Nida.az
Prezidentdən İrəvana çağırış: Əgər boyun qaçırsalar... - DETALLAR
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi. Görülən işlərlə bağlı xalqımıza, Azərbaycan ictimaiyyətinə hesabat verdi. Prezident son bir neçə ayda əldə olunan nailiyyətlərdən danışdı.
Prezidentin müşavirədə səsləndirdiyi məsələlərlə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevin fikirlərini öyrənməyə çalışdıq.
Deputat Publika.az-a müsahibəsində söylədi ki, Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi fikirlər cəmiyyətdə çox böyük maraq doğurub.
src="/storage/files/upload/27d0c4a841391aa290466b8b54f65baf53704a21.jpg" style="width: 100%px; height: 660.458px;" class="fr-fic fr-dib fr-fil">
Müsahibəni təqdim edirik:
- Nəsib müəllim, 12 aprel müşavirəsində ölkə başçısı bir sıra məqamlara toxundu. Ümumiyyətlə, bu müşavirədə hansı amillər diqqət çəkdi?
- Prezident İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirdiyi müşavirə məzmun baxımından kifayət qədər genişdir. Eyni zamanda görülən və planlaşdırılan işlərin həcminə görə kifayət qədər seçilən, diqqətçəkən bir müşavirə idi. Ona görə də aprelin 12-də baş tutan bu müşavirə Azərbaycan ictimaiyyəti arasında çox böyük maraq doğurdu. Bu müşavirədə bütün makroiqtisadi göstəricilərə toxunuldu. İqtisadiyyatda olan inkişaf templərindən danışıldı. Bundan başqa, ölkə miqyasında aparılan islahatlar barədə ictimaiyyətə geniş məlumatlar verildi. İşğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş infrastruktur layihələrindən bəhs olundu. Ərazilərimizin minalardan təmizlənməsi prosesinə diqqət çəkildi. Planlaşdırılan irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıldı. Bundan başqa, sosial sfera, iqtisadi göstəricilərlə yanaşı, yürütdüyümüz xarici siyasətlə bağlı cənab Prezident çox geniş və ətraflı mesajlarını Azərbaycan ictimaiyyətinə çatdırdı. Dövlət rəhbəri Ermənistan-Azərbaycan münasibətlərində formalaşmış yeni yanaşmaları özündə əks etdirən nitq söylədi. Xarici işlər nazirlərinin, eyni zamanda Prezidentin bu prosesdə iştirak edən köməkçilərinin ermənistanlı həmkarları ilə ilk dəfə birbaşa təmaslarının baş tutmasına diqqət çəkildi. Eyni zamanda nizamlanma prosesində Avropa İttifaqına üstünlük verilməsi, Aİ ilə görülən işlər, ən əsası, Azərbaycanın irəli sürdüyü 5 şərtin Ermənistan tərəfindən qeyd-şərtsiz qəbul olunması və gələcək planlarla bağlı ictimaiyyətə ətraflı məlumatlar çatdırıldı. Prezident bütün bunlarla bağlı çox geniş şəkildə xalqa izahat verdi.
- İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə, qarşıda duran vəzifələrlə bağlı düşüncələrinizi öyrənmək istərdik...
- Bu müşavirədə yeni və maraqlı məsələlərdən biri də ondan ibarət idi ki, Fərrux dağının bizim hərbi hissələrimiz tərəfindən azad olunmasından, onun əhəmiyyətindən danışıldı. Cənab Prezident ətrafdakı ekoloji problemlərə çox geniş yer ayırdı. Uzun illər erməni işğalı altında olmuş Həkəri çayından tutmuş digər çayları adbaad sadalamaqla gələcəkdə həmin torpaqların kənd təsərrüfatı üçün münbit dövriyyəyə qaytarılması, həmin əkinəyararlı torpaqların Azərbaycan iqtisadiyyatına verə biləcəyi töhfələrdən bəhs olundu. Prezident bütün bunlarla yanaşı, Ermənistanın törətdiyi ekoloji cinayətləri, ekoloji terroru, dağıntıları da xatırlatdı. Hələ SSRİ dövründə kifayət qədər məşhur olan İstisu sanatoriyasının, mineral su mənbələrimizin dağıdılmasını diqqətə çatdırdı. Əsas məsələlərdən biri də Oxçuçayın çirkləndirilməsi ilə bağlı idi. Ölkə rəhbəri Ermənistanın keçmiş hərbi xunta başçısı Serjik Sarkisyanın xarici şirkətlərlə şərik olaraq bu su hövzəsini çirkləndirmələrinə, qanunsuz olaraq istismar etmələrinə diqqət çəkdi. Onların hüquqi məsuliyyətini xatırlatdı. Bu istiqamətdə Azərbaycan dövlətinin paralel iş apardığını həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə bir ismarış olaraq çatdırdı. Bütün bunlar Azərbaycanın daxili auditoriyasına Prezidentin öz dilindən verilən mesajlar idi. Eyni zamanda bunu xarici beynəlxalq birliyə verilən mesajlar kimi başa düşmək olar.
- Prezidentin ordumuzla bağlı səsləndirdiyi fikirlər də cəmiyyətdə maraqla qarşılandı. Sizcə, bu müşavirədə İrəvana hansı ismarışlar göndərildi?
- Ölkə başçısı tərəfindən 44 günlük müharibədən sonra Azərbaycan Ordusunda aparılan struktur islahatlarına toxunuldu. Yeni komando birləşmələrinin yaradılmasını, onların döyüş qabiliyyətlərinin getdikcə daha da artmasını vurğuladı. Eyni zamanda həmin birliklərin saylarının artması ilə bağlı tədbirlər görülür. Prezident yeni silahların alınması məsələsinə də toxundu. Bütün bunlar Azərbaycan ictimaiyyətinin öz dövlətinə olan inamını daha da artırır. Hələ ki, hərbi qələbəmiz diplomatik masada hüquqi baxımdan tam şəkildə öz təsdiqini tapmayıb. Burada kifayət qədər destruktiv qüvvələr var. Ermənistan tərəfindən prosesləri uzatmaq, ləngitmək məsələləri də burada önəmli “rol” oynayır. Prezident ismarış göndərdi ki, siz zamanında tədbirlər görməlisiniz. Vaxtı uzatmadan biz qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanımalıyıq. Üstəlik, kommunikasiya xətləri açılmalıdır. Əgər İrəvan öz üzərinə düşən öhdəliyi yerinə yetirməsə, biz gözləməyəcəyik. Biz alternativ variantlardan istifadə edəcəyik. Eyni zamanda bu baş verərsə, Azərbaycan öz üzərinə götürdüyü məsuliyyətdən də imtina edə bilər. Düşünürəm ki, bu, Ermənistanın siyasi rəhbərliyinə verilmiş ən ciddi siqnal idi. Yəni Ermənistan imzaladığı üçtərəfli razılaşmanın şərtlərinin icrasından qaça bilməz. Bu, qaçılmazdır. Ermənistan bunu dərk etməlidir.
- Prezident Xankəndidə qaz xəttində yaranmış problemə görə dünya ölkələrinin liderlərinin təpkilərinə diqqət çəkdi. Naxçıvanın blokadasını və 15 il qazsız qalmasını qabartdı. Bu paralel müqayisəni necə qiymətləndirirsiniz?
- Xankəndidə bir həftə qaz olmadı, bütün dünya bir-birinə dəydi. Cənab Prezidentə çoxlu zənglər oldu. Amma Naxçıvan 30 ildir ki, Ermənistanın blokadasındadır. Uzun illər blokadada qalmasına baxmayaraq, heç bir beynəlxalq təşkilatdan cüzi də olsa, Ermənistana qarşı təzyiq edilmədi. Bəyanatlar, təzyiq mesajları verilmədi. Bu, ikili standartların nəticəsidir. Biz bunu dəfələrlə görmüşük. 1 milyon azərbaycanlı işğal prosesində öz yurd-yuvalarından didərgin düşdü. Beynəlxalq qurumlar, humanitar təşkilatlar səslərini də çıxarmadılar. Məcburi köçkünlərimizin hüquqları 30 il ərzində hər gün pozuldu. Ermənilərin burnu qanayanda isə aləm bir-birinə dəyir. Düşünürəm ki, bu, bizim üçün yenilik deyil. Eyni zamanda 44 günlük müharibədə Türkiyə istehsalı olan məşhur “Bayraktar” uçuş aparatlarını biz Qarabağda istifadə edəndə Qərb dünyası car çəkirdi ki, bu “qatil silahlardan” guya “dinc əhaliyə qarşı” istifadə edilir, erməni əsgərləri məhv olur. Ancaq həmin PUA-lar Ukayna-Rusiya savaşında haqqın müdafiəsində iştirak edir. İndi Qərb həmin “Bayraktar”ları mələk adlandırır. Çox qəribə bir yanaşmadır. Bu da ikili standartların növbəti təzahürüdür.
- Sizcə, müharibədən il yarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların, böyük fondların, xeyriyyəçilik təşkilatlarının Azərbaycana yardım göstərməməsi nə ilə əlaqədardır?
- Biz yaxın zamanlarda Suriyada şəhərlərin darmadağın olmasına şahidlik etdik və etməkdəyik. Hələb, İdlib və digər şəhərlər yerlə-yeksan olundu. Orada 15 milyondan çox insan qaçqın vəziyyətinə düşdü. Suriyada da ikili yanaşmaların şahidi olduq. Baxmayaraq ki, biz Ukrayna xalqını dəstəkləyirik. Rəsmi Kiyev bizim strateji əməkdaşımızdır. Hər bir halda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Buna baxmayaraq, biz sadalanan məsələlərdə dünyanın ikili yanaşmalarını görürük. Oxçuçayla bağlı qərara alınmışdı ki, yerində müşahidə aparmaq üçün komissiya gələcək. Amma komissiya gəlmədi. Ermənilərin ekoloji terrora məruz qoyduğu Oxçuçayla bağlı qiymət verilmədi. Bütün bunlar bizim üçün yenilik deyil. Çox təəssüflər olsun ki, qlobal güclər beynəlxalq hüquqa, onun norma və prinsiplərinə yox, öz şəxsi mülahizələrinə, şəxsi işlərinə, simpatiyasına və ya antipatiyasına görə qərarlar qəbul edirlər. Yəni hadisələrə bu cür yanaşırlar. Bu da əksər hallarda hüququn deqradasiyasına gətirib çıxarır. Beləliklə, milyonlarla insanda ədalətə, beynəlxalq hüquqa inamsızlıq yaranır. Təbii ki, bütün bunlar qəbuledilməzdir. Ümumiyyətlə, müharibələrdən, lokal və ya qeyri-lokal konfliktlərdən sonra dağıntılar, humanitar fəlakət yaranırsa, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar yığılır, donor təşkilatlar və dövlətlər bu işə cəlb olunurlar. Dağıntıya məruz qalmış ölkələrin, ərazilərin bərpası ilə bağlı forumlar, konfranslar keçirilir. Konkret layihələr üzrə maliyyə yardımları ayrılır. Ancaq çox təəssüflər olsun ki, 30 il ərzində darmadağın, yerlə-yeksan olunmuş ərazilərimizin bərpası ilə bağlı heç bir cəhd olmadı. Ölkə başçısı da müşavirədə bu məsələyə toxundu.
- Amma Azərbaycan həmişə bu kimi məsələlərdə həssas davranıb...
- Bəli. Əgər xatırlayırsınızsa, pandemiyanın ən şiddətli dövründə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının videoformatda konfransı təşkil olundu. Bu konfransda ÜST-nin baş direktoru və bir çox təşkilatların nümayəndələri də iştirak edirdilər. İqtisadi baxımdan inkişaf etməmiş, geridə qalmış ölkələrə yardımlar təşkil olundu. Azərbaycan dövləti də bu istiqamətdə öz yardımlarını həm Ümumdünya Səhiyyə Təşkilatına, həm də Qoşulmama Hərəkatının üzvü olan geridə qalmış ölkələrə göndərdi. Bu, beynəlxalq praktikada normal bir yanaşmadır. Ancaq çox təəssüflər olsun ki, biz Azərbaycanda bunu görmədik. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat belə bir təşəbbüs irəli sürmədi. Eyni zamanda heç kim Ermənistandan soruşmur ki, sən 30 il işğal altında saxladığın ərazilərdə milyonlarla mina basdırmısan, heç olmasa, həmin minaların doğru xəritələrini Azərbaycan tərəfinə təqdim et. Baxın, müharibədən sonra 5-10 nəfər erməni terrorçusu bizim ərazilərimizə keçərək təxribatlar törətmək istəyəndə bizim əsgərlərimiz onları əsir götürdülər. Bütün dünya ayağa qalxdı. Bütün bunlar bir daha Azərbaycan xalqının gəlməli olduğu bir qənaətdir ki, haqq-ədaləti biz özümüz bərpa etməliyik. Yaxşı olardı ki, kənardan dəstək göstərilsin. Məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, quruculuq işlərini sürətləndirmək üçün bu, vacibdir. Ancaq hər şey öz əlimizdədir.
- Bu müşavirədən ictimaiyyətin gəldiyi nəticələr nələrdir və ya nələrdən ibarət olmalıdır?
- Biz ilk olaraq öz iqtisadiyyatımızı gücləndirməliyik. İctimai-siyasi sabitliyimizi qorumalıyıq. 44 günlük müharibədə dünyaya göstərdiyimiz güclü milli birliyimizi daim təmin etməliyik. Sadə azərbaycanlının necə yaşaması, necə oturub-durması dünyada heç kimə maraqlı deyil. Kənardan atılan istənilən dezinformasiyalar cəmiyyətin parçalanmasına, öz maraqları çərçivəsində siyasi hakimiyyətlərə təzyiq vasitəsi kimi istifadə olunur. Yəni Azərbaycan xalqının yaxşı yaşaması, dövlətimizin güclənməsi xarici güclərin marağında deyil. Onların heç biri arzulamır ki, Cənubi Qafqazda iqtisadi cəhətdən zəif dövlətlərlə münasibətdə Azərbaycan kimi güclü, inkişaf etmiş varlı bir dövlət olsun. Qlobal güclər bunu istəmirlər. Bundan da nəticə çıxarmaq lazımdır. Yəni hər şey öz əlimizdədir. Özümüz bütün məsələləri həll etməliyik. Necə ki, 30 ildə beynəlxalq birlik özünün də qəbul etdiyi qətnamələri icra etmədi. Azərbaycan onun icrasını təkbaşına yerinə yetirdi. Bu da bir daha onu göstərir ki, hər şey Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqı ancaq özünə, öz sınanmış Prezidentinə arxalanaraq bu siyasəti davam etdirməlidir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO