“Hökumət də müəyyən addımlar atmalıdır“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Hökumət də müəyyən addımlar atmalıdır“ - MÜSAHİBƏ

- İctimai Palatanın mayın 6-na planlaşdırdığı mitinqi təxirə salması qərarını necə qiymətləndirirsiniz?

- "Eurovision" mahnı müsabiqəsi ərəfəsində İctimai Palatanın bu qərarını müsbət dəyərləndirirəm. Hesab edirəm ki, hökumət də müəyyən addımlar atmalıdır. 2 aprel aksiyasında həbs olunanlar azadlığa buraxılmalıdır. Bu da ölkədə milli həmrəyliyə aparan bir addım ola bilər. Azərbaycan xarici qonaqları qarşılamağa hazırdır və hesab edirəm ki, öz aramızda olan çəkişmələri müsabiqədən sonraya saxlaya bilərik.

Mən çağırış etmişdim ki, İctimai Palata düzgün nəticə çıxararaq bu aksiyaları dayandırsın. Bu aksiyalardan bədxahlarımız da istifadə edir. "Eurovision"a qarşı ermənilər kampaniya aparır. Fakt odur ki, aksiyaya qatılanlar bu gün eyni mövqedən çıxış edirlər. Motivlərin fərqli olması o qədər də əhəmiyyətli deyil. Yəqin onlar da bunu düşünüblər . Həm də insanların mitinqlərə az toplandığını da görürlər.

- Artıq neçənci dəfədir ki, müxalifətin, eləcə də İctimai Palatanın mitinq müraciətində göstərilən yerləri Bakı Şəhər İcra Hakimiyyəti qəbul etmir. İctimai Palata isə ona təklif olunan ünvana getmək istəmir. Sizcə, problem hansı formada həllini tapmalıdır?

- Hesab edirəm ki, Bakı şəhərinin mərkəzində normal bir yer ayrılmalıdır. Vətəndaşların siyasi hüquqlarının həyata keçirilməsi üçün əlverişli yerlər müəyyənləşdirilməlidir. Şərait yaradılmalıdır ki, insanlar nədən narazıdırsa oraya toplaşıb fikirlərini ifadə etsinlər, birləşmə hüququndan yararlana bilsinlər. Necə ki, şəhərin mərkəzində insanların istirahət hüququnun təmini üçün parklar salınır. Siyasi hüquqlar istirahət hüququndan da önəmli, fundamental hüquqlardır. Mən bu məsələ ilə bağlı dəfələrlə mövqeyimi açıqlamışam.

Mitinqlər üçün elə yer seçilməlidir ki, ora metro yaxın olsun, avtobuslarla rahat getmək mümkün olsun. Həmin ərazi yaşayış binalarına yaxın olmalıdır. Bakı şəhərində də belə yerlər saysız-hesabsızdır. Bakı şəhərinin rayonlarının hər birində belə yerlər olmalıdır. İnsanlar siyasi məqsədlə deyil, hansısa icra hakiminin, yaxud bələdiyyənin nəzərinə problemlərini çatdırmaq üçün toplana bilərlər. Hesab edirəm ki, mitinqlər üçün ayrılan yerlərin siyahısı yenilənməlidir, daha əlverişli yerlər müəyyən olunmalıdır.

- İctimai Palatanin keçirdiyi mitinqlərin effekt verdiyini demək olarmı?

- Mən müsahibələrin birində də söyləmişdim ki, bu aksiyalarla hökumətin hansısa qərarlarına təsir etmək mümkünsüzdür. Orada kütləvilik yox idi. Azərbaycan reallığında hökuməti hansısa bir addım atmağa sövq etmək üçün ən aşağı 100 minlər küçəyə çıxmalıdır. Aksiyalarda iştirak edən insanların sayı ilə bağlı polemika açmaq istəmirəm, amma oraya toplaşan insanların hökumətin qərarlarına təsir etmək imkanları yoxdur.

İnsanların toplanmamasının yerin uzaqlığı ilə əlaqələndirilməsi də düzgün deyil. Deyək ki, bir neçə 100 nəfər uzaqlığa görə gəlməyib. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində keçirilən aksiyaları görmüşəm. İnsanlar rayonlardan 100 kilometrlərlə məsafə qət edib Bakıya gəlirdilər. Hesab edirəm ki, "20-ci sahə"yə gedən avtobuslar yox idisə, ən azından oraya gedən avtobus dayanacaqları insanlarla dolu olmalı idi. Buna da rast gəlmədik.

Bu fikirlər doğru deyil ki, hakimiyyət maneə yaratdığı üçün insanlar aksiyaya gedə bilməyib. Bu bəhanədir. Görünür, mitinqin təxirə salınmasında təkcə yerin uzaqlığı, hökumətin maneə yaratması yox, eyni zamanda insanların dəstək verməməsi faktoru da öz yolunu oynayır.

- Dediyiniz kimi, mitinqlər effekt vermir, onda müxalifət neyləməlidir?

- Mitinq effekt vermirsə, səbirlə siyasi iş davam etdirilməlidir. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, bəzi məsələlərin zamana ehtiyacı var. Xalq istəmirsə, zorla bu xalqı azad edə bilməzsən. Xalq istəmirsə, zorla Avropa standartlarına cavab verən bir cəmiyyət qura bilməzsən. Əfqanıstanda çalışdılar bunu eləsinlər, amma alınmadı.

NATO-nun Parlament Assambleyasının tədbirlərin birində bir britaniyalı diplomat dedi ki, biz XII əsr insanı ilə XXI əsr cəmiyyəti qura bilmərik. Ona görə də tələsmək lazım deyil. Xalq bu həyatı özün üçün qəbul edirsə, sən zorla onu heç nəyə sövq edə bilməzsən. Gözləməliyik ki, tədricən maariflənmə yolu ilə xalqımız inkişaf etsin və Avropa ölkələri kimi bir cəmiyyət qura bilək.

- Mitinqlər məsələsi Qərbdə Azərbaycanda sərbəst toplaşma azadlığının pozulmasına dair fikri qüvvətləndirə bilərmi?

- Qərb dairələri onsuz da bizi bir sıra məsələlərə görə ittiham edirlər. Digər tərəfdən biz hansısa qərar qəbul edəndə düşünməməliyik ki, bizim haqqımızda başqaları nə düşünür... İlk növbədə qərarlarımızı xalqımızın maraqlarına uyğun qəbul etməliyik. Yenə təkrar edirəm ki, hökumət insanların sərbəst toplaşması üçün normal yer ayırmalıdırlar.

- Beş müxalifət partiyası prezidentliyə neytral namizədlə bağlı müzakirələr aparır. Sizcə, nəsə alına bilərmi?

- Toplananların yerini dəyişəndə cəm dəyişmir, mahiyyət eyni qalır. Cəmiyyətdən siyasi partiyalara meyl yoxdur. İndiki halda sakit oturaraq prosesləri izləyib və maarifçiliklə cəmiyyəti irəli aparmaq lazımdır. Hansısa keyfiyyət dəyişikliyinə bizim cəmiyyət hələ hazır deyil.

- Proporsional seçki sisteminin bərpası ilə bağlı vaxtaşırı səslənən fikirləri bölüşürsüzmü?

- Referendumla proporsional seçki sistemi ləğv olunanda bunu əleyhinə çıxış etmişdim. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı konstitusiya islahatlarını təqdim etmişik. Təqdim etdiyimiz layihədə də göstərilir ki, Milli Məclisdə millət vəkillərinin sayı artırılmalıdır, proporsional seçki sistemi bərpa olunmalıdır, hakimiyyəti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırmalıdır.

Mən vurğulamışam ki, Azərbaycanda indiyə kimi 3 respublika olub. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və indiki Azərbaycan Respublikası. Söyləmişəm ki, Azərbaycanda 4-cü respublikanı kim quracaqsa o, adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırmış olacaq. Demokratiyanın inkişafı üçün müsəlman, Şərq dünyagörüşünə malik xalqlarda prezident idarəçilik sistemi qurmaq çox çətindir. Yalnız çoxpartiyalılığın inkişaf etdiyi ölkələrdə demokratiya, qanunun aliliyi, insan haqları, mətbuat azadlığı təmin oluna bilər.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm