Xalq artisti müharibə xatirələrindən danışdı: Atışma səslərini eşidirdik, icazə vermədilər ki...
Bizi izləyin

Magazin1

Xalq artisti müharibə xatirələrindən danışdı: Atışma səslərini eşidirdik, icazə vermədilər ki...

Xalq artisti Brilliant Dadaşovanın sözlərinə görə, vətənpərvərlik mövzusuna müraciət edən sənətçilər mahnı seçimində çox diqqətli olmalı və daha yaddaqalan kompozisiyalar hazırlamalıdırlar.

Publika.az Xalq artisti ilə müsahibəni təqdim edir.

- Brilliant xanım, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının məhz Şuşada keçirilməsi nə üçün vacib idi?

- Tədbirin Şuşada keçirilməsi təsadüf deyil, bu, bizim çoxdankı istəyimiz idi. İllərdir musiqiçilərimiz Şuşada çıxış etməyi gözləyirdi. Sovet dövründə bütün gözəl tədbirlər Bakıda keçirilirdi. Sovet dağıldıqdan sonra Şuşamızı əlimizdən aldılar, torpaqlarımızı işğal etdilər. Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib, öz torpaqlarımıza qayıtmışıq. Odur ki, festivalın Şuşada təşkil olunması bir adət-ənənə halını alacaq. İnanıram ki, illər və əsrlər keçsə də, Üzeyir Hacıbəylinin anadan olduğu gün Şuşada eyni ruhda qeyd edilməyə davam edəcək.

- Festival haqqında xəbər və məlumatlar erməni mətbuatında da öz əksini tapmışdı. Onların aqressiyasına necə cavab verərdiniz?

- Azərbaycan Ordusunun qazandığı qələbə ermənilərə verilmiş ən layiqli cavabdır. Hesab edirəm ki, əlavə cavaba ehtiyac yoxdur.

- Artıq bir qrup sənətçinin Şuşaya səfəri baş tutub.

- İnşallah, vaxtı gələndə mən də gedəcəyəm. Məlumdur ki, Şuşada ciddi bərpa işləri aparılır. Mənfur düşmən şəhərlərimizi elə bərbad vəziyyətə salıb ki, hələ çox çalışmalıyıq, abadlıq işləri başa çatandan sonra ora getmək bizə daha rahat olacaq.

Birinci Qarabağ müharibəsində cəbhə bölgələrinə gedib əsgərlərlə görüşürdük. Şuşaya yaxın hərbi hissələrdə olmuşduq, amma Şuşaya getməyə bizə icazə verməmişdilər. Çünki artıq atışmalar başlamışdı və səsləri eşidirdik. O vaxt indiki kimi deyildi, vəziyyət çox çətin idi. O hadisələrin canlı şahidi kimi deyirəm, Birinci və İkinci Qarabağ müharibəsi müqayisə olunacaq deyil. Bu gün Azərbaycan qüdrətli ordusu olan güclü bir dövlətdir, biz daha da inkişaf edəcəyik.

- Bir neçə gün sonra - 27 sentyabrda Vətən müharibəsinin başlamasının ildönümü tamam olacaq. Eyni zamanda Zəfər gününə çox qalmayıb. Bu münasibətlə mahnı yazdırmağı düşünürsünüz?

- Bu gün musiqi ilə məşğul olmaq asandır, studiyalar çoxdur. 90-cı illərin əvvəllərində Bakıda studiyalar az idi. Müharibə vəziyyətində yeni əsərlər ifa etmək və yazdırmaq istəyən sənətçi bir çox problemlərlə qarşılaşırdı. Bilirdik ki, vətənpəvərlik mövzusunda yazılmış mahnı və marşlar əsgərlərdə ruh yüksəkliyi yaratmaq gücünə malikdir. Odur ki, biz cəbhə bölgələrinə ansamblla birlikdə yollanırdıq. Musiqiçiləri də özümüzlə birlikdə aparırdıq ki, bizi müşayiət etsinlər. İndi tək bir disklə də əsgərlərin görüşünə getmək olar, ifaçılarımız da yetəri qədərdir.

Qələbə gününə radio və televiziyalarla birlikdə hazırlaşırıq. Bu, qalibiyyətimizin ildönümüdür! Əlbəttə ki, şəhidlərimizin də ildönümü tamam olur, bir gözümüz ağlayır, bir gözümüz güləcək. Həm şəhidlərimizə ağlayacaq, həm də qələbəmizə sevinəcəyik. Bu səpkidə artıq bir neçə mahnı hazırlamışıq. Keçən il musiqisi Nadir Əzimova, sözləri Fuad Biləsuvarlıya aid olan “Qarabağ Şuşa”, eyni zamanda sözləri və musiqisi Aybəniz Gülərə aid olan “Türkiyə Azərbaycan” kompozisiyalarını yazdırmışıq.

- Bəs sənət adamlarının vətənpərvərlik mövzusuna müraciəti qənaətbəxşdirmi?

- Müharibədən yeni çıxsaq da, bu mövzuya müraciət çoxdur, amma yaddaqalan olsa, daha gözəl olar. Bu, həm vaxt, həm də vəsait tələb edir. Əsrlər boyu ozanlarımız qəhrəmanlarımızı vəsf ediblər, onlara dəyər veriblər, mahnı və şeirlərdə yad ediblər. Azərbaycan Ordusu böyük bir tarix yazdı! Odur ki, həm qazilərimizə, həm də şəhid ailələrinə arxa-dayaq olmalıyıq. Bu ənənə daha ciddi və məqsədyönlü şəkildə davam etməlidir. Bu, bizim musiqiçi kimi borcumuzdur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm