Nida Təhlil
Saxta qəbzlər, kasta qrupları və... - “Siyasi məhbus” biznesinin gizli MEXANİZMİ
Müxalifətin “siyasi məhbus” biznesi ilə bağlı daha bir fakt ortaya çıxdı. Azərbaycanın Niderland səfirliyində çalışmış, daha sonra Avropada sığınacaq almaq üçün ölkəsinə üz çevirən Nahid Cəfərov “siyasi məhbus” adlandırılan məhkumlara göndərilən pulların “yeyildiyini” açıqladı. Cəfərov deyir ki, həbsdə olan Tofiq Həsənliyə göndərilən pulların bir qismi yoxa çıxıb.
“Bütün günün stress və əsəbi ilə Tofiq Həsənlinin və şair adından başqası tərəfindən imzalanmış 11 qəbzin bizdə olmasına dair şairə məlumat verdim. Şairin dediklərinə görə, ona 11-dəfə deyil, təqribi (maksimum) 7 dəfə pul veriblər. Şair qeyd edir ki, vəkil əvvəl 2 aydan bir yanıma gəlirdi, daha sonra isə 3 aydan bir yanıma gəlməyə başladı. Hər dəfə də gələndə 200 AZN pul verirdi. Onun adından qəbzlərin kimin tərəfindən imzalandığını hələ ki açıqlamıram. Amma 2 gün ərzində məsələyə tam açıqlıq gətiriləcək deyə düşünürəm”, - N.Cəfərov danışır.
Əslində Azərbaycanda “siyasi məhbus” siyahısını tutanların davasının “yorğan davası” olduğu və əsas məqsədlərinin toplanan pullardan pay əldə etmək olduğu məlumdur, lakin etiraf edilən bu fakt “siyasi məhbus” maxinasiyasının işlədiyi sistemə dair müəyyən təsəvvürlər yaratmağa yardımçı olur:
Azərbaycanda “siyasi məhbus” var iddiası gündəmə gətirilir; onların “siyahısı” tərtib olunur və “siyahı” nə qədər uzun olsa bir o qədər yaxşıdır prinsipi əsas götürülür; “siyasi məhbuslara yardım” kampaniyaları təşkil edilir və həm Avropada yaşayan azərbaycanlılardan pul toplanır, həm də Qərb strukturlarından bu ad altında qrantlar alınır; əldə olunan pulların bir qismi “siyasi məhbus” yarlığı yapışdırılmış insanlara verilir, böyük qismi isə mənimsənilir; “siyasi məhbus” adlandırılan məhkumlara da kiçik pay qarşılığında sənəd imzalatdırırlar; əgər həmin məhkum onun adından istifadə edildiyini dilə gətirərsə, qarşılığında nəinki kiçik yardımları itirəcək, eləcə də ciddi hücumlara məruz qalacaq.
Tofiq Həsənlinin etirazı bu mexanizmin açılma nöqtəsi oldu və məlum oldu ki, o, “siyasi məhbus” alverçilərini “şeytanladığına” görə əvəzini almalı olacaq. N. Cəfərovun sosial şəbəkədəki statusuna rəy yazan “Əli Hüseynov” adlı istifadəçinin sözləri bunu təsdiqləyir: “Nahid bəy, tələsmə, biz Tofiq Həsənlini yenidən çətinlikdə qoyarıq, mən onunla telefonda danışmışam, görüşəcəm onunla, sizə düzgün məlumatı verərəm, bir az tələsməyin, bu gün səhv addım atdığına görə Tofiq Həsənlini yenidən hakimiyyətin zalım makinası ilə üzbəüz qoyarıq”.
Görünür, “siyasi məhbus” maxinasiyasını ifşa etdiyinə görə adıçəkilən şəxs onu “müdafiə edənlər” tərəfindən cəzalandırılacaq. Hansı cəza metodundan istifadə ediləcəyi bəlli deyil, lakin ən azından ona göndərilən “kiçik payın” kəsiləcəyi şübhəsizdir.
Bu mexanizm mafiya idarəetməsini xatırladır: yuxarıda xüsusi kastalar hər kəsi idarə edir və pulu bölüşdürür, aşağı qrupdakılar yuxarılara tabe olur və verilən payı qeyd-şərtsiz qəbul edərək, minnətdar olurlar; əsas prinsip “susmaq”dır, bunun əksi cəza deməkdir.
Və məlum olur ki, Azərbaycan müxalifəti mafiya qanunları ilə idarə olunan “siyasi məhbus” biznesi qurub. Bu biznesin tarixi yeni deyil, bu gün Avropaya sığınan Leyla Yunusun vaxtilə “siyasi məhbus” biznesinin əsas oyunçusu olduğu haqda yetərincə fakt var. Misal üçün, o, bəlli bir məbləğ qarşılığında keçmiş OMON-çuların adını öz “siyahısına” salırdı. Bununla yanaşı, onun keçmiş daxili işlər naziri İsgəndər Həmidovun adını siyahıya salmaq üçün ikincinin həyat yoldaşından nişan üzüyünə qədər aldığına dair informasiyalar var. Yunuslar Azərbaycanı tərk edəndən sonra eyni prosesi Avropada da davam etdirirlər, lakin bu dəfə onların vəzifəsi pulu ilkin mənbədə bölüşdürməyə qədər böyüyüb. Bu prosesin Azərbaycandakı hissəsini kimlər həyata keçirir? Ortaya çıxan faktlar bu sualı araşdırmağı zəruri edir.
Bunun üçün ilk öncə bəzi suallara diqqət yetirmək lazımdır: “siyasi məhbus” adlandırılan məhkumlara imzalatdırılan qəbzlər nədir, bu qəbzlər kimə, yaxud hansı dairələrə təhvil verilir? “Siyasi məhbus” biznesinin əsas gəlir mənbəyi haradır, Avropada pulları kimlər və necə toplayırlar? Azərbaycana qarşı dairələr bu prosesin harasında dayanır?
Pulunu ver, siyahıya düş: “Siyasi məhbus” biznesinin əsas mexanizmlərindən biri budur. Bu mexanizm Leyla Yunus tərəfindən yaradılıb və sonradan inkişaf etdirilib. Təxminən iki il öncə, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində “siyasi məhbus” məsələsinə görə AXCP və Müsavat rəhbərliyi, o cümlədən, Xədicə İsmayıl bir-birinə qarşı sosial şəbəkələrdə ciddi ittihamlar irəli sürürdü.
Həmin ərəfədə Cahangir Hacıyevin də adının “siyasi məhbus” siyahısına salınması məsələsi gündəmə gəldi. O.Güləliyev iddia etdi ki, “Əsas götürdüyümüz meyar siyasi məhbuslarla bağlı AŞPA-nın 03 oktyabr 2012- ci il tarixli 1900 saylı Qətnaməsində qeyd edilən kriteriyalardır. Əgər Cahangir Hacıyevin həbsi həmin kriteriyalara uyğun gəlirsə, o da digərləri kimi siyasi məhbus kimi tanına bilər”.
Bu məsələnin məhz Hacıyevdən pul alaraq adının siyahıya salınma planı olduğunu elə müxalifətin özü ifşa etdi. X.İsmayıl yazdı ki, “Leyla Yunus və Oqtay Güləliyev hətta terrorçuları da “siyasi məhbus” siyahısına salırlar”.
Müsavat Partiyasının başqanı Arif Hacılı da “İndi baş verənləri diqqətlə izləyirəm. Amma bu məsələni alver predmetinə çevirmək cəhdləri məlum olsa, yalnız müşahidəçi olmayacam” deməklə “siyasi məhbus” məsələsinin alver olduğunu etiraf etmiş oldu. AXCP-nin keçmiş üzvü Rəşad Babalı isə daha açıq etiraflar etməklə konkret kimlərin adının pul qarşılığında siyahıya salındığını açıqladı.
“Əgər Cahangir o siyahıya salınsa, 100 faiz orada pul söhbəti var. Əli İnsanov və Hüseyn Abdullayev məsələsində olduğu kimi... Az-çox mətbəxi bilirəm. Nələrin döndüyündən xəbərim var. Sadəcə, abrıma qısılıb çox şey yaza bilmirəm. Hüseynə (Hüseyn Abdullayev) nəyin müqabilində dəstək verildiyini bilirəm axı. Bunun yüksək səviyyədə etirafını eşitmişəm”, - deyə keçmiş cəbhəçi açıqladı.
Daha uzun siyahı, daha çox pul: AXCP, Müsavat, o cümlədən, “siyasi məhbus” biznesində iştirak edənlər Azərbaycanda 150-dən çox “siyasi məhbus” olduğu iddiası üzərində həmişə israrla dayanırlar. Hətta son əfv sərəncamı ilə adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-dən çox məhkumun azad edilməsi belə onların “siyahısını” azaltmadı. Əli Kərimli hər çıxışında “siyasi məhbusların” yarıdan çoxunun hələ də həbsxanada qaldığını və onların əksəriyyətinin AXCP üzvü olduğunu iddia edir. Bununla yanaşı, Nardaran işinə görə həbs edilənlərin də müdafiəsini israrla üzərinə götürür. İlk baxışda, Kərimlinin “ürəyiyumşaq” olduğu görünə bilər, lakin məsələnin qaranlıq üzü qaranlıq maxinasiyalardan xəbər verir. Birincisi, Kərimli Nardaran işinə görə həbs edilənləri müdafiə etməklə onların bağlı olduğu İrandakı müəyyən dairələrdən dəstək alır. İkincisi, “daha uzun siyahı, daha çox pul” prinsipindən irəli gəlir.
Siyahı məsələsində bu qruplar hələ iki il öncə özlərini ifşa etmişdilər. Məsələ belə idi ki, X.İsmayıl Azərbaycanda “94 siyasi məhbusun” adının olduğu siyahı hazırlamışdı, Leyla Yunus və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Güləliyev isə “166 nəfərlik siyahı” tutmuşdu. Bu şişirdilmiş iki fərqli siyahı onları çətin vəziyyətə salmaqla yanaşı, “daha uzun siyahı daha çox pul” demək olduğunu da təsdiqlədi. Hətta Kərimli və dəstəsi onlardan kənar siyahı hazırladığı üçün X.İsmayıla qarşı kütləvi hücum da təşkil etdilər. X.İsmayıl bu haqda yazırdı: “Özünü “demokrat” adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək “facebook” briqadasını mənim üstümə göndərib və məni “əmək itirən” quldar kimi qələmə verir”.
Tofiq Həsənliyə imzalatdırılan qəbzlər isə bir daha təsdiq edir ki, siyahının uzun olması orada adı olan hər bir şəxsin üzərindən pulların mənimsənilməsinə imkan yaradır. Təxmini riyazi hesablama aparmaqla nə qədər pulun mənimsənildiyinə dair təsəvvür əldə etmək mümkündür:
- Müxalifətin iddiası üzərindən çıxış edərək, deyək ki, “150 siyasi məhbus” var. Təxmin edək ki, hər bir məhbusa 10 qəbz imzalatdırılır, bunun 5-i mənimsənilir. Hər qəbzin qiymətini N.Cəfərovun dediyi kimi 200 AZN-dən hesablayaq. Bu, hər məhbus üzərindən 1000 AZN-nin mənimsənilməsi deməkdir. 150 məhbus 150000 AZN deməkdir. Və nəzərə alaq ki, bu, sadə hesablama və aysberqin yalnız görünən tərəfidir. Əgər adi hesablama 150000 AZN-nin mənimsənildiyi haqda təxminlər yaradırsa, deməli reallıq bundan dəfələrlə çoxdur. Müxalifət liderlərinin bahalı həyatının mənbəyi anlaşıldımı?!
Burada “siyasi məhbus” alverçilərinin siyahını uzatmaq maraqlarının səbəbi də məlum olur.
Qəbzlər kimə təqdim olunur?: Ortada saxta da olsa hər-hansı sənəd varsa, bu, “siyasi məhbus” alverçilərinin kimlərəsə hesabat verdiyini təsdiqləyir. Bu, kimlər kimdir sualının cavabı diqqəti indiyə qədər Azərbaycana qarşı “siyasi məhbus” iddialarını Avropa Şurası Parlament Asambleyası və Avropanın digər strukturlarında qaldıranlara yönəldir. Təkcə adı bir çox qalmaqalda hallanan Kristofer Ştrasseri xatırlamaq məsələnin mahiyyətini aydınlaşdırır. Lakin Avropada yuva salmış anti-Azərbaycan dairələr bu prosesdən Bakıya qarşı təkcə siyasi təzyiq üçün istifadə etmir, həm də özləri də külli miqdarda pul mənimsəyirlər.
Bu mexanizmi qədim hind kastalarına bənzətmək olar:
1. Pramidanın təpəsində dayananlar – “brahmanlar”: onlar Azərbaycana qarşı hücumu maliyyələşdirənlərdir.
2. İkinci pillədəkilər – “ksatriyalar”: onlar Avropa strukturlarında “siyasi məhbus” kampaniyasını aparan və “aslan payı”nı mənimsəyənlərdir.
3. Üçüncü pillədəkilər – “vaişyalar”: onlar “işləyən sinif”, yəni Avropada Azərbaycandan getmişlər və ölkəsinə qarşı istənilən iddianı gündəmə gətirənlərdir, misal üçün, Yunuslar kimi...
4. Dördüncü pillədəkilər – “sudralar”: pis işləri görən “işçilər, yaxud kölələr”, onlar Azərbaycan daxilində pramidanın təpəsindəkilərə işləyən və bunun qarşılığında “kölə payı” alanlardır.
5. Bu mərtəbə ən sonuncu və istismara məruz qalanlar hesab oluna bilər – “paryalar”, yəni xor görülənlər, yaxud kastaya daxil edilməyənlər: bunlar məhz adı “siyasi məhbus” siyahısına salınan və üzərlərindən pulların mənimsənildiyi qrupdur.
Onlara imzalatdırılan saxta qəbzlər məhz pramidanın təpəsindəkilərə təqdim olunur, maxinasiyanın leqallaşdırılması üçün...
“Obşak” sistemi, yaxud toplanan ianələrin naməlum taleyi: “Siyasi məhbus” biznesinin mənbəyi təkcə ayrılan pullar yox, həm də Avropadakı azərbaycanlılardan toplanan ianələrdir. Bunu həbsxanadakı “obşak” sistemi ilə müqayisə etmək olar. Avropaya “siyasi mühacir” adı ilə gedənlər “siyasi məhbuslara” dəstək üçün yaradılan bank hesablarına aylıq müəyyən vəsait köçürürlər və əksər vaxt bunun məcburi olduğu deyilir. Bundan imtina edənlər miqrasiya qurumlarına şikayət edilmək və deportasiyaya məruz qalmaqla təhdid olunurlar. Bu prosesi AXCP və Müsavat partiyaları ayrılıqda həyata keçirir.
Əli Kərimlinin “obşakına” Qənimət Zahidin nəzarət etdiyi haqda məlumatlar var. Belə ki, ikincinin rəhbərlik etdiyi AND təşkilatı “Dünya azərbaycanlılarının siyasi dustaq ailələrinə dəstək” kampaniyası aparır. Lakin toplanan ianələrin şəffaflığı yoxdur və pulların dəqiq necə xərcləndiyi bəlli deyil.
Müsavatın “obşak”ına isə partiyanın Avropa Koordinasiya Mərkəzi tərəfindən nəzarət edilir. Bu təşkilatın Müsavatın “siyasi mühacir” biznesi ilə Avropaya göndərdiyi azərbaycanlıları “deportasiya” təhdidi ilə nəzarətdə saxladığı və onlardan “siyasi məhbuslara” dəstək adı altında ianə topladığı haqda məlumatlar var.
Ötən ilin sonlarında Qurban Məmmədovun “siyasi məhbuslara dəstək” kampaniyasına edilən yardımların mənimsənildiyi, buna görə də Avropada yaşayan azərbaycanlıları bu kampaniyaya qoşulmamağa çağırışı da bunu təsdiqləyirdi. Q.Məmmədovun çağırışına cavab Əli Kərimlinin “Azadlıq” qəzetindən gəldi və qəzet “siyasi məhbus” adlandırdıqları şəxslərin ailələrinin dilindən Məmmədova qarşı tənqidi fikirlər yayımladı. Bunun özü də Məmmədovun Kərimlinin “siyasi məhbus” biznesinə “çomaq” uzatdığını sübut edir. Tofiq Həsənliyə imzalatdırılan qəbzlər isə bu mexanizmi tamamilə ifşa etdi.
Bu qədər hay-küy heç də səbəbsiz deyilmiş!
Asif Nərimanlı
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi