"Xarici şirkətlər Qarabağa görə qapımızda növbə gözləyəcək" - Zahid Oruc
Bizi izləyin

Nida.az

"Xarici şirkətlər Qarabağa görə qapımızda növbə gözləyəcək" - Zahid Oruc

“Son dərəcə mürəkkəb beynəlxalq şəraitdə respublikamızın siyasi müstəqilliyi ilk növbədə, iqtisadi və hərbi gücündən asılıdır. Əsrlərlə çözülməyən Qarabağ probleminin uğurla həlli indi öz yerini sosial qütbləşmənin azaldılması, iqtisadiyyatın şaxələnməsi, texnoloji geriliyin ləğvi, regionların inkişafındakı qeyri-mütənasibliyin aradan qaldırılması, təhsil, səhiyyə və məhkəmə-hüquq sistemində təkmilləşmə olmalıdır. Hərbi qələbəmiz xalqımıza təkcə regionda deyil, dünyada daha yaxşı yaşamaq və uzun on illərdən qalan problemləri həll etməyə imkan verir".

Publika.az">Publika.az xəbər verir ki, bu sözləri komitə sədri Zahid Oruc parlamentin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, ilk növbədə, diqqəti dünya bazarında yenidən neftin qiymətinin artması fonunda əhalinin məşğulluğu və işsizliyin azaldılması tədbirlərinə yönəltməliyik. "Ölkəmizdə məşğulluğun strukturu və əhalinin böyük hissəsinin qazanc mənbəyi kimi aqrar sektordan asılılığı bir faktdır. Rəsmi statistikaya görə, məşğul əhalinin 36 faizdən çoxu, yəni 1,8 mln. nəfərə yaxını aqrar sektorda çalışır. Bölgələr üzrə məşğulluğun strukturunda aqrar sektorun payına görə ilk beşlikdəki rayonlar bunlardır - Cəlilabad – 61 fazi, Masallı – 61 faiz, Zaqatala – 59 faiz, Xaçmaz – 58 faiz və sair təşkil edir. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının, xüsusən bölgələrdə sənayeləşmənin zəifliyi, emal müəssisələrinin azlığı, bir sözlə, kənd təsərrüfatındakı geriliyi əks etdirir. Belə şəraitdə, yüksək ixtisaslı işçi qüvvəsini yerlərdə qoruyub saxlamaq, onları rayonların iqtisadi inkişafına yönəltmək, peşəkar, ixtisaslı əmək bazarı formalaşdırmaq və xaricdən asılılığa son qoymaq çətindir.

Biz ölkəmizdə adicə aqronomu, baytarı Türkiyə və İrandan, Bayıl sürüşməsində olduğu kimi, geologiya mütəxəssislərini Yaponiyadan gətiririksə, onda sayı 51-ə çatan universitetlərimizin hazırladıqları kadrlar öz gələcəkləri yalnız xarici ölkələrə getməkdə görəcəklər. İkinci məsələ, dövlət sərmayəsi hesabına açılan iri zavod və fabriklərin, milli istehsalın vəziyyətinin obyektiv qiymətləndirilməsidir. Söhbət təkcə xərclənən milyardlarla manat büdcə vəsaitindən getmir, eləcə də açılmış on minlərlə iş yerinin sabit və davamlı olması, xaricdən mal və xidmətlərdən asılılığın aradan qalxması, neft sindromundan azad olmağımızdan gedir" - deyə Z.Oruc bildirib.

Deputat əlavə edib ki, Şamaxıda “STAR Ltd”, Mingəçevirdə Kür kompüter və elektron avadanlıqları zavodu, Gəncədə avtomobil zavodu, 146 milyon manat investiyaya başa gələn Gəncə Alluminium Kompleksi və onlarla belə müəssisənin taleyi hökuməti narahat etməlidir: "Mövzunun davamı olaraq, bu ilin yanvarında təməli qoyulan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal etməyi nəzərdə tutur, nəticədə 220 milyon kubmetr təbii qaza qənaət edilməsi və 300 min evin enerji təminatının ödənilməsi planlaşdırılır”.

Z. Oruc xatırladıb ki, ölkəmiz 2021-ci ildə elektrik enerjisinin ixracından 69 milyon dollar əldə edib: “Beləliklə, 2030-cu ilə qədər bizim generasiya güclərinin 30 faizi alternativ, yəni bərpa olunan enerji mənbələri hesabına ödənəcəkdir. Lakin 2012-ci ildə fəaliyyətə başlayan “Azgüntex” zavodu günəş panelləri istehsal etməklə ölkədə alternativ enerjiyə keçidə dəstək vermək, hətta xarici ölkələrə penel ixrac etmək məqsədi ilə yaradılmış və tikintisinə 15 milyon dollar xərclənmişdi. İndi zavodun istehsal durumu nə vəziyyətdədir? Elə təəssürat yaranır ki, nazirliklər bağlanan müəssisələri və xərclənən milyonları saymır. Digər tərəfdən, düzgün tarif siyasəti olsaydı-alternativ enerji sektoruna investorların cəlbi üçün hökumət ayrı-seçkiliyi aradan qaldırıb özəl kiçik su elektrik və külək stansiyaları üzrə hər kvt-saat enerji üçün alış qiyməti 5 və 5.5 qəpik əvəzinə, dövlətin inhisarında olan müəssisələrdən alış qiymətini 20 faiz artırdığı kimi yanaşsaydı, onda özəl sektor da inkişaf edərdi. Axı milli istehal olmasa, biz xaricdən təkcə mal və xidmətlər yox, daha çox inflyasiya, siyasi hökmlər və iqtisadi müdaxilə cəhdləri də idxal edəcəyik. Halbuki biz torpaqlarımızıın azad olunmasına milli istehsalın sahə və struktur quruluşunu genişləndirmək perspektivi kimi baxsaq, yaxın gələcəkdə Qarabağda çalışmaq istəyən xarici şirkətlərin qapımızda növbəsini görəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm