“Azərbaycanın Putinə öz şərtləri var...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Azərbaycanın Putinə öz şərtləri var...” - MÜSAHİBƏ

- Rusiya prezidenti Vladimir Putin vəzifəsinin icrasına başlayandan sonra ilk fərmanı MDB məkanı, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Fərman barədə fikirləriniz necədir?

- Böyük ölkələrin yeni prezidentləri ilk fərmanla diqqət mərkəzində olurlar. Təbii ki, Vladimir Putin seçkiqabağı platformasında bir çox məsələləri müəyyənləşdirib. Lakin birinci hansı işdən başladısa, deməli, bu, onun üçün birinci dərəcəlidir.

Hələ baş nazir olarkən Putin “İzvestiya” qəzetinə müsahibəsində qeyd etmişdi ki, o, Avrasiya İttifaqı ideyasını həyata keçirəcək, MDB məkanında inteqrasiya proseslərinə xüsusi önəm verəcək. Təsadüfi deyil ki, ilk fərman da müsahibəsində səslənən fikirləri özündə əks elədi.

Bəlli oldu ki, prezidentliyinin 6 ili ərzində Rusiyanın xarici siyasətdə əsas istiqamətlərdən biri MDB məkanı, bu məkanda inteqrasiya proseslərinin sürətləndirilməsi olacaq. Fərmandan belə çıxır ki, post-sovet məkanının əsas inteqrasiya modeli olan MDB-nin və onun hərbi strukturu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücləndirilməsi əsas prioritetlərdəndir. Gömrük İttifaqı ilə bağlı məsələlər də aktuallaşacaq.

- Təbii ki, Azərbaycanın mövqeyi də önəmlidir...

- Avrasiya İttifaqı yaransa, Azərbaycan ora yalnız Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu təqdirdə qoşula bilər. Yoxsa Putinin dəstək verdiyi bir təşkilatın tərkibinə həm Ermənistan, həm də Azərbaycan daxil olsun və sıx inteqrasiyadan söhbət getsin – bu, real məsələ deyil.

Hesab edirəm ki, Putin öz ideyasını həyata keçirməyi nəzərdə tutursa, Ermənistan aqressiv siyasətində dəyişiklik etmək məcburiyyətini qəbul eləməlidir. Bunların fonunda düşünürəm ki, Azərbaycanın bu proseslərdə iştirakı elə də real görünmür.

- Elə isə Azərbaycan və Ermənistanın MDB-də birgə iştirakı necə mümkün olur?

- Söhbət Gömrük İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın iştirakı məsələsindən, vahid iqtisadi məkana qoşulmaqdan gedir. Azərbaycan burada iştirakçı deyil. Azərbaycan öz siyasətində kifayət qədər müstəqildir, maraqlarına uyğun gəlməyən məsələləri müzakirə etmir.

-Fərmanın “MDB: əsas istiqamətlər” adlı hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer verilib. Sizin gözləntiləriniz nədir?

- Hesab edirəm ki, Rusiya siyasətində bu məsələ ilə bağlı strateji yox, taktiki dəyişikliklər ola bilər. İstisna deyil ki, Putinin gəlişi ilə Qarabağ münaqişənin tənzimlənməsində Rusiyanın fəallığı bir qədər artsın, yeni görüşlərin keçirilməsi tendensiyası davam etsin.

Putin baş nazir olarkən də bu siyasət həyata keçirilirdi. Putinin razılıq vermədiyi qərarlara Medvedev qol qoya bilməzdi. Bu baxımdan hesab etmək olar ki, prezident olmasa belə, münaqişənin tənzimlənməsi ilə bağlı Rusiya siyasətində əsas ideya müəllifi Putin idi.

Putinin prezidentliyi dövründə bu siyasəti daha aydın şəkildə davam etdirəcək. Əsas məqsədimiz Rusiya ilə ortaq maraq nöqtələrin tapılmasına və münaqişənin həllində Rusiyanın müəyyən pozitiv addımlar atmasına nail olmaqdır. Əks halda münaqişənin həlli real görünmür.

Rusiya Qarabağ münaqişəsində ciddi faktordur. Biz Rusiya ilə müxtəlif sferalarda əlaqələri daha da inkişaf etdirməyə çalışmalıyıq. Belə olan halda Ermənistana təsir imkanları genişlənə bilər. Rusiya ilə qarşıdurma siyasəti heç bir halda Azərbaycanın milli maraqlarına uyğun deyil.

Şimal qonşumuzla münasibətlərimizin korlanması Ermənistanın mövqeyinə daha uyğundur. Sevindiricidir ki, Rusiya-Türkiyə münasibətləri də inkişaf edir. Strateji müttəfiq olan Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi 15 milyard, strateji müttəfiqi olmayan Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 40 milyard dollardan artıqdır.

Türkiyə-Rusiya münasibətləri nə qədər inkişaf etsə, Türkiyənin Dağlıq Qarabağ məsələsində Rusiyadan güzəştlər istəməsi ehtimalı bir o qədər artar. Fikrimcə, Putinin prezidentliyi dövründə Azərbaycan-Rusiya arasında bir çox sahələrdə əlaqələrin inkişafı üçün imkanlar açılacaq.

- Vladimir Putin imzaladığı fərmanla Gürcüstandan birtərəfli qaydada ayrılan Cənubi Osetiya və Abxaziya ilə əlaqələrin möhkəmləndirilməsi tapşırığını verib. Seperatçılara dəstək verən bir dövlətin Dağlıq Qarabağ münaqişəsinin həllində yardımına ümid etmək olarmı?

- Bunlar tamamilə ayrı-ayrı məsələlərdir. Rusiya Cənubi Osetiya və Abxaziya məsələsində hesab edir ki, əhalinin böyük hissəsi ruslardır, heç bir halda bu bölgə Gürcüstan ərazisi sayıla bilməz. Amma bu dövlət heç zaman Dağlıq Qarabağ Azərbaycanın ərazisi deyil ifadəsini işlətməyib. Rusiya Azərbaycanın dövlət müstəqilliyini 86,6 min kvadrat kilometr ərazidə tanıyıb.

- Bu yaxınlarda Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Həmsədr ölkələrin ikisində - Rusiya və Fransada prezidentlər dəyişib. Münaqişənin həlli ilə bağlı yeni təklifləri gözləmək olarmı?

- Təklifləri hər zaman gözləmək lazımdır. Ancaq olsa belə, zənnimcə, köklü dəyişikliklərə gətirib çıxarmayacaq. 2009-cu ildə irəli sürülən yenilənmiş Madrid prinsiplərində bu və ya digər dəyişikliklər mümkündür, amma prinsipcə söhbət mərhələli həll variantından gedir.

Fransanın yeni prezidenti daha çox daxili məsələlərə diqqət yetirəcək. Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti bir addım atacağı ehtimalı azdır. Yenə deyirəm, prosesdə əsas rolu Rusiya, eyni zamanda ABŞ faktoru oynayır. Baxmayaraq ki, formal baxımdan onların hüquqları eynidir.

- Putinin sərt xarici siyasi xətti Rusiyanın Qərblə münasibətlərinə ziyan vura bilərmi?

- Putin sərt, eyni zamanda praqmatik, real düşüncələrlə addım atan siyasətçidir. Hesab edirəm ki, onun siyasətinə romantizm və xülya yaddır. Bu baxımdan Putin Qərblə qarşıdurma xəttini seçə bilməz. Belə bir xəttin SSRİ-ni hansı fəlakətlərə gətirib çıxardığını hər kəsə bəllidir. Qərblə qarşıdurma sürətlə silahlanma deməkdir. Bu isə Rusiyanın yenidən çökməsinə gətirib çıxarar. Putin Rusiyanın mövqeyini müdafiə edəcək, amma yanaşmalarında kifayət qədər ehtiyatlı olacaq.

-İranda anti-Azərbaycan aksiyası keçirilib. Sizcə, hadisələrin bu qədər kəskinləşməsinə səbəb nədir?

-İranın bu mövqeyini başa düşə bilmirəm. İlk dəfə 1994-cü ilin iyul ayında ümummilli lider Heydər Əliyevin İrana səfəri oldu və orada dedi ki, biz İranın ərazi bütövlüyünü tanıyırıq. Azərbaycan İranın ərazi bütövlüyünü tanıyan, ona hörmətlə yanaşan, yaxın qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan dövlətdir. Təəssüf ki, İranda bəzi hərbi-siyasi dairələr dar çərçivədəki maraqlardan çıxış edir, anti-Azərbaycan addımlar atırlar. Halbuki İranın indi dost itirən vaxtı deyil.

- Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranda birgünlük səfərdə oldu. Səfər çərçivəsində hansı məsələlər müzakirə oluna bilərdi?

- Xəzərin hüquqi statusu hələ də həllini tapmayıb. Xələf Xələfov da Azərbaycan tərəfdən bu işlə məşğuldur. Şübhəsiz ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, Naxçıvan bəyannaməsindən irəli gələn məsələlərin həlli ilə bağlı qarşı tərəflə dialoq aparılıb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm