Kəşfi ilə bütün dünyanı silkələyən azərbaycanlı alim
Bizi izləyin

Tarix

Kəşfi ilə bütün dünyanı silkələyən azərbaycanlı alim

Məmmədəli Hüseynov – bu ad bəs edir ki, gözümüzün önündə azman, fenomen Azərbaycan tarixçisinin obrazı canlansın. M.Hüseynov deyəndə alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq gəlir gözlərimizin önünə. O, Azərbaycan arxeologiya elminin patriarxlarındandır. Eyni zamanda, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısıdır.

Həyatından qısa fraqmentlər...

Məmmədəli Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Molla Cəfərli kəndində doğulub. 72 il ömür sürüb. 1994-cü ilin 5 iyulunda Bakıda dünyasını dəyişib.

M.Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti -red.) tarix fakültəsində ali təhsil alıb. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi -red.) əmək fəaliyyətinə başlayır. M.Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix İnstitutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri"adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi ünvanına sahib çıxır.

Bakı Dövlət Universitetinin professoru olub. 1985-ci ildə tarix elmləri doktoru, 2 il sonra professor dərəcəsi alıb. 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik edib. 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olub.

İlk elmi fəaliyyət və uğurlar...

Məmmədəli Hüseynovun rəhbərliyi altında 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində paleolit arxeoloji ekspedisiyası təşkil edilir. Onun rəhbərliyi altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Məhz burada paleolit mədəniyyətinə aid zəngin maddi-mədəniyyət nümunələri tapılır. Məmmədəli Hüseynov 1958-ci ildə Qazax rayonu ərazisində kəşfiyyat işləri də aparır. Daşsalahlı mustye düşərgəsini aşkara çıxarır. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin elmi materiallar tapılır.

1960 ildə o, Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işləri aparır və çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar edir.

Azıx yolu... Sirli mağarada araşdırmalar...

Məmmədəli Hüseynov Quruçay və Köndələnçay vadilərində, həmçinin Qarabağın dağlıq hissəsində karst mağaralarının çoz zəngin olduğunu üzə çıxarır.

Alimin rəhbərliyi altında Azıx mağarası arxeoloji cəhətdən ən müasir elmi biliklər səviyyəsində tədqiq olunur. Məlumat üçün qeyd edək ki, çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələri Quruçayın sol sahilində olub, Füzuli şəhərindən 16 kilometr aralıda, Tuğ çökəkliyində yerləşir.

1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı burada 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq edilir. Elmi araşdırmalar zamanı Azıx düşərgəsinin III,V-X təbəqələrindən 7 mindən artıq daş məmulatı və ovlanmış heyvanların 900 mindən artıq sümük qalıqları tapılır. Qarabağ diyarında aparılan elmi tədqiqatlar zamanı sübuta yetirilir ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olub.

Qarabağın tarixi incisi - Azıxın tarixi müəyyənləşir...

Ərazidə aparılan kompleks elmi tədqiqatlar göstərir ki, hələ 2,5 milyon il bundan əvvəl Quruçay vadisi müxtəlif heyvanlarla zəngin imiş. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar düşərgələri yerləşən ərazidən qədim insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə edirmişlər.

...VƏ... Məmmədəli Hüseynov 1968-ci ildə Azıx mağara düşərgəsinin orta aşel təbəqəsindən daş alətlər və daşlaşmış heyvan sümükləri ilə bir yerdə 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünün bir hissəsini tapmaqla dünyaya səs salır. Bu, təxminən 20-22 yaşlı qadının alt çənə sümüyü idi.

Sonrakı illərdə tədqiqatların davam etdirilməsi nəticəsində Azıxda və ümumiyyətlə, Quruçay vadisində erkən insanın hələ 2 milyon il bundan öncə məskunlaşdığı arxeoloq Məmmədəli Hüseynov tərəfindən tutarlı elmi dəlillərlə sübuta yetirilir.

M.Hüseynov Azıx düşərgəsinin daş məmulatını Əsədulla Cəfərov ilə birlikdə tədqiq edir. Düşərgənin VII-X təbəqələrinin maddi-mədəniyyət nümunələrinin özünəməxsus cəhətləri müəyyən olunur. Dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına görə, aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı verilir.

Məhz Məmmədəli Hüseynovun gərgin əməyi və fəaliyyəti nəticəsində hazırda Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunur. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanların ilkin məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olub.

Kompleks elmi tədqiqatlar zamanı müəyyən olunur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzunmüddətli inkişafdan sonra qədim aşel mədəniyyəti ilə əvəzlənib. Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində zəngin paleolit düşərgələri aşkar olunur və nəticədə Azərbaycan paleolit məktəbi yaradılır.

Yekun naxışlar... Böyük kişinin xatirəsi...

Məmmədəli Hüseynov ümumilikdə 6 kitab və 100-dən çox elmi əsərin müəllifidir. 2008-ci ildə çap edilən 6 cildlik Azərbaycan arxeologiyası kitabının ilk cildi məhz Azərbaycan paleolit məktəbinin banisi, professor Məmmədəli Murad oğlu Hüseynovun əziz xatirəsinə həsr olunub. 23 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində M.Hüseynovun xatirəsinə həsr olunmuş fotosərgi açılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm