Rusiya bu tarixədək atom bombasını atacaq, əgər... - SENSASİON DETALLAR
Bizi izləyin

Nida.az

Rusiya bu tarixədək atom bombasını atacaq, əgər... - SENSASİON DETALLAR

Ukrayna-Rusiya arasındakı gərginlik özünün pik dövrünü yaşamaqdadır. Artıq müharibənin 1 həftəsi tamam olmaq üzrədir və hər iki tərəfdən minlərlə itkinin olduğu deyilir. Qərbin Ukraynaya sona qədər dəstək verib-verməyəcəyi maraq doğurur. Üstəlik, Kiyevin Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə də Qərb ölkələri sanki laqeyd yanaşırlar. Rusiya isə Qərbi və ABŞ-ı nüvə silahı ilə hədələyir.

Hadisələr bu cür inkişaf edərsə, Kreml “nüvə kartı”ndan istifadə edəcəkmi? Ukraynanın aqibəti necə olacaq? Azərbaycanı da “sanksiya halqası”na almaq istəyən bəzi ermənipərəst deputatların əsl məqsədi nədir?

Suallarımızı politoloq Cümşüd Nuriyevə ünvanladıq.

Politoloq Publika.az-a müsahibəsində bildirdi ki, tezliklə Rusiya nüvə silahından istifadə edə bilər.

Müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, artıq Rusiya-Ukrayna savaşının 6-cı gününü yaşayırıq. Hesab etmək olarmı ki, Ukrayna qurban verildi, Rusiya da tələyə salındı?

- Bu yanaşmaya oxşar bir şey demək olar. Əslində, Rusiya bu tələyə bilə-bilə girdi. Çünki Rusiya özünü bir güc mərkəzi kimi təqdim etməli idi. Eyni zamanda, bu, razılaşdırılmış bir ssenariyə oxşayır. Çin də Tayvana hücum etmək istəyir. Onlar Asiyanı, Amerika da Avropanı buraxmaq istəmir. Bir növ Moskva və Pekin Asiyada ağalıq etməyə çalışır. Fikir verirsinizsə, Hindistan da Təhlükəsizlik Şurasının iclasında bitərəf qaldı. Ukrayna Prezidenti Vladimir Zelenski təcrübəsiz bir siyasətçidir. Çox bir maraqlı “dərin dövlət” şəkli qoymuşdular, deməli, eyni adamlar – ortadoksal yəhudi qrupları həm Zelenskinin, həm də Putinin yanında olublar. Bunlar “dərin dövlət”in hazırladığı bir ssenaridir. Çünki Rusiya yavaş-yavaş özünün pul ödəmə sisteminə keçir. Rusiyanın SWIFT-dən kənarlaşdırılması Moskva üçün elə də ciddi bir problem yaratmayacaq. Qərb düşünür ki, Rusiya SWIFT-dən çıxarıldıqdan sonra çökəcək. Amma mən düşünürəm ki, bu, baş verməyəcək. Doğrudur, ödəmələr çətin olacaq, amma rusların Çin, BƏƏ, Türkiyə üzərindən ödəmələr aparacağı görünür. Ankara da Moskvaya qarşı sanksiyaları qəbul etmədi.

src="/storage/files/upload/6f20e9b6313099fba000b9c04c1c9ab8d3263d48.jpg" style="width: 492px; height: 278.368px;" class="fr-fic fr-dib">

- Bəs, burada əsas oyunçu kimdir?

- Burada əsas oyunçu Birləşmiş Ştatlardır. ABŞ Rusiya ilə yanaşı, Avropa İttifaqının dağılması üçün də hər cür addım atdı. Məqsəd ondan ibarətdir ki, Avropa İttifaqı son zamanlar bu və ya digər formada “gediş”lərinə mane olurdu. Avro dollardan yuxarı kursa təklif edilirdi. Eyni zamanda, ingilislər də bu birlikdən məhz buna görə çıxdı. Bu, anqlo-saksların hazırladığı növbəti meqalayihədir. Həmin layihənin arxasında bunların öz maraqları durur. Onlar çalışırlar ki, həmin maraqlara uyğun hərəkət etsinlər. Ona görə də demək olar ki, Ukrayna tələyə salındı. Kiyevi Moskva da tələyə salmaq istədi. Məsəl var, deyirlər ki, çoxbilmiş dimdiyindən tələyə düşər. Ukrayna ilə yanaşı, Rusiyanın özü də tələyə düşmək üzrədir. Amma məni narahat edən odur ki, Rusiya nüvə başlığından istifadə edə bilər. Bu baxımdan, Rusiyadakı millətçiliyin bu ölkəni çökdürmə təhlükəsi yaranır. Çünki onlar “Rusiyasız dünya bizə lazım deyil” fəlsəfəsi ilə yaşayırlar.

- Doğrudanmı, Rusiya “nüvə kartı”na əl ata bilər?

- Bəli. Rusiyada 6 min nüvə başlığı var. Onun da 1500-ü açıqdır. Yəni, artıq onlar raketlərə, sualtı qayıqlara – hər yerə quraşdırılıb. Rusiya bu imkanından istifadə edə bilər. Heç bir dövlətdə bu qədər açıq nüvə başlığı yoxdur. Hətta ABŞ-ın özündə belə. Birləşmiş Ştatlarda bu rəqəm 1200-dür. Lazım olsa, Vladimir Putin dünyanı öz siyasətinə qurban verəcək.

- Düşünmək olarmı ki, “soyuq müharibə” artıq başlayıb və ya Üçüncü Dünya müharibəsinə start verilib?

- Əslində, “soyuq müharibə” çoxdan başlayıb. Savaşın bu formasına hələ ötən ilin sentyabrından start verilib. İndi də yavaş-yavaş onu genişləndirməyə çalışırlar. ABŞ və Böyük Britaniya Üçüncü Dünya müharibəsinə girməyəcək. Onlar həmişə prosesi qızışdırıb özləri kənarda dayanırlar. Rusiya da bunu bilir. Belə bir şey demək olar; “soyuq müharibə” artıq başlayıb, Üçüncü Dünya müharibəsinə də hazırlıq gedir. Siyasi hazırlığı nəzərdə tuturam. Amma bu müharibənin informasiya mərhələsinə artıq qədəm qoymuşuq.

- 1 həftədir ki, Ukrayna ərazilərində müharibə gedir. Sizcə, Kiyevin bundan sonra nə qədər duruş gətirmək gücü qalıb?

- Rusiya birinci mərhələni uduzdu. Çünki onlar Kiyevi və Ukraynanın böyük şəhərlərini 3 günə götürəcəklərini planlamışdılar. Bu, alınmadı. Ona görə də uzağı martın 7-nə, 8-nə – bu həftənin sonuna qədər Rusiya Xarkovu, Kiyevi, Mariupolu tuta bilməsə, mən Moskvanın nüvə başlığından istifadə etmək ehtimalını daha çox uyğun görürəm. Çünki Rusiya artıq Avropanı hədələməyə başlayıb. Bilirsiniz, Bzejinskinin “Şahmat taxtası” əsəri var, orada Rusiya ilə bağlı 3 ölkənin adı gedir. Bunlar Ukrayna, Azərbaycan və Özbəkistandır. Zbiqnev Bzejinski düşünür ki, bu 3 respublika ram edilsə, onlar Rusiyanın əleyhinə olsa, Kremli çökdürmək asan olacaq. Bu fakt ortadadır. Bundan başqa, Corc Fridmanın “Növbəti 10 il” əsəri var. Orada da göstərilir ki, Rusiyanı çökdürmək istəyiriksə, o zaman 3 dövlətdən istifadə etməliyik. Bunlar Polşa, Yaponiya və Türkiyədir. Rusiya ona ən yaxın müttəfiq olan Türkiyə ilə bir növ ittifaqa girdi. Yaponiyanın özünün ordusu yoxdur. 1945-ci ildə imzalanan sazişdən sonra rəsmi olaraq onların bütün müdafiə sistemi ABŞ-ın əlindədir. Polşanın da Rusiyaya gücü çatası deyil. Çünki Polşa inkişaf etməkdə olan ölkədir və cəmi 33 milyon əhalisi var. Jirinovski elə-belə demirdi ki, biz Avropanın yarısını yandıracağıq. Onların məqsədi budur ki, ABŞ-ın layihəsi həyata keçməsin və bu, baş tutdu. ABŞ-ın layihəsi gerçəkləşmədi. Rusiya bunu da pozdu, eyni zamanda Rusiya bir dövlət kimi öz çöküşünün başlanğıcını qoydu. Hadisələr o qədər sürətlə cərəyan edir ki, hələ də aprel ayında Rusiyanın ödəmə qabiliyyətinin olub-olmayacağı bilinmir. Beləliklə, Rusiyada daxili çəkişmələr başlaya bilər, onlar bir xalq olaraq qanunu sevirlər. Rusiyada baş verən bu qanunsuzluqlar, bütün proseslər camaatı Putinin üzərinə qaldıra bilər. Doğrudur, bu müddətə kimi etirazçılardan 3 min nəfərə qədərini həbs ediblər. Dövlət nə qədər etirazçı həbs edə bilər ki?! Ruslar maraqlı xalqdır, onları nə qədər sıxırsansa, bir o qədər qarşı tərəfin üzərinə gəlirlər. Burada həm də bumeranq effekti var. Rusiyada da aranın qarışması ehtimalı çox böyükdür. Mən belə düşünürəm.

- Sizcə, Ukraynanı Avropa İttifaqına qəbul edəcəklərmi?

- Yox, etməyəcəklər. Bilirsiniz, əgər bir qurumun qəbul etdiyi qərar tövsiyə xarakteri daşıyırsa, üstəlik, ona üzv dövlətlər tərəfindən konsensus olmalıdır, deməli, bu, mümkünsüzdür. Baxın, Avropa İttifaqının 27 üzvünün heç də hamısı Rusiyaya qarşı sanksiyanı qəbul etməyib. Deməli, Ukraynanın birliyə qəbul edilməsi məsələsi baş tutmayacaq. Avropa İttifaqının nizamnaməsində göstərilir ki, ərazisində hər hansı bir milli qarşıdurma varsa, həmin dövlət oraya qəbul olunmur.

- Dünən qəribə bir hadisə də yaşandı. Böyük Britaniya parlamentində deputatlardan biri Azərbaycana sanksiya tələbi ilə çıxış etdi. Britaniya Azərbaycana nə üçün sanksiya tələb etmək istəyir? İndiki durumda Bakı Moskva ilə müttəfiqlik sazişi imzaladığı üçün daha çox zərər görə bilərmi?

- Əvvəla, Böyük Britaniya parlamentinin atdığı bu addıma bir ad tapa bilmirəm. Yəni, Böyük Britaniyanın “British Petroleum” şirkəti Azərbaycan neftinin hesabına uzun müddət maliyyələşib. Bu şirkət uzun müddətdir ki, Azərbaycandadır. İkincisi, bunlar Azərbaycanı Rusiyanın yanında hesab edirlər, bunun özü də ədalətsizlikdir. Bilirsiniz, Azərbaycan Rusiyanın yanında deyil. Mən bilmirəm, kimlər, hansı “ağıllılar” onu bu cür təqdim etməyə çalışır. Fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan ikitərəfli Moskva Bəyannaməsi ilə Azərbaycanın siyasi dar ağacına gedən yolu bağlandı. Azərbaycan Prezidenti çox ağıllı bir addım atdı. Yəni, həmin “yol”u bağladı. Rusiya həm Qarabağın dağlıq hissəsində xidmət aparan rusiyalı sülhməramlılardan Azərbaycana qarşı təxribatlarda istifadə edə bilərdi, həm də başqa proseslər ola bilərdi. Moskva Bəyannaməsinin 9 və 19-cu maddələrinə fikir verin; orada söhbət hərbi sahədəki əməkdaşlıqdan gedir. Birgə ordu, birlikdə hərbi hissə yaradılmasından söhbət açılmır. Bunlar tamam fərqli anlayışlardır. Bizim üzdəniraq siyasətçilər ya bizim dilimizi bilmirlər, ya da rus dilində başa düşmürlər. Azərbaycan dilində yaxşı başa düşmürlərsə, o zaman mətni rus dilində oxusunlar. Onu da başa düşmürlərsə, öz millətinə bu qədər qənim kəsilməsinlər. Onların bu yanaşmalarını ifadə etməyə ad da tapmıram. Xatirinizdədirsə, Azərbaycan Prezidenti ən pis vaxtda Ukraynaya getdi. Zelenski yazır ki, Azərbaycan bizim yanımızdadır. Amma Amerikanın burada yetişdirdiyi “uşaqlar” deyirlər ki, biz Rusiyanın yanında yer almışıq. Ölkə başçısı dəfələrlə Rusiyanın ədalətsizliklərini gündəmə gətirib. Əgər bir dövlət başçısı öz ölkəsini qorumaq üçün addımlar atırsa, bu, niyə başqa dövlətin maraqlarını güdməlidir?! Ona görə də Böyük Britaniyanın Azərbaycana qarşı atacağı hər hansı bir addımın heç bir hüquqi əsası yoxdur. Nə siyasi, nə də iqtisadi əsası mövcuddur. Əgər Türkiyə kimi bir dövlət Rusiyaya qarşı sanksiyalara qoşulmadığını bildirirsə, Azərbaycanı hansı əsasla ittiham edirlər? Hətta Türkiyəyə heç kəs deyə bilmir ki, sən NATO-nun üzvüsən, amma Rusiyanın yanındasan. Hər kəs bilir ki, İngiltərədə Azərbaycana qarşı çirkin kampaniya aparan Baranessa və digərləri ermənipərəstdir. Onun səsləndirdiyi fikirlər hələ ki, təklifdir. Amma bizdəki bəzi müxalifətçilər əllərinə həna qoydular ki, Azərbaycan batdı. İngiltərənin tarixinə baxın; Böyük Britaniya bu qədər demokratik dövlətdirsə, onun niyə 20 dominion dövləti var?! Yəni, 20 dövlət bunun müstəmləkəsidir. Bunlar 21-ci əsrdə baş verir. Onlar hansı demokratiyadan, hansı ədalətdən danışırlar?! İngiltərənin ədaləti hər zaman topal olub. Bizim bu cür ittihamlara cavab vermək üçün kifayət qədər hüquqi, siyasi, iqtisadi, ideoloji əsaslarımız var. Ona görə də bu cür ittihamlar bizi narahat etmir. Belə şeylərə fikir vermək lazım deyil. Bu, hələ bir təklifdir. Londonda Azərbaycanın ən azından 300 milyonçusu var. Onların da 2 milyardlıq funt sterlinqləri mövcuddur. Onlar batıb gedə bilər, amma Britaniya Azərbaycanla bağlı atacağı addımları fikirləşməlidir. Onlar düşünməsin ki, Azərbaycan 30 il əvvəlki dövlətdir. Xanım parlamentarinin səsləndirdiyi fikirlər haqsız iddialardır və onun da cavabını hər zaman verməyə hazırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm