İlk çempion: “Bir səhvindən sonra onunla əlaqəni tamam kəsdim” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

İlk çempion: “Bir səhvindən sonra onunla əlaqəni tamam kəsdim” - MÜSAHİBƏ

Onun axırıncı qələbəsi Serbiyanın Belqrad şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında qazandığı qızıl medal olub. O, 6 ildən sonra Azərbaycan Kikboksinq federasiyasının üzünü güldürməyi bacarıb.

Publika.az-ın budəfəki həmsöhbəti dünya çempionu Elşad Ələsgərov oldu. O, karyerası, ailəsi və həyatı ilə bağlı bir çox məsələlərə toxundu. Həmçinin dünya çempionatında əldə etdiyi çətin qələbəsindən də danışdı.

Xatırlatma...

Ələsgərov Elşad Oruc oğlu 1990-cı ildə Ağsu rayonunda anadan olub. İdmana həvəsli olan Elşadı əmisi kiçik yaşlarından kikboksa yazdırıb. Daha sonra Elnur Əliyevin və millinin baş məşqçisi Elşən Əbdülrəhimovun rəhbərliyi altında məşqlərini davam etdirib. 8 il ərzində E.Ələsgərov bir çox nəticələr əldə edib - dəfələrlə Respublika çempionatlarında, Azərbaycan kubokunda, 2 dəfə Heydər Əliyev adına kubokda qalib olub. Bundan əlavə, Macarıstanda keçirilən WAKO versiyası üzrə dünya kubokunun, Ukraynada baş tutmuş dünya çempionatının qalibidir. Makedoniyada keçirilmiş WAKO versiyası üzrə dünya çempionatının finalçısı, 2010-cu ildə WAKO versiyası üzrə Avropa çempionatının qızıl medalçısıdır. Ələsgərov həmçinin bir çox beynəlxalq dərəcəli turnirlərin qalibi və mükafatçısı olub.

Azərbaycan Kikboks Federasiyası 6 il idi WAKO versiyası üzrə dünya çempionu “görmürdü”. Yarışda yadda qalan hadisə sonda yaşandı. Belə ki, çempion adı qazanan Elşad Ələsgərov finalda qarşılaşdığı türkiyəli rəqibi Soner Şenlə bayraq dəyişdirdi. Azərbaycanlı çempion rinqdə türk bayrağını, rəqibi isə Azərbaycan bayrağını kürəyində gəzdirdi.

Elşad bu turnirdə həm də böyük tarix yazdı. Çünki bu vaxta qədər kikboksun “K-1” üslubu üzrə dünya çempionumuz olmamışdı...

- Nəyə görə əminizin seçdiyi kikboksda qaldınız? Başqa idmana marağınız olmayıb heç?

- Məni bu idmana ona görə yazdırmışdılar ki, dava-dalaş olanda özümü qoruya bilim. Evdəkilər fikirləşməmişdilər ki, nə vaxtsa dünya və Avropa çempionu olaram. Yəqin uşaqlıqdan təpik-yumruq atmağa həvəsli olduğumu görüb kikboksa yazdırıblar (gülür).

- Deməli, sakit uşaq olmamısınız...

- (gülür) Uşaq vaxtı çox dəcəl olmuşam. Enerjimin idmana sərf olunması üçün də kikboksa yazdırıblar.

- Rinqdən kənarda - çöldə-bayırda dalaşmısınız?

- Uşaq vaxtı davakar olmuşam. Böyüyəndən sonra elə şeylərdən uzaqlaşmışam. Axırıncı dəfə küçədə nə vaxt dava etdiyim yadıma gəlmir. İdmançı rinqdəki döyüşü ilə seçilib tanınmalıdır. Peşəkar idmançı mədəniyyəti ilə seçilməlidir, kənarda-bucaqda dalaşmağı ilə yox. Şükürlər olsun ki, elə şeylərdən uzağıq. Özümüz necəyiksə, ətrafımızda da elə insanlar var.

- Valideynlərinizin məşqlərinizə və məşqçinizə münasibəti necədir?

- Məşqçim nə deyibsə, atam da o sözləri deyib. Fikirləri üst-üstə düşüb. Bəzən günlərlə evə yorğun gəlirdim, hətta bir stəkan çay da içmirdim. Çünki çəkim artıq olurdu. Atam da məşqçim kimi “döz, səbirli ol” deyirdi. Ancaq anam narazılıq edirdi ki, lazım deyil, bu qədər əziyyət çəkmə (gülür).

- Səbrin tükənən vaxtlar olurdu?

- Səbrim o zaman tükənirdi ki, 10-11 kq çəki salırdım, məşqlər getmir, yorğunluq, psixoloji gərginlik olurdu. Hər gün əlcək, hər gün məşq, hər gün rinq... Bezdirici olur. Amma sağ olsun, məşqçim Elnur müəllim həmişə psixoloji dəstək olmağı bacarıb.

- Hərbi xidmət karyeranda boşluq yaratmadı ki?

- Düzünü desəm, əsgərlikdən qayıdanda çəkim xeyli artmışdı, 67 kq idim. Hamı gülürdü ki, artıq 51 kq-da döyüşə bilməzsən. Amma onlara da dedim ki, ilin sonunda sizə göstərəcəm. Elə də oldu, hər kəs məni 51 kq görəndə təəccübləndi. Hardasa 16 kq çəki atmışdım. 2013-də - qayıdan ilin aprel ayında Azərbaycan çempionatına çıxıb, birinci yeri tutdum.

- Məşqlərdə və ya yarış zamanı məşqçinizlə razılaşmadığınız məqamlar olur?

- Xeyr. Çünki Elnur müəllim döyüşümü, bəlkə də, məndən daha yaxşı bilir. İllərdir hər yarışa gedəndə o da mənimlə olub. Sadəcə bir dəfə Makedoniyadakı dünya çempionatına onsuz getmişdim. Onda da finalda əvvəllər qalib gəldiyim idmançıya uduzdum. Elnur müəllim mənim bacarığıma yaxşı bələddir. Gözüm döyüşdə olsa da, qulağım həmişə onda olur.

- Məşqçiniz Belqraddakı finaldan danışarkən ümidinin qırıldığını demişdi. Bəs sizin?

- Birinci raundda qabırğamdan zədə aldım. Sonra başa saldılar ki, rəqib uzundur, onunla çalış yaxından vuruş. Amma 2-ci raundda yaxından vuruşmaq olmurdu, çünki dizi ilə zərbələr atırdı və uzaqlaşdırırdı. Sona 10 saniyə qalanda məşqçilərim qışqırdılar ki, “xalı al, çıx”. O zaman anlaya bilmişdim ki, döyüşü uduzuruq. Yəni 10 saniyə qalmış hücuma atılaraq rəqibə qalib gəldim.

- Deyirlər ki, musiqi və məşq vəhdət təşkil etməlidir. Sizdə necədir?

- Əlbəttə, musiqisiz həyat məncə hamıya maraqsız olar. Musiqi insanın psixoloji gərginliyini aradan götürür, dincəldir və əlavə ruh verir. Musiqi var ki, insanı daha çox döyüşə səsləyir. Mən də məşqlərimi musiqi sədaları altında edirəm. Seçimlər isə müxtəlif olur – həm xarici, həm də Azərbaycan mahnıları...

- Təhsiliniz var?

- 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşam, 2012-ci ildə bitirmişəm.

- Nəyi bağışlaya bilmirsiniz?

- Elə bir dostum olub ki, onu hələ də bağışlamamışam və əlaqəni kəsmişəm. Demək istəməzdim nəyin üstündə. Sadəcə olaraq, o insan mənə çox yaxın olub, ailəvi gediş-gəlişimiz olub. Amma bir səhvindən sonra onunla əlaqəni tamam kəsdim.

- Ailəlisiz?

- Xeyr, amma nişanlıyam. Sağ olsun, o da mənə dəstək olur, başa düşür. Məşqdən çıxarkən insan olur ki, yorğun olur, əsəbi olur, heç telefona cavab verə bilmir. Amma nişanlım məni həmişə anlayışla qarşılayıb.

- Yarışlarınızı izləyir?

- İzləyir, dəstəyini də hiss edirəm.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm