq. Hər səhər sədrin yanında toplantı olurdu, axşam nümayiş olunan verilişləri təhlil edirdilər. Sədr Qurban Yusifzadə dedi ki, Heydər Əliyev mənə zəng eləyib təbrik etdi. Dedi ki, nəhayət, xəbərlər üçün səsi, avazı xoşuma gələn bir diktor tapmısınız, indən belə mənim bütün materiallarımı Sabir oxusun. Həmin gündən Heydər Əliyevin bütün nitqlərini, çıxışlarını mən oxudum. Beləcə televiziyada 30 il baş diktor kimi çalışdım.

- Bir gecənin içində məşhur oldunuz. Bu hissi necə yaşadınız?

- Həmin gecə səhərə qədər yatmadım. Utanırdım ki, hamı mənə lağ edəcək ki, bu çirkin oğlanı kim efirə çıxarıb? Amma gözlədiyimin tam əksini gördüm. Hamı mənə zəng elədi, təriflədi. Heydər Əliyevin sözləri isə məni lap qanadlandırdı.

- Diktor üçün xarici görünüş önəmli idimi?

- Görünüş də olmalıydı, səs də mikrofona düşməliydi.

- Biz sizi xarizmatik diktor kimi tanıyıb sevmişik, amma siz deyirsiniz ki, xarici görünüşünüzdən narazı olmusunuz. Qaneedici görkəminiz olmasaydı, axı sizi diktor götürməzdilər?

- Sonradan dəyişdim, kökəldim, bığımı qırxdırdılar, düzəldim (gülür). Mənim səsimi və diksiyamı daha çox bəyənirdilər. Hələ birinci sinifdə oxuyurdum, müəllimim müharibə xəbərlərini mənə oxutdururdu. Çox səhvsiz oxuyurdum. Demək ki, o qabiliyyət məndə əvvəldən olub. Mən heç vaxt efirdə çaşmırdım. Hətta bir dəfə Maestro Niyazi mənə zarafatla dedi ki, ə, buna bax e, əclaf bir dəfə çaşmır e.

- Yəqin, həyəcanınız olmurdu?

- Olurdu, amma içimdə boğurdum. O vaxtlar biz zökəm olurduq. Efirə çıxanda bir dəfə asqırmırdım. Heç səbəbini də bilmirdim.

- Sabir müəllim, elə bir dəhşətli hadisə olubmu ki, siz efirə çıxa bilməmisiniz?

- 1986-cı ildə öz maşınımla ailəmlə birgə Tiflisdən gəlirdim. Axşam da "Günün ekranı"nı aparmalı idim. Ələtə çatanda dairəvi yolda dayandım. Qarşımdakı maşın sürdü, mən də dalınca. Sən demə, yol bizim deyilmiş. "Kamaz" üstümüzə çıxdı, hamımız xəstəxanalıq olduq. Yolda məni tanıyanlar dalımca xəstəxanaya gəlmişdilər. Onda da mobil telefon yoxuydu. Mən onlardan birinə nömrə verdim ki, get televiziyaya zəng vur, deynən Sabir qəza keçirib, axşam onu Hicran əvəzləsin. Bir-iki saat keçmiş mənə zəng elədi ki, narahat olmayın, dedim, Hicran xanım yanınıza gələcək. Bu elə bilib ki, Hicran qadındır. Səhəri gün Hicran Hüseynov və digər həmkarlarım tökülüb yanıma gəldilər.

- O vaxtlar məşhur adamların qəza xəbəri efirdə deyilirdi?

- Verilirdi, amma mənə görə vermədilər, sadəcə olaraq dedilər ki, Ələtdə "Kamaz" "Jiquli"ni vurub. Daha demədilər sürücü kim idi.

- Niyə?

- Camaat pis fikirləşərdi, deyərdilər ki, Sabir Ələsgərov kimi tanınmış adam özü qaydaları pozub, qəza vəziyyəti yaradıb.

- Heç fəaliyyət göstərdiyiniz dönəmlərdə, efirdə, veriliş apararkən maraqlı hadisələr baş verib?

- Azərbaycanda SSRİ Ali Sovetindən 3-4 nəfərə sosialist əməyi qəhrəmanı adı vermişdilər, onlardan biri də erməni idi. Roza Cəlilova ilə aparırdıq verilişi. Onda da verilişlər canlı yayımlanırdı. Bu erməni qəfildən qayıtdı ki, Roza xanım, necə danışdım, necə görünürəm? Mən də stolun altından ayağımla onu vururam ki, özünü yığışdırsın, canlı efirdəyik. Vəziyyətdən çıxmaq üçün ona dedim ki, çox sağ olun, yaxşı danışdınız. İndi də o biri qonaqlara söz verək. Erməni yenə də başladı ki, doğrudan, yaxşı görünürəm, Sabir müəllim, danışıb qurtardımsa, onda mən çıxım gedim. Qaş-göz elədim ki, hara gedirsiniz, hələ verilişimiz davam edir. Bunu deyəndə bizi gülmək tutdu. Bir dəfə də mən, Roza xanım və həmkarım Davud axşam olacaq verilişin məşqini edirdik. Rejissorumuz da Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva idi. Məşədi Əzizbəyovdan söhbət gedirdi. Davud da pafosla danışırdı axı. Qayıtdı ki, o, bir səməndər quşu idi. Bunu deyəndə mən də dedim ki, yox bir, Hamlet Xanızadə idi. Solmaz da güldü ki, axşam da bunu desəniz, aləm olar. Axşam veriliş başladı, Davud pafosla deyəndə ki, o, bir səməndər quşu idi, bizi qəfildən gülmək tutdu. Solmaz ordan operatora qışqırdı ki, ə, Davudu götür, Davudu götür, biabır olduq. Sonra Məşədi Əzizbəyovun qızı, ya nəvəsi - yadımda deyil, zəng edib mənə dedi ki, o nə hərəkətdir, Moskvadan "Pravda" qəzetinin müxbirləri verilişə baxıb deyir bu nə biabırçılıqdır? Mən sədrinizə zəng edib səni işdən çıxartdıracağam. Yalandan dedim ki, sədrə zəng eləmək lazım deyil, töhmətimi almışam və işdən də çıxaracaqlar. Qorxdum ki, sədrə zəng eləyər, hamı duyuq düşər.

Əvvəllər verilişə qonaq gələn müğənnilərə qonorar yazırdılar. Bir dəfə Şövkət Ələkbərova, Sara Qədimova, yazıçı Mirzə İbrahimov qonaq idilər. Mirzə İbrahimov da onda Ali Sovetin sədri idi. Veriliş qurtardı, rejissor köməkçisi gəldi ki, qonorar üçün qonaqlara qol çəkdirsin. Bir-bir hamısına dedi ki, Şövkət xanım, Sara xanım qol çəkin. Mirzə müəllimə çatanda çaşıb dedi ki, Mirzə xanım qol çəkin. O da özünü sındırmadı, qayıtdı ki, düz deyirsən, a qızım, mənim elə xanım olan vaxtımdır. Belə maraqlı hadisələr çox olub.

- Diktorlara televiziya rəhbərliyi tərəfindən hansısa qadağalar qoyulmuşdu?

- Efirdə gülmək, artıq söz demək olmazdı. Mətndə nə yazılıbsa, onu oxumalıydıq. Hərdən çaşanda, bağışlayın, deyib, üzr istəməliydik. Kostyumsuz, qalstuksuz efirə çıxa bilməzdik. Bir dəfə Heydər Əliyevin qardaşı Həsən Əliyev xaricdən gələn qonaqlarla televiziyaya gəlmişdi. Məndən soruşdu ki, ay Sabir, sizə efirə üçün paltarlar tikdirmirlər? Dedim ki, yox. O vaxta qədər biz öz paltarlarımızı geyinib efirə çıxırdıq. Olanımızı geyinirdik. Həsən müəllimin tapşırığından sonra Mərkəzi Univermağa getdik, qadın və kişi diktorlara iki dəst paltar tikdirdilər.

- Diktor çalışdığınız dövrdə ən şad və kədərli xəbəriniz hansı olub?

- Kədərli xəbər 20 yanvar hadisəsi və metronun partladılması olub. Şad xəbərlər çox idi - kiməsə orden verilməsi, bayramlar…

- Heç şöhrətdən başınız gicəllənməyib ki?

- Məni həmişə yumşaq, həlim xasiyyətimə, sadəliyimə görə seviblər. Bəzi diktorlarda yekəxanalıq olurdu, amma mən sadə olmuşam.

- Yəqin ki, bütün qapılar da üzünüzə taybatay açılırdı?

- Hansı nazirin qəbuluna getsəm, qapı üzümə açılırdı. Çünki az idik, hörmətimiz vardı. "QAİ" məni saxladığına peşman olurdu.

- Üzdə olan insan kimi, yəqin ki, xanımınız sizi qısqanıb?

- Həyat yoldaşım çox qısqanc idi. Toyda-məclisdə müğənnilər gəlib mənimlə öpüşüb-qucaqlaşırdılar, yoldaşım dəli olurdu. Deyirdi ki, dur məni yola sal gedirəm. Deyirdi bunlar səni niyə öpürlər? Başa salırdım, anlamaq istəmirdi. Cavanlıq vaxtları idi də.

- Xanımınızla harda tanış olmuşdunuz?

- İnstitutda bir yerdə oxumuşduq. O, məndən aşağı kursda təhsil alırdı. Çox gözəl qız idi. Sarışın idi, yaşıl gözləri vardı. 9 ildir rəhmətə gedib. Onu itirəndən sonra mən elə bildim ki, dünyada tək almışam. Oğlum da var, qızım da, onlara arxalanıram. Amma həyat yoldaşımın yoxluğu məni çox ağrıdır. Şəkər xəstəliyi vardı, komaya düşdü, on beş dəqiqənin içində dünyasını dəyişdi. Bu gün məni yaşadan oğlum və qızımdır.

- Nəçidirlər?

- Oğlum Neft Şirkətində işləyir. Qızım da Universitetin biologiya fakültəsini bitirib.

- Əlinizdə imkanınız olsaydı, ömrünüzün hansı illərini silib atardınız?

- Həyat yoldaşımsız keçən doqquz ilimi silib atardım. Çünki çox əziyyət çəkdim. Həm işdən çıxdım, həm də onu itirdim. 2006-cı ildə məni işdən çıxardılar, elə həmin gün də yoldaşımı itirdim. İki ağrını eyni gündə yaşadım. Hətta mən evə qaşqabaqlı gəldim. Mənə təsəlli verdi ki, sən Allah, narahat olma, təqaüd alırsan, birtəhər dolanacağıq. Aradan bir az keçdi, onu itirdim.

- Heç yuxunuza girir?

- Yuxuda onunla keçən cavan vaxtlarımızı görürəm.

- Sabir müəllim, mənə çox maraqlıdır, ən zəhləniz gedən xasiyyətiniz hansıdır?

- Çox yumşağam, bu da mənə hərdən baha başa gəlir. Buna görə çox əziyyət çəkirəm. Məndə yox kəlməsi yoxdur. Bir də çox kövrəyəm. Axırıncı dəfə Xoşqədəmin verilişinə getmişdim, ürəyim ağrıdı. Dedim ki, ay Xoşqədəm, sən Allah məni verilişə çağırma, əziyyət çəkirəm.

- İşləmirsiniz, buna görə darıxırsınız?

- Həddən artıq. Başımı evdə krossvordla qarışdırıram.

- Hansı sualı eşitmək istədiniz, amma eşitmədiniz?

- Soruşa bilərdiniz ki, 50 il televiziyada çalışmısınız, bu illərdən razısınızmı?

- Soruşum də, nə problem var ki... Razısınızmı?

- Çox razıyam.

- Bu gün yenidən efirə qayıtmaq istərdinizmi?

- Bunu çox arzulayıram. AZ.TV mənim həm də evim olub. Orda mənim ayaq izlərim, xatirələrim var.

- Bu gün ora qayıtmaq istərdinizmi?

- Böyük həvəslə qayıdardım. Özüm getmərəm, amma çağırsalar, böyük məmnuniyyətlə, gedərəm. Demirəm gedim efirə çıxım, sadəcə, təcrübəmi cavanlara öyrətmək istəyirəm.

- İçinizdə ikinci bir mən var. Öz içinizdəki məninizlə söhbətləşəndə ona nə deyirsiniz?

- Deyirəm, ay Sabir, çox yumşaqlıq etdin, bir balaca sərt olmalıydın.

- Ay Sabir müəllim, özünüzü çox danlayırsınız e?

- Mən Əqrəb bürcündənəm. İki cür əqrəb var: özünü və başqasını sancan. Mən özünü sancan əqrəbəm. Heç kimin könlünə toxunmaram. Tənqidi də elə deyərəm ki, ruhu da inciməsin: qadan alım, bunu belə eləsən, yaxşı olar.

Mən Moskvada Levitanın kursunda oxumuşam. O, bizim səsimizi yazıb qulaq asırdı, fikirlərini deyirdi. Mənə demişdi ki, iki cür səs var: polad və məxməri. Dedi ki, Sabirdə bu iki səsin ikisi də var.

- Paxıllığınızı çəkənlər vardı?

- Şübhəsiz.

- Reaksiya verirdiniz?

- Bəzən verirdim, bəzən yox. Hərdən xəbər çatdırırdım ki, mən hər şeyi başa düşürəm.

- Kişi, yoxsa xanım diktorlar?

- Əsasən kişilər.

- Keçmiş iş yoldaşlarınızdan kimlərlə əlaqə saxlayırsınız?

- Şərqiyyə, Ofeliya, Natəvanla zəngləşirik.

Cəvahir Səlimqızı

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm