Nida.az
Qapanlıdakı təxribatda kimin barmağı var? – DETALLAR
Bir neçə gün öncə Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı rəhbərlərinin iştirakı ilə onlayn formatda görüş baş tutdu. Görüşdən sonra Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə bəyanat qəbul olundu.
Həmin bəyanatın detalları nələrdir? Bu görüşdən sonra Tərtərin Qapanlı kəndi rusiyalı sülhməramlıların ətəklərinin altında gizlənən separatçılar tərəfindən atəşə tutuldu. Bu təxribat Avropa İttifaqı və Fransanın regiondakı aktivliyi fonunda Rusiyadakı müəyyən dairələr tərəfindən gerçəkləşdirilə bilərmi?
Bu suallarla politoloq Qabil Hüseynliyə müraciət etdik.
Politoloq Publika.az-a müsahibəsində bildirdi ki, Qapanlı təxribatında rusların “barmağının olması” istisna deyil.
- Qabil müəllim, Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı rəhbərlərinin iştirakı ilə baş tutan görüşü necə qiymətləndirirsiniz?
- Hər halda, görünən odur ki, Fransa Azərbaycanın yaratdığı reallıqlarla barışıb. Düşünürəm ki, Fransa daha praqmatik, daha realist siyasət yürütməkdə qərarlı kimi görünür. Xüsusilə, Rusiya ilə həm Ukrayna, həm də Cənubi Qafqazdakı rəqabət prosesində bütün nüansları nəzərə almaqla ölçülüb-biçilmiş siyasət yürütməyə çalışır. Xüsusən Avropa İttifaqının sədri kimi bu, Fransanın üzərinə böyük məsuliyyət qoyur. Üstəlik, Avropa İttifaqının səlahiyyətli nümayəndəsi, milliyyətcə fransız olan Şarl Mişel də Fransa Prezidenti Emmanuel Makron kimi çəkici eyni nöqtəyə vurmağa çalışır. Görünən odur ki, 44 günlük müharibə və ondan sonrakı dövrdə Makronun yürütdüyü siyasətdə səhvə yol verdiyi bir sıra bağışlanmaz qüsurları nəzərə almaqla, belə demək mümkündürsə, hər halda Avropa İttifaqı və Fransa Cənubi Qafqazdakı proseslərə daha ciddi yanaşmağa başlayıb. Bu prosesdə Rusiya ilə olan rəqabəti də nəzərə alırlar. Bu rəqabət prosesində zənnimcə, Avropa İttifaqına müəyyən xallar qazandırmağa çalışırlar.
- 4 tərəfli görüşdən sonra bəyanat qəbul olundu. Həmin bəyanatın detallarını necə dəyərləndirirsiniz? Ən əsası, UNESCO nümayəndələri müharibədən sonra Azərbaycana və Ermənistana səfər edəcəklər.
- Hər halda, biz həmişə UNESCO-nu ölkəyə dəvət etmişik. 44 günlük müharibə dövründə - həm Gəncəyə, həm də Bərdəyə atılan raketlərdən sonra onlara dəvət göndərmişdik. Amma onlar bundan imtina etdilər. Müharibədən sonrakı dövrdə biz UNESCO-nu yenə də işğaldan azad olunmuş rayonlara dəvət etdik, təklifimizi geri çevirdilər. Rədd cavabı eşitdik. Əvəzində Azərbaycana qarşı tamamilə “barmaqdan sovrulma” faktlarla guya bizim ölkəmizdəki xristian-alban abidələrinin dağıdılması və oraya qayğı göstərilməməsi kimi əsassız ittihamlarla qarşılaşdıq. Azərbaycan yenə də bu məsələni yerində və birgə araşdırmağı təklif etdi. Bunun da bir nəticəsi olmadı. Baş verənlərə diqqət yetirəndə görürük ki, müəyyən ayılma prosesi gedir. Yəqin ki, onlar sırf təbliğat xarakteri daşıyan, heç bir fakta söykənməyən iddialarından geri çəkilmiş kimi görünürlər. Ən azından onlar bölgəyə gəlməlidirlər. İşğaldan azad olunmuş rayonlarda ermənilərin hansı vandalizmə, barbarlığa əl atdıqlarını öz gözləri ilə görməlidirlər. Burada maddi-mədəniyyət abidələrimizin, qəbiristanlıqlarımızın, məscidlərimizin yerlə-yeksan edilməsi faktını və bütövlükdə Azərbaycan xalqına vurduqları maddi və mənəvi ziyanı gözləri ilə görüb yerindəcə bu faktlarla bağlı qənaətə gəlməlidirlər. Azərbaycan ərazisindəki alban mənşəli xristian məbədlərinə də gedəcəklər və getməlidirlər. Bizim həmin məbədlərlə bağlı hər hansı bir qayğımız yoxdur. Əvəzində həmin məbədlərin təmiri və lazımi qaydaya salınması istiqamətində görülmüş işləri də onlara təqdim etmək imkanlarımız olacaq.
- Onlayn görüşdə ərazilərimizin minalardan təmizlənməsi məsələsi də qabardılmışdı...
- Onlayn müşavirədə bölgənin minalardan təmizlənməsi prosesinin qaldırılması məsələsinin çox mühüm əhəmiyyəti var. İlk dəfədir ki, Avropa İttifaqının bölgənin minalardan təmizlənməsi fikrində olduğu ifadə edildi. Bunun üçün Azərbaycana vəsait ayrılacağı dilə gətirildi. Üstəlik, Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayrıldı. Hər halda, bunun kredit olmadığını düşünürük və gələcəkdə bunun Azərbaycana borc olaraq deyil, yardım kimi təqdim ediləcəyini gözləyirik. Eyni zamanda, humanitar məsələlərlə bağlı qaldırılan nüanslar – erməni əsirlərin, diversantların qaytarılması ilə əlaqədar nüanslarda Azərbaycanın üzü kifayət qədər ağdır. Ona görə ki, indiyə qədər əlimizdə olan əsirlərin böyük hissəsini Ermənistana, geriyə təhvil vermişik. Hazırda Azərbaycanda müəyyən qədər terrorçu-diversantlar qalmaqdadır ki, onlar da qatı cinayətkarlardır. Həmin terrorçular barəsində Azərbaycanda məhkəmə prosesi gedib. Lazım gələrsə, onlar cəzalarını Ermənistanda çəkmək şərti ilə geri qaytarıla bilər. Amma Azərbaycanın Ermənistan tərəfinə ciddi iddiaları var. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 5500-dən çox mülki və hərbi kateqoriyadan olan vətəndaşları Ermənistana əsir düşüb. Bu gün onların harada olması barədə biz xəbərlər ala bilmirik. Toplu məzarları öyrənməkdə çətinlik çəkirik. Çünki Birinci Qarabağ savaşında Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı, Ağdaban soyqırımılarından sonra kütləvi şəkildə qətlə yetirilən soydaşlarımızın harada dəfn edilməsi barədə məlumatımız yoxdur. Ən azından həmin dövrə aid olan, sırf ermənilərin özləri tərəfindən, eləcə də Zori Balayan tərəfindən qələmə alınmış kitabda qeyd edilir ki, Xocalıda öldürülmüş şəxslərin meyitlərinin üzərinə benzin tökərək yandırırdılar. Sonra onları buldozerlərlə kürüyərək dərənin dibinə tökürdülər. Ən azından Xocalı soyqırımı və toplu məzarlıqlarla bağlı hələ də Ermənistan tərəfindən Azərbaycana real fakt, real rəqəm verilməyib. Amma biz onların irəli sürdükləri məsələlərlə bağlı hər şeyi yerinə yetirməyi bəyan edirik. Üstəlik, Ermənistan minalanmış ərazilərin doğru xəritəsini Azərbaycana verməkdə qərarlı olmalıdır. Bir sözlə, ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə edilib. Bu görüş prosesində ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, Qarabağın dağlıq hissəsindəki separatçıların “statusu” ilə bağlı məsələnin gündəmə gətirilməməsi onu göstərir ki, hələlik müzakirələr real istiqamətdə aparılır. Üstəlik, sülhyaratma, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası prosesində pauzanın əmələ gəlməməsi üçün Avropa İttifaqının, Fransanın səyləri hər halda diqqətəlayiqdir. Rusiyanın fəaliyyətsizliyi fonunda Fransanın və Avropa İttifaqının belə təşəbbüslər göstərməsi bu məsələdə rəqabəti gücləndirə bilər. Eyni zamanda, həmin gedişlərin proseslərə töhfə verməsi mümkündür.
- Bir neçə gün əvvəl separatçılar Tərtərin Qapanlı kəndində atəşkəsi pozdular. Bu hadisə 4 tərəfli görüşdən sonra rusların təxribatyönümlü addımı ola bilərmi?
- Hər halda, bəhs olunan məsələ ilə bağlı bir neçə ehtimal mümkündür. Bu ehtimalların başında ya Rusiya sülhməramlılarının məsuliyyətsizliyini və yaxud qəsdən baş verən hadisələrə biganəliyini, bəlkə də təhrikçi rolunu önə çəkmək lazım gəlir. Çünki atəşkəs bir neçə dəfə pozulub. Özü də pulemyotlardan və digər iriçaplı silahlardan istifadə edilib. Qapanlı kəndindəki bir evə qumbaraatanlarla ziyan vurulub. Bütün bunlar onu göstərir ki, bu məsələ təkbaşına erməni separatçıları tərəfindən törədilə bilməzdi. Baş verən hadisədə əsas məsuliyyəti rusiyalı sülhməramlılar daşıyır. Həmin olayda onların barmağının olması ehtimalından da uzaq durmaq mümkün deyil.
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO





































