İnanc
Bakıda məscidlərə ehtiyac artır: Mövcud reallıq nəyi göstərir?
Azərbaycan müstəqillik illərində dövlət–din münasibətləri sahəsində özünəməxsus və uğurlu model formalaşdırıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri dini-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması və ölkədə tolerantlıq mühitinin daha da möhkəmləndirilməsidir. Dövlət tərəfindən dini icmalara göstərilən diqqət, məscidlərin və yeni ibadət məkanlarının tikintisi Azərbaycanın multikulturalizm ənənələrinin praktik ifadəsi kimi qiymətləndirilib.
Bu siyasətin ən parlaq nümunələrindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan “Böyük Qayıdış” Proqramı çərçivəsində dağıdılmış məscidlərin yenidən inşası və bərpası xüsusi yer tutur. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkənin tarixi-mədəni irsinin, o cümlədən dini memarlıq abidələrinin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu addımlar həm dini irsə hörmətin, həm də milli-mənəvi dəyərlərə dövlət qayğısının göstəricisidir.
Bütün bunlarla yanaşı, dövlət siyasətinin yerlərdə həyata keçirilməsi ilə bağlı müəyyən və həllini tələb edən məsələlər də mövcuddur. Məhz bu məqamda aidiyyəti qurumların – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin- fəaliyyətinin mövcud reallıqlara daha çevik uyğunlaşdırılması zərurəti ortaya çıxır.
Rəsmi statistikaya əsasən, bu gün Azərbaycanda 2 387 məscid fəaliyyət göstərir. İlk baxışdan bu rəqəm kifayət qədər böyük görünür. Lakin təkcə ümumi statistika vəziyyəti tam əks etdirmir. Əsas məsələ məscidlərin sayından daha çox onların coğrafi yerləşməsi, əhali sıxlığına uyğun bölgüsü və faktiki istifadəsidir.
Xüsusilə Bakı şəhərində cümə namazları zamanı bir sıra məscidlərdə ciddi sıxlıq müşahidə olunur. İlahiyyat məscidi, Qaracuxur məscidi, Əbu Bəkr məscidi, Şəhidlər məscidi, Göy məscid, Heydər məscidi və digər ibadət ocaqlarında minlərlə insan eyni vaxtda ibadət etməyə çalışır. Nəticədə məscidlərin həyətləri, ətraf küçələr və avtomobil yolları dolur, nəqliyyatın hərəkətində çətinliklər yaranır, sosial infrastruktur əlavə yük altında qalır. Məscid imamları və aidiyyatı qurumlar sıxlıq problemini həll etməyə çalışır, lakin məsələ görünür, daha kompleks yanaşma tələb edir. İnanclı insanlar deyir ki, Bakıda məscid çatışmır. Burada sadə sual yaranır: əgər bizdə, deyildiyi kimi, minlərlə məscid varsa, onda bir sıra məscidlərdə niyə izdiham yaşanır? Bu problemi müsbət həll etmək o qədərmi çətindir?
Digər tərəfdən isə paytaxtın sürətlə böyüyən yaşayış massivlərində ümumiyyətlə ibadət məkanının olmaması diqqət çəkir. Yeni salınmış yaşayış komplekslərində məktəblər, uşaq bağçaları, supermarketlər, ticarət və xidmət obyektləri fəaliyyət göstərsə də, insanların ibadət edə biləcəyi kiçik bir məscid belə mövcud deyil. Bunun ən bariz nümunələrindən biri, məsələn, 8-ci kilometr yaşayış massividir. Bu ərazi uzun illərdir Bakının ən sıx yaşayış məntəqələrindən biri hesab olunur. Burada yüz minlərlə insan yaşayır, iri ticarət mərkəzləri, müxtəlif dövlət və özəl obyektlər fəaliyyət göstərir. Lakin bu qədər böyük yaşayış massivində insanların rahat şəkildə ibadət edə biləcəyi kiçik bir məscidin olmaması nəzərə çarpır.
Belə vəziyyətdə "ölkədə minlərlə məscid var" arqumenti praktiki baxımdan problemi həll etmir. Çünki vətəndaş üçün əsas məsələ statistik rəqəm deyil, yaşadığı əraziyə yaxın ibadət məkanının mövcud olmasıdır.
Bununla yanaşı, ictimaiyyət arasında tez-tez belə fikirlər də səsləndirilir ki, Bakıda müəyyən sayda məscid faktiki olaraq tam gücü ilə fəaliyyət göstərmir. Əgər konkret ərazilərdə inanclı insanların böyük tələbatı mövcuddursa, həmin ibadət məkanlarının daha aktiv istifadəsinin təşkili, onların yerli dini icmaların istifadəsinə verilməsi imkanlarının araşdırılması məqsədəuyğun olar. Bu istiqamətdə müvafiq qərar, əlbəttə ki, mövcud tələb çərçivəsində qiymətləndirilməlidir.Əgər Bakının bir ərazisində cümə günü bir məsciddə izdiham yaşanırsa, ona yaxın digər bir ərazidə isə bir və ya bir neçə məscid faktiki olaraq boş qalıbsa, bu halda bu ibadət ocaqları aktiv ibadət əhlinin üzünə açılmalıdır.Bu addımı atmaq şəhərdə pik vaxtı insan sıxlığı və izdihamın qarşısını almaq üçün zəruridir.
Son dövrdə bunun müsbət nümunələrindən biri ölkə rəhbərliyinin təşəbbüsü ilə Əbu Bəkr məscidinin əsaslı təmirdən sonra yenidən inanclı insanların istifadəsinə verilməsi oldu. Bu addım cəmiyyət tərəfindən müsbət qarşılandı və uzun illər həmin məsciddə ibadət etmək istəyən insanların tələbatının ödənilməsinə imkan yaratdı.
Bu təcrübə göstərir ki, dövlət rəhbərliyinin siyasi iradəsi olduqda həm dini təhlükəsizlik, həm də vətəndaşların dini etiqad azadlığı arasında sağlam balans yaratmaq mümkündür. Bu baxımdan haqlı suallar yaranır: əgər müəyyən məscidlərə ictimai ehtiyac yüksəkdirsə, oxşar yanaşma digər faktiki istifadə olunmayan və ya məhdud fəaliyyət göstərən ibadət məkanlarına münasibətdə də tətbiq oluna bilərmi? Böyük yaşayış massivlərində yeni məscidlərin tikintisi və ya mövcud məscidlərin fəaliyyətinin genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülə bilərmi? Aidiyyəti qurumlar şəhərin demoqrafik inkişafını və ibadətə olan real tələbatı daha sistemli şəkildə təhlil edirmi?
Şübhəsiz, dövlət–din münasibətlərində əldə olunmuş nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, dəyişən şəhərsalma reallıqları, əhali artımı və insanların gündəlik ehtiyacları nəzərə alınaraq ibadət məkanlarının yerləşməsi və fəaliyyətinə dair yanaşmaların da müasir tələblərə uyğun təkmilləşdirilməsi vacib görünür. Məqsəd tənqid naminə tənqid deyil, dövlətin həyata keçirdiyi uğurlu siyasətin yerlərdə daha səmərəli icrasına töhfə verməkdir.
Orxan Əliyev
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı




















.jpg)



.jpg)


.jpg)
.webp)










