Keçmişlə gələcəyin yanaşı yaşadığı şəhər: Ora gedərkən səyahət tarixçəni yenidən başlamalısan
Bizi izləyin

Maraq dünyası

Keçmişlə gələcəyin yanaşı yaşadığı şəhər: Ora gedərkən səyahət tarixçəni yenidən başlamalısan

Keçmişlə gələcəyin yanaşı yaşadığı şəhər: Ora gedərkən səyahət tarixçəni yenidən başlamalısan

Təyyarə Pekin Beynəlxalq Hava Limanına enərkən pəncərədən seyr etdiyim sayrışan rəngbərəng işıqların mənzərəsi ilk baxışdan dünyanın digər böyük şəhərlərindən elə də fərqlənmir. Ancaq terminaldan çıxan kimi tamam fərqli - öz qaydaları, ritmi və dünyası olan bir ölkə ilə üz-üzə qaldığını hiss edirsən. Bir az sonra anlayırsan ki, həqiqətən də bu ölkəyə səfər edərkən bütün səyahət tarixçəni yenidən başlamalısan…

Uzaq və əlçatmaz olmayan ölkə

Azərbaycanla Çin arasında vizasız rejimin tətbiqi iki ölkə arasındakı əlaqələri xeyli canlandırıb. AZAL-ın birbaşa uçuşları isə yeddi saatlıq məsafəni sanki “yaxınlaşdırıb”. Pekinə səfərimiz zamanı təyyarə salonunda biznes, təhsil və ticarət məqsədilə uçan sərnişinlərin çoxluğu da bunun sübutu idi: Çin artıq azərbaycanlılar üçün uzaq və əlçatmaz ölkə deyil. Turist kimi gedənlərin axını hələ ki çox olmasa da, fərqli təcrübə axtaran insanlar bu məsafəni həvəslə qət edir. Yemək və nəqliyyatın, gündəlik xərclərin nisbətən ucuzluğu, Böyük Çin Səddi, “Qadağan şəhər”, “Cənnət məbədi”, “Tiananmen Meydanı” kimi min illik tarixi olan yerlərin çoxluğu, üstəlik təhlükəsiz ölkə olması indi dünya turistlərini Çinə cəlb etdir.

Ancaq digər turistik məkanlarla müqayisədə bu nəhəng ölkəyə səyahət edərkən öncədən texniki hazırlıqlar lazım gəlir. İnternet məhdudiyyətləri olduğundan elə Bakıda eSim, VPN tətbiqləri yükləməli, ya rouming açmalı və ya yerli internet paketi almalısan. Əks halda, burada dünyanın böyük hissəsində gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş “Google”, “Gmail”, “YouTube”, “Instagram” və digər beynəlxalq platformalardan məhrum olacaqsan.

Hava limanından başlayan təcrübə

Beləliklə, elə hava limanının içərisində ilk texnoloji təcrübəmiz başlayır. Pekində taksi sifariş etməyin müəyyən çətinlikləri var. Hərçənd əlində çamadan görən kimi yaxınlaşıb qiyməti birə beş qaldıran taksi sürücüləri də az deyil. Rəsmi taksilər xeyli ucuz olduğundan biz “Alipay” tətbiqi üzərindən “Didi” proqramı ilə taksi sifariş edirik. Sistem yerləşdiyimiz nöqtənin fotosunu yükləməyi tələb edir. Bir neçə dəqiqə sonra sürücü böyük izdihamın içərisindən bizi axtarıb tapır. Hotelə çatanda isə nağd yuan (Çin pulu) götürməkdən imtina edir: ödəniş “Alipay”lə olmalıdır.

Robotlar, dilənçilər, dil baryeri

Çin qədim tarixi ilə fəxr edən, eyni zamanda texnologiyanın imkanlarından maksimum istifadə edən ölkədir. Burada minillik tarixin, imperator saraylarının kölgəsində robotlar işləyir, qədim çay mərasimləri ilə yanaşı süni intellekt həlləri tətbiq olunur. Bir tərəfdə əsrlər boyu yaşayan məbədlər, digər tərəfdə isə şüşədən və metaldan inşa edilmiş futuristik göydələnlər yüksəlir.
Pekinin başqa bir siması isə qədim hutonqlarda üzə çıxır: dar küçələr, bir mərtəbəli evlər, həyətlərdə qurudulan paltarlar, nizamsızlıq, küçədə majong oynayan yaşlılar və çay süfrəsi arxasında söhbət edən yerlilər tamam başqa Pekinin ab-havasını yaradır.

İnsanlar alış-veriş, ödəniş və digər gündəlik əməliyyatları mobil telefon vasitəsilə həyata keçirirlər. Bu ölkədə texnologiyalar həyatın bütün sahələrinə nüfuz edib. Hotellərdə insanları robotlar əvəz etməyə başlayıb. Qaldığımız hotellərin birində sifariş olunan su və digər ərzağı otaqlara robotun aparması bizi nə qədər heyrətləndirir. Robotlar liftə minir, salamlaşır, lazımi mərtəbəyə qalxır, qapının qarşısında dayanaraq telefona zəng edir, sifarişin çatdırıldığını bildirir və yenidən öz yerlərinə qayıdırlar. Bir neçə il əvvəl fantastik görünən bu mənzərə artıq Çində adi həyatın bir hissəsinə çevrilib.

Texnologiyanın gündəlik həyata nə qədər nüfuz etdiyini göstərən başqa bir mənzərə isə izdihamlı küçələrdə qarşımıza çıxır: nağd pulun istifadəsinin minimuma endiyi ölkədə hətta dilənçilər belə boyunlarından asdığı QR-kodları uzadır, yardım etmək istəyənlər ödənişi “Alipay”lə həyata keçirirlər.

Çində insanı təəccübləndirən başqa bir məqam dil baryeridir. Ölkədə ingilis dilini bilənlərin sayı azdır. Bəzən sadə bir ünvanı soruşmaq belə çətinləşir. Belə hallarda işarə dili və tərcümə proqramları köməyə gəlir. Çinlilər ümumiyyətlə, turistlərlə uzun söhbətlər etməyə meyilli deyillər. Hər kəs öz işi ilə məşğuldur, çalışqan olduqlarından daim tələsirlər. Zəhmət vərdişi və məsuliyyət onlara ta məktəbdən aşılanır.

“Bura gələcəyin ölkəsidir”

Çinlə Azərbaycan arasında tələbə mübadiləsi ildən-ilə genişlənir. Pekin, Şanxay və digər böyük şəhərlərin ali məktəblərində azərbaycanlı tələbələr təhsil alır. Ölkədəki keyfiyyətli təhsil, təqaüd və karyera imkanları gəncləri cəlb edir. Təsadüfən orta təhsilin son pillələrini Pekin Beynəlxalq Məktəbində alan gənclərlə tanışlığımız ölkədəki təhsilin özəlliyi haqqında məlumat qazandırdı: “Çin universitetləri xüsusilə texnologiya, mühəndislik və tibb sahəsində güclüdür. Praktiki bilik və müasir laboratoriyalar var. Çin hökuməti çoxlu tam və yarım təqaüdlər verir. Təhsil, yataqxana, bəzən aylıq xərclər belə qarşılanır. Çin dünyada ən çox təhsil təqaüdü verən ölkələrdəndir. Biz orta məktəbdən sonra ali təhsili də burada almaq, iş imkanlarından istifadə etmək niyyətindəyik. Bura gələcəyin ölkəsidir”.

Məhsul ucuz, seçim çox…

Çin istehsal ölkəsidir. Azərbaycanlı ticarətçilərin illərdir kütləvi ticarət üçün üz tutduqları ölkəyə axın son vaxtlar daha da artıb. Bizimkilər daha çox xırda məhsulların ən böyük bazarı olan Yivu, geyim və topdan satış malları ilə məşhur olan Guangzhou, elektronika və texnologiya şəhəri olan Shenzhenə gedirlər.

Pekində olarkən yaddaşımda qalan ən güclü təəssürat isə budur: burada keçmişlə gələcək eyni şəhərdə və eyni həyatın içində yanaşı yaşayır… ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm