Maydan etirazçısı, cadugər əri və... – Rusiya aerodromlarını partladan şəxs kimdir?
Bizi izləyin

MDB

Maydan etirazçısı, cadugər əri və... – Rusiya aerodromlarını partladan şəxs kimdir?

İyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromalarına genişmiqyaslı hücumunda əsas şübhəli şəxs kimi Donetskdə doğulmuş Artem Timofeyevin adı çəkilir. Hazırda Rusiyada ən çox axtarılan Timofeyevin həyatı kifayət qədər qəribədir.

Publika.az
xəbər verir ki, “Lenta.ru” saytı Timofeyevin həyatını araşdırıb.

Rusiya hüquq-mühafizə orqanları 38 yaşlı Donetsk əsilli Timofeyevin izinə dronların yerləşdirildiyi TIR sürücülərinin ifadələri əsasında düşə bilib. Sürücülər qeyd ediblər ki, yük maşınları Timofeyevə məxsusdur və onların hər birindən karkas evlərin olduğu TIR-ları göstərilən ünvanlara çatdırmağı istəyib. TIR-lar hərəkətdə olarkən, Timofeyev daim sürücülərə harada və nə vaxt dayanacaqları barədə göstəriş verib. TIR-lar dayandıqda PUA-lar yük yerindən havalanaraq, hərbi aerodromlara hücum edib.

PUA-ların yükləndiyi TIR-lardan biri partlayıb

A.Timofeyev Donetskdə doğulub və bir müddət Kiyevdə yaşayıb. O, Ukraynada Maydan proseslərində iştirak edib, bununla bağlı fotoşəkillər paylaşıb. Ukraynada DJ kimi fəaliyyət göstərib, musiqiçilərlə yaxşı ünsiyyəti olub, həmçinin özünün geyim markasını yaradıb. Bir neçə il əvvəl Rusiyaya köçüb və Rostov vilayətindən pasport alıb, daha sonra Uralda yaşamağa başlayıb. Timofeyev Çelyabinsk vilayətinin Mias şəhərində qeydiyyatdadır. 2021-ci ildə “ARS Group” şirkətində işləyib, sonra Çelyabinsk vilayətində yük daşımaları sahəsində biznes qurub.

Timofeyev hərbi aerodromlara hücumda istifadə edilən yük maşınlarını 2024-cü ilin dekabrında alıb. Timofeyevin atası, çörək istehsal edən “Miass OFKOR” şirkətinin baş direktoru isə jurnalistlərə bildirib ki, o, nə nəqliyyat, nə də yük maşınları ilə məşğuldur.

Timofeyevin əmisi oğlu da qeyd edib ki, o xüsusi avadanlıq mağazasında işləyir və çörək biznesində atasına kömək edir. Onun sözlərinə görə, Artem əvvəllər avtosalonda işləyirmiş.

Timofeyevin həyat yoldaşı Yekaterina Miassdakı salonların birində döymə rəssamı kimi çalışıb, geyim dizaynı ilə məşğul olub və özünü cadugər-falçı adlandırıb. Yekaterina etorik hekayələr yazmaqla da tanınır. Timofeyevlə həyat yoldaşı 2018-ci ildə Rusiyaya köçüblər. İlk dəfə Timofeyevin atasının biznesi olan Miassda məskunlaşıblar, daha sonra Yekaterinburqa, oradan isə Çelyabinskə köçüblər. Rusiya Ukraynaya hücuma başlayanda Timofeyevlər bunu pisləyib, Ukrayna vətənpərvərləri olaraq çıxış etməkdən çəkinməyiblər. Maraqlıdır ki, Yekaterinanın Ukraynada bir oğlu olsa da, onlar geri qayıtmağa tələsməyiblər.

Jurnalistlər Çelyabinskdə Timofeyevin mənzilini tapıblar. Mənzilin yeni sakinlərinin dediyinə görə, şübhəli şəxs bir neçə həftə əvvəl orada olub.

Timofeyev bu binada yaşayıb

Artem Timofeyevin dəbdəbəli həyata marağı olub. Onun bir milyon rubl dəyərində bir neçə saatı var imiş. Sosial şəbəkə hesablarında bu saatlarla öyünürmüş, hətta fotolarını paylaşaraq, mütəxəssislərdən rəylər də öyrənib.

İlkin məlumata görə, Ukrayna hərbi aerodromlara hücum etməmişdən bir gün öncə Timofeyev və həyat yoldaşı Rusiyanı tərk edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm